cümə, 12 Avqust, 07:38

Baku Bakı 22°C

Azərbaycan nümayəndəsi BMT Komitəsinə üzv seçildi - FOTO

icon 251 icon 24 iyun 2022 | 11:45 Azərbaycan nümayəndəsi BMT Komitəsinə üzv seçildi - FOTO

23 iyun 2022-ci il tarixində Nyu-York şəhərində BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üzrə Konvensiyasına tərəf dövlətlərin 22-ci iclası çərçivəsində BMT-nin Qadınlara qarşı Ayrı-seçkiliyin aradan qaldırılması üzrə Komitəsinin 2023-2026-cı illər üzrə üzvlüyünə seçkilər keçirilib.

Xarici İşlər Nazirliyindən Kaspi.az-a verilən məlumata görə, seçkilərdə Komitədə mövcud olan 12 vakant yer uğrunda 23 ölkənin namizədi, o cümlədən Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin informasiya və analitik araşdırmalar şöbəsinin müdiri, BMT-nin sözügedən Komitəsinin hazırda üzvü və sədr müavini olan Elgün Səfərov mübarizə aparıb.

187 dövlətin iştirak etdiyi səsvermədə Azərbaycan namizədi 109 səs toplayaraq Komitənin növbəti müddətə yenidən üzvü seçilib.

Qeyd edək ki, BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üzrə Komitəsi BMT-nin müvafiq konvensiyasının müddəalarının tərəf dövlətlər tərəfindən yerinə yetirilməsinin monitorinqini aparır və qlobal səviyyədə insan hüquqlarının müdafiəsi sahəsində başlıca beynəlxalq mexanizmlərdən biri hesab edilir.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Azərbaycan nümayəndəsinin bu mötəbər quruma seçilməsinə dəstək vermiş bütün dövlətlərə öz minnətdarlığını bildirir.

Xatırladaq ki, Elgün Səfərov 5 iyun 1982-ci ildə anadan olmuşdur. 1999–2003-cü illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər fakültəsində bakalavr pilləsi üzrə ali təhsil almışdır. 2003–2005-ci illərdə BDU-nun Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər fakültəsinin magistr pilləsini fərqlənmə dərəcəsi ilə bitirmişdir. Rus və ingilis dillərini bilir. Ailəlidir, 2 övladı var.

O, 2005-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər fakültəsinin aspiranturasına daxil olmuş, 2010-cu ildə hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün "Müasir dövrdə BMT-nin Təhlükəsizlik Şurasının beynəlxalq sülhün və təhlükəsizliyin dəstəklənməsində fəaliyyəti (Beynəlxalq hüquqi məsələlər)" mövzusu üzrə elmi işini müdafiə etmişdir. 50-dən çox elmi əsəri Azərbaycanda, Ukraynada, Rusiya Federasiyasında və digər ölkələrdə çap edilmişdir. Elmi araşdırmaları əsasən insan hüquqlarının müdafiəsi, BMT-də islahatlar, Avropa İttifaqının qanunvericiliyi, beynəlxalq sülhün və təhlükəsizliyin müdafiəsi, gender bərabərliyinin təmin edilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi və s. mövzular üzrə olmuşdur.

O, Bakı Dövlət Universitetində, ADA Universitetində, Dövlət Gömrük Komitəsinin Akademiyasında "Ailə hüququ", "Humanitar hüquq", "Avropa İttifaqının tarixi və qanunvericiliyi" və digər fənnləri tədris etmişdir.

Raul Vallenberq İnstitutunun, ADA-nın, Cenevrə İnstitutunun, İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin, Avropa İttifaqının, AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, Avropa Kollecinin, BMT-nin, USAİD-in, BMT-nin İnsan hüquqları Komissarlığının, ATƏT-in, "Север-Юг" təşkilatının və digər beynəlxalq və milli təsisatların təşkil etdikləri təhsil proqramlarının iştirakçısı olmuşdur.

2009-cu il tarixində "Beynəlxalq əlaqələr və beynəlxalq insan hüquqları" Azərbaycan Diplomatiya Akademiyası, İsveçin SİDA, İsveçrə inkişaf və əməkdaşlıq təşkilatının, BMT-nin Əhali Fondunun "CEDAW konvensiyasının tətbiqi" (2008), USAİD-in "Qadınların iş yerində seksual qısnaması" (2007), BMT-nin İnsan hüquqları üzrə yay məktəbi (2008) və digər sahələr üzrə təşkil edilən təlimlərdə və seminarlarda iştirak etmişdir. Təlimçi qismində Avropa Şurasının "Gender büdcələşmənin həyata keçirilməsi" mövzusuna dair Makedoniyada (2010), ATƏT-in Bakı ofisi tərəfindən Azərbaycanın regionlarında "Məişət zorakılığının qarşısının alınması haqqında" Qanunun həyata keçirilməsi və məişət zorakılığı ilə mübarizə" mövzusunda təlimdə (2012), YUNESKO-nun dəstəyi ilə "Media və KİV nümayəndələri üçün "Gender əsaslı zorakılıq və onun qarşısının alınması" mövzusunda təlimlərə və digər seminarlara cəlb olunmuşdur.

İnsan hüquqlarının müdafiəsi, beynəlxalq hüquq, gender bərabərliyinin təmin edilməsi, gender büdcələşməsi, bələdiyyələrlə iş və dövlət qulluğu, narkotiklərlə mübarizə, insan alveri, məişət zorakılığı, uşaq əməyi, cinsi və iqtisadi zorakılıqla, gender əsaslı zorakılıqla, cinsi ayrı-seçkiliklə, stereotiplərlə və seksizmlə mübarizə, uşaqların zərərli informasiyadan qorunması, uşaqların internet təhlükəsizliyi, gənclərin inkişafı, innovasiyalar və yüksək texnologiyaların tətbiqi və digər sahələrdə təlimçi-ekspert kimi fəaliyyət göstərmiş, eyni zamanda araşdırmaların keçirilməsi istiqamətində təcrübələrə yiyələnmişdir.

Avropa Şurasının seksizmlə mübarizəyə həsr olunmuş qətnaməsinin hazırlanması ilə bağlı işçi qrupunun nümayəndəsi olmuşdur (2017–2018-ci illər). Avropa Şurasının, Birləşmiş Millətlər Təşkilatının, İslam Əməkdaşlıq Təşkilatının və digər beynəlxalq təşkilatların konvensiyalarının, tədbirlər planlarının, qətnamələrin, bəyannamələrin və sənədlərin hazırlanmasında beynəlxalq ekspert kimi iştirak etmişdir.

E.Səfərov 2004–2005-ci illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər fakültəsində "Beynəlxalq ümumi hüquq" və "Beynəlxalq humanitar hüquq" fənlərini tədris etmişdir.

2006–2013-cü illərdə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi-təminat şöbəsinin baş məsləhətçisi, Ölkələrarası övladlığa götürmə sektorunun müdiri, şöbə müdirinin müavini vəzifələrində çalışmışdır.

2013-cü ildə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir.

2006-cı ildə Birləşmiş Millətlər Təşkilatının Qadınların İnkişaf Fondunun layihəsi üzrə (UNİFEM) məsul şəxs (focal point) kimi fəaliyyət göstərmişdir.

2007–2018-ci illərdə Azərbaycan Respublikasının Avropa Şurasının Gender bərabərliyi üzrə Komissiyanın gender məsələləri üzrə məsul şəxsi və ekspert kimi fəaliyyət göstərmişdir.

2012-ci ildə BMT-nin Əhali Fondu və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə layihəsi çərçivəsində "Azərbaycan Respublikasının qanunvericiliyinin BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında Konvensiyasına uyğunluğunun təhlili"nin hazırlanmasında iştirak etmişdir.

2014–2015-ci illərdə Dövlət Gömrük Komitəsinin Akademiyasında "Ailə hüququ" fənnini tədris etmişdir.

2014–2015-ci illərdə ADA Universitetində "Avropa İttifaqının tarixi və qanunvericiliyi" mövzusunu əhatə edən təlimlərdə təlimçi kimi iştirak etmişdir.

2018-ci ildə Birləşmiş Millətlər Təşkilatının Qadınlara qarşı ayrı-seçkiliyin ləğvi üzrə Komitəsinin üzvü seçilmişdir (CEDAW, 2019–2022).

2006–2021-ci illər ərzində ölkəni BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası və digər beynəlxalq təşkilatların konfranslarında dəfələrlə təmsil etmişdir.

15 fevral 2021-ci ildən Birləşmiş Millətlər Təşkilatının Qadınlara qarşı ayrı-seçkiliyin ləğvi üzrə Komitəsinin sədr müavini seçilmişdir.