AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Azərbaycan cəmiyyəti dövlətimizin başçısının humanist qərarını alqışlayır

Azərbaycan cəmiyyəti dövlətimizin başçısının humanist qərarını alqışlayır

Cəmiyyət
10 Aprel 2020, 09:30 159
Azərbaycan Prezidenti İlham Əliyevin "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncamı cəmiyyətdə xoş və müsbət reaksiya yaradıb, məmnunluqla qarşılanıb. Dövlətimizin başçısı humanizm prinsiplərindən çıxış edərək yaşı 65-dən yuxarı olan insanları cəza müddəti başa çatmamış əfv edib. Azərbaycan Prezidentinin bu Sərəncamı son dərəcə müsbət tendensiyadır və təqdirəlayiqdir. Azərbaycan cəmiyyəti dövlətimizin başçısının bu qərarını alqışlayır. Bu, bir daha onu göstərir ki, Prezident hər bir Azərbaycan vətəndaşını düşünür.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Elşən Musayev söyləyib.
Deputat bildirib ki, azadlığa çıxan məhkumlar törətdikləri əməllərdən sonra bağışlanacaqlarını özləri də güman etmirdilər. Amma onlar bağışlandılar. Çünki Azərbaycan dövlətinin yürütdüyü siyasətdə xoş məram, humanizm prinsipləri, güzəşt daha ön plandadır. "Prezident İlham Əliyevin əfv Sərəncamı məhkum ailələrini sevindirdi, onlara ümid verdi. Təqdir olunası və alqışlanası haldır. Avropa Şurasının məruzəçiləri baş verənləri izləsinlər, görsünlər və bir müddət öncə söylədiklərinə görə utansınlar. Anlasınlar ki, Azərbaycan hökuməti hətta ağır cəzaları olan vətəndaşları əfv etməyə, bağışlamağa, onları öz humanizm qanadının altına almağa qadirdir”, - deyə E.Musayev bildirib.
Diqqətə çatdırılıb ki, Azərbaycan dövləti ölkəmizin, xalqımızın koronavirus (COVID-19) pandemiyası ilə mübarizədən qalib çıxması üçün əlindən gələni əsirgəmir. Prezident İlham Əliyev ilk günlərdən bütün qüvvələri səfərbər etdi, bütün mümkün tədbirləri həyata keçirdi ki, bu gün Avropa ölkələrinin yaşadığı problemlərlə qarşılaşmayaq. Dövlətimiz hər zaman olduğu kimi, bu çətin anda da vətəndaşın yanında, onun xidmətində olduğunu göstərir.
Qısa müddət ərzində Azərbaycanda 14 laboratoriyanın fəaliyyətə başladığını və bu günlərdə yeni xəstəxananın istifadəyə verildiyini diqqətə çatdıran deputat deyib: "Adətən, Çini misal gətirirlər ki, 3 günə xəstəxana inşa etdilər. İndi düşünün, Çinin əhalisi az qala 2 milyarda yaxındır, bizdə isə 10 milyon. Özünüz müqayisə edin, 10 milyon əhalisi olan dövlət qısa müddətdə hansı addımları atıb? İlk növbədə, tikintisinin yekunlaşması hələ çox-çox sonraya planlanan böyük bir xəstəxana tez bir zamanda hazır vəziyyətə gətirilərək, xəstələrin sərəncamına verilib. Təxminən 20 gün ərzində onlarla müasir tibbi laboratoriya qurulub, sosial paketin həyata keçirilməsi üçün milyardlarla manat maliyyə vəsaiti ayrılıb. Hətta qeyri-tibb obyektləri belə karantin səbəbi ilə soydaşlarımızın sərəncamına verilib. Aprelin 6-da Sumqayıt Kimya Sənaye Parkında tibbi maska istehsal edən müəssisənin açılışı olub. Halbuki, bu müəssisənin ideya və layihəsi cəmi 1 həftə öncə verilmişdi. Bütün bunları ən qısa zaman kəsiyində hansı ölkə edib və ya edə bilər?!”
Azərbaycan Prezidentinin tibbi maska istehsalı müəssisəsinin açılışında xalqa növbəti dəfə müraciət etdiyini deyən E.Musayev bildirib ki, həmin çıxışın bütün tezislərindən, məramından, istiqamətindən vətəndaşlarımızın güvəndə olduğu bir daha aydın oldu. Bütün lazımi addımlar ən yüksək səviyyədə və sürətlə atılır.
"Dövlətə, onun gücünə, görülən işlərə biz vətəndaşlar da fərdi məsuliyyətimizlə dəstək verməliyik. İnanın, əgər bunu bacarsaq, hamılıqla həmrəy ola bilsək, pandemiya kabusuna qarşı arzulanan səfərbərliyi reallaşdırsaq, koronavirusa qalib gələr, bu bəladan minimum itki ilə qurtularıq”, – deyə deputat fikirlərini yekunlaşdırıb.