Azərbaycan Avropada geosiyasi təsirlərini artırır

Azərbaycan Şimali Makedoniyaya qaz ixracını artırmağı nəzərdə tutur. Avropanın enerji təhlükəsizliyindəki etibarlı rol rəsmi Bakının bir sıra çağırışlarının da həllini sürətləndirir.
Bu həftə Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova Azərbaycana səfər etdi. Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə təkbətək görüş keçirildi. Daha sonra lanç əsnasında geniş tərkibdə görüş oldu.
Görüşdən sonra prezidentlər mətbuata birgə bəyanatla çıxış edərək iki ölkə arasındakı əlaqələr, onun dinamikası və perspektivləri barədə pozitiv açıqlamalar verdilər. Prezident İlham Əliyev siyasi, iqtisadi-ticari sahədə əlaqələrin güclənməsinin vacibliyinə də diqqət çəkib. Bildirib ki, iki ölkənin siyasi əlaqələrinin inkişafı üçün əlavə tədbirlər görülməlidir, müvafiq dövlət qurumları sıx təmasda olmalıdırlar. Eyni zamanda, iqtisadi sahədə, sərmayə qoyuluşu sahəsində imkanlar araşdırılmalıdır. “Əfsuslar olsun ki, bu günə qədər ticari-iqtisadi sahədə o qədər böyük nəticələr əldə edilməyib. Ancaq ümid edirəm ki, Sizin rəsmi səfərinizdən və nümayəndə heyətlərinin təmaslarından sonra biz bu boşluğu da dolduracağıq”, - deyə İlham Əliyev əlavə edib.
Şimali Makedoniya Prezidenti isə Azərbaycanın beynəlxalq münasibətlərdəki fəallığını vurğulayaraq, münasibətlərdəki bütün sferalar üzrə inkişafın əhəmiyyətini qeyd edib. Bu, Azərbaycanın Avropada güclənən mövqeyi fonunda rəsmi Bakının “qoca qitə”dəki nüfuzunu daha da yüksəyə qaldıra biləcəyinə dair siqnallar verir.
Şimali Makedoniya ilə əlaqələrin yaradacağı portfel
Şimali Makedoniyanın xarici siyasəti Avropa və Avro-Atlantik inteqrasiya hədəfləri çərçivəsində formalaşır. 2020-ci ildə ölkənin NATO-ya üzvlüyü tamamlanıb və əlavə olaraq Avropa İttifaqına üzvlüyü üçün danışıqların başlanması qərarı qəbul edilib. Şimali Makedoniya əhalisinin 54 faizini makedonlar, 29 faizini albaniyalılar, 3.9 faizini isə türklər təşkil edən çoxmillətli, çoxdinli və çoxmədəniyyətli bir dövlətdir. Bu ölkə Azərbaycanın strateji müttəfiqi olan Türkiyə ilə də güclü əlaqələrə və əməkdaşlığa malikdir. Bu baxımdan səfər Bakı-Ankara strateji müttəfiqliyinin Balkan regionunda formalaşan müştərək prioritetləri işığında şərh oluna bilər. Türkiyənin Balkan regionunda, o cümlədən Şimali Makedoniyada öz potensiallarından getdikcə daha çox istifadə etməsi onun strateji yanaşmalarını gücləndirir. Bu amil Azərbaycanın xarici siyasətindəki Balkan regionu üzrə aktiv və fəal strategiya izləməsinə geniş imkanlar açır. Bununla da Azərbaycan Avropanın təhlükəsizlik və sabitlik prioritetlərində Türkiyə ilə birgə çərçivələr yaradır. Cənubi Qafqazda dominant güc olan Azərbaycan bunun məntiqi davamı olaraq Balkan regionunda yumşaq güc potensialı qazanır.
Bundan başqa, Azərbaycan və Türkiyə Avropadakı müsəlman-türk icmalarına xitab edən ideoloji istiqamətləri möhkəmləndirir. Bu isə həmin icmalarla iş prinsipi baxımından həm Azərbaycana, həm də Türkiyəyə əhəmiyyətli dəstəklər qazandırır.
Enerji siyasəti effektiv vasitə kimi
Azərbaycan hazırda 12 ölkəyə təbii qaz ixrac edir. Bu 12 ölkədən 10-u Avropa dövlətidir. Prezident İlham Əliyev mətbuata birgə bəyanat zamanı bildirib ki, Azərbaycanın müştərilərinin coğrafi yerləşməsi də Avrasiya məkanını əhatə edir. “Keçən il Azərbaycan xarici bazarları 25 milyard kubmetr qaz ilə təchiz etmişdir. Təbii ki, bizim istehsalımız bundan daha çoxdur. Çünki biz yerli tələbatı da ödəyirik. Ancaq əhatə dairəsi, qaz təchizatımızın coğrafiyasının genişləndirilməsi də gündəlikdə duran məsələdir. Avropa Azərbaycan qazına ehtiyac duyur”, - deyə İlham Əliyev bildirib.
Azərbaycan Şimali Makedoniyanı da qazla təchiz edir və həmin həcmin artırılması nəzərdə tutulur. Qordana Silyanovska-Davkova ölkəsinin aldığı qazı Azərbaycanın beynəlxalq geosiyasi səhnədəki mühüm yerləşməsi fonunda qiymətləndirib. Bu, eyni zamanda Azərbaycanın geoiqtisadi portfelidir və yaranan yeni iqtisadi-ticari müstəvidə rəsmi Bakının maraqlarının ifadəsinə geniş yol açır. Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki etibarlı rolu təbii ki, bir sıra çağırışların da həllini sürətləndirir. Qarşı tərəflər Azərbaycanın maraq və məqsədlərinin təmin olunması istiqamətində qarşılıqlı olaraq jest edirlər. Bu, viza tələbləri kimi inzibati prosedurların aradan qaldırılmasından tutmuş, mədəni, təhsil sahələrindəki qarşılıqlı inteqrasiya sahələrinə qədər geniş spektri əhatə edir. Şimali Makedoniya Prezidenti deyib ki, Azərbaycanla ölkəsi dərhal diplomatik və xidməti pasport sahibləri üçün viza tələbinin tətbiqi kimi təəccüblü bir vəziyyətə son qoyacaq. “Zənnimcə, bu, nə Şimali Makedoniyanı, nə də Azərbaycanı qane edən vəziyyət deyil və bu addımın atılması iki xalq arasında yaxınlaşmaya xidmət edəcəkdir. Ümid edirəm ki, biz Azərbaycanın mədəniyyətini də tanımağa davam edəcəyik. Bundan əlavə, elm sahəsində də universitetlərimiz arasında əməkdaşlığın qurulmasına nail ola bilərik”, - deyə o bildirib.
Şimali Makedoniya ilə Azərbaycan əlaqələrinin enerjisi Bakı ilə strateji tərəfdaşlıq sazişinin imzalanmasını zəruri edir. Təsadüfi deyil ki, Prezident Qordana Silyanovska-Davkova da belə bir sazişin imzalanması üçün maneə görmədiyini deyib.
Təhlükəsizlik sahəsində əməkdaşlıq imkanları
Azərbaycan Avropada geosiyasi təsirlərini bir neçə faktorla genişləndirir. Diplomatik əlaqələr, regionda sabitlik və təhlükəsizlik, Avropadakı türk-müsəlman icması ilə əməkdaşlıq rəsmi Bakının enerji siyasətinin müşayiətində xüsusi dəyər qazanır. Bu baxımdan Azərbaycan Şimali Makedoniya ilə də təhlükəsizlik sahəsində əməkdaşlıq imkanları qazanır və Türkiyə ilə strateji müttəfiqliyi, NATO ilə əməkdaşlığı da bu məsələlərdə önəmli rol oynayır.
Aqşin Kərimov
