• cümə, 19 Aprel, 14:18
  • Baku Bakı 25°C

“Azərbaycan 101” layihəsi böyük əks-səda doğurdu

21.10.19 19:33 1670
“Azərbaycan 101” layihəsi böyük əks-səda doğurdu
Oktyabrın 18-də xalq artisti Emin Ağalarov Azərbaycana həsr olunmuş "Azərbaycan 101” adlı musiqi layihəsini təqdim etdi.
Emin sözügedən layihənin klipini şəxsi "İnstagram” səhifəsindən paylaşaraq, hisslərini belə ifadə edib: "Azərbaycan! Mən səni sevirəm! Harada olursunuzsa-olun, hər zaman doğma yurdumuz, divarlarımız, yaxın insanlarımız, uşaqlıq dostları, doğma torpaqlarımız haqqında düşünürük və xatırlayırıq. Azərbaycan, hamımızı birləşdirdiyinə görə sənə təşəkkür edirəm”.
Emin Ağalarov həmvətənlərini Azərbaycanın Müstəqillik Günü münasibətilə təbrik edərək hər kəsə uğurlar arzulayıb. Bu il Azərbaycanın dövlət müstəqilliyinin101 ili tamam olduğundan, layihə "Azərbaycan 101” adlanırdı.
Azərbaycan musiqi tarixinə qızıl hərflərlə yazılan, bənzərsiz və geniş miqyaslı musiqi layihəsində Emin Ağalarovdan savayı, Azərbaycanın parlaq ulduzları - Xalq artisti Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Faiq Ağayev, Elçin Əzizov, Əməkdar artistlər Manana Caparidze, Abbas Bağırov, Tünzalə Ağayeva, Sevda Ələkbərzadə, Ədalət Şükürov, Miri Yusif, Samir Bağırov, gənc ifaçılar Səmra Rəhimli, Azad Şabanov, "Rast” qrupu, Xəyyam Nissanov, Elnur Hüseynov, Aysel Mamedova, Ceyhun Zeynallı (CİN), İlqar Xəyal, Sabir, Yusif Eyvazov, Samir Cəfərov, Bahh Tee, Elman, Jony, Ellai iştirak ediblər. Klipdə "Natiq” ritm qrupunu da görmək mümkündür.
Xalq artisti Emin Ağalarov sözləri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, musiqisi isə Ruslan Ağababayev tərəfindən yazılmış mahnının müəlliflərinə xüsusi təşəkkürünü bildirib. Əsər rejissor Emin Muradov tərəfindən ekranlaşdırılıb. Klipin əksər hissəsi MüslimMaqomayev adına Dövlət Akademik Filarmoniyasının geniş və işıqlı səhnəsində lentə alınıb. Sözügedən klip Eminin şəxsi "Youtube” kanalında yayımlanıb.

Layihədə iştirak edən Xalq artist Tünzalə Ağayeva "Azərbaycan 101” mahnısından xəbərdar olduqda, qürurlandığını söylədi: "İştirakçısı olduğumu layihə ölkəmizi təbliğ edir. Burada gözəl insanlar cəmlənib. Belə ki, bəstəkar Ruslan Ağababayevin işi məni həm sevindirdi, həm də diqqətimi çəkdi. O, Azərbaycan caz musiqisini, piano məktəbini dünyaya tanıdan bir bəstəkardır. Bu mahnıya o qədər gözəl bir melodiya yazıb ki, asanlıqla insanların qəlbinə yol tapdı. Mahnının sözləri Leyla xanım Əliyevaya məxsusdur. Onun vətəninə ithaf etdiyi şeirdə hissləri gözəl şəkildə özünü büruzə verir. Yəni bütün bu gözəl hisslər bir layihədə bir-birini tamamladı və nəticədə belə bir layihə ərsəyə gəldi. Sənətdə sözünü demiş, peşəkar sənətkarların sözügedən layihəyə dəvət olunması birlik rəmzi daşıdı. Bu layihə Azərbaycan sənətkarlarının Cümhuriyyətimizin 101 yaşına olan təbriki idi. Əminəm ki, Azərbaycan haqqında oxunan mahnı bu mahnının coğrafiyasını böyüdür”.
Mahnının rus dilində səsləndirilməsinə gəlincə isə, T.Ağayeva qeyd etdi ki, biz belə mahnılarla özümüzü dünyaya təqdim edirik: "Bu təcrübə hər yerdə var. Yəni ölkə haqqında xarici dildə tək biz mahnı səsləndirmirik. Xarici dildə mahnı səsləndirmək o kütlənin dinləyicisinə xitab etməkdir. Bəlkə də bu mahnı digər ölkələrdə sənət adamlarının bir araya gəlməsi üçün motivasiya rolunu oynayacaq, onlara bir çağırış edəcək. "Azərbaycan 101” həm vətəni, həm də dünyanı birləşməyə çağıran bir mahnıdır. Hesab edirəm ki, hər bir musiqili layihə özündə işıq daşımalıdır. Mənə görə bu da o işıqlardan biridir. Heç vaxt Azərbaycanda olmayan, Bakıya gəlməyənlər də bizim səsimizdən duyğulanıb, Azərbaycan haqqında maraqlanacaq. Nəticə etibarı ilə biz bir sevgi, turist qazanacağıq. Düzdür, klipdə Bakı və Azərbaycanın gözəl mənzərələri əks olunmur, burada hər şeyi sözlər və musiqi, sənət adamlarının ifası deyir. Klipin əvvəlində bizim bir neçə görkəmli musiqiçilərimiz, bəstəkarlarımız görünür, bunun özü böyük bir dəyərdir. Mən bunun üçün Emin Ağalarova və bütün komandaya təşəkkür edirəm. Klip çəkilişlərimiz də maraqlı keçdi. Çəkiliş meydançasına beynəlxalq bir komanda yığılmışdı. Əsas çəkilişlər Azərbaycan Dövlət Filarmoniyasında keçirildi. Orada nəinki Azərbaycanda yaşayan, eyni zamanda vətəndən kənarda yaşayan sənətkarlarımız da cəm olunmuşdular. İstər rep, klassik, istərsə də opera ifaçılarımız eyni amal uğrunda bir araya toplaşdılar. Xaricdə fəaliyyət göstərən Elçin Əzizov, Samir Cəfərov, Yusif Eyvazov, çox görkəmli səslər orada yer aldı”.
Əməkdar artist çəkilişdən sonra həmkarları ilə bir yerə toplaşaraq layihənin ölkəmiz üçün əhəmiyyətindən bəhs etdiklərini söylədi. Bildirdi ki, belə layihələr sənətkarların birliyini xarakterizə edir: "Layihədə iştirak edən sənətkarlar mahnını içdən gələn duyğuları ilə səsləndirdilər. Hesab edirəm ki, vətən mövzusu hər bir mənada bizi birləşdirməlidir, elə birləşdirir də. Ürəklə, daxildən gələn emosiya ilə görülən iş gözəl nəticə göstərir. Əgər bir işi ürəklə görürsənsə və ona bütün sevgini bəxş edirsənsə, onun uğursuz olması qeyri-mümkündür. Bunu təcrübəmə əsasən deyirəm. Onun şansı yoxdur ki, uğursuz olsun. Bu gün internet dünyasında yaşayırıq. "Youtube”da yerləşdirilən videoya daha çox baxılması, izləmə sayının artması kimi mövzular bir az da şansa bağlıdır. Yəni hər an sürprizlərlə qarşılaşa bilirsən. Bu mahnının işıq sürəti ilə yayılması çox gözəl bir haldır. Bəlkə də onu tək adam oxusaydı, bu qədər rezonans doğurmazdı. Burada həm gözəl sözlər, həm də gözəl melodiya ilə yanaşı, peşəkar sənətkarların bir araya gəlməsi rəngarənglik yaratdı. Emin özü də bizə dəfələrlə təşəkkür edərək bildirdi ki, siz bizim çağırışımıza səs verdiniz. Biz də birmənalı olaraq dedik ki, bu belə də olmalıdır. Əgər niyyət gözəldirsə, layihə gözəldirsə, təbii ki, hər sənətkar özünü orada görmək istəyəcək”.

Layihədə iştirak edən Əməkdar artist Ədalət Şükürov bizimlə söhbətində qeyd etdi ki, bu layihə ölkəmizi tanıtmaq və təbliğ etmək üçün ən gözəl vasitələrdən biridir: "Emin Ağalarov tərəfindən belə bir təklif aldıqda, məmnuniyyətlə qəbul etdim. Dünən gördüm ki, hər kəs bu videonu bir-birinə göndərir, paylaşır. Açığı, bu məni çox sevindirdi. Əsas odur ki, insanların könüllərinə yol tapdıq. Bu günə qədər Azərbaycan haqqında kifayət qədər mahnılar səsləndirilib. Onların hər birində Azərbaycanın gözəlliyi tərənnüm olunur, ölkəmizin şəninə gözəl sözlər səsləndirilir. Bu mahnıda isə birlik, dostluq, Azərbaycan musiqisinin gözəlliyi öz əksini tapıb. Hesab edirəm ki, bir ölkəni dünyada üç sahə - incəsənət, siyasət, idman məşhur edir. Musiqinin isə sərhədi olmur. Təbliğat üçün musiqi ideal vasitədir. Biz də bu vasitədən istifadə etdik. Azərbaycanın peşəkarlarından yığılan komandanın ifasında möhtəşəm bir layihə meydana gəldi. Biz "Azərbaycan 101” mahnısını rus dilində ifa etdik. Təbii ki, bunun da öz missiyası var. Uzun müddət SSRİ-nin tərkibində olmuşuq, təbii ki, orada hər kəs rus dilində danışır. Bu mahnı ilə rusdilli ölkələrə bir tanıtım etdik”.
Ə.Şükürov əlavə etdi ki, bu mahnı ölkəmizin gözəlliyindən bəhs edən vətənpərvər ruhda olan bir mahnıdır: "Emindən belə təklif aldıqdan sonra ilk olaraq studiyada səslərimizi yazdırdıq. Mahnını başdan-ayağa ifa etdik. Daha sonra layihənin peşəkar yaradıcı heyəti mahnını montaj etdi, müəyyən yerlərini kəsdilər. Klip çəkilişlərinə Filarmoniyada başladıq. Günorta saat 4-dən səhərə qədər çəkiliş prosesi getdi. Belə bir layihədə iştirak etdiyim üçün çox məmnunam. İstedadlı və peşəkar komandadan ibarət kollektivlə çalışmaq insana gözəl hisslər bəxş edir”.

Xalq artisti, "Natiq”ritm qrupunun rəhbəriNatiq Şirinov sənətkarlarımızı bir araya toplayan bütün layihələrin alqışlanan olduğunu vurğuladı: "Hələ üstəlik, bu layihə ölkənin tərənnümündən bəhs edirsə, ikiqat uğurlu layihədir. Burada iştirak edən hər kəsə təşəkkür düşür”.

Xəyalə Rəis


banner

Oxşar Xəbərlər