Avropa üçün yeni, alternativ enerji mənbəyi
Cənub
Qaz Dəhlizi "qoca qitə”nin enerji mənbələri və marşrutlarının
şaxələndirilməsinə də töhfə verəcək
Cənub Qaz Dəhlizi layihəsi
Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz” qaz-kondensat yatağının istismarının
ikinci mərhələsi çərçivəsində hasil olunan qazın boru kəmərləri ilə Türkiyə və
Avropaya nəqlini nəzərdə tutur. "Şahdəniz-2" layihəsi, Cənubi Qafqaz Boru
Kəmərinin Genişləndirilməsi (CQBKG), Türkiyə ərazisində inşa olunmuş
Trans-Anadolu Boru Kəməri (TANAP), Yunanıstan, Albaniya və Adriatik dənizinin
dibi ilə Cənubi İtaliyaya qədər uzanan Trans-Adriatik Boru Kəməri (TAP) Cənub
Qaz Dəhlizinin əsas komponentləridir. İndiyə qədər ötən vaxt ərzində Cənub Qaz
Dəhlizinin böyük hissəsinin icrası yekunlaşıb. Belə ki, 2018-ci ilin mayında
Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılışı olub. Həmin ilin
iyununda TANAP qaz boru kəməri istifadəyə verilib, 2019-cu ildə TANAP Avropa
sərhədinə çatdırılıb. Beynəlxalq maliyyə qurumlarının, ABŞ, Böyük Britaniya və
Avropa İttifaqının dəstək verdiyi bu layihənin sonuncu seqmenti olan TAP-ın
inşası isə davam edir. İndiyə qədər işlərin 92 faizi yekunlaşıb. Yeddi ölkənin
- Azərbaycan, Gürcüstan, Türkiyə, Albaniya, Yunanıstan, Bolqarıstan və
İtaliyanın iştirak etdiyi, uzunluğu 3500 kilometr, ümumi dəyəri isə təxminən 40
milyard dollar olan Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyində
strateji amildir. Bu il TAP vasitəsiləAzərbaycan qazının Avropaya nəqli
nəzərdə tutulur.
Enerji
sahəsində əməkdaşlıq
Belə bir fonda fevralın
28-də Bakıda, Heydər Əliyev Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət Şurası
çərçivəsində nazirlərin VI toplantısı keçirilib. İclasda layihə üzrə iştirakçı
ölkələrin müvafiq sahə üzrə nazirləri, bu layihədə iştirakda maraqlı olan
dövlətlərin təmsilçiləri, BP, SGC, "Botaş”, TPAO, TANAP, TAP, "Snam”, Fluxys,
"ICGB AD”, "Transgaz”, "SNGN Romgaz SA”, "Uniper Global”, "Bulgargaz EAD”,
"SACE”, "Plinacro” şirkətlərinin və Dünya Bankı, Asiya İnkişaf Bankı, Avropa
Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankının üzvləri iştirak
edib. Məlumat üçün bildirək ki, Cənub Qaz Dəhlizi layihəsinin həyata
keçirilməsi üçün cəlb edilmiş ölkələrin enerji nazirlərindən ibarət Məşvərət
Şurasının yaradılması təşəbbüsü bu layihənin strateji əhəmiyyətini yüksək qiymətləndirən,
eyni zamanda onun enerji sahəsindəki əməkdaşlığı daha da dərinləşdirməsi
perspektivlərinə böyük önəm verən Prezident İlham Əliyev tərəfindən irəli
sürülüb. Məşvərət Şurasının işinin təşkili ilə bağlı məsələlərin icrası
Azərbaycanın Energetika Nazirliyinə tapşırılıb. Cənub Qaz Dəhlizinin Məşvərət
Şurasının ilk iclası 2015-ci ildə keçirilib. Həmin vaxtdan indiyə qədər ənənəvi
olaraq hər il ölkəmizdə keçirilən bu toplantıda Cənub Qaz Dəhlizi layihəsinin
uğurla icrası üçün görülən və görüləcək işlər ətrafında fikir mübadiləsi
aparılır.
Ən
mühüm və iddialı layihələrdən biri
Milli
Məclisin deputatı, iqtisadçı Azər Badamov mövzu ilə bağlı "Kaspi”
qəzetinə açıqlamasında bildirib ki, Cənub Qaz Dəhlizi boru xətti Xəzər
dənizinin Azərbaycan hissəsindəki karbohidratların Avropa bazarına ixracı üçün
nəzərdə tutulmuş nəhəng, beynəlxalq əhəmiyyətli layihədir. O, bu layihənin əsas
təşəbbüskarının və təşkilatçısının Azərbaycan olduğunu diqqətə çatdırıb. Qeyd
edib ki, məhz ölkəmizin təşkilatçılığı ilə hazırda dünyada ən böyük layihə
hesab olunan Cənub Qaz Dəhlizinin son tamamlanma işləri həyata keçirilir: "Cənub
Qaz Dəhlizi çox sayda müxtəlif maraqlı tərəfləri, o cümlədən 7 hökuməti və 11
şirkəti özündə əhatə edən mürəkkəb layihədir. Layihə dünyada inkişaf etdirilən
ən kompleks təbii qaz boru kəmərləri zənciri kimi qiymətləndirilir. Cənub Qaz
Dəhlizi ilk dəfə olaraq Xəzər regionundakı qaz təchizatını Avropa bazarına
birləşdirməklə bütün regionun enerji xəritəsini dəyişəcək. Cənub Qaz Dəhlizi
dünya neft-qaz sənayesində bu vaxtadək olan ən mühüm və iddialı layihələrdən
biridir”.
Regional
təhlükəsizliyə töhfə
Millət vəkili deyib ki,
TAP-ın bitməsi ilə Azərbaycan qazı Avropa bazarına çıxacaq və beləliklə
ölkəmizə qazın satışından əlavə gəlirlər daxil olacaq: "Azərbaycanın "Şahdəniz”
və "Şahdəniz-2”
yataqları böyük qaz resurslarına malikdir. Təbii ki, əgər Cənub Qaz Dəhlizi
boru xətti çəkilməsəydi, bu yataqlardakı qazın xarici bazarlara ixrac edilməsi
mümkün olmayacaqdı. Ona görə də Cənub Qaz Dəhlizinin Azərbaycan üçün çox mühüm
əhəmiyyəti var. Müstəqil ölkə olaraq biz öz enerji resurslarımıza,
ehtiyatlarımıza sahibik və onu sərbəst şəkildə dünya bazarlarına çıxarırıq.
Cənub Qaz Dəhlizinin region üçün də böyük əhəmiyyəti var. Bu boru xətti bir
neçə ölkənin ərazisindən keçir. Həmin dövlətlər də tranzit ölkə olaraq bu
layihənin icrasından mənfəət əldə edəcəklər. Eyni zamanda həmin ölkələr
qarşılıqlı razılaşma yolu ilə qazla da təmin olunacaqlar. Artıq Türkiyə bundan
bəhrələnir. "Enerjinin İpək yolu” adlandırılan TANAP-la Türkiyəyə indiyədək 4
milyard kubmetrədək Azərbaycan təbii qazı nəql edilib. Digər tərəfdən, Cənub
Qaz Dəhlizi boru xətti beynəlxalq layihə olduğu üçün onun keçdiyi ərazilərdə
sabitliyin, əmin-amanlığın olması dövlətlərin hər birini qayğılandıracaq. Yəni,
hər bir ölkə maraqlı olacaq ki, sabitlik olsun, bu boru xəttinin işləməsi
nəticəsində davamlı, stabil gəlir əldə etsin. Regionda təhlükəsizliyin təminatı
baxımından da Cənub Qaz Dəhlizi diqqət mərkəzindədir, əhəmiyyətli layihədir.
Ona görə də hər il ənənəvi olaraq Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası
çərçivəsində nazirlərin toplantısı keçirilir, görülən və görüləcək işlər
müzakirə olunur”.
Cənub
Qaz Dəhlizinə üzv ölkələrin ümumi məqsədləri
Milli
Məclisin deputatı, politoloq Elman Nəsirov bizimlə söhbətində
bildirib ki, Cənub Qaz Dəhlizi layihəsi Avropanın enerji təhlükəsizliyində
mühüm rola malikdir. O, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində
nazirlərin Bakıda keçirilən toplantısında çıxış edən Prezident İlham Əliyevin bu
məqamı xüsusi qabartdığını dilə gətirib: "Avropa üçün enerji təhlükəsizliyi
önəm daşıyır. Bu mənada Cənub Qaz Dəhlizinə üzv ölkələrin tərkibi ümumi
məqsədləri birləşdirir. Prezident İlham Əliyevin Cənub Qaz Dəhlizi Məşvərət
Şurası çərçivəsində nazirlərin Bakıda keçirilən toplantısında qeyd etdiyi kimi,
Cənub Qaz Dəhlizinə böyük beynəlxalq maraq var. Belə bir fonda Cənub Qaz Dəhlizi
Məşvərət Şurası çərçivəsində nazirlərin toplantısına hər dəfə Azərbaycanın ev
sahibliyi etməsi də mühüm amildir. Bu, ölkəmizin layihədə aparıcı rolunu
təsdiqləyən mühüm məqamlardan biridir. Azərbaycan üçün enerji təhlükəsizliyinin
təmin edilməsinə gəlincə, cənab Prezidentin vurğuladığı kimi, bu, ilk növbədə
enerji marşrutlarının şaxələndirilməsidir. Avropa üçün enerji təhlükəsizliyinin
təmin olunması enerji mənbələrinin şaxələndirilməsidir. Azərbaycan müxtəlif
istiqamətlər üzrə öz enerji ehtiyatlarını səmərəli şəkildə beynəlxalq bazarlara
çıxarmağa çalışır. Avropa isə müxtəlif mənbələrdən enerji almaqla öz tələbatını
ödəməyə cəhd edir”.
Rufik
İSMAYILOV