• şənbə, 21 Dekabr, 04:17
  • Baku Bakı 9°C

Avropa ölkələrinin viza bataqlığı - PROBLEM

06.05.23 02:30 10270
Avropa ölkələrinin viza bataqlığı - PROBLEM

Azərbaycan vətəndaşları Şengen ölkələrinə viza almaqda süni yaradılan maneələrlə üzləşirlər. Səfirliklər, eləcə də onların yaratdığı viza mərkəzlərində xidmət göstərən şirkətlər insanlara ciddi problemlər yaradırlar. 

Xaricə səfər vizasından imtina edilmiş insanın nə hiss etdiyini anlamaq çətin deyil. Böyük həvəslə səyahətə hazırlaşan, gəzəcəyi yerlərin xəritəsini cızan turist üçün bu, xəyal qırıqlığına uğramaq kimidir. Təəssüf ki, son vaxtlar belə ümidsizliyə qapılan çoxlu insan var. Onların Şengen ölkələrinin səfirliklərində qarşılaşdıqları problemlər sosial platformalarda uzun-uzadı müzakirələrə çevrilməkdədir. Müxtəlif səyahət qruplarında “İtaliya səfirliyində növbə tutmaq üçün gecə 4-5-də boşluq olur”, “Fransa səfirliyinə müraciət etdim, bütün sənədlərim qaydasında idi, amma rədd cavabı aldım”, “İtaliya artıq viza görüşü üçün sistemi bağlayıb”, “Macarıstan səfirliyinə yaxın düşmək olmur…” kimi rəylər müxtəlif səyahət qruplarında paylaşılır. Bəzən müraciətçilərin öncədən aldıqları təyyarə bileti, hotellərin rezervasiyası əllərində qalır - viza almaq əsl problemə çevrilir.

Çətinlik və ümidsizlik

“Vətəndaşların əksəriyyəti səfirliklərdən, eləcə də onların yaratdığı viza mərkəzlərində xidmət göstərən şirkətlərdən şikayətlənir”, - deyən Azərbaycan Turizm Agentlikləri Assosiasiyası İctimai Birliyinin Getmə Turizm Komissiyasının rəhbəri Şaiq Məmmədovun fikirləri viza alınması ilə bağlı hazırkı mənzərəni kifayət qədər aydın əks etdirir: “Azərbaycan vətəndaşları bir sıra Avropa ölkələrinə getmək üçün viza almaqda çətinlik çəkirlər”. Turizmçi viza alınması ilə bağlı ölkəmizdəki səfirlikləri iki kateqoriyaya – “çətin” və “daha çətin” qruplara bölür: “İstər adi vətəndaşlar, istərsə də turizm şirkətləri uzun müddətdir ki viza alınması, xüsusən yerlərin götürülməsi məsələlərində çoxlu çətinliklərlə qarşılaşırlar. Bunlar iş, verginin ödənilməsi haqqında arayış, əlavə sənədlər, aviabiletin və otelin ödənilmiş qəbzi və s. tələbi ilə bağlı süni yaradılan baryerlərdir. Məsələn, İtaliya səfirliyində vizanın verilməsi ilə bağlı həddən artıq ciddi problemlər var. Müraciət edənlərin 50 faizinə imtina verilir. Eyni zamanda, İtaliya universitetlərinə qəbul alanlar üçün təhsil vizasının alınması müşkülə çevrilib”. Ş.Məmmədovun sözlərinə görə, Macarıstan səfirliyinə müraciət edənlər daha çox əngəllə qarşılaşırlar: “Eyni zamanda, bunu səfirliyin tələbi kimi göstərirlər. İş yerindən arayış və maaş kartından çıxarışla bərabər vergi ödənməsi ilə bağlı sənəd, gediş-gəliş biletinin alınmış variantını tələb edirlər. Təbii ki, vətəndaş təyyarə bileti alıb və hotel pulunu ödəyibsə, viza almadığı təqdirdə böyük zərərlə üzləşir. Belə vəziyyətdə onun müraciət etdiyi turizm şirkəti üçün də xoş olmayan vəziyyət yaranır”. Turizmçinin sözlərinə görə, bəzi səfirliklərdə isə, ümumiyyətlə, “aşağı və yuxarı büdcəli” seçimi var: “Böyük Britaniya səfirliyindən cavab almaq 21 gün və ya daha çox çəkir. Orta büdcəli turistlərin sənədləri, demək olar ki, qəbul edilmir. Gəlir çox yüksək olmalı və göstərilməlidir. Bəlkə ondan sonra viza verərlər. Almaniya səfirliyində də eyni problem mövcuddur. Aşağı büdcəli turistlər üçün viza verilməsi şansı azdır. Əksər vizalara rədd cavabı gəlir. Problem vizaya müraciət etmək çətinliyi və müraciətdən sonra viza almaq ümidsizliyidir”.

“Capago”nun oyunu

Vətəndaşların viza alınması ilə bağlı yaşadığı problemlər həm də Fransa səfirliyi ilə bağlıdır. Belə ki, ölkəmizdə səfirliyin viza prosedurunu Şengen vizası müraciətlərinin idarə edilməsi üzrə eksklüziv şirkət olan “Capago International” həyata keçirir: “Viza müraciəti zamanı sənədlərini özü təqdim edən turist, viza hazır olduqdan sonra özü götürə bilmir. Şirkət kuryer xidməti vasitəsi ilə çatdırılmasını məcburi edir” - deyə Ş.Məmmədov bildirir: “Pandemiyanın bitməsinə baxmayaraq, hələ də kuryer xidməti üçün bu şirkətə 17 AZN xidmət haqqı verilməlidir. Sənədlərin surətinin çıxarılması, tərcümənin təsdiqi üçün xidmət haqqı da yüksəkdir. Bundan başqa, şirkət əlavə xidmət haqları tutur. Bu xidmət haqqının nə olduğuna aydınlıq gətirilmir”.

Lotereya və ya şans kimi

Azərbaycan Turizm Bloqerləri Assosiasiyasının üzvü Şəfiqə Mahmudova viza alınmasını lotereyaya və ya şansa bənzədir: “Paylaşılan rəylərdə deyildiyi kimi, İtaliya Səfirliyi viza üçün görüşləri dayandırmayıb. Viza verilir, sadəcə görüş götürmək çətindir. Bunun üçün biz gecələr oturub saytı izləməli, sistemdən görüş götürməliyik. Gündüzlər, ümumiyyətlə, sayta yaxın durmaq mümkün deyil. Almaniyada konsulluq görüşləri artıq canlı keçirir. Səhər 09.00-dan yaxınlaşmalı və 12.00-dək görüş götürməliyik. Macarıstan səfirliyində görüş götürmək, ümumiyyətlə, mümkün deyil. 4 nəfərlik ailə gedirsə, sistem yalnız bir nəfərə görüş götürməyə icazə verir”. Ş.Mahmudovanın sözlərinə görə, səfirliklər bunun səbəbini pandemiyadan sonra gedənlərin sayının çoxalması ilə əlaqələndirirlər: “Biz bu gün insanları Avropanı gəzməyə çağırırıq, amma görüş götürə bilmirik”.

İkitərəfli əlaqələrə maneə

Turizmçi Rəhman Quliyev də viza alınması ilə bağlı narahatlığını ifadə edir: “Viza rejimi tətbiq edən ölkələrin coğrafiyası geniş olsa da, vətəndaşlarımız üçün səyahət destinasiyası çox məhduddur. Buna səbəb viza verilməsində yaranan süni çətinliklərdir. Bu üzdən Avropaya səyahət etmək istəyən turist, tələbə və ya investor böyük problemlərlə üzləşir”. Turizmçi hesab edir ki, vətəndaşlarla Şengen ölkələrinin səfirlikləri arasında yaranan anlaşılmazlıq Avropa ölkələri ilə ikitərəfli əlaqələrə də zərbə vurur.

İzahat tələb olunmalıdır

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Nəsib Məhəməliyev Azərbaycan vətəndaşlarına viza verilməsində yaranan çətinliklərlə bağlı məlumatsız olduğunu bildirir: “Maraqlanaram. Belə hallar kütləvi xarakter daşıyırsa, Milli Məclisdə qaldırıla bilər. Bəzi Avropa ölkələrinin, konkret olaraq Fransanın mövqeyi siyasi kriteriyalara görə mümkündür. Digər dövlətlərlə bağlı, ola bilər, qanunsuz miqrasiya, terrorçuluqla mübarizə və s. məsələlərlə əlaqələndirilir. Araşdırılmalıdır. Hesab edirəm ki, Xarici İşlər Nazirliyi həmin ölkələrin Bakıda fəaliyyət göstərən səfirliklərinin konsulluq şöbələri ilə əlaqə saxlamalı və izahat tələb etməlidirlər. Alınan cavablar ictimaiyyətə açıqlanmalıdır”.

Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər