• cümə axşamı, 26 dekabr, 15:29
  • Baku Bakı 10°C

Elmin inkişaf tarixini əks etdirən nadir məkan - BƏLƏDÇİ

10.08.24 00:50 3760
Elmin inkişaf tarixini əks etdirən nadir məkan - BƏLƏDÇİ

Qaliley Kopernikin əsərlərini dəstəklədiyinə görə kilsənin hücumlarına məruz qalıb, işləmək hüququndan məhrum edilib, əsərləri qadağan olunub. Alim yoxsulluq içində ölüb, yalnız 100 il sonra onun qalıqları dəfn olunmağı xəyal etdiyi Florensiya Santa Croce məbədinə köçürülüb.

Qalileo Qaliley Muzeyi (Museo Galileo) elmin bütün inkişaf tarixini bir yerdə izləməyə imkan verən nadir məkandır. Məşhur italyan fiziki, riyaziyyatçısı, astronomu və filosofu Qaliley bu evdə doğulmasa da, ömrünün müəyyən illərini burada keçirib. Onun bu evdə apardığı tədqiqatlara və ixtiralara görə bura “Müasir elmin atası”, “Müasir astronomiyanın banisi” adlandırılıb. 

Ən böyük elmi alətlər kolleksiyası

Qalileo Muzeyinin yerləşdiyi bina 12-ci əsrdə ucaldılmış saraydır. Florensiyanın mərkəzi hissəsində yerləşir. Duomo Meydanından yol birbaşa muzeyə aparır. Muzeyin qarşısında “Lusifer”in kərtənkələyəbənzər quyruğunun kölgəsi ilə ilin istənilən vaxtı günorta vaxtını təyin etməyə imkan verən məşhur “Florensiya günəş saatı” var.

Bu binada əvvəllər elm tarixi muzeyi yerləşib. Lakin hərtərəfli yenidənqurma işlərindən sonra ona Qalileyin adı verilib. 

Muzeydə nümayiş etdirilən eksponatlar hələ 16-cı əsrdə toplanmağa başlayıb. İlk kolleksiyaçı Florensiyanı idarə edən Medici idi. Hersoq kifayət qədər sayda müxtəlif alət və eksperimental cihazlar toplayaraq, ilk elmi cəmiyyətin yaradılması qərarına gəlib. Sonradan kolleksiya 19-cu əsrə qədər iki əsr ərzində eksponatlar toplayan Lotaringiya sülaləsinin nümayəndələrinə verilib. Beləcə Florensiyanı idarə edən iki böyük sülalə tərəfindən toplanmış ən qiymətli elmi alətlər kolleksiyası məhz bu muzeydə sərgilənir. Bundan əlavə, muzeyin divarlarında Qalileyin özünün dizayn və ixtira etdiyi unikal alətlər qorunur. 

“Alətlər ilk dəfə 18-ci əsrdə Uffizi qalereyasında nümayiş etdirilib və muzey də həmin əsrdə yaranıb. Bir müddət kolleksiya 1775-ci ildə tikilmiş Zoologiya və Təbiət Tarixi Muzeyində (indiki La Specola Muzeyi) saxlanıldı. Yalnız Florensiyada keçirilən elmi sərgidən sonra Elm Tarixi İnstitutunda elmi muzeyin yaradılması qərara alındı. Onun yaranma tarixi 1930-cu ildir”, - deyə bələdçi məlumat verdi.

Yoxsulluq içində ölən alim

Muzey kifayət qədər geniş sərgiyə malikdir. Kolleksiyalar iki mərtəbədə, 18 zalda sərgilənir. Zalların birində qonaqları böyük alimin əzəmətli büstü qarşılayır. Sensorlu monitordan Qalileyin həyat hekayəsi nəql olunur: “Elmin simvoluna çevrilmiş Toskana alimi yoxsul florensiyalı musiqiçinin ailəsində doğulub. Ailədəki dörd övladın ilki olub. Pizada anadan olsa da, bütün yetkin həyatını Florensiyada keçirib. Gənc əsas sahəsi - fizika, mexanika, astronomiya və riyaziyyatla yanaşı, musiqi alətlərində yaxşı ifa edir, yazı ilə də məşğul olurdu.

O, Nikolay Kopernikin dünya sistemini müdafiə edərək inkişaf etdirib, Ptolomeyin yanlış geosentrik sistemini ifşa edib, materiya və hərəkətin əbədiliyini əsaslandırıb, Aristotel fizikasının səhvlərini aşkar edib. İxtiraçı təcrübi fizikanın əsasını qoyub, elmdə eksperimental tədqiqat üsulunu tətbiq edib və elmi dindən ayırıb. Qaliley Kopernikin əsərlərini dəstəklədiyinə görə kilsənin hücumlarına məruz qalıb, işləmək hüququndan məhrum edilib, yazılı əsərləri qadağan olunub. Alim yoxsulluq içində ölüb, yalnız 100 il sonra onun qalıqları dəfn olunmağı xəyal etdiyi Florensiya Santa Croce məbədinə köçürülüb. 

Yupiteri kəşf edən teleskop

Qalileo Qalileyin bütün əsərləri sərgiyə daxildir. Onların arasında məhz Qaliley tərəfindən icad edilən teleskoplar da var. Onlardan biri Yupiter planetinin kəşfi zamanı istifadə edilib. Chimento Akademiyasının üzvləri tərəfindən istifadə edilən termometrlər, Antonio Santucci tərəfindən dizayn edilmiş və tikilmiş nəhəng silah sferası da daxil olmaqla yer və səma qlobuslarının qeyri-adi kolleksiyası böyük maraq doğurur. Təqdim olunan tarixi nöqteyi-nəzərdən dəyərli olan elektromaqnit sahə cihazları, tibbi alətlər və kimyəvi dəstlər, xəritələr, termometrlər, görkəmli alimlərin riyaziyyat və fizikaya aid çoxcildlik əsərləri Qalileyin Toskana və ümumilikdə İtaliyanın müxtəlif sahələrinin inkişafına mühüm töhfə verə bildiyini göstərir. 

Muzey təkcə nadir eksponatları sərgiləmir, həmçinin elmi tədqiqat institutudur. Onun ixtisaslaşmış kitabxanası dünya alimlərinə zəngin resurslar təklif edir. Burada qonaqlar təkcə ulduzları və planetləri öyrənmək üçün deyil, həm də digər elmi məqsədlər üçün olan qədim alətlərlə, məsələn, tibbi müalicələr üçün alətlərlə tanış ola bilirlər. 

Beş min qədim kitabın saxlanıldığı kitabxana 

Qalileo Muzeyinin üçüncü mərtəbəsində unikal antik kitabxana var. Hazırda burada 5 min qədim kitab kolleksiyası və 150 minə yaxın elmi və tarixi əsər yer alıb. Kitabxanada tədqiqat işləri aparılır. Onu şəxsən ziyarət etmək imkanı olmayanlar istədikləri vaxt elektron kataloqa daxil olub, lazımi işlərlə tanış ola bilərlər. 

Muzeydə multimedia laboratoriyası da var. 1991-ci ildən fəaliyyət göstərən laboratoriya onlayn və offlayn interaktiv proqramlarla fəaliyyət göstərir. Bununla da muzeylə maraqlananlar nəinki qurumun fəaliyyəti, həm də daimi və müvəqqəti sərgilərin keçirilməsi haqqında məlumat əldə edə bilirlər. Laboratoriyada elmi tədqiqatların və tarixi əsərlərin saxlanılması üçün rəqəmsal arxivlər də yaradılıb. Üçüncü mərtəbə həmçinin müvəqqəti tədbirlər üçün ayrılıb. Burada tez-tez sərgilər, konqreslər, beynəlxalq görüşlər və s. keçirilir.

Son bir neçə il ərzində Qalileo Muzeyi uşaqlara və onların valideynlərinə yönəlmiş qədim sənətkarlıq texnikalarının yaddaşını canlandırmaq məqsədilə silsilə tədbirlər təşkil edir. Dərslər zamanı iştirakçılar praktiki dərslərdə iştirak edirlər, sonunda onlar əvvəllər görülmüş manipulyasiyaları müstəqil şəkildə təkrarlamağa kömək edən təlimatı alırlar. 

Muzeyə giriş biletlərini (6-10 avro) birbaşa yerli kassadan almaq və ya virtual olaraq bron etmək olar. Xarici turistlər üçün hər bir obyektdə QR kodu var, onun sayəsində təqdim olunan eksponat haqqında tam məlumat əldə etmək olur.

Muzey rəhbərliyi eksponatların çəkilişinə qadağa qoymur. Bütün eksponatlara baxmaq üçün ən azı 4-5 saat vaxt lazımdır.

Təranə Məhərrəmova
Bakı-Florensiya

banner

Oxşar Xəbərlər