• cümə axşamı, 26 dekabr, 15:01
  • Baku Bakı 10°C

“İtaliya çəkməsinin burnu”ndan REPORTAJ

31.08.24 02:07 3094
“İtaliya çəkməsinin burnu”ndan REPORTAJ

Kataniya - mavi İon dənizinin sahilində, donmuş vulkanik lavanın qara daşları arasında yerləşən liman şəhəridir. Bu şəhərə “İtaliya çəkməsinin burnu” da deyilir.

Üçbucaqlı Siciliya adasına -Kataniya şəhərinə səyahətimiz macəra ilə başladı. Romanın Fiumiçino Hava Limanından transfer zamanı baqajımızın itməsi əhvalımızı pozsa da, qarşıdakı günlər füsunkar adadan aldığımız təəssüratlar bizə unudulmaz anlar yaşatdı.
Kataniya - mavi İon dənizinin sahilində, donmuş vulkanik lavanın qara daşları arasında yerləşən liman şəhəridir. Bu şəhərə “İtaliya çəkməsinin burnu” da deyilir.

Etnanın möcüzəsi

Şəhərin qədim küçələrini gəzdikcə adamı Kataniyanın keçmişi və bu günü haqqında hekayələr, eləcə də yerli mədəniyyətin ayrılmaz hissəsinə çevrilmiş yunan mifləri müşayiət edir. Şəhər 1169-cu ildə baş verən zəlzələ nəticəsində tamamilə məhv olsa da, Etna dağının güclü püskürməsi zamanı lava və küldən yenidən canlanıb. Çəhrayı badam ağacları, qırmızı püstə kolları, ərik bağları, bərkimiş vulkanik lava ilə döşənmiş və barokko memarlıq nümunələri ilə bəzədilmiş şəhərə çevrilib. 

Vulkan dəfələrlə şəhəri dağıdıb, amma Kataniya zümrüd quşu kimi yenidən doğulub. Memarlıq nöqteyi-nəzərindən baxsanız, Kataniya məhz qara vulkanik daşdan, barokko üslubunda binalarının rənginə görə İtaliyanın ən qeyri-adi şəhərlərindən biridir. Burada sakinlər Avropanın ən aktiv və böyük vulkanı ilə mürəkkəb münasibətlərə malikdirlər. 

Şəhərin küçələrində qara qumlar görünür, havada toz hiss edilir. Ancaq italyanlar lavanı düzgün istiqamətləndirməyi, yolların və binaların tikildiyi tikinti materialına çevirməyi öyrəniblər. 

Mafiyanın sinonimi

Kataniya möhtəşəm sarayları, dəbdəbəli kilsələri ilə zəngindir. Massimo Bellini Teatrının qarşısında axşamlar ifa edən orkestrin sədaları bütün şəhərdə eşidilir. Siciliyanın bu liman şəhərinin adı “mafiyanın sinonimi” kimi çəkilsə də, bəstəkar Vinçenzo Bellini bu şəhər üçün ən dəyərli şəxsiyyət hesab edilir. Hava limanından tutmuş şəhəri bəzəyən memarlıq nümunələrinə qədər görkəmli bəstəkarın adını daşıyır. “Sinyor Bellini dünya musiqisinə 11 möhtəşəm opera bəxş edib”,- deyə cənublular qürurla bildirirlər. 

Hər bir Avropa şəhərində olduğu kimi, Kataniyada da ilk səyahət ediləcək yer köhnə şəhərdir. Şəhərin mərkəzi kafedralların və meydanların tikildiyi tünd lava və açıq qum daşının kontrastına görə UNESCO tərəfindən qorunur. Meydanın mərkəzində şəhərin simvolu - “Fontana dell Elefante” adlı gülən fəvvarə yer alıb. Kataniya sakinləri onun narahat Etnanı sakitləşdirmək üçün sehrli bir xüsusiyyətə sahib olduğuna inanırlar. Yerlilər Etna dağına canlı varlıq kimi baxırlar. Turizm şirkətləri Etnaya turlar təşkil edirlər (60-75 avro). “Əvvəllər turistlər buralara gəlməyə sanki ehtiyat edirdilər. Axı, Siciliya deyəndə ilk növbədə “mafiya” yada düşür. Ancaq sonradan dünya turistləri cənubda daha çox tarixin, mədəniyyətin və istiqanlı insanların olduğunu gördülər. Artıq buralar, xüsusən yay aylarında turistlərlə qaynayır”, - deyə yerli sakin məlumat verir. 

Bərəkətli ada torpağı

Yerli italyanların yaşayışına bələd olmaq üçün tarixi bazara baş çəkmək lazımdır. Bazarda heç vaxt rastlaşmadığmız meyvə və tərəvəz, evdə hazırlanmış pendir və digər ərzaqların, şərab və balıq çeşidlərinin dadına baxmaq fürsəti də verilir. “Ada torpağı bərəkətlidir”,- yerli italyanlar belə deyirlər: “Qəzəbli vulkan hər 150 ildə bir dəfə bir kəndi məhv edir. Lakin insanlar Etnanı tərk etmirlər, çünki onun sayəsində yerli torpaq inanılmaz dərəcədə münbitdir. Bu, kataniyalıları dönə-dönə burada məskunlaşmağa məcbur edir. Siciliyadakı ən dadlı tərəvəz və meyvələr Kataniya yaxınlığında yetişir. Buna görə Kataniyaya - “Etnanın qızı” da deyirlər”. 

Kataniyanın labirintlərində hər addımda kafelərlə qarşılaşırsan. Pizza, spagetti, ən təzə inqrediyentlərlə zəngin paninilərin qiyməti 10-25 avro arası dəyişir.

İyul-avqust aylarında dükanlarda olan endirimlər turistlər üçün alış-verişi əyləncəli macəraya çevirir. Siciliya günəşinin yandırıcı istisindən qaçıb dükanlarda daldalananlar da az deyil. 

Kataniya çimərlikləri isə tərtəmiz, zümrüd suları ilə turistlərin ən sevimli istirahət məkanlarıdır. 

İnsanları tələsməyən şəhər

Cənublular şən, səs-küylü, ünsiyyətcil insanlardır. Danışmağı daha çox xoşlayırlar. Hətta qarşısındakı italyan dilini bilməsə də, azacıq ünsiyyətdən sonra köhnə tanışın kimi danışır. 

Gün batmağa yaxın yerli sakinlər dəniz sahilində toplaşırlar. Onları seyr etmək xüsusi zövq verir. Burada bir neçə nəsil görüşür: uşaqlar qaçışır, gənclər əl-ələ tutub söhbət edir, qocalar kart oynayır, itləri ilə gəzir, balıq tuturlar. Bu şəhərdə insanlar tələsmir. Amma miqrant axınından sonra digər şəhərlərdə olduğu kimi Kataniya və ətraf ərazilərdə də oğurluq, küçələrin zibillənməsi kimi hallar çoxalıb.

Turistlər Karleone ailəsinin izinə düşürlər 

Kataniyada metro yoxdur. Amma şəhərdaxili və şəhərətrafı nəqliyyat - avtobus və qatarların hərəkət cədvəli mükəmməl qurulub. Təcrübəli turistlər də bu fürsətdən istifadə edib rahatlıqla səyahət marşrutlarına Kataniya yaxınlığında Taormina, Sirakuza və Messina kimi füsunkar şəhərləri daxil edirlər.

Taormina - adanın əfsanəvi kurort şəhəridir. “Siciliyanın gözəli” bizi də məftun edir. Üç min illik keçmişə sahib şəhər Siciliyanın kiçildilmiş tarixi, əsrlərdir sənətin ürəyinin döyündüyü yer hesab edilir. Taormina bəzi mənbələrdə “Aralıq dənizinin incisi” də adlandırılıb. Dünyaca məşhur “Xaç atası” filminin çəkilişləri Taormina və onun ətrafında gerçəkləşib. Turistlər burada Karleone ailəsinin izinə düşürlər. 
Sirakuza - Siciliyanın tarixi şəhəridir. Yunan tarixçiləri buranı “ən böyük yunan şəhəri” adlandırıblar. Ərəblər adanı zəbt edənə qədər Siciliyanın paytaxtı olub.

2005-ci ildə UNESKO şəhəri bütünlüklə Dünya İrsi Siyahısına daxil edib. Böyük alim Arximed də bu şəhərdə doğulub. 
Messina - adanın ən böyük limanıdır. Siciliyanın “dəniz qapısı” da adlanır. Bu şəhərdə Homerin mifik qəhrəmanlarının yaşadığı, əfsanəvi Odisseyin bu sularda üzdüyü deyilir. 1908-ci ildə dəhşətli sunami nəticəsində dağılan, 1943-cü ildə ABŞ-nin bombardmanı nəticəsində zədələnmiş, zəlzələdən zərər görmüş şəhər bu gün tarixiliyi və müasirliyi birləşdirməklə gələn qonaqlarını valeh edir. 

Təranə Məhərrəmova
Kataniya-Bakı

banner

Oxşar Xəbərlər