• cümə, 29 Mart, 16:35
  • Baku Bakı 14°C

Avropa İttifaqı ölkəmizin regiondakı roluna və əhəmiyyətinə yüksək qiymət verir

10.07.21 17:15 398
Avropa İttifaqı ölkəmizin regiondakı roluna və əhəmiyyətinə yüksək qiymət verir
Prezident İlham Əliyev Azərbaycan xalqının milli maraqlarını rəhbər tutaraq həyata keçirdiyi xarici siyasət kursu çərçivəsində bütün siyasi tərəfdaşlarımızla mövcud əlaqələrin genişləndirilməsi, qarşılıqlı inam və etimadın daha da dərinləşdirilməsinə xüsusi önəm verib. İllər ərzində Avroatlantik strukturlarla da əlaqələrin genişləndirilməsi istiqamətində olduqca mühüm işlər həyata keçirilib. Bununla yanaşı, Avropa İttifaqının özü də Azərbaycanla qurduğu yaxın əlaqələrin daha da dərinləşdirilməsində maraqlı olub. Bu baxımdan Avropa İttifaqının Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varhelyinin məqaləsindən də görünür ki, Aİ Azərbaycanla əməkdaşlığı daha da inkişaf etdirmək əzmindədir.
Kaspi.az xəbər verir ki, bunu politoloq Şəbnəm Həsənova bildirib.
Politoloq qeyd edib ki, bu gün Azərbaycan dövlətinin regionda yaratdığı yeni reallığın gətirdiyi müsbət dividendlərin və beynəlxalq əlaqələrini getdikcə daha da gücləndirməsi fonunda Avropa İttifaqının özü ölkəmizin regiondakı roluna və əhəmiyyətinə yüksək qiymət verir.
Vurğulanıb ki, bəzi sahələrdə tərəflər arasında strateji tərəfdaşlığın təməli artıq qoyulub. Bir çox sahələrdə əməkdaşlığımızın çox ciddi nəticələri mövcuddur. Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında tərəfdaşlığın əsas istiqamətlərindən birini enerji təhlükəsizliyi təşkil edir. Enerji ehtiyatlarına olan tələbat səbəbindən enerji təhlükəsizliyi Avropa İttifaqı üçün vacib amilə çevrilib ki, burada da Avropa İttifaqı Azərbaycanı istehlakçı tərəf kimi bu sahədə yeni, alternativ və ən əsası, etibarlı enerji təminatçısı qismində görür. Bu baxımdan Cənub Qaz Dəhlizi layihəsinin dördüncü və sonuncu seqmenti hesab olunan Trans-Adriatik boru kəmərinin 2020-ci il dekabrın 31-də istifadəyə verilməsi ilə faktiki olaraq Azərbaycan Avropanın enerji şaxələndirilməsində əhəmiyyətli yer qazanmaqla yanaşı, təşəbbüskarı və tərəfdaşı olduğu layihələrin icrası və uğurla başa çatdırılması istiqamətində etibarlı tərəfdaş olduğunu bir daha sübut etdi. Tərəflər arasında "yaşıl enerji”, alternativ enerji, elm, təhsil, rəqəmsal texnologiyalar kimi müxtəlif sahələr üzrə əməkdaşlıq məsələləri fəal şəkildə müzakirə olunur.
COVID-19 pandemiyasının yayılması ilə qlobal iqtisadiyyatın və dünya ölkələrinin iqtisadiyyatlarının iflic vəziyyətə düşməsinə baxmayaraq, dövlətimiz tərəfindən hər sahədə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi nəticəsində bu sınaqdan da minimum itkilərlə çıxmağa müvəffəq olan Azərbaycan regionun ən müsbət dinamika vəd edən ölkəsidir. Danılmaz faktdır ki, regionun aparıcı ölkəsi kimi bölgə ilə bağlı qəbul edilən qərarlarda Azərbaycanla hesablaşılır, gələcəyə istiqamətlənmiş bütün məsələlər məhz ölkəmizlə müzakirə edilir. Belə ki, Xəzər dənizi ilə Qara dəniz arasında əlaqələrin inkişaf etdirilməsində Azərbaycan əhəmiyyətli rol oynayır.
Avropa İttifaqı Azərbaycanı güclü tərəfdaşı olaraq görür. Avropa İttifaqı Komissarının müharibənin nəticələrinin tam qəbul edildiyinə istiqamətlənmiş "postkonflikt” mərhələdən danışması, rəsmi Brüsselin işğaldan azad edilmiş ərazilərdə minalardan təmizləmə işlərinin aparılmasında Azərbaycana dəstək verməyə hazır olduğunu bildirməsi, Qarabağın dirçəldilməsi və bundan sonra bölgədə sülhün bərqərar olmasına dəstək verəcəklərinin ifadə edilməsi, heç şübhəsiz, Prezident İlham Əliyevin hər incə detalını düşünərək həyata keçirdiyi uzaqgörən və müdrik xarici siyasətin müsbət nəticəsidir.
Politoloq diqqətə çatdırıb ki, atılan addımlar, yürüdülən siyasət nəticəsində Azərbaycan böyük nailiyyət qazanaraq inkişaf etmiş bir çox ölkələri qabaqlayıb və dünyanın aparıcı hesabatlarında adını ilk sıralara yazdırmağı bacarıb. Məsələn, Dünya Bankının "Doing Business” hesabatında Azərbaycan 190 ölkə arasında 28-ci yerə layiq görülüb. Bütün bu reallıqlar fonunda Avropa İttifaqı Azərbaycana qarşı tamamilə fərqli münasibət nümayiş etdirir. Bu baxımdan da Aİ məhz Azərbaycanla əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsində maraqlıdır.
Azərbaycan zəngin karbohidrogen ehtiyatlara malik olmaqla yanaşı, dünya bazarlarına çıxış yollarına sahibdir. Belə ki, Şərq-Qərb, Şimal-Cənub Dəhlizinin ölkəmizin ərazisindən keçməsi reallığı, logistika və nəqliyyat baxımından olduqca əlverişli məkanda yerləşməsi kimi amillər də Azərbaycanın dünya üçün əhəmiyyətini artırır. Məhz bu faktın özü Aİ tərəfindən xüsusilə vurğulanır və yüksək dəyərləndirilir.
banner

Oxşar Xəbərlər