AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

ATƏT Minsk Qrupu həmsədrlərinin turistik diplomatiya sevdası yenidən baş qaldırıb - TƏHLİL

ATƏT Minsk Qrupu həmsədrlərinin turistik diplomatiya sevdası yenidən baş qaldırıb - TƏHLİL

Cəmiyyət
16 Aprel 2021, 10:45 248
ATƏT Minsk Qrupunun həmsədrləri (Rusiya Federasiyasından İqor Popov, Fransadan Stefan Viskonti və ABŞ-dan Endrü Şofer) bəyanatla çıxış ediblər. Bütün fəaliyyətlərini turistik diplomatik səfərlər etməklə, bahalı otellərdə yeyib-içməklə keçirən keçmiş həmsədrlərin açıqlamalarından da görünür ki, 30 il ərzində sadəcə aktiv fəaliyyət görüntüsü yaradaraq münaqişənin həll olunması ilə bağlı heç bir nəticəyönümlü addım atmayıblar.
 
Bunu Trend-ə politoloq Şəbnəm Həsənova deyib. Ş.Həsənova vurğulayıb ki, ATƏT-in Minsk Qrupunun ABŞ-dan keçmiş həmsədri olan Richard Hoagland Beynəlxalq Münaqişələrin Həlli Mərkəzinin saytında dərc olunan məqaləsində də öz fəaliyyətsizlikləri haqqında, pərdəarxası siyasi əhval-ruhiyyələri barədə bütün təfsilatı, əsl mahiyyəti ilə bağlı geniş ictimaiyyəti məlumatlandırmışdı: "Əvvəla, o bildirirdi ki, Dövlət Departamentində belə bir vəzifədə olmaq heç bir diplomat üçün nüfuz deyildi. O posta sadəcə karyera yüksəlişini gözləyən ya da təqaüdə çıxana qədər işləməsi üçün müəyyən zaman tələb olunan, ümumiyyətlə məsələnin mahiyyətindən xəbərsiz olan diplomatlar təyin olunurdu. Onların işi isə iş görməkdən daha çox beşulduzlu otellərdə qalmaq, ən bahalı restoranlarda yemək-içməkdən ibarət idi. Arabir də gözdən pərdə asmaq üçün ATƏT bayrağını qaldıraraq Bakı və İrəvanın yadına Minsk qrupunun mövcud olduğunu saldıqlarını, reallıqda isə olduqca az iş gördüklərini açıq etiraf etmişdi.

İmici artıq bəlli olan, 30 ildə zərrə qədər də olsa irəliləyişə nail olmayan bir qurumun etməli olduğu işi Azərbaycan təkbaşına 44 gündə etdi. İndi durub belə mənasiz bəyanat verməkləri heç kimə lazım deyil. Bəyanatda dini və mədəni irsin saxlanılması və qorunmasını bildirən, mədəni abidlərin dərdini çəkən ATƏT-in Minsk qrupu zamanında ATƏT-in Faktaraşdırıcı Missiyası işğal olunmuş ərazilərə səfər edərək burada mədəni abidələrin dağıdıldığını təsdiqləsə də nə qurumun özü, nə də həmsədr ölkələr bu istiqamətdə heç bir iş görmədilər. Bütün məsuliyyəti uzlaşma yolunu tutmaqdan ibarət olan MQ-nun dünənki bəyanatı əksinə olaraq Ermənistanda revanşizmin yenidən alovlandırılması missiyası daşıyır.

Baş nazirin özü dövləti idarə edə bilmir, ölkə paramparçadır. Axı həm də danışıqlar aparmaq üçün danışıqlar predmeti olmalıdır, o da mövcud deyil. Azərbaycan BMT-nin müvafiq qətnamələrini özü icra etdi və öz ərazi bütövlüyünü bərpa etdi. O zaman həmsədrlərin yenidən səfərlərə başlayıb nəyisə həll etməsi də absurd məsələdir. Daha ironik vəziyyət odur ki, rusiyalı həmsədr də bəyanata imza atıb, lakin o unudur ki, regionda tam yeni bir reallıq yaranıb və onun ölkəsinin sülhməramlıları Dağlıq Qarabağdadır".

Politoloq vurğulayıb ki, digər bir tərəfdən isə Fransa anlamalıdır ki, artıq bizim cəmiyyətimizdə bu ölkəyə heç bir inam, etibar və etimad mövcud deyil:
"Yaxşı olar ki, özünü demokratiyanın beşiyi, insan hüquq və azadlıqlarının carçısı kimi təqdim edən, əslində isə nə dərəcədə qərəzli bir siyasət yürüdən bu ölkə ilk növbədə öz itirilmiş nüfuzu haqqında düşünsün. Fransa Minsk Qrupuna daxil olmasının şərtlərini xatırlamalıdır və obyektivlik, bitərəflik kimi kriteriyaları kobud şəkildə pozan ölkənin bu prosesdə iştirakının istənilmədiyini dərk etməlidir.

Ən sual olunmalı məsələ isə odur ki, ümumiyyətlə ATƏT Minsk Qrupu axı niyə bu üç ölkənin monopoliyasında olmalıdı? O zaman burada Richard Hoaglandın etiraflarından biri də yada düşür ki, Minsk qrupuna Azərbaycan və Ermənistandan başqa Belarus, Finlandiya, Almaniya, İtaliya, İsveç və Türkiyə daxil olsalar da, "gündəlik üzbəüz işi" Fransa, Rusiya və ABŞ-dan olan həmsədrlər aparır. O zaman tam haqqı ilə deyə bilərik ki, Türkiyə bu gün regionda və dünyada həlledici aktordur, ATƏT-in üzvüdür, necə ki, xristian dövlətləri Minsk Qrupunda yer alır, müsəlman dövləti olaraq Türkiyə də yer almalıdır.
Bir sözlə, ATƏT Minsk Qrupu bundan sonra münaqişənin tənzimlənməsində iştirak edən qurum deyil. Çünki ortada münaqişə yoxdur, o artıq çoxdan çözülüb. Yox, əgər çox iş görmək arzusundadırlarsa, həmsədrlər buyursunlar bundan sonra sülh müqaviləsinin imzalanması, Ermənistanın normal qonşuluq siyasətinə məcbur edilməsi, Ermənistanla Azərbaycan arasında etimad mühitinin quruculuğu kimi məsələlərlə məşğul olsunlar".