“Atamdan başqa, bu sahədə hamı ilə rəqabətdəyəm”
Elgün Həsənov: "Bir peşə
sıradan çıxa bilər, amma əvəzində yeniləri yaranır”
Mühəndis ailəsində böyüyür, kiçik yaşlarından onun da nə isə
qurub-yaratmağa, elektronikaya marağı yaranır. Düzdür, ali təhsil məqamı
gəldiyində, seçimi başqa sahə olur, elektronika mühəndisliyi hobbisi kimi
qalır. Ancaq ali təhsil aldığı sahədə qısa müddət çalışandan sonra fikrini
dəyişir və elektronika mühəndisliyi üzrə davam edir. Söhbət "Sumaks
Technologies" MMC-nin həmtəsisçisi, Elektronika araşdırma mərkəzi və
istehsal departamentinin rəhbəri Elgün Həsənovdan gedir.
- 1-2-ci siniflərdə
oxuyandan elektronikaya marağınız olduğunu deyirlər. Söhbətə elə bu mövzu ilə başlayaq.
Bu maraq necə yaranmışdı? Nələr edirdiniz?
- 1-2-ci sinifdən də tez maraq göstərdiyimi deyərdim. Çünki mən
mühəndis ailəsində böyümüşəm. Atam avtomatika mühəndisidir. Həmçinin
elektronika sahəsini yaxşı bilir. Bundan başqa, babam və bibim də mühəndisidir.
Belə bir mühit, istər-istəməz bu sahəyə marağın yaranmasına təsirini göstərir.
Bəlkə genetikanın da müəyyən qədər rolu olub. Yəni gözümü açandan bu sahə ilə
bağlı iş prosesini görürdüm və mənə də maraqlı gəlirdi.
- Nə vaxta qədər izləməklə
kifayətləndiniz? Yəni nə vaxtdan sizi işə cəlb etdilər?
- Uşaqlıqdan atamın evdə gördüyü işlərə çox böyük diqqətlə baxırdım.
Nə isə lehimləyəndə, təmir edəndə, yanında dururdum. Daha kiçik yaşlarda onun
düzəltdiyi işləri məhv etdiyim də olurdu. Atam evdə olmayanda, işlərini
sökürdüm, sonra yığa bilmirdim. Gələndə əsəbiləşirdi (gülür). Artıq izlədikcə,
təcrübə qazanırdım və özüm də nələrsə düzəltməyə çalışırdım. Atam evdə
olmayanda "işləyirdim”, alətləri də hara qoyurdumsa, yadımdan çıxırdı. Atam
gəlib tapa bilməyəndə, bilirdi ki, mənim işimdir. Beləcə, atamı
yamsılaya-yamsılaya öyrənirdim.Bəzən oyuncaqlarımı sökürdüm və hissələrindən başqa nələrsə
düzəldirdim. Yaxud çöldə nə isə tapanda atmırdım, sökürdüm, içindəki detalları
ayırıb onlardan nəsə iş ortaya çıxarırdım. Təbii ki, bunlar kor-koranə cəhdlər,
işlər idi. Bir az böyüyəndən sonra isə atamın işlərinə kömək etməyə başladım.
Qohum-qonşunun elektronika ilə bağlı işlərini əvvəl atam edirdi, təbii ki,
təmənnasız. Atamın əlinə baxdıqca, bunları öyrənmişdim. Sonra atam o işləri
mənə həvalə etdi. Orta məktəb yaşlarından təmir işini bacarırdım.
- Ali təhsil zamanı
gələndə, seçiminiz elektronika olmayıb. Niyə elektronika üzrə oxumadınız?
- Elektronikaya həvəsim var idi, ancaq seçimim başqa sahə oldu. Mən
Gəncədə doğulmuşam, orda böyümüşəm. Ali təhsil məqamı gələndə, düşündük ki, yaşadığım
şəhərdə yaxşı iş imkanı olan sahədə təhsil alım. Gəncədə "Azəralüminium”
zavodunda işləmək niyyəti ilə metallurgiya üzrə oxudum.Digər tərəfdən, mən abituriyent olduğum illərdə indiki qədər məsləhət
ala biləcəyimiz adamlar, məlumat əldə edəcəyimiz resurs yox idi. Bu gün gənclər
sosial şəbəkələrdə qruplarda müzakirə açırlar, birbaşa mütəxəssislərə yazıb
məsləhət istəyirlər, yazılı, video məlumatlar da çoxdur. İxtisaslar,
universitetlər, perspektivlər və s-lə bağlı hər şeyi öyrənə bilirlər.Atamla məsləhətləşib belə bir seçim etmişdim. Əslində, seçimim o dövr
üçün doğru idi. Gəncədə yaşayırdım və bu şəhərdə ən yaxşı iş imkanı olan
yerləri araşdırıb qərar vermişdik. Perspektivli sahədir. Elektronika ilə hobbi
olaraq məşğul olmaq idi niyyətim. İndi qərar verəsi olsam, elektronika
sahəsində oxuyardım, sonra xaricdə təhsilimi davam etdirərdim. İndi də təhsil
almaq olar, amma yaş, iş, ailə həyatı və s. amillərə görə buna çox da getmək
olmur.
- Bəs elektronikaya
yönəlməyiniz necə oldu?
- 2006-2010-cu illərdə Azərbaycan Dövlət Texniki Universitetində
metallurgiya üzrə oxudum. Sonra hərbi xidmətə getdim və 2011-ci ildə qayıtdım.
Planlaşdırdığım kimi "Azəralüminium” zavodunda işə düzəldim. Ancaq heç bir il
işləməmiş hiss etdim ki, elektronika və avtomatika sahəsinə marağım çox
böyükdür və hobbi kimi qala bilməz. Həmin vaxt Azərbaycan Dövlət Neft
Şirkətində (SOCAR) nəzarət ölçü cihazları və avtomatika üzrə çilingər
vakansiyası var idi və mən ora müraciət etdim. Metallurgiya ilə bağlı bir sahə
deyildi. İmtahan verdim və ən yüksək balla qəbul oldum. 2012-ci il idi. Həmin
vaxt qərar verdim ki, elektronika mühəndisliyini peşəkar səviyyədə öyrənəcəyəm.
- Elektronika üzrə təhsil
almadan imtahanda necə yüksək bal topladınız?
- Bu işə qəbul olunmaq üçün lazım olan hər bir biliyi atamdan
öyrənmişdim. Mən başqa sahə üzrə təhsil alıb çalışsam da, elektronikada da
özümü inkişaf etdirirdim.
- Bəs işinizin təhsil
tərəfini necə kompensasiya etdiniz?
- SOCAR-da işə başlayandan sonra artıq bütün boş vaxtımı
elektronikaya ayırırdım. Sonra xarici universitetlərin elektronika mühəndisliyi
ilə bağlı materiallarından aktiv şəkildə istifadə etməyə, öyrənməyə başladım.
Bu sahə ilə bağlı universitetdən kənar öyrənə biləcəyim materiallar alırdım.
Hər ay maaşımdan kitablara, elektronikada istifadə olunan detallara pul
ayırırdım. Oxuyurdum və onları evdə təcrübədən keçirirdim. İşdən sonra boş
vaxtımı ancaq öyrənməyə və təcrübəyə sərf edirdim.2014-cü ildən isə artıq yavaş-yavaş praktiki təlimlər keçməyə
başladım. 1-3 nəfərdən ibarət qruplarım olurdu. Zamanla qruplarda tələbələrin
sayı daha da artırdı. Belə-belə, zamanla özümü təkmilləşdirdim.
- Həm də "Sumaks”
texnologiya şirkətinin həmtəsisçilərindənsiniz. Şirkətin işləri ilə əlaqədar
SOCAR-dan ayrıldınız?
- 2014-2015-ci illərdə SOCAR-da işləyə-işləyə bizdə belə bir ideya
yaranmışdı. Kənarda kiçik bir komanda formalaşdırdıq. Sonra komanda böyüdü və
yerli cihaz istehsalı ilə məşğul olan şirkətə çevrildi. 2017-ci ildən sonra
SOCAR-dan ayrılıb öz şirkətimizin işləri ilə məşğul olmaq qərarı verdim.
- Elektronlaşdırma,
robotlaşdırma dövründəyik, bu sahədə yeni iş ortaya çıxanda, işimiz rahatlaşır
deyə sevinirik, amma digər tərəfdən, texnologiyanın onların işini əvəz
edəcəyindən narahat olan insanlar var.
- Elektronlaşdırma, robotlaşdırma dövründə bu sahədə çalışmaq mənim
üçün xoşbəxtlikdir. Robotlaşdırma, elektronlaşdırma insanların rahatlığı
üçündür. Düzdür, süni intellekt, robotlaşdırma, elektronikanın inkişafı ilə bir
çox peşələr aktuallığını itirir. Bəzən insanlar buna görə narahat olurlar.
Ancaq mən buna əsas görməzdim. Bir peşə sıradan çıxa bilər, amma əvəzində
yeniləri yaranır. Həmişə bu mövzu müzakirə olunanda, deyirəm ki, vaxtilə
avtomobil yox idi, nəqliyyat vasitəsi olaraq atlardan istifadə edilirdi. O
zaman atın nalını dəyişdirmək üçün nalbənd deyə bir peşə var idi. İndi hansısa
kəndlərdə bir-iki nalbənd ola, ya olmaya. O vaxt nalbənd böyük şəhərlərdə belə
ən aktual peşələrdən idi. Atın dövrü keçdi, avtomobil gəldi. Nalbəndlər getsə
də, avtomobil gəlişi ilə daha çox iş yerləri yarandı. Avtomobillə bağlı nə
qədər işlər var. Bu gün də müxtəlif sahələr yaranır. Proqramlaşdırma,
elektronika ilə bağlı sahələrə tələb çoxalır.
- "Sumaks”ın iş
prinsipindən, məhsullarından da danışaq.
- Biz ən müasir texnologiyalarla işləyirik. Yenilikləri izləyib öz layihələrimizdə
tətbiq edirik. Daha çox, sifariş əsasında işləyirik. Fiziki, hüququ şəxs,
zavod, fabrik, şirkət bizə müraciət edib deyir ki, belə bir problemimiz var,
bunu necə həll etmək olar? Biz öz həll yolumuzu təklif edirik. Razılığa gəlsək,
onunla əlaqəli cihaz, proqram təminatı hazırlayırıq. Hazırda aparat və proqram
təminatı üzrə fəaliyyət göstəririk. Bu mövzularla əlaqəli bir çox işlər
görürük.Tutaq ki, bir şirkət xaricdən hansısa məhsulu idxal edir. Bunun
gömrük, daşınma və sair xərcləri var. Sonra xarab olanda, təmiri ilə bağlı
problemlər yaşaya bilirlər. Bu səbəblərdən bir çox məhsulları idxal etmək yerli
şirkətlərə baha başa gəlir. Şirkət bizə müraciət edib deyir ki, belə bir
problemimiz var, nə həll yolu təklif edə, yaxud hansısa cihazı bizim üçün
Azərbaycanda hazırlaya bilərsiniz? Bəzən olduğu kimi hazırlayırıq, bəzən xarici
məhsulu müəyyən üstünlüklər əlavə edərək ərsəyə gətiririk.Ancaq sifarişlərdən kənar öz işlərimiz də var. Ən son bu yaxınlarda,
dünyada olmayan yeni bir iş ortaya qoyduq. "itcity.academy ” ilə bir yerdə bunu
etdik. Söhbət DiVOC layihəsindən gedir. DiVOC distant təhsil zamanı
müəllimlərin tez-tez qarşılaşdığı problemləri aradan qaldıran praktiki
cihazdır. Onlayn dərslərdə masanın üzərində olan yazını və ya kitabı, rəsmi və
ya hər hansı bir cismi sürətli göstərməyə ehtiyac ola bilər. Bunun üçün
kameranı aşağıya doğru çəkib həmin ərazini göstərmək lazımdır. Lakin bu heç də
həmişə asan olmur. Bəzən monitorları əymək mümkün olmur. Bəzən noutbukları
əyərkən göstərmək istəmədiyin ərazilər görünə bilir. Yaxud tələbələr bucaq
altında görüntünü əyri görür. Çıxış yolu olaraq müəllimlər bəzən 2 kamera
işlədirlər. 2-ci kamera yoxdursa, DiVOC köməkçi sizə yardım edəcək.
- Elektronika ilə bağlı
tərcümə etdiyiniz kitab işıq üzü gördü. Paylaşımlardan da görünür ki, maraqla
qarşılanıb.
- 5-6 ildir ki, kurslarda elektronika mühəndisliyi sahəsində tədrislə
məşğulam. Tələbələrim universitet tələbələri, yaxud məzun olub işləmək, özünü
inkişaf etdirmək istəyənlərdir. Özüm öyrəndiyim və tədris apardığım dövrdə bir
problemlə qarşılaşırdım. Bu problem Azərbaycan dilində resurs çatışmazlığıdır.
Azərbaycan dilində resurs yox səviyyəsindədir. Düzdür, tərcümə işləri olan
həmkarlarım var, ancaq ümumi olaraq azdır və mən də öz töhfəmi vermək, öz işimi
ortaya qoymaq istəyirdim. İtalyan robototexnik Paolo Alivertinin "Elettronica
per Maker” (Meykerlər üçün elektronika) kitabını tərcümə etdim. Meyker burda
özü düzəldən, hazırlayan adam mənasındadır. Müəllif hüquqlarını alaraq tərcümə
işini gördüm. Daha aydın başa düşülən ad olsun deyə, müəyyən qədər dəyişiklik
edib adını "Hər kəs üçün ELEKTRONİKA" qoydum. A-dan Z-yə
elektronikanın bütün mövzularını əhatə edir. Bütün mövzuları ən dərinliyinə
qədər öyrətmir, bunun üçün cildlərlə kitab lazımdır. Amma elektronikanı öyrənmək
istəyən, yeni başlayan, öz biliklərini inkişaf etdirmək istəyənlər üçün həm
nəzəri, həm də praktiki fəsillərlə dolu faydalı kitabdır. Bir həftədən bir az
çoxdur satışdadır. Alıcısı gözlədiyimdən çoxdur. Çox müsbət rəylər alıram. Bu,
proqnozlaşdırdığımdan da yaxşı oldu. Ümid edirəm ki, oxucularımız, gənclərimiz
üçün faydalı olar. Bu məqsədlə bu işi ortaya qoydum.
- Bu işi atanızdan
öyrənsəniz də, bu gün bu sahədə ondan öndə olduğunuzu demək olarmı? Maraqlıdır,
ailədə rəqabət varmı?
- (Gülür) Atam mənim kumirimdir. Nə qədər öyrənsəm, araşdırsam, özümü
inkişaf etdirsəm də, həmişə ondan bir addım geridə olduğumu düşünmüşəm. Nə
qədər bildiyim mövzu olsa belə, indi də yenə onunla məsləhətləşirəm, fikrini
öyrənirəm. İstənilən halda onun böyük iş təcrübəsi var. Atam rəqabət aparmır,
mən də rəqabət aparmıram. Atamdan başqa, bu sahədə hamı ilə rəqabətdəyəm
(gülür). İş varsa, rəqabət olmalıdır. İstər-istəməz bu olur.Məndə belə bir şey var, nə iş görsəm, atamın ona baxmağını istəyirəm.
Amma "filan işim necədir” sualını birbaşa özünə vermirəm. Anamdan soruşuram ki,
atam filan işə baxıb nə dedi? Reaksiyasını anam vasitəsilə öyrənirəm. Amma belə,
atamla oturanda söhbətimizin 90 faizi texnologiya ilə bağlı olur.
Aygün Asimqızı