Arzu Nağıyev: "Bu, hər bir Azərbaycan vətəndaşının borcudur"
Türkiyə Azərbaycan üçün strateji əhəmiyyət kəsb edən tərəfdaşdan da başqa, qardaş ölkədir. Biz “bir millət, iki dövlət” prinsipindən çıxış edirik. Məhz belə bir ağır gündə onlara yardım etmək qəlbində, ürəyində türk sevgisi olan hər bir Azərbaycan vətəndaşının borcudur.
Bu fikirləri Milli Məclisin deputatı Arzu Nağıyev deyib. Onun sözlərinə görə, xalqımızın qardaş ölkəyə dəstəyi Azərbaycan və Türkiyə arasında dostluq münasibətləri, qarşılıqlı sevginin sarsılmazlığı, möhkəmliyi və əbədiliyinin əyani sübutudur: “Bu dəstək dövlət səviyyəsində həyata keçirilir. Hadisə baş verdiyi ilk gündən etibarən Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva məsələni diqqətdə saxlayır. Bu yardım bizim insani borcumuzdur. Mehriban Əliyevanın paylaşımı və onun tapşırığı ilə həyata keçirilən dəstək kampaniyası müsbət bir hal kimi dəyərləndirilir. Türkiyənin birinci xanımı Əminə Ərdoğan dəstəyə görə Mehriban Əliyevaya təşəkkürünü bildirdi.
Azərbaycanın birinci xanımının tapşırığı ilə Heydər Əliyev Fondu tərəfindən zəlzələ bölgəsinə humanitar yardım göndərilib. Belə bir humanist addımın atılması Azərbaycan xanımına xas olan davranışdır”.
Deputat, həmçinin “PAŞA Holding” və onun törəmə şirkətləri Türkiyəyə dəstək göstərdiyini qeyd edib. “Yardım kampaniyasında iştirak edən hər bir vətəndaşımızın, yerli şirkət və təşkilatlarımızın, könüllülərin nəcib davranışına yüksək qiymət verilir. Azərbaycan xalqı Türkiyə xalqının, bütün türk dünyasının yaşadığı bu faciəyə milli birlik və həmrəylik nümayiş etdirir”, - deyə Arzu Nağıyev fikrini yekunlaşdırıb. (Azərtac)