• çərşənbə axşamı, 17 dekabr, 14:42
  • Baku Bakı 7°C

Ardıcıl diplomatik nailiyyətlər strateji hədəflərimizə çatmağa imkan verir

05.07.21 16:45 276
Ardıcıl diplomatik nailiyyətlər strateji hədəflərimizə çatmağa imkan verir
Torpaqlarını işğaldan azad edərək ərazi bütövlüyünün və tarixi ədalətin bərpasına nail olan Azərbaycan dövləti postmünaqişə dövründə də qətiyyətli mövqeyini davam etdirir və mühüm diplomatik nailiyyətlər qazanır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu diplomatiya sayəsində ölkəmizin milli maraqları təmin olunur, yeni mərhələdə hədəflər ardıcıl olaraq reallaşdırılır.
Qalib Azərbaycan prinsipial mövqeyini davam etdirir
Hazırkı şəraitdə Azərbaycan ötən il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın tam icrası, sərhədlərin delimitasiyası, regionda kommunikasiyaların bərpası, sülh və təhlükəsizliyin təmin olunması istiqamətində prinsipial yanaşma ortaya qoyur. Ölkəmiz, həmçinin minalanmış ərazilərin xəritələrinin verilməsi ilə bağlı ardıcıl mövqe sərgiləyir. Yeri gəlmişkən, Ağdamdan sonra Füzuli və Zəngilan ərazisində mina xəritələrinin əldə edilməsi Azərbaycan dövlətinin növbəti strateji nailiyyətidir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev yüksək diplomatik məharət nümayiş etdirərək Azərbaycanın bu istiqamətdə davamlı uğurlar qazanmasını təmin edir.
Minalanmış ərazilərin xəritələrinin alınması bir çox cəhətdən müstəsna əhəmiyyətə malikdir
Əlbəttə, minalanmış ərazilərin xəritələrinin alınması bir çox cəhətdən müstəsna əhəmiyyətə malikdir. Birincisi, xəritələrin əldə edilməsi insan itkisinin qarşısının alınması baxımından olduqca önəmlidir. Bu nailiyyət vasitəsilə on minlərlə vətəndaşımızın, eləcə də minatəmizləyənlərin həyatı təhlükədən xilas ediləcək. İkincisi, işğaldan azad olunmuş ərazilərimizdə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə zəruri infrastrukturun yaradılması və bərpa işləri üzrə mühüm addımlar atılır, əhəmiyyətli layihələr reallaşdırılır. Heç şübhəsiz, minalanmış ərazilərin xəritələrinin alınması ilə işğaldan azad edilmiş ərazilərimizdə abadlıq, bərpa və yenidənqurma işləri daha intensiv xarakter alacaq. Bu da Böyük Qayıdışı, daha dəqiq desək, soydaşlarımızın öz yurd-yerlərinə qovuşması prosesini sürətləndirəcək. Üçüncüsü, Ağdamdan sonra ən böyük infrastruktur layihələrinin Füzulidə reallaşdırılması məlumdur. Füzulinin strateji önəmini, bölgədə bütün yol-nəqliyyat infrastrukturunun bu ərazidən keçməsini nəzərə alsaq, minalanmış ərazilərin xəritələrinin alınmasının necə böyük əhəmiyyət kəsb etdiyini bir daha anlayarıq.
Beləliklə, postmüharibə sonrası əldə olunan diplomatik nailiyyətlər Azərbaycan dövlətinin strateji hədəflərinə çatmağa imkan verir. Reallıqlar onu deməyə əsas verir ki, prinsipial mövqeyini davam etdirən, öz şərtlərini diktə edən qalib Azərbaycan dövləti Böyük Qayıdışı ən yüksək səviyyədə təmin etmək və işğaldan azad olunmuş əraziləri cənnətə çevirmək iqtidarındadır.
Siyavuş Novruzov
Milli Məclisin Regional məsələlər komitəsinin sədri
banner

Oxşar Xəbərlər