• çərşənbə axşamı, 19 mart, 13:17
  • Baku Bakı 8°C

Araz Əlizadə: "Azərbaycan regionun aparıcı ölkəsinə çevrilib"

05.08.21 20:00 412
Araz Əlizadə: "Azərbaycan regionun aparıcı ölkəsinə çevrilib"
2003-cü ildə Prezident İlham Əliyev tərəfindən ölkənin yeni iqtisadi siyasət strategiyası təsdiqləndi və ilk zamanlardan sosial-iqtisadi inkişafın sürətləndirilməsi əsas istiqamətlərdən biri oldu. Bu fəaliyyət zamanı regionların sosial-iqtisadi inkişafına da xüsusi diqqət yetirilir. Bunun əsasını Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” 2003-cü il 24 noyabr tarixli Fərmanını hesab etmək olar. Həmin Fərmanın uğurlu icrası regionların sürətli inkişafı üçün yaxşı zəmin yaratdı. Nəticə olaraq 2009-cu ildə regionların inkişafı üzrə ikinci mərhələyə - "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsinə başlanıldı. Proqramın icrası nəticəsində ölkədə iqtisadiyyatın müəyyən dərəcədə diversifikasiyasına və onun dünya təsərrüfat sisteminə inteqrasiyasına, infrastruktur və kommunal xidmətlərin səviyyəsinin yaxşılaşdırılmasına, əhalinin həyat səviyyəsinin davamlı olaraq yüksəldilməsinə nail olundu.
Kaspi.az xəbər verir ki, bunu Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə söyləyib.
A.Əlizadə deyib ki, İkinci Dövlət Proqramının uğurlu icrası nəticəsində ölkənin iqtisadi sahədə əsas məqsədlərindən biri olan qeyri-neft sektorunun davamlı inkişafına, bundan irəli gələn yeni müəssisələrin və iş yerlərinin yaradılmasına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına nail olunub. 2003-2013-cü illər ərzində regionların sosial-iqtisadi inkişafı üzrə icra olunan iki dövlət proqramının nəticəsi olaraq ümumi daxili məhsul 3,2, o cümlədən qeyri-neft sektoru 2,6, sənaye 2,7, kənd təsərrüfatı 1,5, investisiyalar 6,5, əhalinin gəlirləri 6,5, orta aylıq əməkhaqqı 5,5 dəfə artıb. Bu müddətdə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 900 mini daimi olmaqla 1,2 milyondan çox yeni iş yeri, 55,6 min müəssisə yaradılıb, işsizlik 5, yoxsulluq səviyyəsi isə 5,3 faizə enib. Dövlət proqramlarının uğurlu icrası nəticəsində ölkənin və regionların davamlı inkişafı üçün zəmin yaradıldı və 2014-cü ildə üçüncü "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiq edildi. Həmin dövrdə dünya neft bazarında qiymətlərin kəskin azalması nəticəsində dünyada növbəti iqtisadi böhran başladı. Həmin problemlər ölkə üçün vacib olan qeyri-neft sektorunun davamlı inkişafı məsələsinə daha çox diqqət yetirilməsi və bu sahə üzrə icra edilən layihələrin sürətləndirilməsi məsələsini gündəmə gətirdi. Həmin dövrdə dünyada neft bazarında baş vermiş böhran nəticəsində yaranan çətinliklərə baxmayaraq, ölkəmiz regionların sosial-iqtisadi inkişafı üzrə üçüncü proqramı da uğurla icra etdi.
"2018-ci ilin nəticələrinə əsasən, icra edilən üç dövlət proqramı nəticəsində Azərbaycanda 30 elektrik stansiyası tikildi, ölkə elektrik enerjisi ixrac etməyə başladı. Ümumiyyətlə, elektrik enerjisi sahəsinin inkişafı iqtisadiyyatın inkişafı üçün əsasdır. Bundan əlavə, respublikada qazlaşdırma səviyyəsi 100, su təchizatı səviyyəsi isə 70 faizə yaxınlaşıb. Son on dörd il ərzində ölkəyə 231 milyard dollar sərmayə qoyulub. Ölkənin əsas iqtisadi göstəricilərindən biri olan valyuta ehtiyatları 42 milyard dollar idi. Bütün bunlar Azərbaycanda baş verən sosial-iqtisadi inkişafın sübutudur, - deyə Araz Əlizadə bildirib.
Diqqətə çatdırılıb ki, 14 il ərzində iqtisadiyyat 3,2 dəfə artıb. Qeyri-neft iqtisadiyyatında 2,8, qeyri-neft sektorunda 2,8, sənaye sahəsində 2,6, kənd təsərrüfatında 1,7, qeyri-neft ixracında 4,1 dəfə artım qeydə alınıb. Son 14 il ərzində ölkəmizdə 1,9 milyon iş yeri yaradılıb. Həmçinin 3300-dən çox məktəb, yüzlərlə uşaq bağçası və tibb müəssisəsi tikilib və ya əsaslı təmir edilib.
İqtisadiyyatın, o cümlədən regionların sosial-iqtisadi inkişafında mühüm rol oynayan kiçik və orta sahibkarlar üçün yaxşı şərait yaradılıb. Biznesin inkişafı üçün Sahibkarlığın İnkişafı Fondu, kənd təsərrüfatı sahəsində Aqrar Kredit və İnkişaf Agentliyinin fəaliyyətlərini qeyd etmək olar. Onların təklif etdikləri dövlət zəmanətli, faiz subsidiyalı və güzəştli kreditlər biznesin və kənd təsərrüfatının inkişafına böyük töhfə verir.
"Ümumilikdə, son illərdə Azərbaycan böyük bir inkişaf yolu keçib və keçməkdədir. Bildiyimiz kimi, son illərdə həyata keçirilən böyük transmilli layihələr nəticəsində ölkəmiz regionun aparıcı ölkəsinə çevrilib. Hazırda "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” uğurla həyata keçirilir və ölkəmizin qarşısında əldə edilən nailiyyətlərin qorunub saxlanılması, inkişaf etdirilməsi və yeni çağırışlar durur. Bunlardan ən əsası mənfur düşmən tərəfindən tamamilə dağıdılan işğaldan azad edilmiş torpaqlarımızda bərpa işlərinin aparılması və həmin ərazilərə həyatın qaytarılmasıdır. Əminəm ki, Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə bu çağırışların da öhdəsindən gələcəyik və ölkəmizin uğurlu inkişaf yolu davam edəcək”, - deyə partiya sədri vurğulayıb.
banner

Oxşar Xəbərlər