ADU-da “Kamança” pyesi səhnələşdirilib

Azərbaycan Dillər
Universitetində (ADU) görkəmli dramaturq, böyük ədib Cəlil Məmmədquluzadənin
"Kamança” pyesi səhnələşdirilib.
Səadət Nəbiyevanın rejissorluğu
ilə baş tutan tamaşanın universitetin tələbələri canlandırıb. Tamaşanın sonunda
pyesin insanlara çatdırmaq istədiyi humanistlik ideyası indiki dövrümüzün
aktual məsələsi olan multikulturalizm ilə uzlaşdırılıb. Sonda tələbələri müxtəlif
dillərdə multikultural dəyərləri ifadə edən fikirlər söyləyib.
Azərbaycan Dillər
Universitetinin rektoru, AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi Kamal Abdulla
əsərin səhnələşdirilməsində əməyi keçən hər kəsə təşəkkürünü bildirib. O, qeyd
edib ki, tələbələrin ifasında nümayiş olunan tamaşa Azərbaycan xalqının başına
gələn müsibətlərin, ağrıların cavabı ola biləcək aksiyadır. "Kamança”nı pyes
deyil, həyat tərzi kimi qiymətləndirən K.Abdulla bu əsərin azərbaycanlının ən
ağır məqamlarda belə dünyaya baxışının göstəricisi və simvolu olduğunu deyib.
Rektor K.Abdulla qeyd edib ki, keçən əsrlərdə ölkənin müxtəlif regionlarında
baş verən qətliamlar, qırğınlar, müsəlmanların qətlə yetirilməsi hadisələri
daxili üsyanın əmələ gəlməsi üçün böyük səbəb olmasına baxmayaraq, Qəhrəman
yüzbaşının ermənini öldürməməsi, azad buraxması azərbaycanlı xislətinin,
dünyaya baxışının ən gözəl nümunəsidir.
Mircə Cəlilin cavabının Azərbaycan
xalqının cavabı olduğunu deyən rektor "Kamança”nı dünya dramaturgiyası səviyyəsində
olan inci, kiçik qönçə adlandırıb. Tələbələrin əsərdəki ideyaları məharətlə
çatdırdıqlarını deyən rektor bu pyesin digər dillərdə, digər məkanlarda səhnələşdirilməsinin
vacibliyini bildirib. O, deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin siyasi
və ideoloji fəaliyyətinin əsas qayəsi işğal altında olan torpaqların sülh yolu
ilə azad edilməsidir. Azərbaycan xalqının haqq səsinin artıq eşidildiyini deyən
rektor K.Abdulla bu haqq səsinin əks-sədasının Cəlil Məmmədquluzadənin əsərlərindən,
Mirzə Ələkbər Sabirin şeirlərindən, Üzeyir Hacıbəyovun pyeslərindən, digər görkəmli
şəxsiyyətlərin yaradıcılığından gəldiyini sözlərinə əlavə edib. Azərbaycan ədəbiyyatının
zəngin olduğunu deyən rektor K.Abdulla tələbələrə oxumağı, əcdadlardan öyrənməyi
tövsiyə edib. Xalqın multikultural dəyərlərə sahib olmağı, bu cür davranmağı
miras kimi öz əcdadlarından aldığını deyən rektor K.Abdulla "Kamança” pyesinin
bu gün də son dərəcə aktual olduğunu,
insanlara çox şey öyrətdiyini deyib.
