Adı təzə, özü köhnə dünya - MÜZAKİRƏ
İnternet məkanında
balansı təmin etmək üçün klassik irsin təbliğini dövlət dəstəkləməli, rəsmi
qurumlar bu işdə maraqlı, təşəbbüskar olmalıdır
Bu gün milyon
illər yaşı olan dünyamıza "qloballaşan dünya” deyirlər. Bu adı təzə, özü köhnə
olan dünyada, internet az qala televiziyanı da, teatrı da, rabitəni də, poçtu
da, daha nələri, nələri də əvəz edir. Bəlkə də, əvəz etmir, sadəcə
rahatlaşdırır, bəlkə də, daha əlçatan edir və s.
Ensiklopediyadan vikipediyaya
Yadımdadır,
əvvəllər bizə lazım olan məlumatları, onlara aid şəkilləri ikicildli Uşaq və oncildli, 6265 səhifəlik
Azərbaycan Sovet Ensiklopediyasından axtarıb
tapırdıq. Demək olar ki, bütün evlərdə indi internet olan kimi ensiklopediyalar
vardı. Amma bu gün həmin ensiklopediyaları vikipediyalar əvəz edir.
Klassiklərdən
müasirlərə
Hazırda "google”,
"yandex” və s. kimi möhtəşəm axtarış sistemləri var. Və hansı sahədə məlumat
axtarmağından asılı olmayaraq, axtardığın bir saniyənin içində ekranında görünür.
Bu qədər sadə. Amma bu sadəliyin içində xoşagələn və lazımlı proses çox olsa
da, xoşagəlməyən nüanslar da var. Məsələn, internet resurslarında klassiklər
haqqında məlumatlar, nədənsə müasirlərdən bir qədər geri qalır. Görəsən, bu
yaxşıdır, ya pis? Və ümumiyyətlə, bu proses necə tənzimlənməlidir? Kimin diqqətində
olmalıdır bu cür məsələlər?
Xırda detallar, qalmaqallar
Yazıçı-dramaturq
İlqar Fəhmininfikrincə, internet resurslarında diqqət cəlb edən, daha tez yayılan materiallara
ehtiyac olur. "Amma klassik ədəbiyyat, köhnə ədəbiyyat elə deyil. Nizaminin, Füzulinin həyatından hansı
qalmaqallı, maraqlı detalı indiki dövrdə qaldırmaq olar ki?.. Onlar daha çox
akademikdir. Ona görə də, xüsusi saytlarda, xüsusi mənbələrdə belə məlumatlara
yer ayrılır. Bugünkü yazıçılar, şairlər və ümumiyyətlə, tanınmış insanlar, sənət
adamlarının həyatından, yaradıclığından qalmaqallı bir hadisəni, bir detalı
götürüb yazırlar… İnsanlar oxuyur, paylaşır və beləliklə də, çox yayılır. Sürətlə
yayılan resurslarda ədəbiyyatın, sənətin özündən daha çox hansısa xırda
nüanslara, xırda detallara, hadisələrə, qalmaqallara toxunan məsələlər diqqət tələb
edir. Ona görə də, müasirlərin həyatından, yaradıcılığından hansısa qıcıqlandırıcı
məqamları ön plana çəkib onu təqdim etmək daha optimal, daha yaxşı, daha məqsədəuyğun
olur. Və belə bir məqamları tapıb yazırlar ki, oxunsun, İP qazanılsın.
Maraqlı detal, yoxsa sənət?
İ.Fəhmi bir başqa
tendensiyanın şahidi olduğunu da dilə gətirdi: "Klassiklərlə bağlı hər hansı materiallar yayımlanır. Amma həmin materialda
klassiklərin yaradıcılığını, fəaliyyətini, həyatını yox, daha çox həyatındakı
hansısa qıcıq yarada biləcək xırda bir detalı götürüb işıqlandırır, ətrafında
qalmaqal yaradırlar. Bu, əlbəttə ki, heç də yaxşı deyil. Çünki bəzən olur ki,
böyük bir sənətkarın çox dəyərli külliyyatı, əsərləri qalır bir qıraqda, onunla
heç maraqlanan olmur. Amma həyatında hansısa bir xırda detal, kiminləsə nə
vaxtsa mübahisəsi və ya elə ailədaxili konflikti, problemi şişirdilir, ön plana
çəkilir. Və ancaq bu haqda danışırlar. Həmin
şəxsiyyətin sənəti, əsərləri, yaratdıqları isə qalır bir kənarda. Bu baxımdan,
mən sürətli yayılan resurslarda klassik və ciddi sənət, həmçinin sənətkarlarla bağlı müxtəlif yazıların
getməyini istəmirəm. O müstəviyə salınıb yüngülləşdirilməkdənsə, qoy elə
akademik səviyyədə qalsın. Qoy elə az olsun onları tanıyan, az olsun onları
oxuyan. Amma qoy onları yaxşı yerdən, yaxşı tərəfdən tanısınlar. Əsərlərindən
tanısınlar”.
Klassiklər bəşəri sərvətdir
Şair Cəlil
Cavanşir deyir ki,
klassiklər bəşəri sərvətdir: "Eyni zamanda, onları mənsub olduqları xalqın, ölkənin
milli sərvəti də hesab etmək olar. Yəni Nizami həm bütün dünya üçün, həm də Azərbaycan
üçün önəmlidir. Bunu digər dahilər və klassiklər haqqında da demək olar. Milli
və bəşəri sərvət olan klassiklərə ilk növbədə dövlət, daha sonra YUNESKO kimi
beynəlxalq qurumlar sahib çıxmalı, onların təbliğatına lazımi diqqət
ayırmalıdır. Müasirlərimizin internetdə və s. multimedia resurslarında çox
görünməsi, məncə, onların təbliğat prosesinə birbaşa qoşulması ilə
bağlıdır.
Klassiklərin məhdud imkanı
Müasirlərimiz
birbaşa və dolayı yollarla gündəmdə qalmaq üçün çabalayır, əziyyət çəkir. Yeri
gələndə bu məqsədlə pul xərcləyir. Ancaq klassiklərimizin bu imkanı məhduddur.
Klassikləri və ya dünyasını 20-30 il öncə dəyişmiş sənətkarları dövlət gündəmdə
saxlaya bilər. Fikrimi yenidən Nizami Gəncəvi nümunəsi ilə izah edim. Nizami Gəncəvini
öncə dövlət təbliğ etməli, daha sonra onun yaradıcılığına dəyər verən qələm
adamları, Azərbaycan insanı bu təbliğata töhfə verməlidir. Nizami müasirimiz
olsaydı, bu təbliğata qoşulardımı, bilmirəm. Ancaq dəqiq bilirəm ki, internet məkanında
balansı təmin etmək üçün klassik irsin təbliğini dövlət dəstəkləməlidir. Rəsmi
qurumlar bu işdə maraqlı, təşəbbüskar olmalıdır”.
Xanım Aydın