• cümə, 26 Aprel, 11:04
  • Baku Bakı 12°C

ABŞ-ın İran neftinə “yox” deməsi bazarda təlatüm yaradacaq?

26.04.19 09:00 607
ABŞ-ın İran neftinə “yox” deməsi bazarda təlatüm yaradacaq?
ABŞ Prezidenti Donald Tramp İrandan neft alan ölkələrə tətbiq edilən və mayın 2-də başa çatacaq güzəştin müddətini artırmayıb. Ağ Evin məlumatında deyilir ki, D.Tramp İrandan neft alan ölkələrə tətbiq olunan güzəştin müddətini uzatmamaq barədə qərar qəbul edib. Açıqlamada ABŞ, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və digər müttəfiqlərin qlobal neft bazarında tədarükün lazımi səviyyədə təmin edilməsində qərarlı olduqları bildirilir.
İran Prezidenti Həsən Ruhani ABŞ-ın İrandan neft alan ölkələrə tətbiq edilən güzəştin müddətini artırmamasına münasibət bildirərkən deyib ki, Birləşmiş Ştatların dünya neft bazarına nəzarət edəcək gücü yoxdur: "ABŞ-ın İranın neft ixracını sıfıra endirməklə bağlı planı reallaşmayacaq və İran müxtəlif yollarla neft satışını davam etdirəcək. Amerikalılar bu barədə yanılırlar. Bu təşəbbüslərlə müxtəlif xalqlara, neft şirkətlərinə, hətta öz vətəndaşlarına zülm edirlər. ABŞ təzyiqlərə son verəcəyi və üzr istəyəcəyi təqdirdə danışıqlar masasına otura bilərik”.
Görünən odur ki, dünyanın siyasi gündəmində gərginləşən xəttə yüksəlir. Təbii, belə məqamda siyasi təlatümlərlə yanaşı, iqtisadi təlatümlərin də yaşanacağı proqnozlaşdırılır. ABŞ-ın bu addımı sözsüz ki, neftin qiymətinə təsirsiz ötüşməyəcək. İranın neft satışı sıfıra endirilərsə, deməli, bu kəsri doldurmaq üçün alternativ yol axtarılacaq. Bu yol neft ixrac edən ölkələrə nə vəd edir? Ümumiyyətlə, bu proseslərin fonunda neftin qiyməti hansı məcrada dövr edəcək?
"Neft Araşdırmaları Mərkəzi”nin rəhbəri İlham Şaban bildirdi ki, sanksiyaların sərtləşdirilməsi artıq bazara öz təsirini göstərməkdədir: "Bazar ertəsi ABŞ administrasiyası bu qərarı elan edərkən, neftin qiyməti 73 dollar deyildi. İndi artıq qiymətlər 75 dollaradək bahalaşıb. Qiymətlərin bahalaşması İrana qarşı atılan bu addımın nə qədər ciddi olmasından xəbər verir. Əks təqdirdə, qiymətlərdə qığılcım effekti ola bilərdi. 8 ölkədən üçü - yəni Yunanıstan, İtaliya və Tayvan İrandan neft almaqdan tamamilə imtina ediblər. Cənubi Koreya bu barədə məsləhətləşmələr aparır. Yaponiya da bu addımı atmaq niyyətindədir. Çin və Türkiyə isə hələlik bu barədə israr edir. İstənilən halda İran üçün bu, kifayət qədər ciddi zərbə hesab olunur. Amma qlobal neft bazarında İranın həcmlərinin azaldılması diskomfort yaşatmayacaq. Çünki istər OPEC daxilində, istərsə də OPEC-dən kənar ölkələr bazara istənilən həcmdə neft çıxara bilərlər. Bir il əvvəl İrana qarşı sanksiyalarla bağlı xəbərlərin yayılması fonunda neftin qiyməti 70 dollara çatdı. Bu amil sentyabr ayına qədər bazarda qiymətlərin yüksək olmasını təmin etdi. Trampın belə bir addım atması cari il üçün qiymətlərin aşağı enəcəyinə dair bütün proqnozları alt-üst etdi. Ola bilsin ki, sentyabr ayına qədər qiymətlər 70 dollar ətrafında var-gəl etsin. May ayında OPEC-in növbəti toplantısı gözlənilir. Hesab edirəm ki, OPEC ölkələri arasında müəyyən fikir ayrılıqları ola bilər. Çünki İranın payına düşən kvotaların Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri tərəfindən ödənilməsi məsələsi gündəmə gələcək. Digər ölkələr bu məsələyə etiraz edə bilər. Bir həftə bundan əvvəl qiymətlərin 75 dollara qədər qalxacağını heç kim proqnoz etmirdi. Çünki Trampın addımı gözlənilməz oldu. Ona görə də, yaxın müddət ərzində qiymətlərin necə dəyişəcəyi müəmmalı olaraq qalır. Həmçinin, qiymətlərə təsir edən faktorlar kifayət qədər çoxdur. Burada siyasi və iqtisadi faktorlar ciddi rol oynayır. İstənilən bir səbəbdən qısamüddətli də olsa, kəskin qiymət dəyişmələri müşahidə edilə bilər. Bu məqam isə neftin orta qiymətinə bu və ya digər dərəcədə təsir edən amillərdəndir. Ümumilikdə, birinci rübün yekunlarına əsasən, Brent markalı neftin orta qiyməti 65 dollaradək yüksəlib. Amma bu həddin 68 dollara qədər qalxacağı gözlənilir”.
Enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev qeyd etdi ki, İranın neft ixracına qoyulan sanksiyaların bir qədər də sərtləşdirilməsi, qlobal neft bazarlarında dalğalanma əmələ gətirəcək: "İran neftinin ixracına qoyulan kəskin məhdudiyyət qiymətlərin orta balansının formalaşmasına mənfi təsir göstərir. Bu məqam qlobal neft bazarlarında ağırlıq mərkəzinin dəyişməsinə səbəb olacaq. Digər tərəfdən, neftin qiymətindəki artımlarla bağlı əvvəlcədən fikir söyləmək çətinləşir. Hal-hazırda neftin qiyməti heç də tarazlığı əks etdirmir. Bazarda tələb-təklif balansının qorunması üçün qaynar nöqtələr olmamalıdır. Amma hal-hazırda Əlcəzairdə, Liviyada, Venesuela və İranda baş verən hadisələr bazardakı tarazlığı pozur, yüngül və ağır neft bazarının balansının pozulmasına gətirib çıxarır. İndiki qiymət artımı heç də fundamental faktorlarla bağlı deyil. İranın neft ixracına qoyulan qadağanın daha da sərtləşdirilməsindən sonra Tehran, neftini həm Asiya, həm də digər bazarlarda kompensasiya edəcək neft həcmləri axtarılmalıdır. Hələlik bu məsələ sual altındadır. Düzdür, Beynəlxalq Enerji Agentliyi elan etdi ki, OPEC-in hasilat gücü hal-hazırda sutkalıq 3,3 milyon barreldir. Bu həcmin 2,2 milyon barreli Səudiyyə Ərəbistanın üzərinə düşür. Amma istənilən halda, İran payını əvəzləyəcək neft həcminin kompensasiyası sual altındadır. Amma bu qadağanın daha da sərtləşdirilməsi İranın neft ixracını sıfırlamayacaq. Sadəcə olaraq, istiqamətlər və şərtlər dəyişəcək. Belə məqamda İran qeyri-ənənəvi metodlara əl atacaq. İran Milli Neft Şirkətinin bu sahədə kifayət qədər təcrübəsi var. Şirkətin prezidenti məlum bəyanatdan sonra bildirdi ki, biz 40 illik təcrübəmizdən ciddi-cəhdlə yararlanacağıq. Bu da neft ixracı ilə bağlı olan bir məsələdir. Belə bir situasiyada Vyana sazişinin iştirakçılarının, qlobal neft bazarlarında tarazlığın bərpa olunması ilə bağlı 2016-cı ildən bu günə kimi göstərdiyi cəhdlər yenidən puça çıxacaq. Belə olan halda, bazarı tənzimləmək çox çətin olacaq. OPEC üzvləri tərəfindən hasilat artırılarsa, İran neftinin ixrac həcmlərinə nəzarət etmək imkanları əldən veriləcək. ABŞ-ın təkidi ilə Səudiyyə Ərəbistanı və onun OPEC daxilindəki müttəfiqləri olan BƏƏ, Küveyt hasilat və ixrac həcmlərini artırsalar, sazişin iştirakçıları və əsasən də Rusiya bu məsələyə birmənalı yanaşmayacaq. Rusiya bu addımla heç vaxt razılaşmayacaq. Bu məsələ ilə bağlı Rusiyada yaxın günlərdə geniş müzakirələr aparılacaq. Belə bir xaotik vəziyyətdə, may ayından sonra bazarda qiymətlərin necə olacağını əvvəlcədən demək çox çətindir. Amma bazarda ciddi təlatümlərin olacağı qaçılmazdır. OPEC-in gələn ay keçiriləcək toplantısında hazırkı durum müzakirə olunacaq. Həmçinin, öhdəlik məsələlərinə nə dərəcədə əməl edilməsi gündəmə gətiriləcək. Sanksiyaların sərtləşdirilməsi o deməkdir ki, bazara əlavə fiziki həcmləri kimin çıxaracağı məsələsi sual altında qalır. Bu məsələnin necə nizamlanacağı hələlik bəlli deyil. Amma məlum bəyanatdan sonra Səudiyyə Ərəbistanının neft naziri bildirdi ki, gələcəkdə atılan addımlarla bağlı digər tərəflərlə razılaşmaq məcburiyyətindədirlər. Ancaq bunun necə həyata keçiriləcəyi, hansı addımların atılacağı, kvotaların yenidən necə bölüşdürüləcəyi sual altındadır”.
Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər