«Azərbaycanda bir orta məktəbin məzunlarının hamısı ali məktəbə qəbul
olub». Sevindirici xəbər KİV-in və sosial medianın gündəmindən düşmür. Sumqayıtda
yerləşən Qubadlı rayon Hafis Quluyev adına Çaytumas məktəb-liseyini bu il bitirən
34 məzunun hamısı ali məktəblərə keçirilən qəbul imtahanlarında iştirak edərək tələbə
adını qazanıb. Ali məktəblərə qəbul olan məzunlardan iki nəfəri 600 baldan, 6 nəfəri
500 baldan yuxarı, 26 nəfəri isə 300-500 bal arası nəticə göstərib. Təhsil Nazirliyi
və Dövlət İmtahan Mərkəzinin 2018-2019-cu tədris ili üçün açıqladığı hesabata əsasən
rayonun 11-ci sinif şagirdləri buraxılış imtahanlarında göstərdikləri yüksək nəticələrə
görə, ölkə üzrə birinci yeri tutublar. 9-cu siniflərin buraxılış imtahanlarında
isə rayonun şagirdləri üçüncü yeri qazanıblar.
Qazanılan uğurların gərgin zəhmətin, gecə-gündüz çalışmaların, yaxşı tədrisin
nəticəsi olması şübhəsizdir. Məktəbin direktoru,
Əməkdar müəllim Şamama Həsənova da "Kaspi”yə açıqlamasında əldə edilən nailiyyəti
məktəbin, valideynlərin və şagirdlərin birgə səylərinin nəticəsi kimi dəyərləndirir:
"Məktəbimiz böyük uğura imza atıb. Gərgin zəhmət, məqsədə doğru çalışmalar öz
bəhrəsini verdi”.
Direktoru uğurlar qazanılana qədər məktəbin keçdiyi çətin və əziyyətli
yolu da xatırlayır: «Məktəb 1993-cü ildən məcburi köçkün həyatı yaşayır. Sumqayıtda
məskunlaşandan sonra darısqal, şəraitsiz və köhnə bir məktəbin içərisində, çətin
şəraitdə fəaliyyət göstərdik. Sinfə yaramayan
otaqlarda, qarderobda dərs keçdik. Sonradan rayon İcra Hakimiyyətinin köməkliyi
ilə Sosial İnkişaf Fondu tərəfindən məktəbimiz üçün yer ayrıldı və yeni bina tikildi.
Bununla da, yeni məktəbimizi qurduq. Bununla belə, əvvəlki çətin şəraitdə çalışanda
da məktəbimizin şagirdlərinin uğurları vardı. Bu uğurların nəticəsi olaraq da kollektiv
üçün yeni məktəb binası tikildi. 2004-cü ildə yeni məktəb istifadəyə verildi. Artıq
şagirdlər təmiz, səliqəli, yaşıl həyət-bacası olan bir məktəbdə təhsil almağa başladılar.
Demək olar ki, biz yamyaşıl həyəti olan məktəbi özümüz yaratdıq». 568 şagirdin təhsil
aldığı məktəbdə 38 müəllim tədrislə məşğul olur. Tədris müəssisəsində iki Əməkdar
müəllimi də çalışır. Məktəbin şagirdləri ölkə üzrə müxtəlif fənn və təqdimat müsabiqələrində
iştirak edir və mükafatlandırılırlar. Yəni qazanılan uğurlar təsadüfi deyil. Direktorun
sözlərinə görə, hər tədris ilinin sonunda məktəbin məzunları ali məktəblərə qəbul
olurlar. Bu tədris ilinin uğurları isə tam fərqlidir: məktəbin bütün məzunları ali
məktəbə sənəd verib və qəbul olublar. «Məzunların hamısı nüfuzlu ali məktəblərə
qəbul olublar. Qazanılan uğurları gərgin əməyin nəticəsidir. Şagirdlərin də, müəllimlərin
də işə doğma münasibəti bu uğurda rol oynayıb. Uşaqlar da müəllimləri sevirlər,
müəllimlər də onlara eyni məhəbbəti göstərir, övladları kimi yanaşırlar. Biz hər
şeydən əvvəl, məktəbdə sağlam psixoloji mühit yaratmışıq. Ona görə də kollektivin
hər bir üzvü – şagirdlər də, müəllimlər də uğura can atırlar. Hamı istəyir ki, hər
şeyin yaxşısı bizim məktəbimizdə olsun». Ş.Həsənova təcrübəsinə inanaraq deyir
ki, təhsildə uğur əldə etmək, həm təhsil verənlərdən, həm də təhsil alanların birgə
səyindən asılıdır: «Elə şagird var ki, ona nə qədər öyrətsən də, xeyri yoxdur. Necə
deyərlər, hər oxuyan Mola Pənah olmur. Ancaq Təhsil Nazirliyinin təmayülləşmə ilə
bağlı pilot layihəsi məktəbimizin uğur qazanmasında böyük rol oynadı. Bu layihə
üzrə tədris prosesini daha düzənli qura bildik. Digər tərəfdən, şagirdin özünün
oxumağa həvəsi olmalıdır. Onu zorla oxumağa məcbur etmək olmaz. Əlbəttə, biz «təhsil
hər bir insanın həyatında vacib amildir” yönündə təbliğatımızı davam etdiririk.
Təbii ki, şagirdlərdən hansı bu təbliğatı qəbul edir və öz həyatına tətbiq edirsə,
uğur da qazanır».
Məktəbin sinifdənxaric işlər
üzrə direktor müavini Qənirə Mahmudova deyir ki, tədris
müəssisəsinin şagirdləri dərslərlə yanaşı, bütün məktəbdənkənar tədbirlərdə də yaxından
iştirak edirlər: «Onlar vaxt darlığından da şikayətlənmirlər. Rayonun elə tədbirləri
olurdu ki, bizim məktəbdə keçirirdilər. Şagirdlərimiz həmin tədbirlərin səviyyəli
şəkildə keçirilməsi üçün yaxından iştirak
edirdilər. Bu cür ictimai işlər onların oxumalarına mane olmurdu. Onlar dərslərini
yaxşı oxumaqla yanaşı, əlamətdar günlər üçün təşkil olunan tədbirlərdə səhnəciklər
hazırlayır, ədəbi-bədii kompozisiyaların iştirakçısı olurdular. Məzunlarımız yaxşı
musiqi ifa etməklə yanaşı, gözəl nitq qabiliyyətinə malikdirlər. Eyni zamanda,
müsabiqələrdə uğurları var. Rayon üzrə keçirilən tədbirlərdə də fəal iştirak edirdilər.
Biz bu şagirdləri «məktəbin gözmuncuğu» adlandırırdıq».
Məktəbin rayon üzrə ən çox bal toplayan məzunu (671) Aydan İldırımova Bakı Dövlət Universitetinin
riyaziyyat fakültəsinə (tədris ingilis dilində) qəbul olub. Sevincini bizimlə bölüşən
Aydan uğurun qazanılmasına görə valideynlərinə və müəllimlərinə minnətdarlığı
sonsuzdur: «Valideynlərim həmişə mənə dayaq olub, müəllimlərim həmişə məni öyrədib.
Mən məhz bu qayğının sayəsində özümə güvəndim. Qarşıma yüksək bal toplamağı məqsəd
qoydum və həmin istiqamətdə hazırlaşdım. Müəllimlərimin sayəsində mən bu biliyi
və təcrübəni qazandım». Aydan hesab edir ki, hər bir məzun çalışsa, qarşısına məqsəd
qoysa, öz arzusuna çata bilər: «Məqsədə çatmaq, zəhmətin bəhrəsini görmək üçün çox
çalışmalısan. Bu, bir mübarizədir. Bir də özünə inanmaq lazımdır. Mənə elə gəlir
ki, insanın arzusu və məqsədi olsa, onun arxasınca getsə, istədiyinə nail ola bilər.
Mən sınadım və məqsədimə çatdım».
BDU-nun riyaziyyat fakültəsinə (tədris ingilis dilində) 632 balla daxil
olan Sitarə Niyazova təhsildə uğurun sirrini çox çalışmaqda və səbirli olmaqda
görür: "Müəllim olmaq arzum idi. Bu arzuya çatmaq, tələbə adını qazanmaq üçünsə
oxumaq... Mən vaxtımın çoxunu dərslərimi oxumaqla keçirirdim. Dincəlməyə də vaxt
ayırırdım, amma daha çox oxumağa üstünlük vermişəm. Valideynlərim də mənə çox dəstək
olublar. Amma müəllimlərimin zəhməti daha çoxdur”.
Sitarənin anası Zəminə Cabbarova
da valideyn olaraq sevincini bizimlə bölüşür: "Biz valideyn kimi həmişə Sitarənin
arxasında olmuşuq, ona dəstək göstərmişik. O, yorulanda həmişə ruhlandırmışıq.
Uşaqlıqdan dərslərini yaxşı oxuyan olub. Biz onu oxumağa heç zaman məcbur
etməmişik. İstədiyi sahə riyaziyyat idi və o fakültəyə də qəbul oldu. Həmçinin
məktəbin direktoru Şamama müəllimə daxil olmaqla bütün müəllimlərin uşaqlara
qarşı dəstəyini hiss etmişik”.
Pedaqoji Universitetdə
sosial iş üzrə təhsil alacaq Ərgün
Süleymanlı da tələbə adını qazanmağın sevincini yaşayır: "Bu, çox gözəl hissdir.
Valideynlərimin, müəllimlərimin əziyyətini yerdə qoymadım. Bizdən sonrakı abituriyentlərə
də məsləhətim budur ki, çox çalışsınlar, amma istirahət etməyi də bacarsınlar”.
BDU-nun
filologiya fakültəsinə daxil olan Nuriyyə Əhədova (592 bal)
arzusuna çatdığını söyləyir: "Mən arzuladığım fakültənin tələbəsi adını
qazanmışam. Bu sevinci yaşamağımda həm müəllimlərimin, həm də valideynlərimin
böyük dəstəyi olub. Uğurumun səbəbi dərs sistemimi düzgün qurmağım idi. Hesab
edirəm ki, kimin məqsədi varsa, ona nail ola bilər. Sadəcə əzmkarlıq göstərmək
lazımdır”.
BDU-nun kimya fakültəsinə
daxil olan Orxan Əhmədov (500 bal) fənni dərindən öyrəndiyini deyir: "Hesab
edirəm ki, qəbul olduğum ixtisas mənim üçün çox uyğundur. Kurikulum
standartları üzrə dərslər keçmişik. Məktəbdə təhsilin səviyyəsi də yüksək olub.
Mən dərslərimi səylə öyrənir, imtahanlara ciddi hazırlaşmışam. Amma asudə
vaxtımı da səmərəli keçirir, məsələn kompüter oyunlarına vaxt ayırırdım. Mənə
elə gəlir ki, istirahətə də müəyyən qədər vaxt ayırmaq lazımdır”.
Məktəbin müəllimləri də, tələbə adını qazanan məzunları da,
valideynlər də böyük sevinc içərisindədirlər. Qarşıda isə məzunlar üçün uzun və
çətin bir yol var: təhsili davam etdirmək, Vətənə, ölkəyə layiqli vətəndaş
olmaq.
Uğurlar olsun!