• şənbə, 28 Dekabr, 18:02
  • Baku Bakı 7°C

28 illik biganəlik

28.08.21 11:00 1043
28 illik biganəlik
Politoloqun fikrincə, UNESCO-da Azərbaycanla bağlı hər hansı müsbət addımın atılmasına Fransa mane olur
Ermənistan 1988-94-cü illərdə deportasiya, işğalçılıq siyasəti yürüdərək Azərbaycanın 20 faiz ərazisini zəbt edib, 1 milyondan artıq azərbaycanlını qaçqın və məcburi köçkünə çevirib. Ermənistanın bu addımlara son qoymasına, işğal altında saxlanılan ərazilərin qeyd-şərtsiz azad etməsinə dair BMT Təhlükəsizlik Şurası o dövrdə 4 qətnamə qəbul edib. Əfsuslar olsun ki, 28 il ərzində rəsmi İrəvan bu tələbləri yerinə yetirməyib. Əksinə, cəbhəyanı ərazilərdə dəfələrlə atəşkəsi pozub, müxtəlif hərbi təxribatlar törədib, hətta dinc əhalini hədəfə alıb, azyaşlı uşaqları qətlə yetirib.


Daha çox qarşılıqlı əlaqəyə ehtiyac yaranır

28 il ərzində nə BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan 5 dövlət, nə də ATƏT-in Minsk Qrupunun 3 həmsədr ölkəsi bu davranışlarına görə Ermənistana hər hansı təzyiq göstərib. Nəticədə Azərbaycan təkbaşına, öz hərbi gücünə arxalanaraq cəmi 44 gün ərzində Ermənistan ordusunu məğlubiyyətə uğradıb, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərini yerinə yetirib, işğal altında saxlanılan əraziləri azad edib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin avqustun 24-də BMT-nin ölkəmizdə yeni təyin olunmuş rezident əlaqələndiricisi xanım Vladanka Andreyevanı qəbul edərkən söylədiyi kimi, hazırda müharibə bitib, münaqişə həll olunub, Azərbaycan artıq gələcəyə baxır, əsas narahatlığımız dağıdılmış, tamamilə viran qoyulmuş ərazilərin bərpasıdır. Rəsmi Bakı BMT ilə humanitar vəziyyətlə bağlı məsələlərdə, o cümlədən işğaldan azad olunmuş ərazilərin bərpasına dair planlarla bağlı gələcək əməkdaşlığa ümid edir. Təbii ki, bu çərçivədə BMT institutları, xüsusən də UNESCO ilə daha çox qarşılıqlı əlaqəyə ehtiyac yaranır.


UNESCO bölgəyə səfərə dəvət edilib

Təəssüf doğuran haldır ki, BMT 28 illik Dağlıq Qarabağ probleminin ədalətli həllinə nail ola bilmədiyi, işğala seyrçi qaldığı kimi, onun elm, təhsil və mədəniyyət üzrə ixtisaslaşmış institutu UNESCO da Ermənistan tərəfindən Azərbaycan ərazilərində maddi-mədəniyyət abidələrinin, yaşayış məskənlərinin dağıdılmasına biganə qalıb. Ötən illər ərzində ATƏT-in Minsk qrupu işğal olunmuş ərazilərə iki faktaraşdırıcı missiya göndərsə də, UNESCO tərəfindən oxşar addımlar atılmayıb. 30 ilə yaxın bir müddətdə UNESCO-dan gözləntilərimiz özünü doğrultmayıb. Azərbaycan hələ işğal dövründə UNESCO-nu bölgəyə dəvət edib. Bu qurumdan tarixi abidələrimizə erməni təcavüzkarları tərəfindən dəymiş ziyanı gəlib yerində görmək xahiş olunsa da, UNESCO bundan imtina edib, siyasi məsələlərə qarışmadığını əsas gətirib. Düzdür, Vətən müharibəsi Azərbaycanın qələbəsi ilə bitdikdən sonra UNESCO bölgəyə səfər etmək niyyətini ortaya qoyub, bununla bağlı missiya da yaradıb. Lakin işğalçı Ermənistanın etirazını nəzərə alan UNESCO bu dəfə də ümidləri doğrultmayıb. Bununla da, sözügedən qurum ikili tərəddüd, ikili yanaşma ortaya qoyub, öz öhdəliklərini hansısa maraqlar naminə növbəti dəfə yerinə yetirməyib.


Azərbaycana yönəlik münasibətdə neqativ çalarlar

Mövzu ilə bağlı fikirlərini "Kaspi” qəzetinə bölüşən politoloq Nəzakət Məmmədova bildirib ki, beynəlxalq təşkilatlarla yorulmadan, sistemli şəkildə işləmək lazımdır. O, son dövrlər ABŞ və Fransanın Azərbaycan əleyhinə sərgilədiyi mövqeyin səbəbini belə izah edib: "Qərbyönümlü bütün beynəlxalq təşkilatlar vahid sistem təşkil edir, sadə dillə izah etsək, bir-birlərinin ağzına baxırlar. 10 noyabr 2020-ci il tarixli üçtərəfli razılaşmanın imzalanması, bölgəyə rusiyalı sülhməramlıların gəlməsi, münaqişənin həlli ilə bağlı şərtlərin Kremllə razılaşdırılması ATƏT-in Minsk qrupunun iki həmsədr dövlətini proseslərdən kənarda saxlayıb. Məhz buna görə də, son dövrlər ABŞ və Fransanın Azərbaycana yönəlik münasibətində neqativ çalarlar özünü büruzə verir. UNESCO-nun Azərbaycana qarşı münasibətində ABŞ-ın hər hansı rolunun olmadığı qənaətindəyəm. ABŞ-ın UNESCO ilə hər hansı əlaqəsi yoxdur. ABŞ hələ 2017-ci ildə təşkilatdan çıxmaq məsələsini qaldırsa da, bunu quruma yeni baş katib seçilənədək təxirə salmağı qərara almışdı. Fransa və ABŞ prezidentləri arasında 2017-ci ilin sentyabrında BMT Baş Assambleyasının sessiyasında bu barədə müzakirə aparılan zaman Emmanuel Makron Donald Trampdan Fransanın namizədi, xanım Azulayı dəstəkləməyi xahiş etmişdi. Çünki Fransa öz keçmiş mədəniyyət naziri Odri Azulayın UNESCO baş katibi vəzifəsinə seçilməsi üçün çalışırdı. ABŞ Fransaya dəstək verdi və bu amil Odri Azulayın baş katib seçilməsində böyük rol oynadı. ABŞ üzvlükdən çıxsa da, müşahidəçi ölkə kimi qalmağı planlaşdırırdı. Hazırda təşkilatda səsvermə hüququ olan 195 üzv ölkə, eləcə də onun yanında müşahidəçi statusu olan 12 ölkə var. ABŞ 2018-ci ilin dekabrın 31-də üzvlükdən çıxmasını rəsmiləşdirib. Belə olan halda, Amerikanı UNESCO ilə bağlı məsələdə ittiham edə bilmərik”.


Fransanın təsiri

Politoloq deyib ki, ABŞ-dan fərqli olaraq, Fransanın UNESCO-da güclü mövqeləri, bu quruma təsiri, həmçinin lobbiçilik fəaliyyəti var: "UNESCO-nun baş direktoru Odri Azulay fransalıdır. Böyük ehtimalla, Vətən müharibəsindən sonra UNESCO-nun bölgəyə səfər etmək niyyətini ortaya qoyması, hətta bu məqsədlə missiya yaratması, lakin indiyə qədər bu istiqamətdə hər hansı addım atmamağı da Fransanın sözügedən təşkilata təsiri ilə əlaqədardır. Fransada ermənilər böyük gücə malikdirlər. Fransa dövləti həm ermənilərin bu ölkədəki mövqeyinə görə, həm də ATƏT-in Minsk qrupunun həmsədri olaraq özünün proseslərdən kənarda qaldığı üçün Azərbaycana qarşı belə münasibət sərgiləyir. Fransa Azərbaycana neqativ münasibətini ortaya qoyur, prezident Emmanuel Makron səviyyəsində müxtəlif fikirlər səsləndirilir. Rəsmi Paris bununla da kifayətlənmir, təsir imkanı olan beynəlxalq təşkilatlarda, o cümlədən UNESCO-da Azərbaycan əleyhinə siyasət yeritməyə cəhd edir. Fransa arzulamır ki, UNESCO səviyyəsində Azərbaycanla bağlı hər hansı müsbət iş görülsün. Xatırladım ki, Ermənistan istər 44 günlük Vətən müharibəsinin gedişində, istərsə də ondan sonra Fransanı proseslərə cəlb etməyə çalışıb. Hazırda Fransa bütün Ermənistanı idarə edən güclərdən birinə çevrilib. Nikol Paşinyanı hakimiyyətə həm də Fransa, bu ölkədəki erməni diasporu gətirib. Yüz illər boyu ermənilər Fransa dövlətində üstün mövqelərə sahib olublar”.

Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər