• cümə, 19 Aprel, 01:57
  • Baku Bakı 18°C

28 İLİN ƏN MÖHTƏŞƏM XƏBƏRİ PREZİDENTDƏN GƏLDİ

08.11.20 13:55 654
28 İLİN ƏN MÖHTƏŞƏM XƏBƏRİ PREZİDENTDƏN GƏLDİ

Əli Həsənov
Tarix elmləri doktoru, professor
ÜÇRƏNGLİ BAYRAĞIMIZ - MİLLİ QÜRUR
MƏNBƏYİMİZ ŞUŞA QALASINDA
DALĞALANIR
Türküstan yelləri öpüb alnını
Söyləyir dərdini sana, bayrağım!
Üçrəngin əksini Quzğun dənizdən
Ərməğan yollasın yara, bayrağım!
Əhməd Cavad
Görkəmli istiqlalçı şair Əhməd Cavadın bir zamanlar bu misralarla qürbətdən oxşayıb əzizlədiyi, doğma Azərbaycanına ərməğan kimi yollamaq istədiyi ÜÇRƏNGLİ BAYRAĞIMIZI bu gün Müzəffər Azərbaycan əsgəri ölkəmizin mədəniyyət incisi sayılan ŞUŞA şəhərinin QÜRUR QALASINA taxdı! Bütün Azərbaycan xalqının, dünya azərbaycanlılarının və qəlbi doğma Vətənlə döyünən soydaşlarımızın qürur mənbəyinə, milli-mənəvi kimliyinə, millətin siyasi vizit kartına, ölkə vətəndaşlarının qeyrət və dəyanət simvoluna çevrilmiş üç rəngli, aylı-ulduzlu BAYRAĞIMIZ 28 illik həstər və qürbət Qalamız Şuşaya sancıldı bu gün!
Doğma Azərbaycanımızın, yenilməz yurdumuzun qədim tarixini, dövlətçilik və milli ənənələrini özündə yaşadan rəmzlərimiz və atributlarımız bundan sonra daim Qarabağ torpaqlarında mövcud oacaq və yaşadılacaqdır!
Müstəqil dövlət olaraq, Azərbaycanımız dünyada öz məxsusi dövlət rəmzləri - bayrağı, gerbi, himni ilə tanınır. Üçrəngli bayrağımız əsas dövlətçilik rəmzimiz olaraq Azərbaycan xalqının müstəqillik və suverenlik iradəsini, milli azadlıq və istiqlal arzularını özündə əks etdirir və dövlət müstəqilliyimizin simvolu kimi çıxış edir. Məlum olduğu kimi, üçrəngli dövlət bayrağımız ilk dəfə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə 1918-ci il noyabrın 9-da qəbul edilmişdir. 1920-ci il aprelin 28-də Xalq Cümhuriyyəti süqut etdikdən sonra yeni qurulan sovet höküməti bu bayraqdan imtina etmişdir. İkinci dəfə üçrəngli dövlət bayrağımız 1990-cı il noyabrın 17-də ümummilli lider Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ilk sessiyasında Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul edilmişdir. Həmin sessiyada Muxtar Respublika Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında "üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında” vəsatət qaldırmışdır. 1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxmış və "üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi” haqqında qərar vermişdir.
Müstəqil Azərbaycan dövlətinin qurucu lideri, ulu öndər Heydər Əliyev bayrağımızı və digər dövlət rəmzlərimizi həmişə yüksək tutaraq, onları xalqımızın müstəqil dövlətçilik iradəsinin və müstəqil dövlətimizin əbədiliyinin, sarsılmazlıq və yenilməzliyinin simvolu kimi dəyərləndirmişdir.
Ümummilli lider söyləyirdi ki, "biz dövlət rəmzlərimizi - himnimizi, bayrağımızı, gerbimizi özümüz qədər sevməliyik və qorumalıyıq, çünki bu simvollar bizim vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbətimizin rəmzləridir”.
Milli dövlət və istiqlal rəmzlərimizə daim hədsiz sevgi və məhəbbət nümayiş etdirən Prezident İlham Əliyev ümummilli liderin siyasi kursuna sadiq qalaraq dövlət suverenliyinin rəmzləri sayılan bayrağımızı, gerbimizi və himnimizi həmişə yüksək tutmuş, onların təbliği ilə bağlı çoxsaylı xüsusi tədbirlər həyata keçirmişdir. 2007-ci il noyabrın 17-də Prezidentin imzaladığı sərəncamla Bakı şəhərində Dövlət Bayrağı Meydanı təsis edilmiş, 17 noyabr 2009-cu il tarixli Fərmanı ilə hər il noyabr ayının 9-u Azərbaycanda "Milli Bayraq Günü” kimi rəsmi bayram olaraq qeyd olunmağa başlanmışdır. Şəxsən ölkə başçısının və rəhbərlik etdiyi hökumətin dövlət rəmzlərinə, rəsmi atributlara, suverenlik göstəricilərinə bu cür ehtiramla yanaşması, əlbəttə, müvafiq olaraq bütün Azərbaycan cəmiyyətinin, xarici ölkələrdə yaşayan soydaşlarımızın da müvafiq olaraq dövlətçilik simvollarına sevgisini artırımış, hər bir azərbaycanlıda öz dövləti ilə bağlı qürur hissini yüksəltmiş, xalqla dövlət arasındakı vəhdəti daha da gücləndirmişdir. Xüsusən, 2010-cu il sentyabrın 1-də Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimindəki nitqində Prezident İlham Əliyevin səsləndirdiyi "Bayrağımız bizim qürur mənbəyimizdir, bayrağımız bizim canımızdır və ürəyimizdir, zaman gələcək bu bayraq Azərbaycanın işğaldan azd olunan bütün ərazilərində dalğalanacaq!” ifadəsi bütün dünya azərbaycanlılarının qəlbini riqqərə gətirmişdir. Bəli, o gün gəlmiş və milli bayragımız Prezidentimizin söylədiyi kimi, Azərbaycanın hər yerində, o cümlədən də 28 il erməni işğalı altında inləyən Qarabağ torpaqlarında- Şuşada, Qubadlıda, Zəngilanda, Cəbrayılda, Füzulidə, Xocavənddə və başqa ərazilərimizdə dalğalanmağa başlamışdır. Şanlı Ordumuz öz Müzəffər Ali Baş Komandanının- Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın ərazi bütövlüyünü tam bərpa edəndən sonra milli dövlət bayrağımız bütün kənd və qəsəbələrimizdə qaldırılacaq! Bayrağımız zaman-zaman köksünə azərbaycanlı ruhu hopmuş və milli kimliyimizin əlamətlərini özündə yaşadan qədim İrəvan və Zəngəzur mahalında, Cənubi Qafqazın bizim üçün doğma sayılan digər guşələrində də dalğalanacaq İNŞALLAH! O günü bir millət və xalq olaraq biz hər an gözləyirik və öz əməlllərimizlə, öz işimizlə yaxınlaşdırırıq! Bu arzu, bu istək artıq bütün Azərbaycanda əsl milli amala çevrilib və hər bir azərbaycanlının, əksər soydaşlarımızın qəlbini riqqətə gətirməkdədir...
Dövlət rəmzlərimizə, xüsusən də üçrəngli, aylı-ulduzlu, hilal bənizli milli bayrağımıza hər bir azərbaycanlının müqəddəs dövlətçilik atributu kimi yanaşması, 2010-cu ildən başlayaraq Milli Bayraq Gününün hər il ölkəmizdə əziz bir bayram kimi qeyd edilməsi Prezident İlham Əliyevin və vətəndaşlarımızın öz dövlətçiliyinə və suverenliyinə, dövlət rəmzlərinə və müstəqillik simvollarına yüksək münasibətinin əyani təzahürüdür. İnsanlarımız Milli Bayraq Gününü millətimizin, xalqımızın azadlıq və istiqlal ideallarının, milli varlığının, bəşər sivilizasiyasında özünəməxsus milli-mənəvi dəyərlərə malik olmasının təcəssümü kimi dəyərləndirir, bayrağımızı ölkəmizin ərazi bütövlüyü və suverenliyinin, dünya azərbaycanlılarının mənəvi birliyinin, doğma Vətənlə vəhdətinin simvolu kimi qəbul edir və öz bağrlarına basırlar!
Yaşasın AZƏRBYCN və onun ÜÇRƏNGLİ BAYRAĞI! AZƏRBAYCAN XALQINA və onun MÜZƏFFƏR ORDUSUNA eşq olsun!
banner

Oxşar Xəbərlər