• şənbə, 20 Aprel, 03:44
  • Baku Bakı 15°C

26 il əvvəl: Azərbaycan xalqının müdrik və tarixi seçimi

12.10.19 09:30 560
26 il əvvəl: Azərbaycan xalqının müdrik və tarixi seçimi
XX əsrin 90-cı illərinin əvvəllərində müstəqilliyinə qovuşan Azərbaycan çox çətin günlərini yaşayırdı. Ölkə daxilində hökm sürən siyasi çəkişmələr Azərbaycan dövlətinin varlığını təhlükələrə atmışdı. Azərbaycanın parçalanması və milli dövlətçiliyin süquta uğraması təhlükəsi yaranmışdı. Ölkə vətəndaş müharibəsi astanasında idi. Düşmən daxildəki hərc-mərclik, siyasi böhran və hakimiyyət boşluğundan istifadə edərək Azərbaycan torpaqlarını işğal edirdi. Belə bir məsuliyyətli və ağır mərhələdə Azərbaycan xalqı öz siyasi seçimini etdi. 1993-cü il oktyabrın 3-də Heydər Əliyevə səs verərək onu Prezident kimi özünə rəhbər gördü. Həmin gündən başlayaraq Azərbaycan bütün istiqamətlərdə ciddi uğurlar əldə etməyə başladı. Heydər Əliyev həm daxildə sabitliyə nail oldu, həm də çox səmərəli xarici siyasət kursunu formalaşdırdı. Böyük uğurla neft siyasəti həyata keçirilməyə başlandı. Genişmiqyaslı iqtisadi islahatlar aparıldı. İdarəetmədə, cəmiyyətin müxtəlif sferalarında modernləşmə vüsət aldı. Bütün bunlar Azərbaycan dövlətçiliyinə tarixi nailiyyətlər qazanmağa imkan yaratdı. Vurğulanan məqamlar kontekstində Heydər Əliyevin xalqın istəyi ilə yenidən ölkə rəhbərliyinə qayıdışının siyasi və geosiyasi əhəmiyyəti üzərində geniş dayanmağa ehtiyac görürük.
Böhranlı günlərdə: xalq "HƏ" dedi
1993-cü il oktyabrın 3-də Azərbaycanın dövlətçilik tarixində mühüm hadisə baş verdi. Həmin gün Ulu öndər Heydər Əliyev ölkə Prezidenti seçildi. Qədirbilən Azərbaycan xalqı öz düzgün seçimini etməkdə tərəddüd etmədi. Təcrübə göstərdi ki, xalq o zaman faktiki olaraq ölkənin bütövlüyünə, müstəqil dövlət quruculuğuna, demokratiyaya səs verdi. Heydər Əliyevin bu hadisə ilə bağlı ifadə etdiyi fikirlər olduqca maraqlı və aktualdır. Ümummilli lider vurğulamışdı: "Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm".
Bəli, Heydər Əliyev xalqın ona göstərdiyi etimadı və verdiyi səlahiyyətləri çox yüksək dərəcədə qorudu. Bütün fəaliyyəti boyu müstəqil dövlətin möhkəmlənməsi və inkişafına çalışdı. Ulu öndər şəxsi nümunəsi ilə dövlət idarəçiliyində milliliklə vətənpərvərliyin vəhdətini nümayiş etdirdi. Bu bağlılıqda 1993-cü il oktyabrın 10-da andiçmə mərasimində Heydər Əliyevin qətiyyətlə ifadə etdiyi aşağıdakı fikirləri bir daha yada salmağa dəyər. Ulu öndər vurğulamışdı: "Demokratik sivilizasiyalı cəmiyyətdə insan hüquqlarının qorunması dövlətin əsas vəzifələrindən biridir. Əmin ola bilərsiniz ki, bu yüksək vəzifədə mən həmin sahəni daim diqqət mərkəzində saxlayacağam və insan hüquqlarının qorunması üçün bütün təminatları yaradacağam. Bir sözlə, cəmiyyətimizdə insanın tam azad olması üçün şərait yaradılacaqdır. Bu baxımdan həyatımızın indiki mərhələsində vicdan azadlığı məsələsi də mühüm yer tutur". Bu fikirlər Azərbaycanın müstəqil dövlət quruculuğunda insan faktorunun mərkəzi yerdə durduğunu və hər bir vətəndaşın haqlarının təmin edilməsinin rəhbərlik üçün böyük əhəmiyyət kəsb etdiyini göstərirdi.
Prezident İlham Əliyevin bu bağlılıqda ifadə etdiyi aşağıdakı fikirlər olduqca lakonik və dəqiqdir. Dövlət başçısı vurğulayıb: "Müstəqilliyimizin tarixində 1993-cü il müstəsna əhəmiyyətə malikdir. O zaman, mürəkkəb durumda xalqımız çox müdrik və tarixi bir seçim etmiş, Heydər Əliyevi ölkənin Prezidenti seçmişdir. Böyük nüfuza və şöhrətə malik olan bu siyasi xadim Azərbaycanda inkişafın təməlini qoymuşdur".
Şübhəsiz, bu, müdrik seçim idi. Çünki həmin dövrdə vəziyyət çox qarışıq idi. Dünyanın böyük dövlətləri hər tərəfdən Azərbaycana təzyiq edirdi. O mərhələdə naşı ölkə rəhbərliyi atdığı yanlış addımlarla dövlətçiliyin taleyini təhlükə altına atmışdı. Açıq görünürdü ki, yeni xilaskar gəlməlidir. Lakin müxtəlif istiqamətlərdən olan ideoloji təzyiqlər insanları çaşdırırdı. Xüsusilə liberalizm adı altında antimilli ruhlu ideyalar yayır, vətəndaşların doğru seçim etməsinə əngəl olmağa çalışırdılar. Bu cür vəziyyətdə postsovet məkanında milli dövlətlərin heç də hamısında xalqlar müdrik və uzaqgörən seçim edə bilmədilər. Azərbaycan xalqı isə bunu bacardı.
Həmin seçim həm də tarixi idi. Çünki Azərbaycan dövlətçiliyinin taleyini həll etdi. Əgər Heydər Əliyev hakimiyyətə gəlməsə idi, Azərbaycanın müstəqil dövlətçiliyinin qalıb-qalmaması məsələsində ümidverici bir söz demək çətin olardı. Tarixin elə mərhələləri olur ki, bütövlükdə ölkənin, xalqın və dövlətin aqibətini bircə addım həll edir. Tarixin həmin dönəmində Azərbaycan xalqı o addımı atdı və təcrübə sübut etdi ki, bu, tarixi addım olmuşdur! Həmin səbəbdəndir ki, Azərbaycan Prezidenti İlham Əliyev 1993-cü il 3 oktyabrda keçirilən seçkini tarixi adlandırıb.
Uğurlu yolun layiqli davamçısı: Ulu öndər əməllərdə yaşayır
Artıq o hadisədən 26 il ötür. Bu müddət ərzində Azərbaycan sürətlə və dərindən dəyişib. Ulu öndər ilk olaraq ölkədə sabitlik yaratdı. Daxildə təhlükə törədə biləcək bütün faktorları neytrallaşdırdı. Həmin bağlılıqda Heydər Əliyevin ağır 1994-cü il və 1995-ci il dövlət çevrilişlərinə cəhdlərin qarşısını ustalıq və qətiyyətlə alması ayrıca əhəmiyyəti olan mövzudur. O mərhələdə Heydər Əliyevin qələbəsi bütövlükdə dövlətçiliyin taleyini həll etdi. Hər kəs anladı ki, Azərbaycan müstəqilliyini kimsəyə verməyəcək.
Bunun fonunda Ermənistan rəhbərliyinin Azərbaycanla atəşkəsə getməyə məcbur qalması çox vacib hadisə idi. Ermənilər atəşkəsdən öncə çox ciddi çalışdılar ki, Tərtər və Ağdərə istiqamətlərindən Azərbaycana hücum edib, daha çox ərazi zəbt etsinlər. Bunu onlara havadarları tapşırmışdı. Heydər Əliyev müdafiəni çox güclü quraraq düşməni geri oturtdu. Eyni zamanda, Füzuli istiqamətində hücumla Horadizi azad etdi. Azərbaycan Ordusu Horadiz əməliyyatına 1993-cü ilin dekabrında başladı. 1994-cü il yanvarın 6-da artıq Horadiz qəsəbəsi, Füzuli rayonunun 20 kəndi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi azad edilmişdi. Bu əməliyyat Azərbaycan Ordusunun 1994-cü ilin qış kampaniyasında keçirdiyi ən uğurlu əməliyyat olub. Düşmən çox təlaşa düşmüş və həmişə olduğu kimi, atəşkəs üçün öz havadarına yalvarmağa başlamışdı. Real vəziyyəti düzgün qiymətləndirən Heydər Əliyev həmin il atəşkəsə nail oldu.
Bununla Azərbaycana kənardan olan təhlükə çox böyük miqyasda aradan qaldırıldı. Bu isə daxili sabitliyi təmin etmək üçün Ulu öndərə yeni imkanlar verdi. Qısa müddətdə Heydər Əliyev ölkədə sabitliyi tam təmin etdi. O illərdə Bakıya rəsmi səfərə gələn Türkiyə Prezidenti Süleyman Dəmirəl Azərbaycanda sabitliyin təmin edilməsini çox böyük tarixi hadisə adlandırmışdı.
Yaranmış sabitliyin fonunda Ulu öndər neft siyasətini inkişaf etdirirdi. Qısa müddətdə dünyanın böyük dövlətlərinin çox nüfuzlu şirkətləri Azərbaycana böyük sərmayələr qoydular. "Əsrin müqaviləsi"nin imzalanması isə ayrıca tarixi əhəmiyyəti olan hadisə idi. Bununla həm Azərbaycanın suveren dövlət kimi nüfuzu artdı, həm də ölkə iqtisadiyyatını davamlı inkişaf etdirmək üçün geniş imkanlar yarandı. Heydər Əliyev müstəqil xarici siyasəti gücləndirməklə yanaşı, daxildə ciddi islahatlar aparırdı. Bir tərəfdən Azərbaycanın beynəlxalq əlaqələri genişlənir, digər tərəfdən isə cəmiyyətin demokratikləşməsi və idarəetmədə islahatların aparılması sürətlə həyata keçirilirdi.
Bunun nəticəsində artıq XXI əsrin başlanğıcında Azərbaycan Cənubi Qafqazın lider dövləti halına gəlmişdi. Ölkə iqtisadiyyatında ciddi yeniləşmələr baş verirdi. İnfrastruktur yeniləşir və Avropa standartlarına uyğunlaşdırılırdı. Bu, Azərbaycanın iri beynəlxalq enerji, nəqliyyat, tranzit layihələri həyata keçirməsi fonunda baş verirdi. Bütün maneələrə baxmayaraq, Bakı-Tbilisi-Ceyhan neft boru kəməri istifadəyə verildi. Ekspertlər bunu Avrasiyanın enerji coğrafiyasının köklü surətdə dəyişməsi kimi xarakterizə etdilər. Proseslər göstərdi ki, onlar haqlıdırlar. Bir-birinin ardınca meydana yeni layihələr çıxdı və onların əksəriyyətinin təşəbbüskarı Azərbaycan rəhbərliyi idi.
1993-cü ildən bu yana Azərbaycan bütün istiqamətlərdə böyük uğurlar əldə edib, zirvələr fəth edib. Ulu öndərin uzaqgörənliyi sayəsində müstəqil dövlət quruculuğu durmadan inkişaf etdirilir. Heydər Əliyevin bu bağlılıqda dövlətçiliyə ən böyük töhfələrindən biri İlham Əliyev kimi dövlət xadimini yetişdirməsi və ölkəyə rəhbərliyi ona etimad etməsidir.
Dünyanın ən böyük dövlətlərinin liderləri belə etiraf edirlər ki, Azərbaycan Prezidenti çox uğurlu fəaliyyəti ilə ölkəni tarixdə görünməmiş yüksəkliklərə qaldırıb. Azərbaycan davamlı olaraq sürətlə inkişaf edir. Onun əldə etdiyi ciddi uğurlar bir sıra dairələrin qısqanclığı və paxıllığına səbəb olur. Lakin müdrik Azərbaycan xalıq öz rəhbərinə tam inanır, ona güclü dayaq olaraq qalır. Azərbaycan xalqı bilir ki, güclü lider həm də güclü xalq deməkdir, güclü dövlət deməkdir. Tarixi xoşbəxtlikdir ki, Heydər Əliyev siyasi varislik məsələsini də çox böyük uğurla həll edə bilmişdir. Ulu öndərin adı əbədi olaraq müstəqil Azərbaycan dövlətinin memarı kimi böyük hörmətlə anılacaqdır!
Newtimes.az
banner

Oxşar Xəbərlər