• çərşənbə, 24 Aprel, 13:08
  • Baku Bakı 27°C

Tağıyevin maarifçilik fəaliyyətinin şanlı səhifəsi

06.03.21 11:00 2274
Tağıyevin maarifçilik fəaliyyətinin şanlı səhifəsi
Bakıda müsəlman qız və qadınlar üçün ilk dünyəvi qadın məktəb necə yaradıldı?
Xalqımızın böyük oğlu H.Z.Tağıyevin adı - XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycanın görkəmli mesenatı kimi tarixə düşmüşdür. Bakıda qadın və qızlar üçün azərbaycan dilində ilk dünyəvi məktəbin açılması təhsil, maarif və mədəniyyət hamisi - H.Z.Tağıyevin adı ilə bağlıdır. Bu məktəbin əsası H.Z. Tağıyev tərəfindən 1898-1900-cü illərdə qoyulmuşdur. Tarixi sənəd və mənbələr təsdiq edir ki, Hacı Zeynalabdin Tağıyevin elmə, təhsilə və mədəniyyətin müxtəlif sahələrinə göstərdiyi hamilik əsil mesenatlıq nümunəsi olmuşdur. H.Z. Tağıyev Azərbaycanda maarifçilik hərəkatına, elm və təhsilin yayılmasına kömək əli uzadan nadir iş adamlarından biridir. H.Z. Tağıyevin özü elm və savad sahibi olmasa da, xalqın maarifləndirilməsi və savadsızlığın aradan qaldırılması, ölkəmizdə elm və təhsilin yayılmasında fədakarlıq göstərən ziyalıların köməyinə çatmışdır. Azərbaycanın ilk milli qəzeti olan " Əkinçi”nin, müsəlman qızlar üçün Bakıda ilk dünyəvi məktəbin və digər təhsil ocaqlarının yaradılmasında və onların fəaliyyət göstərməsində H.Z.Tağıyevin böyük maliyyə dəstəyi olmuşdur. Onun mesenatlıq fəaliyyəti olduqca zəngin və çoxşaxəlidir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin " Hacı Zeynalabdin Tağıyevin abidəsinin ucaldılması haqqında” 11 mart 2020-ci il tarixdə imzaladığı Sərəncamda H.Z.Tağıyev, Azərbaycanda neft sənayesinin inkişafında xidmətləri olmuş böyük xeyriyyəçi, maarifpərvər və ictimai xadim kimi qiymətləndirilir.

Müfəttişin məktubu

Bakıda qız və qadınlar üçün azərbaycan dilində ilk dünyəvi məktəbin açılması yolunda H.Z.Tağıyevin göstərdiyi fədakarlığı əks etdirən tarixi mənbə və sənədlər Azərbaycan Respublikasının Dövlət Arxivi və Azərbaycan Respublikasının Dövlət Tarix Arxivinin müxtəlif fondlarında qayğı ilə qorunub saxlanılır. Həmin sənədlərə və digər mənbələrə əsaslanaraq hazırladığım bu məqaləni dəyərli oxucularımızın diqqətinə çatdırıram. Bakı Quberniyası və Dağıstan Vilayəti xalq məktəbləri direktoru və müfəttişi vəzifəsini icra edən A.S.Tixorjevski Qafqaz Tədris Dairəsi Qəyyumunun təklifi əsasında II Nikolayın qarşıdan gələn müqəddəs tacqoyma mərasiminin qeyd edilməsi ilə əlaqədar Bakı şəhərində müsəlman qızlar üçün Xalq Maarif Nazirliyinin birsinifli və yaxud ikisinifli kursu üzrə məktəbin təsis edilməsinə pulun ayrılması və həmin məktəbə Alihəzrət Böyük knyaz Olqa Nikolayevnanın adının verilməsi məsələsi ilə bağlı 1896-cı il martın 22-də 354 saylı məktubla tanınmış xeyriyyəçi H.Z. Tağıyevə müraciət etmişdir. Məktubda həmçinin bildirilirdi ki, həmin məktəbdə müsəlman ailəsinin tələblərinə cavab verəcək əl işləri və evdarlıq da tədris olunacaqdır. Əgər Bakıda müsəlman qadın məktəbinin açılmasına H.Z.Tağıyevin razılığı olarsa, həmin məktəb İmperiya ərazisində müsəlman qızlar üçün ilk məktəb olacaq və həmin məktəbə Alihəzrət Böyük knyaz Olqa Nikolayevnanın adının verilməsinə dair onun yazacağı razılıq cavabının yubadılmadan Qafqaz Tədris Dairəsinin Qəyyumuna çatdırılması H.Z. Tağıyevdən xahiş edilirdi.
Yeri gəlmişkən, qeyd edək ki, XIX əsrin ikinci yarısından etibarən Bakıda bir neçə qadın məktəbi, o cümlədən müqəddəs Nina qadın məktəbi, Bakı Mariin qadın gimnaziyası fəaliyyət göstərirdi. Lakin həmin məktəblərdə tədris yalnız rus dilində aparılırdı. Doğma Azərbaycan dilində qız və qadınlar üçün hər hansı bir təhsil ocağı mövcud deyildi. Qadınların təhsilli olmasının vacibliyini yaxşı anlayan və bunu ürəkdən arzulayan H.Z.Tağıyev azərbaycanlı qızların dünyəvi qadın təhsili ala bilməsi üçün müvafiq məktəbin açılması və həmin məktəbin saxlanılmasına görə 150.000 min rubl ödəyəcəyi haqqında öz təklifini 1896-cı ilin aprelin 24-də Qafqaz Tədris Dairəsinə təqdim etmişdir. Onun tərəfindən belə bir təklif Xalq Maarif Nazirliyinə də təqdim edilmişdir. Bu barədə Qafqaz Tədris Dairəsinin Qəyyumu K.P. Yanovskinin H.Z. Tağıyevə Tiflisdən yazdığı 29 aprel 1896-cı il tarixli 3499 saylı məktubunda qeyd edilib. Tarixi mənbələr təsdiq edir ki, Bakıda müsəlman qızlar üçün məktəbin yaradılması heç də asanlıqla başa gəlməmiş və bu iş xeyli vaxt tələb etmişdir.
Qafqaz Tədris Dairəsinin Qəyyumu K.Yanovski 1897-ci il aprelin 8-də H.Z.Tağıyevə göndərdiyi məktubda qeyd edirdi: "Əlahəzrət Hacı Zeynal Abdin. Mənim, H.Z.Tağıyevin irəli sürdüyü şərtlər daxilində Bakı şəhərində rus-tatar qadın məktəbinin yaradılmasına Xalq Maarif Nazirliyi tərəfindən icazənin verilməsi haqqında xahişimin nəticəsi olaraq cənab Xalq Maarif Naziri bildirdi ki, sizin təklif etdiyiniz aşağıdakı şərtlərlə Bakıda rus-tatar qadın məktəbinin yaradılmasına heç bir maneə yoxdur:
1. Qadın məktəbi - müsəlman ailələrinin tələblərinə uyğun olaraq əl işlərini və evdarlığı tədris edən əlavə şöbə də daxil olmaqla, Qafqaz Tədris Dairəsinin birsinifli məktəb tipində olmalıdır.
2. Məktəbin nəzdində məktəbdə tərbiyə olunan ən azı 20 nəfər azərbaycanlı qız üçün nəzərdə tutulan pansion olmalıdır; ola bilsin ki, qəbul olunaraq pulsuz təhsil alan, ştatdan əlavə gəlib-gedən pansionçular da olsun.
3. Məktəbdə çalışan bütün tərbiyəçilərin və xidmətçilərin dini məzhəbi müsəlman olmalıdır.
4. Məktəbin Fəxri Qəyyumu – məktəbin təsisçisi Hacı Zeynalabdin Tağıyevdir, o, dünyasını dəyişdiyi halda - bu hüquq irsi halda onun böyük oğluna və böyüklük qaydasında onun nəslinə keçir.
5. Məktəbin Qəyyumluq Şurasına aşağıdakılar daxildir: Məktəbin fəxri qəyyumu; Bakı Şəhərinin başçısı; Quberniya Qazisi; Bakı quberniyası Xalq məktəbləri direktoru; Bakı Mariin qız məktəbinin rəisi və fəxri müsəlmanlardan Bakı Şəhər Dumasına seçilmiş üç nəfər.
6. Qəyyumluq Şurası şagirdlərin təhsil və pansionun saxlanması haqlarını müəyyən edir, məktəbin genişləndirilməsi və böyüməsinin qayğısına qalır; xidmətçilərə və kasıb şagirdlərə geyim və tədris vəsaitlərinin əldə edilməsi üçün vəsait ayırır;
7. Məktəbin və pansionun saxlanılması üçün Zeynal Abdin Tağıyevin yatırdığı kapitaldan daxil olan faizlərdən; könüllü ianələrdən, əgər təyin etdirmişdirsə, Bakı şəhərinin büdcəsindən daxil olan vəsaitlərdən; konsertlərdən, qonaqlıqlardan və s. daxil olmuş pullardan istifadə olunur.
Bakı quberniyası xalq məktəblərinin direktoru A.S.Tixorjevski 1898-ci il iyulun 18-də Bakıdan Qafqaz Tədris Dairəsinin Dəftərxanasına göndərdiyi məktubda bildirirdi: "Cən.Tağıyev olmadığına görə, onun rəisi K.A. Uriskiyə müraciət etmiş və o, bildirmişdi ki, cən. Tağıyev Dövlət Bankının Bakı filialında etdiyi ödənişlərin qəbzlərini də əlavə edərək məktəbə "Aleksandrinski” adının verilməsi xahişi ilə iyulun 18-də müsəlman qadın məktəbinin nizamnaməsinin layihəsini Qəyyuma artıq təqdim etmişdir. Nizamnamənin layihəsi təsdiq edildikdən sonra o, məktəb binasının tikilişinə başlayacaqdır.”

Tağıyevin mənzilində keçirilən ilk iclas

Bakıda yaradılacaq müsəlman qadın məktəbinin nizamnaməsinin layihəsi 1898-ci il mayın 16-da təsdiq edilmişdir. Nizamnamənin layihəsi təsdiq edildikdən sonra H.Z. Tağıyev məktəb binasının layihəsinin işlənməsini polşalı arxitektor İozef Qoslavskiyə tapşırmışdı. Məktəbin binasının tikilişi iki il ərzində davam edərək 1900-cü ildə başa çatdırılmış və həmin bina 864 kvadrat sagen yer tutaraq H.Z.Tağıyevə 184.000 rubla başa gəlmişdir. Bakı qadın rus-müsəlman məktəbinin Qəyyumluq Şurasının sədri H.Z. Tağıyev 1900-cü il aprelin 23-də Bakı quberniyası xalq məktəblərinin direktoru A.S. Tixorjevskiyə məktub göndərərək , onu, İmperatritsa Aleksandra Fedorovnanın adını daşıyan rus-müsəlman qadın məktəbinin Qəyyumluq Şurasının aprelin 24-də axşam saat 8-də onun evində keçiriləcək ilk iclasına dəvət etmişdir. Qeyd edək ki, Bakı Aleksandrinski rus-müsəlman qadın məktəbinin Qəyyumluq Şurasının sıralarında Əli Mərdan bəy Topçubaşov, Həsən bəy Məlikov və A. Tixorjevski kimi görkəmli şəxslər də yer almışdılar. Məktəbə müsəlman qadın müəllimə və pedaqoqların işə qəbul edilməsi məsələləri daim diqqət mərkəzində olmuşdur. Bakı Aleksandrinski rus-müsəlman qadın məktəbinin Qəyyumluq Şurasının sədri H.Z. Tağıyev Qəyyumluq Şurasının iyunun 25-də keçirilmiş iclasının qərarına əsasən, aşağıda qeyd olunan şəxslərin, o cümlədən Tiflis müq. Nina qadın məktəbinin altı sinfini 8 iyul 1900-cü ildə bitirərək 810 saylı şəhadətnamə əldə etmiş Hənifə xanım Məlikova; Vilensk qadın gimnaziyasını bitirərək 299 saylı attestat əldə etmiş Mariya Sulkeviç və 11 dekabr 1900-cü ildə Zaqafqaziya Sünni Mənəvi İdarəsi tərəfindən verilmiş 1490 saylı attestatla molla rütbəsinə layiq görülmüş Əsma Soltan xanım Məmməd Əmin Əfəndi qızının müvafiq vəzifələrə təsdiq edilməsi haqqında Bakı quberniyası və Dağıstan vilayətinin xalq məktəbləri direktoru A.S.Tixorjevskiyə məktubla müraciət etmişdir. 1902-ci ilin məlumatına görə, həmin dövrdə Məktəbin Qəyyumluq Şurasının sədri H.Z. Tağıyev, şuranın üzvləri A.M.Topçubaşov, M. Latkina, H.b.Məlikov, S.V. Məlikova, S.A.Txorjevski və F.Vəzirovdan ibarət olmuşdur. Məktəbin Qəyyumluq Şurasının 9 may 1902-ci il tarixli qərarı ilə şuranın sədr müavini H.Z.Tağıyevin arvadı S.V.Tağıyeva seçilmişdir.

Müəllim qıtlığı necə həll edildi?

Tağıyevin yorulmaz səyləri nəticəsində məktəbin normal fəaliyyətinin təmin edilməsi məqsədilə aktual sayılan müəllim qıtlığı məsələsini qismən də olsa həll etmək mümkün olmuşdur. H.Z.Tağıyev türk dili müəllimi çatışmadığı haqqında qəzet vasitəsi ilə müsəlman müəllimələrə müraciət etmiş və bu çağırışa səslənən Hənifə xanım Məlikova, Rəhilə xanım Terequlova, Məryəm xanım Culikeviç Bakıya gəlmişlər. H. Z. Tağıyevin maarifçilik fəaliyyətinin şanlı səhifəsi kimi milli təhsil tariximizə daxil olan qız məktəbində təhsil əvvəl dördillik idi, 2 ildən sonra beşillik, daha sonra isə altıillik oldu. H.Z. Tağıyev, Bakıda müsəlman qızlar üçün açdığı məktəbin nəzdində ikiillik pedaqoji kursların açılmasına da nail olmuşdur. Belə ki, 1913-cü il fevralın 5-də H.Z.Tağıyev Bakı quberniyası və Dağıstan vilayəti xalq məktəbləri direktoruna ərizə ilə müraciət etmişdir. Həmin müraciətdə qeyd edilirdi: ” Mən, Romanovlar səltənətinin 300 illiyi kimi qarşıdan gələn fərəhli hadisəni rus müsəlmanlarının öz yurddaşları ilə yaxınlaşdırılmasına xidmət edə biləcək bir işlə qeyd etmək istəyirəm. Düşünürəm ki, bu işə yaxşı bir töhfə kimi Bakı Aleksandriyski qadın rus-müsəlman məktəbinin nəzdində ikiillik pedaqoji kursların açılması ola bilər. Bu məqsədlə mən yüz min rubl ayırıram və xahiş edirəm ki, hazırlanmış nizamnamə əsasında İmperatritsa Aleksandra Fyodorovnanın adını daşıyacaq ikiillik kursların açılmasına icazə verilsin”.
Aleksandriski qadın rus-müsəlman məktəbinin qəyyumluq şurasının sədri H. Z. Tağıyevə 1915-ci il aprelin 4-də göndərilmiş 1201№li məktubda bildirilirdi ki, Qafqaz tədris dairəsi Popeçitelinn 10 aprel 1913-cü il tarixli, 8457№-li təklifi ilə müsəlman qızlar üçün Aleksandriyski məktəbinin nəzdində ikiillik kursların açılmasına icazə vermişdir. Beləliklə, ibtidai məktəbdə müəllimələrin hazırlanması üçün nəzərdə tutulan kurslar açıldı.
Qeyd edək ki, Azərbaycanda milli ziyalı qadın təbəqəsinin yaranmasında, maarifçilik tariximizdə dünyəvi qadın təhsilinin inkişafında, Azərbaycan qadınının dünyəvi təhsil almasında H.Z.Tağıyevin təşkil etdiyi ilk müsəlman qız məktəbinin əhəmiyyətli xidmətləri olmuşdur. Bu məktəbi bitirən onlarla azərbaycanlı qızlar sonrakı dövrlərdə, xüsusilə müstəqillik illərində millətimizin mədəni tərəqqisində, Azərbaycan Xalq Cümhuriyyətinin təhsil siyasətinin həyata keçirilməsində yaxından iştirak etdilər.
Keçmiş Rusiya İmperiyasında müsəlman qızlar üçün ilk dəfə olaraq H.Z.Tağıyev tərəfindən Bakıda açılmış məktəbin fəaliyyəti daşnak-bolşevik dəstələri tərəfindən 1918-ci ilin martında azərbaycanlılara qarşı törədilmiş Bakı qırğını zamanı dayandırılmışdır. Cümhuriyyət dövründə də bu məktəbi bərpa etmək mümkün olmadı. Lakin bütün bunlara baxmayaraq, danılmaz bir faktdır ki, ötən əsrin əvvəllərində yetişən ziyalı Azərbaycan qadınlarının böyük əksəriyyətini bu məktəbin pedaqoqları və məzunları təşkil etmişdir.
Dövrünün tanınmış iri sənayeçisi, məşhur xeyriyyəçi-mesenat H.Z. Tağıyevin ölkəmizdə qadınların təhsilə cəlb edilməsi, qadınlar arasında savadsızlığın və geriliyin aradan qaldırılması sahəsində gördüyü son dərəcə əhəmiyyətli işlər xalqımız tərəfindən heç vaxt unudulmur, daim böyük hörmət və ehtiramla yad edilir.

Rafiq Səfərov, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin baş məsləhətçisi
banner

Oxşar Xəbərlər