• cümə, 29 Mart, 09:38
  • Baku Bakı 5°C

Lənkəranda III Çay, Çəltik, Sitrus Festivalı keçiriləcək

18.11.19 18:25 2706
Lənkəranda III Çay, Çəltik, Sitrus Festivalı keçiriləcək
Ta qədimlərdən payıza bolluq-bərəkət fəsli deyilib, toy-düyün mağarları bu fəsildə qurulub,bayram yığnaqları ilin bu çağına salınıb. Ruzinin bol olduğu bu bərəkətli fəslin Lənkəranda öz gözəlliyi var. Mübaliğəsiz deyirəm, payız dünyanın heç yerində Lənkərandakı kimi füsunkar , ecazkar deyil. İnanmırsınız? Gəlin, görün, bu gözəlliyə şahid olub təbiətdən zövq alın, ürəkdolusu sevinin. Biz lənkəranlılar diyarımızın min çeçidli nemətlərini paylaşmağa hazırıq.Cənub qonaqpərvərliyi, istiqanlığı ifadəsi boş yerə deyilməyib ki?Dünyanın cənnət mənzərəsini seyr etmək ,nemətlərindən dadmaq üçün elə bu bazar günü yolunuzu bizim cənnətməkan - Xan Lənkərandan salsanız , çox şey qazanaqcaqsınız!...Qızılı payızın qızılı-kəhrəbalı ahəngini,təbiətin rənglər harmoniyasının sehrini gözlərinizlə görəcək, könlünüzcə olan bir bayrama şahidlik edəcəksiniz.
Yol boyu görəcəyiniz narıngi, limon plantasiyalarının kəhrəba sarılığı, sitrus məhsullarının xoş rayihəsi ağzınızı sulandıracq. Narıngi qoxusunun limon ətrinə qarışdığı bu məkana səfər etməklə payızın dadını çıxaracaqsınız. Yerli Lənkəran çayından dəmlənmiş məxməri çayı da bayram günü sizlərdən kimsə əsirgəməz.Çəltik biçini başa çatdığından, yerli düyülərdən bişirilmiş növbənöv plovlar da festivalın bayram süfrəsini bəzəyəcək. Arif olsanız ətrindən bilərsiniz ki, daddığınız plovların hansı "Sədri”, hansı "Haşimi”, hansı "Akulə” düyüsündən bişirilib.
Bu il şükürlər ki, hər sahədə bolluqdur. Yaradan bərəkət süfrəsini bu diyarda sərib.Çəltik məhsulu da boldur, yaşıl çay da, sitrus da. Barın ağırlığından yerə baş qoyan meyvə ağaclarını görəndə ixtiyarsız "maşallah” deyəcəksiniz...
Bayram gününü bayram ovqatında keçirmək istəyənlər,noyabrın 24-də Lənkəran Şəhər İcra Hakimiyyəti və "Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçiriləcək ənənəvi "III Çay, Çəltik, Sitrus Festivalı”nı qaçırmayın! Səhər saatlarında şəhərin Heydər Əliyev xatirə parkından başlayacaq festivalın ötən illərdə olduğu kimi günboyu davam edəcək.
Tədbirin təçkilatçıları qonaqlara, iştirakçılara maraqlı,rəngarəng bayram tədbiri vəd edir.Bayramın proqramı ilə tanış olun:Azərbaycanın dövlət atributları və Lənkəranın simvolunu əks etdirən fotostendlərlə bəzədiləcək parkda "Çayımızın dadı var”, "Süfrələrin bəzəyi - Lənkəranın düyüsü”, "Sitrus bağlarının möcüzəsi”, "Gözəlliyi damla-damla topladıq”, "Qonaq evin ruzi-bərəkətini artırar” "Lənkəranın şirnisi-ağız dadımız”, "Cənnət görmək istəyən Lənkərana gəlsin” və digər pavilyonlar quraşdırılacaq, bəzəkli vitrinlərdə Lənkəranda istehsal olunan çay, çəltik, sitrus, digər növ ərzaq və sənaye məhsulları, xalq sənətkarlığı nümunələri nümayiş etdiriləcək, yerli müəssisələr, fermerlər, turizm obyektləri tərəfindən iştirakçılar üçün təbii çay və müxtəlif şirniyyatlardan, çərəzlərdən ibarət çay dəstgahı təşkil olunacaq. Bundan başqa festival iştirakçılarına rayonun ən bacarıqlı və təcrübəli aşpazlarının yüksək keyfiyyətli yerli düyü sortları olan "Haşimi”, "Sədri”, "Appolla” "Campo” və s. düyülərindən bişirdikləri 50 növdən çox plov, eyni zamanda Lənkəran mətbəxinin məşhur ləvəngisindən hazırlanmış xörəklər və müxtəlif çeşidli kabablar təqdim olunacaq.
Yeri gəlmişkən, cənub mətbəxinin ləziz-dadlı təamlarından olan çöl quşlarından hazırlanmış çölmək kabablarını da festival günü dadmaq şansınız olacaq.Bu şansı qaçırmayın, bu bayramı qaçırmayın!Əsl bayram, payız ovqatına köklənmək,maraqlı,qeyri-adi bazar günü keçirmək istəyirsinizsə,dünyanın ən dilbər güşəsi, ən qonaqpərvər məkanı olan Xan Lənkərana gəlin,festivalımıza qatılın. Bazar gününü,24 noyabr tarixini ömrünüzün payız nağılına çevirin! Gözləyirik!


banner

Oxşar Xəbərlər