• çərşənbə axşamı, 19 mart, 13:48
  • Baku Bakı 8°C

2010-2020-ci illər incəsənət sahəsində çoxsaylı tədbirlərlə, mühüm hadisələrlə yadda qalıb

05.08.21 16:00 437
2010-2020-ci illər incəsənət sahəsində çoxsaylı tədbirlərlə, mühüm hadisələrlə yadda qalıb
Ötən on ildə Azərbaycanda yüzlərlə mədəni tədbir təşkil edilib və Bakıda 10-dan çox ölkənin mədəniyyət günləri keçirilib

Son 10 ildə ölkəmizdə bütün sahələrin dinamik inkişafı uğurla davam edib. Yaradılmış işgüzar mühit, mədəniyyət sahəsində də bir sıra böyük layihələrin reallaşmasına şərait yaradıb, Azərbaycanın dünya ölkələri arasında mövqeyinin güclənməsində əhəmiyyətli rol oynayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin gərgin əməyi, təşəbbüskarlığı, qətiyyətli qərarları ilə arzu olunan mütərəqqi işlərin reallığa çevrilməsi uğurla və ardıcıl olaraq davam edib, ötən illərlə müqayisədə nəzərəçarpacaq irəliləyişlər əldə olunub. Ölkə Prezidentinin mədəniyyət sahələrinə dair imzaladığı fərman və sərəncamlar, verdiyi göstəriş və tapşırıqlar, irimiqyaslı mədəniyyət və turizm layihələrinin dövlət tərəfindən yaxından dəstəklənməsi uğurlu nəticələrin əsas bazasına çevrilib.
AZƏRTACxəbər verir ki, 2010-2020-ci illər incəsənət sahəsində çoxsaylı tədbirlərlə, mühüm hadisələrlə yadda qalıb.
Bu illər ərzində Mədəniyyət Nazirliyi tərəfindən ölkə daxilində və onun hüdüdlarından kənarda 500-ə yaxın dövlət əhəmiyyətli tədbir keçirilib, Azərbaycan incəsənət ustalarının dünyanın ən müxtəlif ölkələrinə səfərləri təşkil edilib, ölkə daxilində və xaricdə müxtəlif təsviri və tətbiqi sənət sərgiləri nümayiş etdirilib.
Bu illər ərzində Azərbaycan incəsənət ustalarının dünyanın ən müxtəlif ölkələrinə səfərləri təşkil edilib, ölkə daxilində və xaricdə müxtəlif təsviri və tətbiqi sənət sərgiləri keçirilib, teatr tamaşaları nümayiş olunub.
2010-2020-ci illər ərzində Misir, İran, Mərakeş, Çin, Qətər, İordaniya, Küveyt, Qazaxıstan, Türkiyə, Moldova və digər ölkələrdə Azərbaycan Mədəniyyət Günləri keçirilib. Bu tədbirlərdə çıxış edən ifaçılarımız və musiqi kollektivləri Azərbaycan mədəniyyətini, incəsənətini yüksək səviyyədə təbliğ ediblər. Həmçinin ötən dövrdə Azərbaycanda da İran, Qazaxıstan, Küveyt, Çin, Moldova, Misir və Türkiyənin mədəniyyət günləri təşkil olunub.
Eyni zamanda bu dövrdə Fransanın regionlarında Azərbaycan mədəniyyətini, tarixini, bütövlükdə ölkəmizi tanıtmaq məqsədilə Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilən "Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” layihəsinin yekun tədbiri kimi Kann şəhərində silsilə tədbirlər keçirilib.
Ötən 10 illik dövr Azərbaycan teatrı üçün də yaddaqalan olub. Belə ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramının icrasını təmin etmək məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən Azərbaycan teatrının zəngin bədii irsinin və yaradıcılıq ənənələrinin qorunması, bəşəri dəyərlərin təbliği, teatrların maddi-texniki bazalarının modernləşdirilməsi, informasiya və maliyyə resurslarından səmərəli istifadə edilməsi, günün tələblərinə uyğun repertuarların formalaşdırılması istiqamətində əhəmiyyətli tədbirlər təşkil olunub. Azərbaycan Dövlət Akademik Musiqili, Azərbaycan Dövlət Akademik Milli Dram, Azərbaycan Dövlət Akademik Rus Dram, Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrları İran, Türkiyə, Ukrayna, Belarus, Gürcüstan və digər ölkələrdə keçirilən beynəlxalq teatr festivalında ölkəmizi layiqincə təmsil ediblər. Hətta bölgə teatrları da bu işdən kənarda qalmayıb. Lənkəran Dövlət Dram Teatrı Türkiyənin Dənizli şəhərində keçirilmiş Beynəlxalq Teatr Festivalında, Azərbaycan Dövlət Kukla Teatrının yaradıcı heyəti Hindistanın Nyu-Dehli şəhərində keçirilmiş ənənəvi XII İşara Beynəlxalq Kukla Teatrları Festivalında, Qax Dövlət Kukla Teatrının kollektivi Rusiyanın Həştərxan vilayətində keçirilmiş "Kaspiyskiy bereq” adlı IV Beynəlxalq Kukla Teatrları Festivalında ölkəmizi layiqincə təmsil edib.
Ötən dövr həm də teatrlarımız üçün müasir standartlara cavab verən yeni binaların istifadəyə verilməsi ilə yadda qalıb. "Azərbaycan teatrı 2009-2019-cu illərdə” çərçivəsində Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla, S.Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram, Azərbaycan Dövlət Gənc Tamaşaçılar, Azərbaycan Dövlət Akademik Milli Dram, Mingəçevir, Ağdam və Füzuli, Şuşa Dövlət Dram teatrlarının binalarında yüksək səviyyədə təmir-bərpa və yenidənqurma işləri apararaq tamaşaçıların ixtiyarına verilib.
"Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı çərçivəsində Bakıda Beynəlxalq Teatr Konfransları təşkil olunub. Bu konfranslarda dünyanın 50-dan çox ölkədən yüzlərlə rejissor, aktyor, baletmeyster, prodüser, rəssam, teatr tənqidçiləri, alimlər fikir mübadiləsi edərək, mövcud problemlər ətrafında müzakirələr aparıblar.
Ötən bu dövr ərzində Azərbaycan Rəssamlar İttifaqının V.Səmədova adına sərgi salonunda, Dövlət Rəsm Qalereyasında, Muzey Mərkəzində müxtəlif sərgilər açılıb. Nazirlik tərəfindən Azərbaycan rəssamlarının 20 Yanvar, Xocalı faciələrinə və 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş əsərləri təşkil edilib. Nazirliyin tabeçiliyində fəaliyyət göstərən rəsm qalereyalarının fəaliyyətinin səmərəliliyinin artırılması, bölgələrdə mədəni mühitin rəngarəng tədbirlərlə zənginləşməsi, əhalinin mədəni istirahətinin təşkili, Azərbaycan rəssamlarının yaradıcılığının təbliği, gənc nəslin rəssamlıq sənətinə olan marağının artırılması məqsədilə "Paytaxtdan bölgələrə” adlı layihə reallaşdırılıb. Bakıda ilk dəfə Beynəlxalq Kukla Teatrları Festivalı keçirilib. Festivalda 15 ölkədən 21 kukla teatrı iştirak edib. Həmçinin 12 dövlət və 2 xarici teatrın iştirakı ilə Şəkidə I Beynəlxalq Teatr Festivalı keçirilib.
Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə "Muğam aləmi”, Üzeyir Hacıbəyli, Qara Qarayev, Rostropoviç adına beynəlxalq festivalları, Qəbələ Musiqi Festivalı təşkil olunub.
2010-2020-ci illər paytaxtımız həm də mədəni dialoqun əsas mərkəzlərindən biri kimi çıxış edib. Bakıda dünya əhəmiyyətli Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilib. Forumun əsas tərəfdaşları qismində UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, ISESCO, BMT-nin Ümumdünya Turizm Təşkilatı kimi beynəlxalq qurumlar çıxış ediblər.
2020-ci ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi, iş mexanizmində operativliyin təmin edilməsi, idarəçilik metodologiyasının modernləşdirilməsi, tabeliyindəki müəssisələrin iş prinsiplərinin müasirləşdirilməsi və bütün sistem üzrə koordinasiyanın qurulması məqsədilə "Mədəniyyət Nazirliyinin İnstitusional İslahatlarının icrasına dəstək Proqramı” hazırlanıb. Proqram mədəniyyət sahəsinin müxtəlif istiqamətləri üzrə qabaqcıl beynəlxalq təcrübəyə əsaslanan 16 layihədən ibarətdir.
"Mədəniyyət Nazirliyinin İnstitusional İslahatlarının icrasına dəstək Proqramı” çərçivəsində "Azərbaycan Respublikasının Mədəniyyət Strategiyası”nın hazırlanmasına başlanılıb, yeni strategiyaya uyğun olaraq restrukturizasiya, nazirliyin insan resurslarının inkişafı sisteminin qurulması və idarə olunması, idarəçilikdə səmərəliliyin yüksəldilməsi, dövlət-özəl tərəfdaşlıq və autsorsinq idarəetmə modellərinin, davranış mədəniyyəti, milli geyim və milli ritm standartlarının hazırlanması, tabelikdə olan bir sıra müəssisələrin funksionallığının artırılması və dövlət büdcəsindən asılılığının aradan qaldırılması məqsədilə publik hüquqi şəxs statusunda fəaliyyət göstərməsi və digər istiqamətlər üzrə müvafiq tədbirlər həyata keçirilib.
2020-ci ildə COVID-19 infeksiyasının yaratdığı problemlər mədəniyyət sahəsindən də yan ötməyib. Buna baxmayaraq, mədəniyyət sahəsində müasir çağırışlar nəzərə alınaraq bu istiqamətdə işlər günün tələbləri səviyyəsində qurularaq davam etdirilib.
banner

Oxşar Xəbərlər