1960-90-cı illərin mətbuatında demokratik meyillər

Tədqiqatçıları bu mətbu orqanların
hər birini tədqiqata cəlb etməli, onların əldə etdiyi müsbət nəticənin elmi əhəmiyyətini
açıqlamalıdırlar
20-ci
yüzilliyin 70 ildən artıq dövrü sovet mətbuatının fəaliyyət göstərdiyi illərə təsadüf
etsə də, bu dövrün də xüsusi yeri var. Bu da faktdır ki, sovet gerçəkliyində
yaşadığımız yetmiş ildə milli düşüncənin yaranmasında, yaşanmasında və təbliğində
ədəbiyyatımızla yanaşı, mətbuatımızın da böyük rolu olub. Xüsusən də son 30 il
(1960-1990-cı illər) bu mənada birmənalı təsdiq olunsa da, əvvəlki 40 ilin də
üstündən keçmək düz olmaz.
"Mətbuat
əsasən sovet təbliğat maşınının "təkərciyinə və vintciyinə” çevrilsə də, bu heç
də o demək deyil ki, sovet dönəmində Azərbaycan jurnalistikası heç nə qazanmayıb
və heç nəyə nail olmayıb. Məsələn, mətbuatın kütləviliyi, onun dilinin,
üslubunun daha da təkmilləşməsi, peşə sənətkarlığının artırılması və s. Lakin kəmiyyət
göstəriciləri etibarı ilə müəyyən uğurlar əldə olunsa da, jurnalistikanın
funksiyaları, prinsipləri, dəyərləri baxımından geriləmələr də olub. Bu da
ondan irəli gəlirdi ki, Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra mətbuatın
inkişafı daha çox partiyalı mövqe ilə bağlı idi.
Amma "Azərbaycan
gəncləri”, "Molodyoj Azerbaydjana”, "Bakı”, "Baku” kimi tanınmış mətbuat
orqanlarında kommunist ideologiyası ilə bağlı məsələlərlə yanaşı, respublikanın
iqtisadi, elmi, mədəni inkişafının problemləri də öz əksini tapırdı. Xalqın həyatının
işıqlandırılmasında, ideoloji buxovların mövcudluğuna baxmayaraq, öz səhifələrində
qismən də olsa müxalif fikrə də yer verən, o dövr üçün doğrudan da vətənpərvər
ruhlu məqalələr dərc edən mətbuat orqanlarının milli şüurun və özünüdərkin
formalaşdırılmasında böyük rolu olmuşdur.
Bu
qəzetlərin xalqımızın dil, ədəbiyyat və mədəniyyətinə həsr etdiyi, azərbaycançılıq
ideyasına xidmət edən yazıları (onlar çox az olsa da, var) bu gün də aktual
olaraq qalır və totalitar rejim şəraitində belə Azərbaycan jurnalistikasının
mövqeyini nümayiş etdirib. Sovet hakimiyyəti illərində Azərbaycan mətbuatı
kommunist ideologiyasının güclü təsiri altında fəaliyyət göstərsə də, nisbətən
öz milli varlığını qoruyub saxlamağa çalışmış, əldə etdiyi zəngin ənənələri
davam etdirərək respublikanın ictimai-siyasi həyatında fəal rol oynamışdır. Az
da olsa milliliyi, xəlqiliyi qoruyub saxlamağa çağırış var idi. Məsələn, Səməd
Vurğun "Biz və tarixi keçmişimiz” adlı məqaləsində yazırdı: "Tarixin uzaqlarına
getdiyimiz zamanda belə, yenə öz əsrimizin övladı olduğumuzu unutmamalıyıq”.
Məhz
bu dövrdə mətbuatımızın coğrafiyası və ifadə vasitələri genişlənərək
respublikanın ictimai-siyasi həyatının demək olar ki, bütün sahələrini əhatə
etmişdir. 1970-80-ci illərdə Azərbaycan tənqidində ideya-estetik təhlil
bütövlüyünə meyl güclü olmuş, müasir bədii fikrin hərəkət və ritmində duyulan ən
yeni keyfiyyətləri izləmək, təhlil və qiymətləndirmək əsas yer tutmuşdur.
Doğrudur,
1960-70-ci illərdə sosializm xeyli dərəcədə zəifləsə də, mövcudluğunu qoruyub
saxlayırdı. Ölkənin siyasi olimpində və milli respublikalarda gedən proseslər
ona müəyyən zərbə vursa da, hələ onu qoruyub saxlayan siyasi sistem qalırdı.
1972-ci
ildə Sov.İKP Mərkəzi Komitəsinin "İctimai elmləri inkişaf etdirmək, onun
kommunizm quruculuğundakı rolunu artırmaq tədbirləri haqqında” qərarı humanitar
elmlərin həm inkişafına, həm də tədqiqinə təkan verdi. 1960-cı illərin sonu
70-ci illərin əvvəllərindən başlayaraq Azərbaycan mətbuat tarixinin tədqiqi yeni mərhələyə
qədəm qoydu. Həmin dövrün tədqiqi həm ayrı-ayrı yazarların həyat və yaradıcılığının
öyrənilməsinə, həm də ədəbi mühitin problemli məsələlərinin tədqiqinə həsr
edilib. Amma hələ də milli həyatla inqilabi düşüncə arasında təzad problemi,
iki zidd siyasi ideologiyanın müsavat və bolşevizmin-birincinin əksinqilabçı,
soyğunçu, ikincinin isə əksinə, sosial rifah və "milli azadlıq” vəd edən
quruluş kimi təbliğ edən əsərlər yazılmaqda idi. Əfsus ki, bu hal
akademik səciyyəli tədqiqatlarda, habelə bir çox kollektiv monoqrafiyalarda, dərsliklərdə, dərs
vəsaitlərində davam edirdi.
Məsələn,
1973-cü ildə ölkənin görkəmli akademiklərindən İ.A.Hüseynovun, M.A.Dadaşzadənin,
Z.İ.İbrahimovun, P.Ə.Əzizbəyovanın, Ə.N.Quliyevin və Ə.S. Sumbatzadənin redaktəsi
altında hazırlanan "Azərbaycan tarixi” (üç cilddə, birinci cild. Elm nəşriyyatı.
Bakı, 1973) dərsliyində 1917-ci ilin mart ayından 1937-ci ilin sonlarına kimi
olan dövr əhatə edilir. Dərslikdə mətbuat haqqında "Kütləvi-mədəni iş və mədəni-maarif
işi Mətbuat” adlı bölümdə (cəmi 1-2 səhifədə), qısa şəkildə məlumat verilib. "1922-ci
ildə Azərbaycan mətbuatı kəmiyyət və keyfiyyət baxımından Zaqafqaziyada birinci yeri tuturdu” söyləyən
akademiklərimiz, birinci yerdə daha çox rus və ermənidilli mətbuatın fəaliyyətini
xüsusi vurğulayıblar: "Azərbaycan zəhmətkeşlərinin kommunist tərbiyəsində,
onların siyasi şüurunu və əmək fəallığını yüksəltməkdə respublika qəzetləri,
xüsusən AK (b) P Mərkəzi və Bakı komitəsinin orqanı olan "Bakinskiy Raboçiy” və
"Kommunist” (erməni dilində) qəzetləri böyük rol oynayırdılar”. Çox təəssüf
ki, bu fikir Azərbaycanda 1920-40-cı illərdə necə yanlış təbliğ edilirdisə,
1970-80-ci
illərdə də bəzi tədqiqatlarda davam edirdi.
Sovet
dövrü tədqiqatlarında yalnız "burjua mətbuatı” adı ilə qamçılanan "Kaspi” qəzetinin
tədqiqinə nisbətən obyektiv olaraq, ilk dəfə 1970-ci illərdən başlanmışdır. Bu
sahədə ilk addım atanlardan biri də tədqiqatçı alim Səmayə Mövlayevadır.
S.Mövlayevanın "Rus və Azərbaycan mədəniyyətinin "Kaspi” qəzetində təbliği”
adlı istisnalıq təşkil edən monoqrafiyasında "Kaspi”nin nəşri, redaktorları, əsas
müəllifləri, məramı, Azərbaycan və rus mədəniyyətinin təbliğində oynadığı mühüm
rol, mətbuat tariximizdəki mövqeyi qismən ətraflı, obyektiv şəkildə tədqiq
olunmuş, dəyərli mülahizələr söylənilmişdir”.
S.Mövlayevadan
əvvəl də qəzetin tarixi, fəaliyyəti, ictimai rolu, əhəmiyyəti haqqında
K.Talıbzadə, Ə.Mirəhmədov, N.Axundov, Ş.Qurbanov, S.Lukyanova və başqa tədqiqatçılar
fikirlərini, mülahizələrini bildirmişlər. Lakin sovet dövründə aparılmış həmin
tədqiqatlarda "Kaspi” qəzetinin fəaliyyəti, mətbuat tariximizdəki yeri
xalqımızın milli mənafeyi baxımından deyil, sinfi, siyasi və ideoloji mübarizə
mövqeyindən qiymətləndirilmişdir. Azərbaycanda böyük bir jurnalist, publisist
ordusunun yetişməsində mühüm rolu olan, məhz bu xüsusiyyətlərinə görə "Müsəlman
"Kaspi”si
ləqəbini qazanan "Kaspi” qəzeti sovet tədqiqatlarında birmənalı
olaraq tənqid obyektinə çevrilmişdir. "İctimai əhəmiyyət kəsb edən hər hansı
fakta bu cür yanaşma nöqsandır. Optimal variant bu cür fakt və hadisələrə imkan
daxilində obyektiv qiymət vermək üçün tarixi şəraiti, dövrün mənzərəsini aydın
təsəvvür etmək və onlara bu prizmadan yanaşmaq lazımdır”.
1970-ci
illərin əvvəllərinə nisbətən 1980-ci illərin əvvəllərində Mərkəzdə
ictimai-siyasi mühitdə olduğu kimi, ədəbi-mədəni mühitdə də müəyyən dəyişikliklər
baş verirdi. Azərbaycanda isə bu proses 1980-ci ilin ikinci yarısında özünü
qismən əks etdirsə də, hələ də cəmiyyətdə hakim partiyaya qarşı "sədaqət" (əslində qorxu) hissi hökm
sürürdü.
"Azərbaycan
ədəbiyyatı tarixi”nin ikinci cildində məşhur xeyriyyəçi, Azərbaycan mədəniyyətinin,
mətbuatının, maarifinin inkişafında ölçüyəgəlməz dərəcədə xidmətləri olan Hacı
Zeynalabdin Tağıyev haqqında cəmi bir cümlənin yazılmasına görə kitabın bütün
tirajı "həbs edildi”. Bu haqda görkəmli tədqiqatçı alim Əziz Mirəhmədov
yazırdı: "Respublika baş mətbuat idarəsinin rəisi MK-nin birinci katibinə
yazılı məlumat vermişdi ki, mən Azərbaycan mədəniyyəti tarixini təhrif etmişəm.
Nəticədə kitabın bütün tirajını "həbs etdilər” və "zərərli vərəqi” cırıb
götürdülər”.
Yuxarıda qeyd etdiyimiz kimi, artıq
1980-ci illərin sonları Azərbaycanda ideoloji sahənin bütün cəbhələrində olduğu
kimi, mətbuatda da yeniliklə köhnənin mübarizəsi, yaxud köhnənin yeniyə müqaviməti
getdikcə amansız şəkil alırdı. Yeni yaranan milli ruhlu mətbu orqanları
Azərbaycanın azadlıq mücadiləsində yaxından iştirak edərək, onun yaxın tarixini
öz səhifələrində yazdılar. Onlar bu səpkili mövzulara tez-tez müraciət edərək fərdin
və millətin ən böyük sərvəti olan azadlığı, istiqlalı uğrunda mücadilə aparan
tarixi şəxsiyyətlərin mətbu irsinə, yaradıcılığına yeni həyat, nəfəs verir,
bununla da müstəqillik uğrunda mübarizə aparan hərəkat iştirakçılarını mənəvi-ideoloji,
siyasi baxımdan qidalandırırdılar.
Cəmiyyətdə
mövqeyi və mənafeyi, mövcud olan rejimə qarşı yönəlmiş siyasi qüvvələrin
formalaşması və inkişafı Azərbaycanda milli-azadlıq hərəkatının daha fəal hərəkat
müstəvisinə keçməsinə təkan verdi. 1988-ci ilin noyabrından başlayan meydan hərəkatı
təkcə Qarabağ və müstəqillik uğrunda ümumxalq mübarizəsinin başlanğıcı olmadı,
eyni zamanda Azərbaycanda müstəqil mətbuatın yaranmasına səbəb oldu.
Tariximizin,
milli-mənəvi dəyərlərimizin qorunub saxlanmasında, azadlıq arzularımızın gerçəkləşməsində,
ictimai fikrin, milli şüurun formalaşmasında, milli ideologiyanın təşəkkülündə
bu yeni ruhlu mətbuatımız şərəflə mübarizə apararaq istəyinə nail oldu. Odur
ki, Azərbaycan mətbuat tarixi tədqiqatçıları bu mətbu orqanların hər birini tədqiqata
cəlb etməli, onların əldə etdiyi müsbət nəticənin elmi əhəmiyyətini açıqlamalıdırlar
. Çünki həmin illərdə mətbuatımız, sadəcə yeni tarixi mərhələyə daxil olmur, həm
də yeni ruhlu mətbuat nümunələrini yaradaraq müstəqilliyimizin yeni tarixini
yaradırdılar.
Qərənfil Dünyaminqızı,
Əməkdar jurnalist
