• cümə, 26 Iyun, 06:05
  • Baku Bakı 24°C

Aqrar qanunvericilik dəyişdirilir

26.06.26 01:04 26
Aqrar qanunvericilik dəyişdirilir

Torpaq Məcəlləsində, Mülki Məcəllədə, "Daşınmaz əmlakın dövlət kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında", "Torpaq bazarı haqqında" və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanunlarda dəyişiklik edilməsi nəzərdə tutulur.

Aqrar sektorun inkişafı ilə bağlı qəbul edilən Dövlət Proqramına uyğun olaraq bu sahə ilə bağlı qanunvericilik bazasında da ciddi dəyişikliklər edilir. 

Belə ki, Azərbaycanda Torpaq Məcəlləsində, Mülki Məcəllədə, "Daşınmaz əmlakın dövlət kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında", "Torpaq bazarı haqqında" və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanunlarda dəyişiklik edilməsi nəzərdə tutulur. Müvafiq qanun layihəsi Milli Məclisin Aqrar siyasət komitəsinin dünən keçirilən iclasına müzakirəyə çıxarılıb. Sənəd kənd təsərrüfatı təyinatlı torpaqların konsolidasiyası üçün hüquqi baza yaradılmasını nəzərdə tutur.

Aqrar təyinatlı torpaqların konsolidasiyası 

Kənd təsərrüfatı torpaqlarının kiçik hissələrə parçalanması torpaq resurslarından tam istifadəni ciddi şəkildə məhdudlaşdırır. Parçalanma torpağın əkin məqsədilə istifadəsini azaldır, texnikadan səmərəli yararlanmaya maneə törədir, suvarma sistemlərinin effektiv qurulmasını çətinləşdirir, toxum, gübrə və digər aqrotexniki vasitələrdən məqsədyönlü istifadəni zəiflədir. Bunun nəticəsində istehsal xərcləri artır, məhsuldarlıq aşağı düşür, kənd ərazilərinin sosial-iqtisadi inkişafı ləngiyir. Bu sahəyə dair xüsusi hüquqi tənzimlənmənin olmaması isə torpaqların konsolidasiyasının ölkə miqyasında tam həyata keçirilməsinin qarşısını alır. Bu boşluğu aradan qaldırmaq məqsədilə Torpaq Məcəlləsinə yeni 13-2-ci maddə əlavə edilir. Həmin maddə torpaqların konsolidasiyasını kənd təsərrüfatı məqsədilə torpaq sahələrinin mülkiyyətçilərin razılığı və ekvivalent bazar dəyəri əsasında birləşdirilməsi, bölünməsi, sərhədlərinin yenidən müəyyən edilməsi, dəyişdirilməsi nəticəsində mülkiyyət hüquqlarının yenidən rəsmiləşdirilməsi, eləcə də ehtiyacdan asılı olaraq suvarma, meliorasiya, yol, enerji və digər mühəndis-kommunikasiya infrastrukturu üzrə dəyişikliklərin həyata keçirilməsi prosesi kimi müəyyən edir. Konsolidasiya müvafiq icra hakimiyyəti orqanının yaratdığı komissiyanın qərarı əsasında hazırlanan layihə ilə həyata keçirilir. 

Mülki Məcəllədə dəyişiklik

Torpaqların könüllü konsolidasiyasını stimullaşdırmaq məqsədilə Mülki Məcəlləyə yeni 648-1-ci maddə əlavə edilir: kənd təsərrüfatı torpaq sahəsi satışa çıxarıldıqda həmin sahə ilə bilavasitə ümumi sərhədə malik torpaq sahəsi mülkiyyətçiləri həmin sahəni eyni şərtlərlə satın almaqda üstünlük hüququna malik olurlar. Bu norma qonşu torpaq sahiblərinin öz sahələrini genişləndirməsinə, beləliklə konsolidasiyaya təbii bazar mexanizmi vasitəsilə nail olunmasına şərait yaradır.
Miras yolu ilə torpaq parçalanmasının qarşısını almaq üçün 1282-ci maddəyə dəyişiklik edilir: vərəsəlik zamanı kənd təsərrüfatı torpağının bölünməsinə yalnız hər bir hissənin 5 hektardan az olmaması şərti ilə yol verilir. Bölgü mümkün olmadıqda torpaq təsərrüfatla birlikdə satıla, vərəsələr isə paylarını pul şəklində ala bilərlər.

Toxumçuluq sahəsinin iqtisadi əsasları yenilənir 

Dövlət Proqramında nəzərdə tutulan istiqamətlər üzrə aqrar sektorla bağlı digər mühüm məqamlardan biri də "Toxumçuluq haqqında" qanun layihəsidir. Bu layihə də komitədə müzakirə edilib. Bildirilir ki, Azərbaycanda dayanıqlı olmayan kənd təsərrüfatı üsullarının tətbiqi nəticəsində resurs ehtiyatlarının sıradan çıxması, habelə qlobal iqlim dəyişikliklərinin mənfi təsirləri fonunda artan əhalinin ərzaqla təmin edilməsi mühüm vəzifə kimi qarşıda durur. Ərzaq təhlükəsizliyinin təmin edilməsində bitkiçilik məhsullarının istehsalı xüsusi yer tutur ki, bunun üçün də fermerlərin keyfiyyətli toxumla təminatı həlledici əhəmiyyət daşıyır. Toxum istehsalının inkişaf etdirilməsi istehsal xərclərini azaldır, bitkiçilik məhsullarının iqtisadi səmərəliliyini və əlçatanlığını artırır, idxala sərf olunan vəsaitin ölkədə qalmasına imkan verir.

Qanun layihəsi müasir dövrün tələbləri, yeni iqtisadi, nəzarət və dəstək mexanizmlərinin tətbiqi, habelə kənd təsərrüfatı sahəsində aparılan islahatların dərinləşdirilməsi zərurəti nəzərə alınmaqla sahə üzrə normativ hüquqi bazanın təkmilləşdirilməsini hədəfləyir. Layihəyə toxumçuluq fəaliyyəti ilə bağlı bir sıra yeni anlayışlar daxil edilib, mövcud anlayışlar isə mahiyyətinə uyğun olaraq dəqiqləşdirilir. Toxumçuluğun məqsəd və prinsipləri ətraflı şəkildə müəyyən edilib, sahənin obyektlərinin və subyektlərinin dairəsi dəqiqləşdirilib. Eyni zamanda, qanun layihəsində toxumun keyfiyyətinə nəzarət və sertifikatlaşdırmanın beynəlxalq təcrübəyə uyğunlaşdırılması nəzərdə tutulur, toxum müfəttişlərinin səlahiyyət və vəzifələri, toxumların emalı, utilizasiyası, məhv edilməsi, qablaşdırılması və etiketləşdirilməsi prosesləri dəqiq müəyyən edilir. Layihədə nəzərdə tutulan yeniliklərdən biri də məhz elektronlaşma ilə bağlıdır. Belə ki, toxumçuluq sahəsində fəaliyyət göstərən subyektlərin (toxum əməliyyatçılarının) qeydiyyatının elektron şəkildə aparılması prosesin operativliyini təmin etmək baxımından mühüm amildir. Elektronlaşma nəticəsində aidiyyəti şəxslərin sortluq və səpin keyfiyyətini təsdiq edən sertifikatı olan toxumlar, habelə onların bioloji və iqtisadi göstəriciləri barədə ətraflı məlumat almalarına şərait yaradacaq. Qanun layihəsi həm də toxumçuluq sahəsinin iqtisadi əsaslarını yeniləyir. 

 

banner

Oxşar Xəbərlər