• şənbə, 07 Iyun, 00:16
  • Baku Bakı 22°C

882 saxta pul nişanı tədavüldən çıxarılıb

06.06.25 00:11 184
882 saxta pul nişanı tədavüldən çıxarılıb

Ötən il Azərbaycan Mərkəzi Bankının rəsmi valyuta ehtiyatlarının 87%-ni ABŞ dolları, 3%-ni avro, 2%-ni Çin yuanı, 1%-ni İngiltərə funt-sterlinqi, 7%-ni isə XBH (Beynəlxalq Valyuta Fondunun xüsusi borcalma hüquqları) təşkil edib.

2024-cü ildə Azərbaycan Mərkəzi Bankı (AMB) dövriyyədən 5,73 milyard manatlıq pul nişanı çıxarıb, dövriyyəyə 5,86 milyard manatlıq pul nişanı buraxıb. Bu barədə qurumdan bildirilib. Məlumata görə, son nəticədə tədavüldə nağd pul kütləsi 0,13 milyard manat və yaxud 0,8 % artaraq ilin sonuna 17,44 milyard manat təşkil edib. Hazırda milli valyuta üzrə ehtiyatlar 8,9 milyard manat təşkil edir ki, bu da iqtisadiyyatın 2026-cı ilin sonuna qədər tələbatının ümumilikdə ödənilməsi üçün yetərlidir.

Nağdsız əməliyyatların məbləği 60,9 % artıb

Məlumatda AMB-nin Banklararası Kart Mərkəzinin ötənilki fəaliyyəti də açıqlanıb. Belə ki, mərkəz üzərindən milli valyutada 30,6 milyard manat, xarici valyutada isə 69,3 milyon ABŞ dolları və 29,6 milyon avro dəyərində əməliyyat emal olunub. Ötən il ödəniş kartları ilə ölkə daxilində aparılmış nağdsız əməliyyatların məbləği əvvəlki ilə nisbətən 60,9% artaraq 78,9 milyard manat təşkil edib. Əvvəlki illə müqayisədə ölkədə elektron ticarət vasitəsilə aparılan əməliyyatların sayı 83,4%, məbləği isə 69,8% artıb. İl ərzində ölkə daxilində ödəniş kartları ilə aparılan nağdsız ödənişlərin xüsusi çəkisi 8,6 faiz bəndi artaraq 64,2% olub. İnternet bankçılıq əməliyyatlarının məbləği 20,7%, mobil bankçılıq əməliyyatlarının həcmi isə 38,2% artıb.

AMB-nin valyuta ehtiyatlarının tərkibi

AMB-nin rəsmi valyuta ehtiyatlarının tərkibi də açıqlanıb. Bildirilib ki, bu ehtiyatların 87%-ni ABŞ dolları, 3%-ni avro, 2%-ni Çin yuanı, 1%-ni İngiltərə funt-sterlinqi, 7%-ni isə XBH (Beynəlxalq Valyuta Fondunun xüsusi borcalma hüquqları) təşkil edib.
Bütövlükdə, valyuta ehtiyatları yüksək gəlirlilik və geosiyasi/geoiqtisadi reallıqlardan irəli gələn yüksək qeyri-müəyyənlik mühitində, pul siyasətinin dəstəklənməsinə xidmət edən əməliyyat tranşı və gəlirliliyin artırılması məqsədilə saxlanılan investisiya tranşına bölünməklə idarə edilib, alternativ valyutalara investisiya edilməsi istiqamətində işlər aparılıb.

379 ədəd saxta manat tədavüldən çıxarılıb

Həmçinin, AMB 2024-cü ildə də pul nişanlarının saxtalaşdırılmasına qarşı mübarizəni, onun hüquq mühafizə orqanları ilə koordinasiyasını diqqət mərkəzində saxlayıb, 882 saxta pul nişanını tədavüldən çıxarıb.

Məlumata görə, ötən il milli valyutada 379 ədəd (32 611 manat), xarici valyutada isə 503 ədəd saxta pul nişanı aşkarlanaraq tədavüldən çıxarılıb və müvafiq tədbirlərin görülməsi üçün hüquq mühafizə orqanlarına təqdim edilib. İl ərzində əhalidə olan yararsız pul nişanlarının ekspertizaya qəbul edilməsi və dəyişdirilməsi məqsədilə AMB-nin Bakıda və ərazi idarələrində yaradılmış nağd pul ofisləri fəaliyyətini davam etdirib, vətəndaşlardan 155,2 min ədəd (6,7 milyon manat) pul nişanı qəbul edilərək dəyişdirilib.

Sığorta şirkətləri və brokerlərində yoxlamalar

Bundan əlavə, AMB 2024-cü ildə dörd sığorta şirkətində və dörd sığorta brokerində hərtərəfli yoxlamalar həyata keçirib. Azərbaycan Prezidentinin 31 yanvar 2024-cü il tarixli fərmanı əsasında Dövlət Sığorta Kommersiya Şirkəti - "Azərsığorta" ASC-yə, eləcə də könüllü müraciət əsasında “Bakı Sığorta” ASC-yə verilmiş lisenziyalar ləğv edilib, sığortalıların və kreditorların hüquqlarını qorumaq məqsədilə mütəmadi nəzarət tədbirləri həyata keçirilməkdədir.
Hesabat ilində sığorta sektoru üzrə beynəlxalq qanunvericiliyə və sığorta prinsiplərinə uyğun olaraq hazırlanan bir sıra normativ-hüquqi sənədlər təsdiq edilib.
 

banner

Oxşar Xəbərlər