• şənbə, 23 Noyabr, 09:36
  • Baku Bakı 10°C

27 min tələbənin problemi - TƏHSİL

29.10.22 04:00 1709
27 min tələbənin problemi - TƏHSİL

Türkiyədə təhsil alan azərbaycanlı tələbələr artmaqda olan qiymətlərdən, nəqliyyat xərclərinin bahalığından, yataqxana çatışmazlığından əziyyət çəkirlər. Ekspertlər Elm və Təhsil Nazirliyinin müdaxiləsinə ehtiyac olduğu qənaətindədirlər.  

Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin sayı keçən tədris ilinin statistikasına görə 27 000 nəfəri keçib. Dövlət proqramı ilə, attestatla qəbul olan və s. tələbələri və qardaş ölkədə təhsil almağa kütləviləşən marağı nəzərə alsaq, bu rəqəmin get-gedə artacağını da demək olar. Amma Türkiyə ali məktəblərində oxuyan təkcə tələbələr deyil, onların valideynləri də, son illərin məzunları da qardaş ölkənin azərbaycanlı təhsilalanlar üçün mövcud olan durumundan o qədər məmnun deyillər. Belə ki, tələbələr yüksək təhsil haqqı, ölkəyə gediş-gəliş xərci, yataqxana problemi, oturum izni və s. problemlərlə üzləşirlər. Elə təkcə tədris ilinə start verilən ərəfədə uçuş biletləri ilə bağlı sosial şəbəkələrdə yer alan narazılıqlar bunu deməyə əsas verir. Tələbələrin qardaş ölkədə vahid koordinasiya mərkəzinin olmaması isə problemlərini müzakirə etmək, həllinə kömək axtarmaq, ümumi ünsiyyət qurmalarına mane olan əsas nüanslardır.

Sosial şəbəkələrdə səslənən narazılıqlara, ümumən övladları qardaş ölkədə təhsil alan valideynlərin fikirlərinə rəğmən “Türkiyədə azərbaycanlı tələbələrin təhsil şərtlərini asanlaşdırmaq üçün hansı fürsətlər yaratmaq olar?” sualı gündəmə gəlir.

Tələbə sayını 400 minə çatdırmaq?

Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin (TUMİB) sədri Tural Əfəndinin fikrincə, artıq təhsil turizmi Türkiyə turizminin əsas gəlir gətirən sahələrindən birinə çevrilib: “Yadımdadır ki, 2017-ci ildə Türkiyədə keçirilən beynəlxalq məzunların görüşündə keçmiş baş nazir Binəli Yıldırım “beynəlxalq tələbə sayını 400 minə çatdırmaq hədəfimiz var” dedi. O zaman Türkiyədə 130 min əcnəbi tələbə təhsil alırdı. Hazırda universitetlərin qarşısına tələbə sayını artırmaq hədəfi qoyulub. Bunun sayəsində özəllərdən savayı dövlət universitetlərinin gələn beynəlxalq tələbələr üçün formal bir qiyməti vardı. İndi artıq əksər ali məktəblər qiyməti yüksək məbləğə qaldırıblar. Bəzi universitetlərdə təhsil haqqı 10 min ABŞ dollarına qədər yüksəlib. Tələbələrimizə daha yaxşı şəraitin yaradılması ilə bağlı zaman-zaman danışıqlar gedir. Amma bu dövlətin strategiyası olduğu üçün, biz buna müdaxilə edə bilmirik”. TUMİB sədri hazırda Türkiyədə yaşam məsrəflərinin əvvəlki illərə nisbətən daha baha olduğunu qeyd edir: “Əvvəllər İstanbul və Ankara kimi böyük şəhərlərdə yaşam məsrəfi orta hesabla 40 faiz bizdən aşağı idi. Təhsil haqqı, kafe-restoran sektorunda qiymətlər ucuz idi. Bu nüanslar Türkiyəyə kütləvi şəkildə tələbə axını yaratdı. 200-300 dollar təhsil haqqı olan universitetlər, ucuz yataqxanalar vardı. İndi Türkiyədə ciddi şəkildə devalvasiya ilə yanaşı inflyasiya yaşanır, yaşam xərcləri qalxıb. Nəticədə maddi sıxıntı yaşanır”.  

T.Əfəndi Türkiyədə əcnəbi tələbələrin yataqxana təminatı ilə bağlı da ciddi problemlərin olduğunu bildirir. Belə ki, pandemiyadan sonra bu sahədə xüsusilə qarışıqlıq yaranıb: “Kütləvi surətdə tələbə axını yarandı və ciddi çatışmazlıq meydana çıxdı. Keçən tədris ilində çox çətin bir vəziyyət yarandı. Hətta dövlət tələbələrə “Kirayə ev tapın, pulu üçün köməklik ediləcək, yataqxanalarda yer yoxdur”- dedi”. T.Əfəndi bildirir ki, tələbələrimiz əvvəllər daha çox oturum izni ilə bağlı problemlərlə üzləşiblər: “Türkiyənin miqrasiya idarəsində süni əngəllər yaradılırdı. Biz məsələ ilə bağlı səlahiyyətli dairələrə məlumat çatdırdıq və məsələ həllini tapdı”.

TUMİB sədri tələbələrimizin nəqliyyat məsələsinə toxunaraq qeyd etdi ki, təkcə dərslər başlayanda deyil, qış tətilində də bu problem yaranır: “Beynəlxalq uçuş tariflərinə görə tələb çoxalanda qiymətlər avtomatik qalxır. Biz güzəşt edilməsi ilə bağlı THY-a müraciət edə bilərik, ancaq onların hər hansı endirim edəcəklərinə əmin deyilik. Əgər Türkiyədə 27000 azərbaycanlı tələbə varsa, onların 40 faizi Azərbaycana gedib qayıdarsa, bu, 10 minin üzərində gediş, 100-ə yaxın təyyarənin tələbələrə işləməsi deməkdir”.

TUMİB rəhbəri hesab edir ki, attestatla qəbul dünya çapında gedən proses olsa da, bu məsələdə məsuliyyətli davranmaq lazımdır. Belə ki, DİM imtahanlarından 50 bal toplayan bir şəxs Türkiyənin orta səviyyəli bir universitetində oxuyub məzun ola bilmir: “Bakalavr pilləsində oxuyan tələbələrimizin çoxu 6-7 ilə məzun ola bilmirlər. Burda şirkətlərin üzərinə vicdani yük düşür. Belə tələbəni universitetə göndərib özünü və ailəsini çətinlik qarşısında buraxmaq olmaz. İstiqamət verib onları müxtəlif peşə sahələrinə yönləndirmək daha məsləhətli olar. Xüsusən bizim ölkəmizdə peşə təhsilli kadrların çatışmazlığı var”. TUMİB sədrini narahat edən digər məsələ  azərbaycanlı tələbələrin əksəriyyətinin standart fakültələrə daxil olmasıdır: “Qida mühəndisliyinə, insan resursları,  maşınqayırma, iş sağlığı və güvənlik fakültələrinə gedən niyə azdır? Mühəndisliyin çeşidli sahələri var. Yeni yaradılan sahələrə can atmaq lazımdır ki, 5 il sonra onları kadr olaraq axtarsınlar. Bununla bağlı ciddi yönləndirmə olmalıdır”.

TUMİB sədri tələbələri koordinasiya edən vahid qurumun olmamasını da problem kimi dəyərləndirir: “Türkiyədə Azərbaycanın təhsil attaşesi var. Tələbələrlə müntəzəm əlaqədə olmağa çalışırlar. Amma yalnız təhsil nümayəndəsi ilə iş bitmir. Bizim Türkiyənin böyük şəhərlərində nümayəndəliklər yaratmaq kimi bir planımız var. Buna ciddi şəkildə ehtiyac duyulur. Təəssüf ki, maddi səbəblərdən bunu həyata keçirə bilmirik”. TUMİB rəhbəri hesab edir ki, azərbaycanlı tələbələrin Türkiyədə oxumasının şərtlərinin daha da yaxşılaşdırılması üçün Elm və Təhsil Nazirliyi səviyyəsində addımlar atılsa, daha məqsədəuyğun olar.

Xüsusi güzəşt kampaniyaları olsa...

Türkiyənin hazırda azərbaycanlıların ən çox təhsil almaq üçün müraciət etdiyi ölkələr sırasında liderlik etdiyini deyən ekspert Rizvan Qənbərli tələbələrimizin qardaş ölkəyə gediş-gəlişi zamanı nəqliyyat problemi ilə üzləşdiklərini deyir: “Quru sərhədlərin bağlı olması, təyyarə biletlərinin bahalığı ən çox şikayət edilən mövzulardır. Türk Hava Yollarının təkcə azərbaycanlı tələbələrə deyil, dünyanın hər yerindən olan tələbələr üçün xüsusi endirim aksiyası olur. Amma Azərbaycandan olan tələbələr daha çox olduğu üçün bəlkə xüsusi güzəşt kampaniyaları keçirə bilərlər”.

Ekspert tələbələrin yataqxana probleminə toxunaraq bildirir ki, Türkiyədə dövlət yataqxanalarında qalma üstünlüyü əsasən türkiyəli tələbələrə verilir. Boş yer qaldıqda xarici tələbələr bu haqdan istifadə edə bilərlər: “Türkiyəli tələbələr özləri də yataqxana problemi ilə üzləşirlər. Hər dərs ilinin başlanğıcında yerli bələdiyyə qurumları tələbələrin yataqxana ilə təmin olunmaları üçün dəstək proqramları həyata keçirirlər. Türkiyədə hər şey dövlətdən gözlənilmir. Amma özəl yataqxanalar çox olduğu üçün tələbələr bu imkanlardan daha çox istifadə edirlər. Düzdür, özəl yataqxanalarda  qiymətlər nisbətən yüksək olur”. 

İldən-ilə qalxan təhsil haqqı

Türkiyədə ali məktəblərin təhsil haqqına münasibət bildirən ekspert hesab edir ki, qardaş ölkədə büdcə baxımından universitet seçimləri çox genişdir: “Tələbələr çox bahalı və çox ucuz kateqoriyalar arasında seçim edə bilirlər. 200-ə yaxın universitet seçimi var ki, onların içərisində dövlət universitetləri nisbətən ucuzdur. Hətta bəziləri ölkəmizdəki ali məktəblərin təhsil haqqından da ucuz başa gəlir. Tələbənin seçdiyi ixtisasdan asılı olaraq təhsil haqqı nisbətən yüksək olan universitetlər də var. Amma Türkiyədə güzəşt baxımından təqaüd proqramları var ki, dünya ölkələri arasında müqayisə edəndə ən güclü təqaüd proqramlarından biridir. Bu proqrama hər il dünyanın  müxtəlif ölkələrindən 250 mindən çox tələbə müraciət edir. “Türkiyə bursları” təqaüd proqramı qazanan tələbələrə yataqxana, universitetə ödəniş, öz ölkəsindən Türkiyəyə gediş-gəliş xərcləri və s. üstünlüklər verir. Bu proqramdan ən çox faydalanan Azərbaycan tələbələridir, çünki ölkəmizə xüsusi yerlər ayrılıb”.

R.Qənbərli Türkiyədə oxuyan tələbələrimizi koordinasiya edən vahid təşkilatın olmadığını da bildirir: “Tələbələri birləşdirən vahid koordinasiya mərkəzi yoxdur. Düzdür, Türkiyənin müxtəlif şəhərlərində tələbələrimizin və ya azərbaycanlıların yaratdıqları diaspor təşkilatları var. Səfirliyimizdə və İstanbul konsulluğunda təhsil nümayəndəliyimiz də fəaliyyət göstərir. Tələbələr onlara müraciət edəndə problemlərinin həllinə çalışırlar”.

Təranə Məhərrəmova 

 

banner

Oxşar Xəbərlər