• cümə, 26 Aprel, 10:38
  • Baku Bakı 12°C

Üzümüzü ağardacaq qeyri-neft sektoru sahələri

30.05.13 09:33 2364
Üzümüzü ağardacaq qeyri-neft sektoru sahələri
Hazırda bəzi ölkələrin enerji sektorunda Azərbaycan nefti 25-35 faiz pay təşkil edir. Son 20 il ərzində Azərbaycan iqtisadiyyatının inkişafının əsasını da neft sektoru təşkil edib. Təəssüflər olsun ki, qeyri-neft sektorunda dünya bazarına çıxara bildiyimiz, marka sayılan məhsullar barmaqla sayılacaq qədərdir. Bəs hansı məhsullarımızla yerli və xarici bazarda uğur qazana bilərik? Sualımıza cavab tapmaq üçün bir neçə iqtisadçı ilə danışdıq.
Ağartı məhsullları ilə dünyaya çıxış
İqtisadçı Pərviz Heydərov bizimlə söhbətində qeyd etdi ki, qeyri-neft sektorunda istehsal və xidmət xarakterli sahələr var: “Qlobal baxımdan nəsə əldə etmək barədə qarşıya məqsəd qoyarkən unutmaq lazım deyil ki, aşkar görünməsə də, dünya iqtisadiyyatında müəyyən bir bölünmə prosesi gedib. Elə sahələr var ki, dünya bazarına çıxmaq üçün nə qədər çalışsaq da, Azərbaycan əlində olan bütün valyuta ehtiyatlarını o sahəyə yönəltsə də, həmin sahədə uğur əldə etmək mümkün deyil. Çünki həmin sahələrin sahibləri olan transmilli şirkətlər var. Həmin şirkətlərlə Azərbaycanın rəqabət aparması mümkün deyil”.
Dünyada hansı sahədə uğur qazanmağın mümkünlüyünə gəlincə, P.Heydərov bildirdi ki, ilk növbədə turizm sahəsində inkişafa nail ola bilərik: “Əgər keyfiyyət məsələlərinə fikir verilsə, bu sahədə dünyanın diqqətini cəlb edə bilərik. Sözügedən sahədə o qədər də uğur əldə etməməyimizin obyektiv səbəbi də var. Bu da Azərbaycanın ərazisinin 20 faizinin işğal altında olmasıdır. Bu fakt olmasaydı, indiyədək turizm sahəsində görülən işlərlə daha çox nailiyyət əldə etmiş olardıq”.
İqtisadçı istehsal xarakterli sahələrdən kənd təsərrüfatı məhsullarının emalı sənayesini inkişaf etdirməyin mümkünlüyündən də danışdı. Dedi ki, heyvandarlıq kompleksində ağartı məhsullarının alınması ilə MDB və Avropa bazarında rəqabət apara bilərik: “Ərzaq təhlükəsizliyinin təmin edilməsi də Azərbaycanda qarşıya qoyulan vəzifələrdəndir. Taxılçılıq və əsas növ yeyinti məhsulları ilə daxili bazarı təmin etdikdən sonra xarici bazarlara çıxmaq barədə düşünməyə dəyər”.
Neft-maşınqayırma sənayesi üzümüzü ağ edə bilər
İqtisadçı Nazim Məmmədov da təəssüflə qeyd etdi ki, qeyri-neft sektorunda xarici bazarlara çıxa biləcək, brend ola biləcək Azərbaycan malı demək olar ki, yoxdur: “Yalnız bir-iki balıq məhsulunu xarici bazara çıxarırıq. Kənd təsərrüfatı sahəsində isə fındığı əcnəbilərə sata bilirik. Bu da Azərbaycanda qeyri-neft sektorunun inkişaf etməməsindən xəbər verir. Buna görə də Azərbaycan ildən-ilə artan investisiyalarını daxili bazarında ərzaq təhlükəsizliyini təmin etməyə yönəldib”.
N.Məmmədov ölkə daxilində daha çox tikinti sənayesi, kənd təsərrüfatı məhsullarının istehsalı və daha çox emalı ilə bağlı sahələrə investisiya qoymağın mümkün olduğunu dedi: “Ümumiyyətlə, ölkənin xaricdəki vəsaitlərini gətirib banklara daha aşağı faizlə verməklə kredit faizini aşağı salmaq və nəticədə iqtisadi fəallığı artırmaq olar. Yəni banklar da aşağı faizlə sahibkarlara kredit verər, nəticədə qeyri-neft sektorunda inkişafa nail olmaqda problem yaranmaz. İqtisadi fəallıq artmadıqca bizdə normal məhsullar ortaya çıxmayacaq”.
N.Məmmədovun sözlərinə görə, Azərbaycanda özəl sektorun dövlət sektoruna nisbətdə 85 faizdən yuxarıdır: “Düşünürəm ki, daha çox neft-maşınqayırma sənayesinin inkişafı üçün potensialımız var. İqtisadiyyatımız neft üzərində qurulduğundan, inkişaf etdiyindən, elmi potensialımız bu sahədə yüksək olduğundan neft-maşınqayırma sahəsinə investisiya qoymaq mümkün olar”.
Qeyri-neft sektoru prioritetdir
Azərbaycan Dövlət Neft Akademiyasının dosenti Fuad Məmmədov palitranews.az-a verdiyi açıqlamasında bildirib ki, ölkədə qeyri-neft sektorunun inkişafı prioritet istiqamətlərdəndir: “Təsadüfi deyil ki, bu ilin birinci rübündə məhz bu sektorda artım 11 faizdən çoxdur. Qeyri-neft sektorunun inkişafının vacibliyini deyən ölkə başçısı da bildirib ki, iqtisadiyyatın şaxələndirilməsi bir nömrəli hədəfdir. Bu, onu göstərir ki, ölkə iqtisadiyyatı və ümumiyyətlə, ölkəmiz neft-qaz amilindən asılılığını azaldır və beləliklə, dayanıqlı inkişaf artıq reallıqdır”.
F.Məmmədov onu da qeyd edib ki, Azərbaycanın yerləşdiyi coğrafi məkan kənd təsərrüfatı, turizm, energetika, tranzit, iqtisadiyyat və digər sahələr baxımından böyük potensiallı və əlverişli bir mövqeyə malikdir: “Buna misal olaraq, Azərbaycanın demək olar ki, bütün ərazisi kənd təsərrüfatı məhsullarının əkilib-becərilməsi üçün çox yararlı və münbit bir iqlimə malikdir. Ölkəmizin böyük su ehtiyatlarına malik olması isə kənd təsərrüfatının daha da inkişaf etməsinə zəmin yaradır”.
Lalə Musaqızı
banner

Oxşar Xəbərlər