AZE | RUS | ENG |

Özümüz öz çayımızı yox, özgə çayını dəmə qoyuruqsa...

Özümüz öz çayımızı yox, özgə çayını dəmə qoyuruqsa...
Ekspertlərin rəyi: Riskli sahədir, amma əmək tutumludur, ayrıca təşviq edilməlidir və bir qədər gözləməliyik

Bu günlərdə Dövlət Gömrük Komitəsinin (DGK) yaydığı məlumata əsasən bəlli olub ki, yanvar-aprel aylarında Azərbaycandan 420 ton çay ixrac olunub.  Hesabat dövründə ixrac edilən çayın dəyəri 2 milyon 658 min ABŞ dolları olub. Eyni zamanda, 4 ayda ölkəyə 16 milyon 688 min dollarlıq 4 min 376 ton çay idxal edilib. Statistik rəqəmlər onu deməyə əsas verir ki, hələlik bu sahə idxaldan asılı vəziyyətdədir. Halbuki ölkəmizdə qədim çayçılıq ənənələri var. Bəs görəsən daxili bazarı tam təmin etmək üçün nə qədər çay istehsal edilməlidir? Ümumiyyətlə bu sahənin yenidən dirçəldilməsi üçün hansı tədbirlərin görülməsinə ehtiyac var? 

Kənd təsərrüfatı məsələləri üzrə ekspert Nicat Nəsirli deyir ki, keçən əsrin 90-cı illərində Sovet İttifaqı dağıldıqdan sonra qida sənayesinin bir sıra sahələri tənəzzülə uğradı. Bu mənada ən böyük zərbə çayçılıq sahəsinə dəydi: "Çayçılıq Azərbaycanda ötən əsrin 30-cu illərində inkişaf etdirilməyə başlayıb. 90-cı illərə qədər bu sahə müəyyən bir səviyyəyə gəlib çatmışdı. Sonradan çay sahələrinin bioloji olaraq qocalması, bu sahənin rentabelliliyini itirməsi və eləcə də xaricdən gələn məhsulun daxili bazarı tutması nəticəsində 2010-cu ilə qədər bu sahə sürətlə tənəzzülə uğradı. Nəticədə çay sahələri azalaraq cəmi 587 hektara çatmışdı. Məhsul istehsalı da təqribən 540 ton civarında idi. Bu sahənin geriləməsinin müxtəlif səbəbləri var. Bildiyimiz kimi, çay emal tələb edən bitkidir. Yəni çayı emaldan keçirmədən istehlak etmək mümkün deyil. Onun texnologiyasının sıradan çıxması, çay sahələrinin əkininə və becərilməsinə təsir etdi. 2010-cu ildən digər kənd təsərrüfatı sahələrinə olduğu kimi, çayçılığa da diqqət artırıldı. Bu sahəyə dövlət tərəfindən müəyyən dəstək göstərilir, yəni artıq bu proses başlayıb. Çayçılıqla bağlı dövlət proqramı qəbul olunub. Qəbul edilən proqrama əsasən, 2027-ci ilə kimi ölkədə çay sahələri artırılaraq 3000 hektara çatdırılmalıdır. Yaşıl çay yarpağının yığımı 800-900 ton civarında olmalıdır. Bu, qarşıya qoyulan hədəfdir. Amma reallıq hələ ki, bunu əks etdirmir".
 
Ekspertin qənaətincə, bu sahədə olan ciddi problemlərdən biri də çayın texniki bitki olması və əkindən 7 il sonra məhsula düşməsidir: "Bu sahəyə investisiya yatırılıb uzun müddət gözləmə məsələsi sahibkarlar çəkindirir. Çayçılıq böyük investisiya tələb edən sahədir və yalnız böyük şirkətlər, investorlar bu xərci qarşılaya bilər. Çayın əsas xüsusiyyətlərindən biri də odur ki, il ərzində çoxsaylı aqrotexniki qulluq tələb edir. Bütün bunlar üçün isə böyük maliyyə lazımdır. 7-8 il becərilən çay, yüklü miqdarda vəsait tələb edir. Digər tərəfdən, dünyanın çay bazarında böyük çay istehsalçıları var. Onlardan ən birinci olaraq Çinin adını çəkə bilərik. Çin hər il 400 min tona yaxın çay ixrac edir. Keniya Afrika qitəsinin ən böyük çay istehsalçısıdır. Bu ölkə hər il 370 min tondan çox məhsul istehsal edərək dünya bazarına çıxarır. Azərbaycanın idxal etdiyi çay əsasən Şri-Lankadan gəlir. Şri-Lanka həm təbii şəraitinə, həm də çayçılıq təcrübəsinə görə çox böyük potensiala malik bir ölkədir. Yəni dünya bazarında bu sahə üzrə böyük rəqabət var. Belə bir rəqabətin olduğu mühitdə çayçılığa böyük həcmdə investisiya yatırmaq sahibkarlar üçün kifayət qədər riskli məsələdir. Eyni zamanda, qonşu ölkə Türkiyə də çayçılıq sənayesində xeyli irəliyə gedib. Azərbaycan Türkiyədən bəlli miqdarda çay idxal edir. Amma bu o demək deyil ki, biz bu sahədən imtina etməliyik. Çünki çayçılıq əmək tutumlu bir sahədir. Bir hektar çay bağının becərilməsində orta hesabla 150-160 insan il ərzində daimi çalışır. Ona görə də, 2018-2027-ci illəri əhatə edən dövlət proqramı tərtib olunub. Proqramın çox ciddi hədəfləri var. Amma istədiyimiz nəticəni əldə etmək üçün bir qədər gözləməliyik”.

Aqrar sahə üzrə mütəxəssis Qadir Bayramlı qeyd etdi ki, çayçılıq Azərbaycanda müstəqillik illərində tənəzzülə uğrayan sahələrdən biridir: "Sonrakı dövrdə bu sahədə müəyyən canlanma olsa da, hələlik daxili bazarı tam təmin edə bilmirik. Yəni hələlik bu sahə idxaldan asılıdır. Əsas problemlərdən biri də çay plantasiyalarının azalması ilə bağlıdır. Ona görə də, hesab edirəm ki, çayçılıq sahəsi ayrıca təşviq edilməlidir. Bununla bağlı dövlət proqramı qəbul edilib və bu proqram çayçılığın yaxın gələcəkdə dirçəlişini vəd edir. Ölkədə istehsal olunan çayın 98 faizi rütubətli, subtropik Lənkəran-Astara bölgəsinin payına düşür. Təqribən iki faizə qədəri isə Zaqatala bölgəsində becərilir. Amma həmin bölgələrdə çay plantasiyalarının sayı xeyli azalıb. Buna görə də, daxili bazarı təmin etmək üçün çayın böyük hissəsi xaricdən idxal edilir. Yaxın perspektivdə idxaldan tam asılılığı aradan qaldırmaq mümkün deyil. Amma bunu yalnız çox ciddi tədbirlər görməklə müəyyən qədər azalda bilərik. Çay gec məhsul verən bitki olduğuna görə, bir qədər gözləməliyik. Çayçılığın inkişafının intensiv şəkildə olmasına diqqət yetirməliyik. Rütubətli, subtropik bölgələrdə digər bitkilərin sahəsini azaldaraq, çay plantasiyalarının sayını artırmaq lazımdır. Çünki çay başqa bölgələrimizdə yetişmir. Həmçinin, xarici təcrübə öyrənilərək,  daha məhsuldar sortlar yetişdirilməlidir. Çay sahəsində çalışan kadrları bir araya gətirmək, onların səmərəli şəkildə fəaliyyətini təmin etmək lazımdır. Bütün bunlar üçün çayçılıq sahəsi bütövlükdə təşviq edilməlidir. Bu sahə ilə məşğul olanlara subsidiyalar verilə bilər. Xüsusilə Lənkəran-Astara bölgəsində çay istehsalı ilə məşğul olan fermerlər aqrotexniki məsələlərə diqqət etməlidir. Çayçıların bazara çıxışı təmin olunmalıdır. Çünki çayın yetişəcəyi torpaqların ərazisi çox deyil”.

Şəbnəm 


Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9396
GEL 1 1 Gürcüstan larisi 0.6061
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1676
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1832
CHF 1 1 İsveçrə frankı 1.753
KWD 1 1 Küveyt dinarı 5.6058
TRY 1 1 Türkiyə lirəsi 0.2933