• cümə axşamı, 25 aprel, 20:03
  • Baku Bakı 21°C

Üzrü qəbahətindən böyük

03.05.17 10:30 838
Üzrü qəbahətindən böyük
Son günlər mediada bir neçə informasiyanın yayıldıqdan sonra yanlış olması ilə bağlı təkzibedici xəbərlər də öz əksini tapdı. Operativlik baxımından xəbərin yoxlanılmadan ictimaiyyətə təqdim olunması və bundan sonra "əslində belə olmayıb, yalandır” tendensiyası aradan qalxmaq əvəzinə, tez-tez təkrar olunur.
Misal üçün, Şamaxı rayonunda yerləşən 5 saylı məktəbdə - Avropa liseyində ikinci sinif şagirdinin zorlanması iddia olundu. Lakin sonradan bu xəbərin yanlış olması mediada yer aldı. Eyni zamanda, xəbər saytlarının birində "20 Yanvar" metro stansiyasının yaxınlığındakı binalardan birində liftin burazının qırılması nəticəsində 3 nəfərin, o cümlədən nişanlısını şadlıq evinə aparmaq üçün gələn bəyin dünyasını dəyişdiyi xəbəri yayıldı. Amma sonra məlum oldu ki, Nəsimi rayonunda 11 nəfərin liftdə köməksiz vəziyyətdə qalması ilə bağlı FHN-ə müraciət edilib, xilasedicilərin səyi nəticəsində liftin qapısı açılaraq, vətəndaşların çıxmasına şərait yaradılıb və xəsarət alan da olmayıb.

Faktlardan göründüyü kimi, "operativlik” göstərib xəbəri yaymaq və sonradan onu təkzib etmək getdikcə bir sıra media orqanları üçün adi hala çevrilir. Amma bu tendensiya cəmiyyətdə birmənalı qarşılanmır və sosial şəbəkələrdə ciddi müzakirələrə gətirib çıxarır. Bəs görəsən, belə yanlış informasiyaların mediada yer alması niyə tez-tez təkrar olunur?
"İctimai qınağın gücləndirilməsi lazımdır”
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Mətbuat Şurasının Nəzarət-təftiş komissiyasının üzvü, Modern.az saytının baş redaktoru Elşad Eyvazlı bildirib ki, hər hansı məlumatı, xüsusilə insan taleyi ilə bağlı məsələni dəqiqləşdirmədən hansısa qəzet səhifəsində, yaxud da saytda dərc eləməyin özü ən böyük qanunsuzluqdur: "Bunun mənəvi tərəfini bir yana qoyuram. Hüquqi baxımdan bu kimi yanlış məlumatı yayan adamlar cinayət məsuliyyəti daşıyırlar. Misal üçün, bu günlərdə sənətçilərdən birinin vəfatı xəbərini yaydılar, sonra yalan çıxdı. Bu xəbərə görə həmin şəxsin ailəsində pis hadisələr baş verdi. İnsan taleyi ilə oynamaq doğru hal deyil. İnanmıram ki, belə informasiyaları peşəkar jurnalistlər və ya bu sahəyə yaxın olan insanlar yayımlasınlar. Belə xəbərləri həvəskarlar, sosial şəbəkədə bəzi insanlar bilərəkdən və ya bilməyərəkdən tirajlayırlar. Bu artıq problemdir. Dünyanın hər bir yerində bu şəkildə problemlər var. Düşünürəm ki, Mətbuat Şurasının Şikayətlərlə bağlı komissiyası bu məsələlərlə bağlı ciddi addımlar atacaq. Çünki komissiyanın üzvləri yalnız jurnalistlərdən ibarət deyil, hüquq-mühafizə orqanlarının üzvləri də orada təmsil olunacaqlar. Bu isə o deməkdir ki, şikayətlərin tərkibində cinayət xarakterli hal olacaqsa, o zaman hüquq-mühafizə orqanları da bunu araşdıracaqlar. Hesab edirəm ki, bu, doğru yanaşmadır. Çünki bu kimi məsələlərin qarşısının alınması həm də inzibatçılıqdan keçir”.

E.Eyvazlı qeyd edib ki, bunun qarşısını inzibati yolla da tam almaq mümkün olmayacaq: "Ona görə də istənilən halda bizə ölkə jurnalistlərinin həmrəyliyi, ictimai qınağın gücləndirilməsi lazımdır. Yanlış informasiya yayılması faktları ilə bağlı 20-30 üzdə olan mətbuat orqanı bəyanat verməlidir ki, bu artıq jurnalistikaya xələl gətirən məsələdir, hansısa sayta, qəzetə və ya media strukturuna inanmaq olmaz. Məsələyə jurnalistika həmrəyliyi baxımından yanaşsaq, düşünürəm ki, belə halların qarşısını almaq mümkün olar. O cümlədən inanmıram ki, jurnalistika ilə ciddi məşğul olanlar, peşəkarlar, ən azından ağlı başında olan insanlar belə yanlış informasiyaların tirajlanmasına yol versinlər”.
"Məhkəmə-hüquq sistemi də işə düşsün”
Azadinform İnformasiya Agentliyinin baş redaktoru Niyaz Niftiyev son zamanlar ölkənin internet mediasında təsdiq olunmamış informasiyaların tirajlanmasından təəssüfləndiyini bildirib: "Bu kimi informasiyalar ailələrdə, onların yaxınlarında və ümumilikdə cəmiyyətdə ciddi narahatlıq yaradır. Təkcə ötən həftə bu kimi xəbərlərin sayı ikidən çox olub. Hələ bunlar bizim bildiklərimiz, təkzib olunanlardır. Bu informasiyaların mahiyyətinə diqqət etsək, təhqir, ölüm və cəmiyyəti yersiz narahat edən halları müşahidə edirik. Cəmiyyəti təşviş içində saxlamaq üçün, düşünülmüş şəkildə yayılan bu kimi informasiyaların qarşısı dərhal alınmalıdır. Əlbəttə, təkzib və yaxud da yayılan qeyri-dəqiq informasiyada təsvir olunan hadisənin baş vermədiyinə kimlərisə inandırmaq çıxış yolu deyil. Çünki insanlar ilk dəfə yayılan informasiyanı qəbul edir və onun təsiri altında olurlar. Bu kimi hallara qarşı ən azı inzibati tədbirlər görülməlidir. Maraqlıdır ki, bu informasiyaları yayan internet medianın kimlər olduğunu bilirik, sosial şəbəkələrdə qınayırıq. Amma ictimai qınaq və yaxud da Mətbuat Şurasının tənbehedici "qara siyahısı” belə "informatorlar”a heç bir təsir göstərməyəcək. Təcrübə də göstərir ki, ictimai qınaq artıq öz gücünü itirib. Mütləqdir ki, inzibati resurslarla yanaşı, məhkəmə-hüquq sistemi də işə düşsün. Belə olan halda, problemin həllinə qısa zaman kəsiyində nail ola bilərik”.
"Jurnalistika ilk növbədə həqiqəti yazmalıdır”
Media hüququ üzrə ekspert Ələsgər Məmmədli qeyd edib ki, ciddi media olaraq, hər hansı hadisənin olma ehtimalı mənbələr vasitəsilə təsdiqini tapırsa və o informasiyanın ictimai əhəmiyyəti varsa, bu ictimailəşdirilə bilər: "Kimlərsə tərəfindən uydurulan məlumat və bunun heç bir əsası yoxdursa, sadəcə sensasiya, yaxud da İP yığmaq xatirinə "qurulur” və tirajlanırsa, bu əlbəttə ki, qanunvericilik, eləcə də jurnalist etikası baxımından yolverilməzdir. Çünki jurnalistika ilk növbədə həqiqəti yazmalıdır, obyektiv, tərəfsiz olmalıdır. Əlbəttə ki, operativ olmalıdır. Amma yenə də ictimai əhəmiyyət daşıyan informasiyaları tirajlamalıdır. Özəl həyatla bağlı informasiya ola bilər, lakin ictimai əhəmiyyəti yoxdursa, bu da dərc edilməməlidir. Azyaşlılarla bağlı hansısa hadisə baş veribsə və ya bununla bağlı iddia varsa, yenə də öz mənbələri ilə dəqiqləşdirəndən sonra, indentifikasiya etməmək, azyaşlının hüquqlarını qorumaq şərti ilə, sadəcə hadisə haqqında xəbər verə bilər”.

Ə.Məmmədli hündürmərtəbəli binalardan birinin liftində baş verən hadisəyə toxunaraq deyib ki, əgər burada insan sağlamlığına ziyan dəyibsə, bu, dəyəri olan informasiyadır və yayılmalıdır: "Amma şəxs ölməyib, yaralanıbsa, bunu öldü kimi göstərmək, sadəcə etik deyil. Çünki o şəxsin yaxınlarının həmin informasiyanı oxuduğu zaman keçirəcəkləri stress, aldıqları zərərin kompensasiya olunmasını tələb edə biləcəklərini jurnalistlər və ya media orqanı dərk etməlidir”.
"Bu, mətbuatın üzərinə getməkdir”
Musavat.com saytının redaktoru Xalid Kazımlı bildirib ki, lift hadisəsi ilə bağlı məlumatı mətbuata şahidlər, həmin binadakı qonşular verib: "Lakin sonra məlum olub ki, itki olmayıb, bu, lap yaxşı. Mətbuat israr etmir ki, yox, itki olub. Operativlik naminə "hadisəni birinci biz verək” yarışına giriblər. Liftdə olanlar medianı qınayaraq deyirlər ki, xəbəri oxuyanda şoka girdik. Axı necə olur ki, liftdə qalanda şoka girmədin, amma xəbəri oxuyanda şoka girdin? Bundan sonra da mətbuatın üzərinə hücuma keçirlər. Burada həyəcanlanacaq bir şey yoxdur, yanlış xəbərdir. Bunlar havayı söhbətlərdir, mətbuatın üzərinə getməkdir. Mən bunu ciddi qəbul eləmirəm”.

X.Kazımlı əlavə edib ki, xəbərin yoxlanılmaması çox böyük qəbahətdir: "Xəbər digər mənbələrdən, polisdən dəqiqləşdirilməlidir. Mən bunun tərəfdarıyam. Amma operativlik naminə ölənlərin sayının 1 və ya 2 göstərilməsi əhəmiyyətli məsələ deyil. Əsas məsələ hadisənin baş verməsidir və burada insan itkisinin olmaması daha yaxşıdır. Bir məqamı da vurğulayım ki, yanlış informasiyanın mediada dərc edilib-edilməməsi məsələsi mətbuatın gözdən salınmasına gətirib çıxarır. Üstəlik, elə qələmə verilir ki, sanki bu ölkədə baş verən neqativ hadisələrin, qüsurların hamısının günahı mətbuatdadır. Əslində belə deyil. Həmin o liftə doluşan 11 nəfər, eləcə də bu sahəyə məsul şəxslərin günahı çoxdur, nəinki medianın. Mətbuat çatışmazlıqlara güzgü tuta bilər. Amma bu problemlər də var və media da həmin məsələlərdən yazır”.
Bəxtiyar MƏMMƏDLİ

banner

Oxşar Xəbərlər