AZE | RUS | ENG |

Öz gözündə “tiri” görməyənlər... - Fotolar - Video

Öz gözündə “tiri” görməyənlər... - Fotolar - Video
Yaxud, AXCP sədri Əli Kərimlinin “zəif” yaddaşına kiçik xatırlatma

XX əsrin sonunda yenidən müstəqilliyini bərpa edən Azərbaycanda ilk vaxtlar dövlət quruculuğu, xüsusən də vahid komandanlığa tabe olan Silahlı Qüvvələrin yaradılması istiqamətində ciddi addım atılmayıb. Düzdür, 1991-ci ilin sentyabr ayında Azərbaycan Ali Soveti Müdafiə Nazirliyinin və həmin ilin oktyabr ayında Silahlı Qüvvələrin yaradılması haqqında qanun qəbul edib. Lakin bu qanun kağız üzərində qalıb, icrası təmin edilməyib və nizami ordu yaradılmayıb. O zamankı ölkə rəhbərliyinin düşüncəsinin məhsulu olaraq, bunun əvəzinə ayrı-ayrı şəxslərin rəhbərliyi altında özünümüdafiə ərazi taburları yaradılıb. "AXC batalyonları” adlı silahlı birləşmələr də məhz həmin illərdə formalaşan, Milli Azadlıq Hərəkatında fəallıqları ilə diqqət çəkən müxtəlif şəxslərin nəzarətində olan hərbi güc olub. O batalyonların bəzisinin tərkibində Azərbaycanın ərazi bütövlüyü uğrunda rəşadətlə vuruşan, şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xidmətləri hər zaman yüksək qiymətləndirilib, indi də elədir. Bu, birmənalıdır. Lakin əfsuslar olsun ki, ayrı-ayrı vaxtlarda bu hərbi gücdən işğalçı Ermənistana qarşı deyil, ölkə daxilində bir-biri ilə siyasi mübarizə aparan qüvvələrə dəstək, qarşı tərəfi "məğlub etmək” üçün istifadə olunub. 
 

 
Silahlı müxalifət paytaxt Bakıda hakimiyyət savaşına cəlb olunub

Qeyd olunanlara nümunə gətirmək üçün yaxın keçmişimizi - müstəqillik tariximizi vərəqləmək, yaddaşımızı bir qədər təzələmək kifayət edər. Əvvəlcə onu xatırlatmaq yerinə düşər ki, müstəqil Azərbaycanın ilk Prezidenti Ayaz Mütəllibovdur. O, 1991-ci il sentyabrın 8-də ümumi seçkilərdə Azərbaycanın Prezidenti seçilib və 1992-ci il martın 6-a qədər bu vəzifəni icra edib. A.Mütəllibovun vəzifədən getməsinə səbəb 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda ermənilərin rus ordusunun köməkliyi ilə dəhşətli qətliam törətməsi, azərbaycanlıların soyqırıma məruz qalması, Xocalı şəhərinin işğalı faktı olub. Bu faciədən sonra Ali Sovetdə xalqın dəstəyini qazanan müxalifət növbədənkənar sessiyanın çağırılmasına nail olub və A.Mütəllibovu tutduğu vəzifədən istefa verməyə məcbur edib. O zamankı müxalifətə bir qədər əvvəl qeyd etdiyimiz "AXC batalyonları” hər mənada dəstək verib. Beləliklə də Ermənistan Azərbaycana qarşı işğalçı siyasət yürütdüyü zamanda, Xankəndi, Xocavənd, Əsgəran rayonları erməni separatçıları tərəfindən zəbt edildiyi vaxtda müxalifətin silahlı qanadı Vətənin müdafiəsi, ölkənin ərazi bütövlüyünün təmin edilməsində iştirak etmək əvəzinə, paytaxt Bakıda hakimiyyət savaşına cəlb olunub. 
 

 
"AXC batalyonları”nın Şuşa, Laçın uğursuzluğu

AXC-Müsavat cütlüyünün "AXC batalyonları”nın köməkliyi ilə Azərbaycanda hərbi çevriliş etməsindən, ölkə daxilində siyasi hərc-mərclik, vəzifə davasının baş alıb getməsindən yararlanan Ermənistan işğalçılığını davam etdirib. 1992-ci il martın 6-da siyasi hakimiyyətin zəbt edilməsindən 8 iyun 1992-ci ildə Əbülfəz Elçibəyin Prezident seçilməsinə qədər ötən vaxt ərzində, konkret olaraq 8 may 1992-ci ildə Şuşa şəhəri kimi alınmaz qala, 18 may 1992-ci ildə Laçın kimi strateji yüksəklikdə yerləşən rayon ermənilər tərəfindən işğal edilib. Hakimiyyəti zəbt edən silahlı müxalifətin - "AXC batalyonlarının” o zaman bunu əngəlləməyə təəssüf ki, ya gücü çatmayıb, ya da Şuşanın, Laçının müdafiəsinin təşkil edilməsi o batalyonlara rəhbərlik edənlərin marağında olmayıb. Həmin vaxt Azərbaycan Xalq Cəbhəsinin (AXC) Ali Məclisinin sədri olan, hazırda Azərbaycan Xalq Cəbhəsi Partiyasına (AXCP) sədrlik edən Əli Kərimli də məhz 1992-ci ilin may ayında Prezident Aparatının (indiki Prezident Administrasiyası) Ərazi idarəetmə orqanları ilə iş üzrə Dövlət müşaviri xidmətinin Ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsinə təyin olunub. Azərbaycanın eks-prezidenti Ə.Elçibəyin siyasi hakimiyyətdə olduğu 17 iyun 1993-cü ilə qədər, daha dəqiq desək 2 aprel 1993-cü ildə Kəlbəcər kimi mühüm əhəmiyyət kəsb edən, strateji yüksəklikdə yerləşən rayonumuz da Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunub. Torpaqların işğal olunduğu bir vaxtda Əli Kərimli bizə məlum olmayan xidmətlərinə görə vəzifə pilləsində bir qədər də irəliləyib, 1 may 1993-cü ildə - sovet zəhmətkeşləri günündə Azərbaycan Dövlət katibi təyin olunub və 7 iyul 1993-cü ilə qədər bu vəzifəni daşıyıb.
 

 
"Milli Qəhrəmanın" ölkədə qardaş qanı axıtması

Diqqəti işğal faktından yayındırmadan qeyd edək ki, o dövrdə bütün bunlara səbəb siyasi müxalifətin – "AXC batalyonlarının” gücü ilə hakimiyyəti zəbt edən AXC-Müsavat cütlüyünün yarıtmaz idarəçiliyi, düzgün olmayan kadr siyasəti, hakimiyyət komandası daxilində ayrı-ayrı şəxslərin özlərindən böyük iddiaları, vəzifə davaları, nizami ordunun, vahid komandanlığın olmaması idi. Məhz Prezident Ə.Elçibəyin qərarı ilə Yevlax yun fabrikinin direktoru Surət Hüseynov Azərbaycanda Baş nazirin müavini təyin olunub. Bununla parelel olaraq o, Prezidentin Qarabağ üzrə fövqəladə səlahiyyətli nümayəndəsi idi. Hətta Ə.Elçibəyin 8 avqust 1992-ci il tarixli Fərmanına əsasən Qarabağda olan 40 minlik silahlı qüvvə yeni yaradılmış II Ordu Korpusuna tabe etdirilmiş və S.Hüseynov polkovnik rütbəsində korpusun komandanı təyin olunmuş, oktyabrın 9-da ona Milli Qəhrəman adı verilmişdi. Nəzarətində böyük hərbi güc olan bu şəxsin iddiaları böyük olduğundan 1993-cü ilin 4 iyununda Gəncədə hərbi qiyam başladıb, cəbhə boyu ölüm-dirim savaşı getdiyi vaxtda hərbçilərini geri çəkərək paytaxt Bakıya istiqamət aldırıb, ölkədə qardaş qanının axıdılmasına səbəb olub.
 

 
Avtomat Kalaşnikovla "sui-qəsdə məruz qalanın" Makarovla ayağından yaralanması

Prezident Ə.Elçibəyin və onun təyin etdiyi Dövlət katibi Ə.Kərimlinin "kadr siyasətində” riyaziyyat müəllimi Rəhim Qazıyevin müdafiə naziri olması da faktdır. 1990-cı il Qanlı Yanvar hadisələri ilə əlaqədar 2 mart 1990-cı ildə SSRİ DTK tərəfindən həbs olunaraq Moskvaya - məşhur "Lefortovo” həbsxanasına göndərilən, orada "verbovka” olunaraq sonradan "deputat” kimi Azərbaycan cəmiyyətinə sırınan bu şəxs "Şuşa əldən getsə başıma bir güllə çaxaram” – deyib populist çıxışlar edən, Şuşa əldən getsə də hazırda həyatda olan birisidir. Heç kimə ölüm arzulamasaq da, məsələyə şəxsiyyətin bütövlüyü sözün bütövlüyüdür prinsipi ilə yanaşsaq, R.Qazıyevin hansı şəxsi keyfiyyətə sahib olduğunu təsəvvür edə bilərik. Bu şəxsin də rəhbərlik etdiyi xüsusi batalyon olub. Guya ki, rəhbərlik etdiyi batalyonla Şuşanın müdafiəsinə getdiyi halda 1992-ci il fevral ayının 4-dən 5-nə keçən gecə ona sui-qəsd olub. Sui-qəsdin məğzi bundan ibarətdir ki, "Azərbaycan Qarabağı” batalyonunun əsgəri Emin Məmmədov indiyə qədər naməlum qalan səbəbdən kazarmada yatanlara avtomatdan atəş açıb və nəticədə kazarmadakı 8 döyüşçü avtomat gülləsindən həlak olub, 5 nəfər yaralanıb. Həmin vaxt R.Qazıyev də "Makarov” tipli tapançanın gülləsi ilə ayağından yaralanıb. Beləliklə də "Şuşanın müdafiəçisi” R.Qazıyevin "qəhrəmanlığı” bütün Azərbaycana səs salıb. 17 Mart 1992-ci ildən 20 Fevral 1993-cü ilə qədər müdafiə naziri postunu tutmuş R.Qazıyevin vəzifədə olduğu dövürdə separatçılara qoşulması, Rusiyanın yüksək rütbəli zabitləri ilə "alver” etməsi, hətta separatçı Əlikram Hümbətovla "xlebnik” olmasına dair internet resurslarında kifayət qədər məlumat var. 
 

 
Azərbaycanın hər bölgəsində bir "respublika” yaratmağa çalışanlar

Biz bu sadalanan faktlara əlavə olaraq, 1992-ci il mayın 16-dan 1993-cü il aprelin 16-a qədər Daxili İşlər Naziri olmuş İsgəndər Həmidovun, həmçinin Ə.Elçibəyin qərarı ilə daxili işlər nazirinin müavini təyin olunmuş Rövşən Cavadovun nəzarətlərində olan hərbi gücləri, eləcə də Müdafiə Nazirliyinə əsla tabe olmayan, hər birinə ayrı-ayrı şəxslərin komandirlik etdiyi digər silahlı birləşmələrin əməllərini də sadalaya bilərik. Hansı ki, bir sıra hallarda bu şəxslərin nəzarətində olan batalyonlar cəbhədə düşmənə qarşı mübarizə aparmaq əvəzinə, xanlıqlar dövründə olduğu kimi Azərbaycanın müxtəlif bölgələrinə, rayonlarına nəzarət edir, özləri üçün "xanlıq” yaradırdılar. Məhz o dövrdəki iqtidarın yarıtmaz siyasəti nəticəsində Dağlıq Qarabağla bərabər, Şimalda sadvalçılar, Cənubda əlikramçılar separatçı çıxışlar edir, Azərbaycanın hər bölgəsində bir "respublika” yaratmağa çalışırdılar. 
 
 
 
"Asta qaçan namərddir" prinsipi

Bir vaxtlar AXCP sədri Ə.Kərimlinin də yer aldığı hakimiyyətin Azərbaycan xalqı və dövləti qarşısında "xidmətləri” bundan ibarətdir. İndi bu hadisələrin üstündən illər keçib deyə, Ə.Kərimli elə hesab edir ki, hər şey unudulub və yeni nəslin beynini doldurmaq üçün istədiyi yalanı cəmiyyətə sırıya bilər. Füzuli və Cəbrayıl rayonlarının işğalı günündə status yazaraq, Azərbaycan torpaqlarının işğalında ulu öndər Heydər Əliyevi təqsirkar bilməsi, eləcə də Dağlıq Qarabağ probleminin indiyə qədər həll edilməməsində mövcud iqtidarı günahkar sayması da bu qəbildəndir. Ölkəni yox olmaq təhlükəsi, separatizm, parçalanma, vətəndaş müharibəsi, iqtisadi, siyasi, hərbi böhran, aclıq, işsizlik vəziyyətinə salıb 17 iyun 1993-cü ildə heç kimə xəbər vermədən, yalnız bir qrup AXC üzvü ilə birlikdə Kələkiyə qaçan prezident Ə.Elçibəyin yetirməsi Ə.Kərimli indi bütün bunların günahını başqalarında axtarır. Talehin ironiyası bu olsa gərək... 
 
 
 
Uğurlu Horadiz əməliyyatı

Bəlkə də AXCP sədri Ə.Kərimli sadəlövlüklə elə təsəvvür edir ki, ulu öndər H.Əliyev 15 iyun 1993-cü ildə siyasi hakimiyyətə gətiriləndən dərhal sonra Azərbaycandakı bütün problemlər həllini tapmalıydı. Əgər belədirsə, bu, siyasətçi adına iddia edən şəxsin düşüncəsizliyinin məhsuludur və beləsindən heç zaman siyasətçi, lider ola bilməz, necə ki, olmayıb da. Öz liderinə xəyanət etməklə "ad çıxaran” AXCP sədrinin yaddaşını təzələmək üçün xatırlatmaq yerinə düşər ki, ulu öndər H.Əliyev xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra ilk işi ölkə daxilindəki vətəndaş müharibəsinin qarşısını almaq, ardınca vahid komandanlığa tabe olan nizami ordu yaratmaq olub. Bu prosesin davamı olaraq 1993-cü ilin dekabrından 1994-cü ilin yanvar ayına qədər uğurlu Horadiz əməliyyatı baş verib. Ulu öndər H.Əliyevin nəzarəti ilə Daxili İşlər Nazirliyinin polis polkunun komandiri, polkovnik Fətullah Hüseynovun rəhbərliyi etdiyi bu hərbi əməliyyat zamanı Füzuli rayonunun Horadiz qəsəbəsi və rayonun 20 kəndi düşməndən azad olunub. 
 
 
 
Şanlı Aprel döyüşləri, Günnüt zəfəri..

Prezident İlham Əliyevin ölkəyə rəhbərliyik etdiyi illər ərzində də Silahlı Qüvvələrimizin uğurlu hərbi əməliyyatları olub. 2016-cı ilin Aprel döyüşləri zamanı Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi, Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və rayonun Madaqiz kəndi istiqamətində yollar daxil olmaqla ümumilikdə 2 min hektar ərazi düşməndən azad olunub. 2018-ci il may ayının 20-27-də Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun əks-həmlə əməliyyatı nəticəsində Şərur rayonunun Günnüt kəndi, "Ağbulaq” yüksəkliyi, Qızılqaya dağı, Qaraqaya dağı azad olunub, Dərələyəz mahalının Arpa kəndi isə Azərbaycan ordusunun nəzarəti altına keçib. Döyüşlər nəticəsində, ümumi olaraq, 11 min hektar ərazi azad olunub. Əməliyyat Azərbaycan Silahlı Qüvvələrinə İrəvan – Yeğeqnadzor – Gorus – Laçın - Xankəndi avtomobil yoluna nəzarət etməyə imkan verib. Cari ilin iyul-avqust aylarında isə Qazax Əlahiddə Sərhəd Diviziyası tərəfindən Azərbaycan-Ermənistan sərhədinin Qazax ərazisindən keçən hissəsində bir sıra istiqamətlərdə strateji əhəmiyyətli yüksəkliklər, yeni mövqelər tutulub. Bu mövqelərin tutulması Ermənistan silahlı bölmələrinin döyüş postlarını və postlara gələn yolları nəzarətdə saxlamaq üçün daha optimal imkanlar yaradıb. Orada düşmən tərəfinin aramsız atəşi altında mühəndis işləri aparılıb. 
 
 
 
Vətən torpağı qarış-qarış azad ediləcək

Bütün bu faktlardan göründüyü kimi Prezident İlham Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələrimiz zaman-zaman düşmənə sarsıdıcı zərbələr endirir, işğal altındakı torpaqlarımızı hissə-hissə azad edir. Şübhə etmirik ki, bu proses işğal altındakı bütün ərazilər azad olunana qədər davam etdiriləcək. O ki, qaldı Dağlıq Qarabağ probleminin indiyə qədər həll olunmamasına, bu, radikal müxalifətçilərin iddia etdiyi kimi asan olsaydı, onlar öz hakimiyyətləri dövründə buna nail ola bilərdilər. Amma buna nəinki nail olmayıblar, əksinə, uğursuz siyasət nəticəsində Azərbaycanın başqa ərazilərinin işğal olunmasına şərait yaradıblar. Digər tərəfdən, müasir dövrümüzdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bərabər, Rusiya-Gürcüstan, Abxaziya, Osetiya, Rusiya-Ukrayna, Krım, Luqansk, Donetsk, Rusiya-Moldova, Dnestryanı kimi münaqişələr var. İşğalçı Ermənistanın Rusiyanın "forpostu”, Fransanın "kiçik bacısı” olduğu da heç kimə sirr deyil... 

Rufik İSMAYILOV
 
 
 
 


 
 
 
 
 


Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8825
GEL 1 1 Gürcüstan larisi 0.5737
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1197
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1768
CHF 1 1 İsveçrə frankı 1.72
KWD 1 1 Küveyt dinarı 5.5941
TRY 1 1 Türkiyə lirəsi 0.2964