• cümə, 26 Aprel, 06:53
  • Baku Bakı 12°C

Öz biznesinə başla… - Fotolar

04.07.17 11:00 4503
Öz biznesinə başla… - Fotolar
"Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” dövlət başçısı İlham Əliyevin ötən il imzaladığı sərəncam ölkədə işsiz və iş axtaran vətəndaşların ailə bizneslərini qurmalarına geniş imkanlar yaratmaq baxımından əhəmiyyətlidir. "Özünüməşğulluq - öz məşğulluğunu qur və ailə biznesinə yiyələn” proqramı nəinki aktiv əmək bazarı siyasətinin xeyli güclənməsinə səbəb olub, həmçinin kiçik və orta sahibkarlığın dəstəklənməsində, kiçik ailə biznesinin inkişafında mühüm addım kimi dəyərləndirilir. Proqram əmək potensiallarının reallaşdırılması yolu ilə vətəndaşların gəlirlərini artırmalarına, kiçik və orta sahibkarlığın inkişafına xidmət edir. Sərəncam əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən "Öz məşğulluğunu qur və ailə biznesinə yiyələn” pilot layihəsi ölkəni əhatə edərək işsiz və işaxtaran şəxslərin özünüməşğulluğunda böyük fəallıq yaradıb.
Respublikanın bütün bölgələrini əhatə edən və 2016-cı ildən start götürən pilot layihə başa çataraq icrasına başlanılıb. Bakıdan 101 km məsafədə yerləşən, 50 minə yaxın əhalisi olan Qobustan rayonunda isə "Özünüməşğulluq proqramı”nın yaratdığı ab-hava xeyli fərqlidir.

Layihə iştirakçılarının qurduqları məşğulluq və yiyələndikləri biznes sahələri ilə yerində tanış olmaq üçün Qobustan rayonuna səfərim zamanı proqramın ümumilikdə yaratdığı məmnunluğu müşahidə etdim.
İştirakçı şərtlərə əməl etməzsə

Qobustan əsasən kənd təsərrüfatı rayonu kimi tanınır. Əhalisi dədə-babadan maldarlıq, quşçuluq, əkinçilik və qismən bostançılıqla məşğul olub. Bu gün də rayonda təsərrüfatçılıq ənənələri davam etdirilir. Qobustan rayonu paytaxta ən yaxın inzibati ərazi olduğu üçün buralardan iş axtarışı ilə bağlı paytaxt Bakıya üz tutanlar daha çoxdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Özünüməşğulluq - öz məşğulluğunu qur və ailə biznesinə yiyələn” layihəsi isə aztəminatlı və işsizlikdən əziyyət çəkən insanlar tərəfindən böyük sevinclə qarşılanıb. Hələlik rayon üzrə layihənin elektrik qaz qaynaqçısı, bərbər, dəmir tor toxuyan, heyvandarlıq sahələri üzrə beş iştirakçısı var. Proqramdan irəli gələrək, iştirakçıların aktivlərlə (avadanlıqlarla) təminatı da həyata keçirilib.

Beynəlxalq Əmək Təşkilatının (BƏT) təlimçiləri tərəfindən seçilən iştirakçılara iki ay müddətində rayonda təlimlər keçirilib. Təlimlərlə bərabər, imtahanların nəticələri də seçimdə rol oynayıb. İştirakçıların kurs müddətində əldə etdikləri bilgilər onlara təkcə fərdi təsərrüfatlarını quraraq özünüməşğulluq imkanlarına yiyələnməyin sirlərini deyil, həmçinin öyrəndiklərini praktikada tətbiq etməyi öyrədib.
Qobustan rayon Məşğulluq Mərkəzinin direktoru Ərəstun İbrahimov sosial müdafiəyə ehtiyacı olan aztəminatlı ailələrin işlə təmin olunması məqsədi ilə həyata keçirilən proqram çərçivəsində xüsusən aztəminatlı ailələrə, şəhid ailələrinə və Qarabağ müharibəsi veteranlarına üstünlük verildiyini bildirdi. Belə ki, iştirakçılar əsasən rayon üzrə ən çox tələbat hiss edilən sahələr üzrə seçilib. Həmçinin müxtəlif peşələr üzrə müraciət edənlər qeydiyyata alınıb. Əgər layihə yenidən başlayarsa, həmin peşələr üzrə iştirakçılar qoşulacaq: "Bir ay ərzində rayon üzrə 50-60 vətəndaş iş üçün müraciət edir. Xüsusən qış aylarında iş axtaranların sayı da çoxalır və əsasən kişilər üstünlük təşkil edir”. İştirakçı ilə icraçı arasında imzalanan müqavilənin şərtlərindən danışan direktor bildirir ki, iştirakçı aktivlərdən istifadə etməklə bir il müddətində özünüməşğulluğu və biznesini inkişaf etdirməyi öhdəsinə götürür: "Dəyəri göstərilməklə aktivlərin verilməsi və təhvil alınması ilə bağlı icraçı və iştirakçı arasında akt tərtib olunur. Əgər iştirakçı şərtlərə əməl etməzsə, verilən avadanlıq geri alınacaq və növbəti proqram çərçivəsində digər iştirakçıya veriləcək”.

Pilot layihənin Qobustan rayonunda uğurla həyata keçirildiyini deyən Məşğulluq Mərkəzinin baş məsləhətçisi Şəmsəddin Nuriyev ümumilikdə proqramı xüsusən gənc və aztəminatlı ailələr üçün uğurlu hesab edir: "Dövlət bu istiqamətdə qayğını artırsa, rayondan Bakıya köçüb gedənlər və paytaxtda işləyənlər geri qayıdacaq. Öncə adamlar kiçik biznes qurmaqla öz ailə təsərrüfatlarını yaradırlar, gələcəkdə ehtiyac və imkan, həmçinin bazarda tələbat olarsa, bizneslərini genişləndirə və əlavə işçi qüvvəsi cəlb edə bilərlər”. Həmçinin layihə davamlı olarsa, gələcəkdə avtomobil çilingərliyi, qaynaqçılıq, qadın bərbərliyi və s. sahələr üzrə sakinlərin biznes sahələri yaranar.
Dövlətin dəstəyi

Heyvandar Şahin Quliyev təlimlərin əhəmiyyətindən danışaraq "Kurslar bizə təkcə biznesi necə qurmağın yollarını deyil, həmçinin biznes plan tərtib etməyi və öz büdcəni necə idarə etməyin sirlərini öyrətdi” deyir: "Bundan əvvəl biz hər hansı iş görmək istəyəndə kor-koranə hərəkət edir, biznes planının nə demək olduğunu və qiymətləndirməni bilmirdik. Məsələn, kurslar artıq malın istehsalı üçün nə qədər vəsait sərf edildiyini, malın necə satılmasını, gəlirin necə əldə edilməsini və s. öyrətdi”.
Ailə əməyinə əsaslanan təsərrüfatını quran 37 yaşlı heyvandar dövlət tərəfindən verilən mal-qara ilə artıq ilkin nəticələr əldə edib: "İki inək və balaları ilə gələcəkdə təsərrüfatı genişləndirməyi nəzərdə tutmuşam. Bu gün artıq südə, qatığa pul xərcləmirəm. Dörd nəfərlik ailəmi heyvandarlıqla dolandırıram. Gələcəkdə inəklərin sayını artırmaqla təsərrüfatı genişləndirib başqa iş axtaranları da işə cəlb edə bilərəm. Bu, bizə dövlətin böyük dəstəyidir”.

Rayonun Ərəbşalbaş kənd sakini, 32 yaşlı Cəsarət Musayev "Ailəmə xidmət etmək yolunu tapmışam” deyərək, dövlətin yaratdığı imkana görə sevincini bölüşdü: "Əvvəllər də bərbərlik edirdim. Təcrübəm vardı, amma avadanlığım yox idi. Buna görə müştərilər çox müraciət etmirdi. Özünüməşğulluq proqramı isə öz biznesimi qurmağa əsil fürsət oldu. Dövlət məni lazımı avadanlıqla təmin etdi. Əgər əvvəllər müştəriyə xidmət etmək üçün təkcə qayçıdan istifadə edirdimsə, bu gün artıq stol-stul və digər avadanlıq var. Bu isə müştərilərin daha çox müraciət etməsinə və razı qalmalarına səbəb olur. Həmçinin bərbərlik xidmət növü kimi rayon ərazisində yaşayan əhalinin məmnunluğuna səbəb olub”.
Hazırda dörd övladı, həyat yoldaşı və ata-anası ilə birlikdə səkkiz nəfərlik ailəni dolandırmaq üçün dövlətin yaratdığı imkandan yararlanan bərbər, gələcəkdə övladını davamçısı kimi yetişdirəcəyini deyir: "Ailə biznesinin qurulması artıq bu sahəni inkişaf etdirməyə və gəlirlərimizi artırmağa imkan yaradıb”.

30 yaşlı Elnur Gülməmmədov isə dəmir tor toxumaq üzrə kiçik biznesini qurub. Sexdəki avadanlıqlar – dəzgah, məftillər, qayçılar, spirallar, elektron tərəzi və s. alətlərdən ailə üzvləri də istifadə edərək, bizneslərinin inkişafına kömək edirlər. 6 nəfərdən ibarət ailə üzvləri hamısı sexdə çalışır: "Tor toxumaqla çoxdan məşğulam. Amma bir ara material olmadığı üçün fasilə verdim. Özünüməşğulluq proqramı isə bizim üçün əla imkan yaratdı. Artıq sifarişlərin sayı çoxalıb. Bu peşəni oğluma da öyrətmişəm. Hətta iş çox olanda həyat yoldaşım da kömək edir”. E.Gülməmmədov deyir ki, hazırladığı torlar kənd təsərrüfatı, eləcə də, həyətyanı sahələrin hasara alınmasında istifadə olunur: "Artıq dolanışıq qayğısı çəkmirik. Öz biznesimizi qurmuşuq. Buna görə, ailəmiz adından dövlətimizə təşəkkür edirik”.
Ünvanlı Sosial Yardım proqramına yeni yanaşma

Bir aydan çoxdur ki, layihə iştirakçılarının qurmağa başladıqları kiçik biznes sahələri artıq ilk gəliri qazandırır. Bir illik sınaq müddətində Məşğulluq İdarəsi hər ay sahibkarların fəaliyyətinə baxış keçirəcək və müqaviləyə əsasən, onların hesabatlarına baxılacaq. Sahibkarların fəaliyyəti özlərini doğruldacağı təqdirdə, aktivlər həmişəlik onların mülkiyyətinə veriləcək.

Hələlik isə hər iki tərəf - həm "vətəndaşlarımız işlə təmin olunub, ailələrini dolandırırlar” deyən icraçılar, həm də dövlətin qayğısından ruhlanan iştirakçılar razıdırlar. Dövlətin əlini öz çiynində hiss etməsi vətəndaşlar üçün ən böyük güvəndir. Bu qayğı isə onlara təkcə fəaliyyətlərini aktivləşdirməyə və ailələrinə çörək qazanmağa deyil, həmçinin ölkədə sahibkarlığı inkişaf etdirib, iqtisadiyyata töhfə verməyə həvəsləndirir. İştirakçılar məmnunluq yaradan pilot layihənin daha da genişləndirilməsini və çoxsaylı insanları əhatə etməsinin tərəfdarıdırlar.

Ekspertlər də "Özünüməşğulluq proqramı”nı təkcə ölkədə tətbiq olunan innovativ layihə kimi deyil, həm də büdcə asılılığını aradan qaldırmaq istiqamətində yaranan ehtiyac kimi dəyərləndirirlər. Üstəlik proqram ünvanlı sosial yardım proqramına yeni yanaşma hesab edilir: «Ünvanlı sosial yardım yoxsulluq həddində yaşayan insanların büdcədən maliyyələşməsini nəzərdə tutur. Bu da vətəndaşların büdcədən asılılığının yaranmasına gətirib çıxarır. Baxmayaraq ki, vətəndaşlarımız dövlət büdcəsindən yardım alırlar, ancaq artıq bu proqramın dəyişməsinə, insanların özlərini öz gəlirləri hesabına təmin etməsinə ehtiyac var. Özünüməşğulluq proqramı da insanların özləri üçün gəlir yaratmalarına və özlərini təmin etmələrinə imkan verir” deyə iqtisadçı ekspert Vüqar Bayramov"Kaspi”yə açıqlamasında proqramın əhəmiyyətini vurğuladı. Ünvanlı yardam proqramının mərhələli şəkildə "Özünüməşğulluq proqramı” ilə əvəz edilməsinə ehtiyac olduğunu deyən V.Bayramov vətəndaşların sosial baxımdan büdcədən subsidiyalaşmamağının tərəfdarıdır: "Digər tərəfdən, proqram vətəndaşın öz-özünə iş yeri yaratmasına imkan verəcək, eyni zamanda onun aktivləşməsinə səbəb olacaq. Bu, büdcədən subsidiyalaşan vətəndaşların sahibkara çevrilməsinə və özünü məşğul etməklə, büdcə xərclərinin qənaət edilməsinə imkan yarada biləcək».

"Özünüməşğulluq proqramı”nın Qobustan rayonunda həyata vəsiqə alan pilot layihəsinin ilkin işartıları isə ekspertin söylədiyi məqamlarla üst-üstə düşür. "Bizə iş verin, işləyək” deyən sakinlərin ehtiyacı isə proqramın nəinki sosial-iqtisadi əhəmiyyətliliyini artırır, həmçinin daha da genişlənməsini və çoxsaylı vətəndaşlara şamil edilməsinə ehtiyacı üzə çıxarır.
Təranə MƏHƏRRƏMOVA

Məqalə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür

banner

Oxşar Xəbərlər