AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Yuxu kimi günlər yaşayırıq”

“Yuxu kimi günlər yaşayırıq”

Cəmiyyət
28 Noyabr 2020, 10:00 978
60 illik yubileyini qeyd edən Tənzilə Rüstəmxanlı: "Qarabağ sevinci mənə qardaşımın acısını unutdurdu”

 
"Qadından yaş soruşmazlar” deyirlər. Amma o yaşını gizlətmək fikrindən uzaqdır. Onun üçün Vətən idealları, Qarabağımızın azad olunması diləyi, türkçülük savaşı daha öndə olub həmişə. Ömrünün 30 ilini bu mücadiləyə həsr edib. Bu mübarizəsindən qürur duyub, güc alıb. Bu gün "60 illik ömrümdə Qarabağın zəfərindən böyük sevinc yaşamadım” deməsində də böyük haqq var.  
Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlıdan yubileyi münasibətilə aldığımız müsahibə zamanı  bu həqiqətə bir daha inandıq.  

 Qarabağ zəfəri Çanaqqala zəfəri kimi...


- Azərbaycan böyük və çoxdan həsrətində olduğu bir QƏLƏBƏNİ bayram edir: 30 ildən sonra torpaqlarımız mənfur düşmənin işğalından azad olundu. Bir ziyalı xanım, tanınmış diaspor rəhbəri, nəhayət həmişə mücadilədə olan vətəndaş kimi bu günlər yaşadığınız hisslər maraqlıdır...
- Mən çox ümidli adamam. Haqqın, ədalətin bir gün mütləq qalib gələcəyinə həmişə inanmışam. Sabaha heç ümidimi itirmədim. Amma bu namərd dünyada haqlını qoyub haqsızın yanında duran böyük güclərin ikili münasibətini və yanaşmasını görəndə içimə əlbəttə, çox böyük bir hüzn dolardı. "Gerçəkdənmi Qarabağ düyünü kor bir düyün oldu?”- deyə həmişə fikirləşirdim. Çözümsüzlüyü uzatmaq üçün hər cür oyunlardan çıxırdılar. İstəyirdilər uzatdıqca Qarabağ yaddan çıxsın, nəsillər dəyişsin, o günlərin şahidləri olan insanlar aradan çıxıb getsin, yeni nəsli tamam başqa bir ruhda böyütsünlər. Nəticəsi o olsun ki, Qarabağ unudulsun və erməniləşdirilsin. Mən bir dəfə yurdumu itirmişəm. Dədə-baba torpaqlarım bugünkü Ermənistan deyilən bölgədə qalıb. Zatən ora nə vaxtsa dönmək ümidini ürəyinə gömmüş birisiyəm. Qarabağda bu qədər çözümsüzlük olduqca ümidim azalırdı. Amma işğalın bir gün sona çatacağı gerçəkdən yatsam yuxuma girməzdi. Bunu "Yatsam yuxuma girməz” deyə bir yazımda da yazmışdım. Yuxu kimi günlər yaşayırıq: Qarabağ azad olundu! Pandemiya ilə dünyanın boğuşduğu bir vaxtda Qarabağ kimi bəxtimizə doğan bir xeyir gəldi. Qarabağ azadlığına qovuşdu. Mən indiyə qədər belə sevinməmişdim. Şəxsi acılarım da olub. Təsəvvür edin, 1-ci Qarabağ müharibəsində əlil olmuş qardaşımı itirdikdən iki həftə sonra Vətən müharibəsi başladı və Qarabağın xoş xəbərləri gəldi. İnanırsınızmı, Qarabağ sevinci mənə qardaşımın acısını unutdurdu... Bu, başqa bir duyğudur. Mən 1-ci Qarabağ müharibəsini görmüş, o acıları yaşamış adamam. Millətin qaçqınlıq həyatı gözümün qabağında olub. Birdən-birə bu millətin Ali Baş Komandanının arxasında durması, Prezidentin bu qədər qərarlılıqla dünyanı qarşısına alması, yumruğunu stola çırparaq "Biz varıq”, Qarabağ Azərbaycandır” şüarı ətrafında milləti birləşdirməsinin zəfərini gördük. Bizim Qarabağ dərdi kimi dərdimiz vardı, insanları birləşdirə bilmirdik. Amma cənab prezident milləti bu şüar ətrafında birləşdirə bildi: Qarabağ azad olundu. Qarabağ Azərbaycan oldu. Çox gözəl tarixə şahidlik edirik. Bunlar ən şərəfli səhifələrimiz olacaq. Bizdən sonrakı nəsillər bu günlər tədqiq edəcəklər. 44 günlük savaş -  torpaqlarımızın erməni işğalından azad edilməsi, özəlliklə Şuşanın alınması bir qəhrəmanlıq dastanıdır. Şuşa zəfəri, Qarabağ zəfəri də Çanaqqala zəfəri kimi şərəflidir.


- Azəri-Türk Qadınlar Birliyinin və Azərbaycan-Türkiyə Evinin rəhbəri olaraq savaş günlərində döyüşlərə töhfəniz nə oldu?
- Savaş başlayan günün axşamı mən İctimai Televiziyada idim. Dedim ki, birləşmək üçün heç bir şüara gərək yoxdur: Ali Baş Komandan dedi ki, Qarabağ Azərbaycandır! Bu şüar onun ətrafında birləşməyimiz üçün yetərlidir. Bütün türk dünyası Qarabağın azadlığı üçün əsgər olmalıdır. Bir informasiya savaşı da gedirdi. Mən də Birliyin sədri, Qarabağ gerçəkləri uğrunda 30 ilini vermiş bir insan və bir vətəndaş kimi bir əsgər olaraq gerçəkləri anlatmaq üçün qolumu çırmadım. Bu savaşda Azərbaycanın bütün dinamik gücləri qürurla, zəfərlə savaşdı. Ölkənin xarici siyasəti savaşırdı, media-informasiya savaşında Azərbaycan qalib idi. Xarici jurnalistlərin ölkəmizə dəvət olunması, onların Gəncədə, Tərtərdə, Bərdədə mülki vətəndaşların öldürülməsi, evlərin dağıdılması kimi hadisələrlə yerində tanış olmaları informasiya savaşında da bizim üstünlüyümüzü təmin etdi. Bizim töhfəmiz o oldu ki, əsgərlərimizin yanında olduq. Mən ömrümün 30 ilini vətənpərvərlik hisslərinin gənclərimizə aşılanması istiqamətində  çalışmışam. Bu günlərdə bir daha qürurla başımı dik tutdum. Mənim üçün Azərbaycan gəncinin vətənpərvərlik duyğusu sürpriz oldu. Orda öz əməyimi də gördüm. O gənclər, könülllülər, oğlu şəhid olan analarımızın qürurla "Vətən sağ olsun!” deməsi, ömür-gün yoldaşının, oğlunun tabutunu çiyinlərinə alan bir millətin anasının qüruru qarşısında nə dura bilər ki? Azərbaycan bu dəfə Vətən savaşından alnıaçıq, üzüağ çıxdı. Hər birimiz bu qüruru yaşadıq. Ömrümün 60 ilini tamamlayıram. Fikirləşirəm ki, heç bu qədər sevinməmişəm. Bütün acılarıma rəğmən o qədər xoşbəxtəm ki... Alnımızda bir ləkə vardı. Mən Qarabağla bağlı konfranslar keçirəndə "Niyə savaşmırsınız?”, "Sizin yerinizə torpağı kim azad edəcək?” kimi suallar olurdu. Mən dünyanın bizə münasibətini izah edirdim. "Əlimiz, qolumuz bağlı idi” desəm belə, hər şey yarımçıq idi. Sevincim, qürurum yarımçıq idi. Başım aşağı əyilmişdi. Çiynimdə bir Qarabağ yükü vardı ki, məni hər zaman sıxırdı, əzirdi. Mənim qaçqınım, köçkünüm, əsirlikdə olan qadınlarım vardı. Erməni əlinə keçməmək üçün özünü sıldırım qayalardan atan qızımın, gəlinimin qısası alınmamışdı. Şəhidimin qısası alınmamışdı. Mən Prezident İlham Əliyevə bir də ona görə minnətdaram ki, o, mənim millətimin anasının, qadınının belini dikəltdi, hamımızın başını uca etdi. İndi  bizim qəhrəmanlıq dastanı danışmağa haqqımız var. İndi bizim zəfər, qalibiyyət deyəndə başımızı dik tutmağa haqqımız var. Biz qolumuzun gücü, övladlarımızın qanı, şəhidlərimizin ruhu ilə torpaqlarımızı azad etmişik. Bizə bu qələbəni qızıl sinidə gətirib verməyiblər. Biz vuruşaraq, Prezident demiş düşməni "iti qovan kimi qovaraq”, erməni vandalizminə son qoyaraq torpaqlarımızı almışıq. Yubiley yaşında həyatımın ən böyük hədiyyəsini almışam. Çox qürurluyam. İtirdiyim, əzilən, tapdaq altında qalmış qürurum qayıdıb.

 - Daim türk dünyası uğrunda savaşın önündə olan vətənpərvər bir ziyalı kimi türkdilli ölkələrin savaş günlərində ölkəmizə dəstəyi sizi qane etdimi? 
- Düz deyirsiniz, Türkiyə-Azərbaycan əlaqələrində bizim də əməyimiz var. Biz üzümüzü hər zaman Türkiyəyə çevirdik, heç vaz keçmədik. Allaha şükür ki, zaman bizi dar günümüzdə haqlı çıxardı. Bir daha gördük ki, Türkiyə hər zamankı kimi yanımızda, arxamızdadır. Cumhur başqanı Rəcəb Tayyip Ərdoğan savaşın ilk günündə "Hər şeyimizlə Azərbaycanın yanındayıq” dedi. Nazirləri "Can fəda Azərbaycana” dedilər. Milləti nə etdi? 7-dən 77-yə "Azərbaycanın yanındayıq” deyə ayağa qalxdılar. Bundan böyük hansı dəstək ola bilər? Türkiyə-Azərbaycan bayraqlarını hər zaman tədbirlərimizdə qoşa dalğalandırmışdıq. "Bura Türkiyədir bəyəm?” deyib, buna ağız büzənlər olurdu. Məlum oldu ki, Qarabağ həm Türkiyə, həm Azərbaycanmış. Sadəcə, inanmaq lazımdır. Sevindiyim məqamlardan biri də böyük bayraq şöləni idi. İki bayraq zatən qardaşlaşmışdı, amma bir-birinə sarıldığı günləri yaşayırıq. Könül gözü çox önəmlidir. Mən bu günləri könlümün gözü ilə görürdüm, inanırdım. İnsanın ideallarının gerçəkləşməsi başqa şeydir. Mənim ideallarım, xəyallarım gerçəkləşib, arzularım həyata keçib. Ən böyük arzum idi ki, Azərbaycanla Türkiyənin ürəkləri gerçəkdən birgə döyünsün. Ağlıma gələrdimi ki, bir gün oğlum Şuşadan zəng edib: "Ana, bu dəqiqə Şuşadayam. Əsgərlərimiz burda aslan kimi durublar” - deyəcək? Mənə bundan böyük hədiyyə nə ola bilər ki? 
 


Sabir bəylə əhdimiz var...


- Dünənə qədər "Qaçqınam, köçkünəm, halımı sorma” deyə hayqıran vətəndaş şair, yazıçı Sabir Rüstəmxanlı nələr yazdı savaş günlərində? Çağırışları nə oldu?
- Sabir bəyi heç evdə tapa bilmirdim ki... Sabir bəyin "Millətəm” şeirinə mahnı yazıldı. "Çəkil torpağımdan, ey yağı düşmən, mən şeytanın ümidini üzən millətəm”- sözləri marş kimi səsləndi. Sabir bəy elə gün olurdu ki, bir neçə televiziya proqramına dəvət alırdı. Hamısına da özünü çatdırırdı. Düzdür, bəzi şeyləri mən də yaşayırdım, amma Sabir bəy başqadı axı... Sabir bəyin içindəki ağrıları, acıları torpağa gömülmüşdü. Sabir bəy çox xoşbəxtdir indi. Müharibə xəbərini eşidəndə bilirsiniz mənə nə dedi? "Daha bunun geri dönüşü olmamalıdır. Ya bu 10 milyon xalqın hamısı qırılmalıdır, ya da Qarabağı azad etməliyik”. Axşama doğru artıq bizə gözəl xəbərlər gələndə onun üzündəki sevinci görmək lazım idi. Füzuli rayonunun  alınması xəbəri gələndə Sabir bəy kresloda oturmuşdu. Bir də gördüm gözlərindən yaş axır. "Bu dünyadan köçməmiş Allah bu günləri mənə yaşatdı. Daha başqa şey istəmirəm”- dedi. Biz də ağladıq. Hər qələbə xəbəri gələndə ağladıq. Şuşanın xəbəri gələndə hələ... Şuşa könlümüzün paytaxtıdır. Sevgimizin, qürurumuzun paytaxtıdır. Noyabrın 8-ini həyatım boyu unutmayacağam. Prezident Şəhidlər Xiyabanında açıqlama verəndə Sabir bəylə mən televizoru ayaq üstə izləyirdik, oturmağa səbrimiz çatmırdı. Ali Baş Komandan "Şuşa, sən azadsan”- deyəndə Allah bilir mən necə çığırdım! Sabir bəy hönkürüb ağladı. Çox itkilərimiz olub, amma mən Sabir bəyi belə hönkürüb ağlayan görməmişdim. 

- İnanırıq ki, bu zəfər tarixi tezliklə Sabir bəyin əsərlərində də əks olunacaq...
- Yazır, yazır... "Qələbə tvitləri” şeirini Ali Baş Komandana həsr etdi. Elə bil Sabir bəyin ikinci nəfəsi açıldı. Yaza da bilmirdi, bədbin olmuşdu. Qeyri-adi şeylər baş verdi Sabir bəydə. Maşallah, yazmaqdan da, televiziya proqramlarında iştirak etməkdən də yorulmur. Elə bil Sabir bəy 20 yaş cavanlaşıb. Çünki o qədər ruhumuz dirildi ki... Sabir bəylə əhdimiz var: biz Şuşada ev tikəcəyik. Bu dünyadan  getmədən Şuşada ev tikəcəyik. Heç yerə getməyəcəyik, bizim istirahət yerimiz Şuşa olacaq.

- İşğaldan azad olunan yurd yerlərimizin gələcəyini necə görürsünüz?
- Çox gözəl... Siz gördünüz, bu millət qələbə sevincini necə yaşadı! Prezident "Biz oranı cənnət bağçası edəcəyik” dedi. Ermənilər yandırıb, yaxdı. Onların torpaqları deyildi axı. Bizimki çıxanda qapısını bağlayıb çıxdı. Çünki bilirdi ki, qayıdacaq. Özünün yaratdığı, qurduğu evi niyə yandırıb xaraba qoysun ki? Erməni ona görə yandırır ki, nə torpaq, nə də evlər onundur. Ona görə xarabazara çevirib. Onun olsaydı, o yerləri yandırmağa qıymazdı. Qarabağ azad olunanda bütün dünya erməni vandalizminin bir daha şahidi oldu. Çünki xisləti vəhşidir, insanlıq adına ləkədir. Əlindən hansı düşmənçilik gəldisə, elədi. Bu adamlar hansı üzlə mənlə qonşu olacaq? Körpələrimi, sivil insanlarımı öldürüb. Mənlə necə üz-üzə gələcək? Ruslar da bir daha onların iç üzünü gördü və Azərbaycanla münasibətləri düzəltdi. Ağdamı, Kəlbəcəri bir güllə atmadan bizə təhvil verdilər. Bu rayonların arxasınca Laçın qayıdacaq. Qarabağ artıq Azərbaycandır! 
 
- Tənzilə xanım, siz illər boyu beynəlxalq kürsülərdən Qarabağ harayından,  Xocalı faciəsindən danışırdınız. Bundan sonra mübarizənizin istiqaməti necə olacaq?
- Bundan sonra 30 il ərzində apardığımız haqq-ədalət savaşından danışacağam. Mən çox ürəklə Qarabağın, Şuşanın azad edilməsi dastanını danışacağam. Bu, ayrı bir qəhrəmanlıq dastanıdır. Tarix bizə gözəl günlər yaşadır. Küllərimizdən doğan millətik! Biz Qarabağı dirildəcəyik, o torpağın ruhunu özünə qaytaracağıq. 

- Sizinlə müsahibəyə gələndə hansısa yubiley sualları verəcəyimi düşünürdüm. Amma söhbətimiz boyu bir daha əmin oldum ki, dilində daim "Qarabağ” harayı olan, bu illər ərzində yuxularından belə Qarabağ çəkilməyən bir insan üçün elə ən böyük yubiley hədiyyəsi özünüzün də dediyi kimi torpaqlarımızın işğaldan azad olunmasıdır. Yubileyinizi bu münasibətlə təbrik edirik! 
- Xalqımızın gözü aydın olsun! Millətimizi təbrik edirəm! Düşmən qarşısında Ali Baş Komandanın arxasında durduqları üçün xalqımıza minnətdaram! Bu, hamımızın zəfəridir. Ona görə mənim üçün Qarabağ zəfərindən böyük nə hədiyyə ola bilər ki?


Təranə Məhərrəmova