• cümə, 26 Aprel, 13:41
  • Baku Bakı 23°C

Yükdaşımada yol vergisinin ləğvi ölkəmizə nə verəcək?

28.05.16 11:30 1547
Yükdaşımada yol vergisinin ləğvi ölkəmizə nə verəcək?
Prezident İlham Əliyev "Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" və "Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilməsi ilə bağlı qanunu imzalayıb. Yeniliklərə görə, dəmir yolu ilə daşınan yüklər Azərbaycan ərazisindəki müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi son dəmiryolu stansiyasında xarici dövlətlərin yük avtomobillərinə, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinə aşırılaraq ən yaxın gömrük sərhəd buraxılış məntəqəsindən keçirilməklə, digər dövlətə daşındıqda, 2016-cı ilin iyun ayının 1-dən etibarən 3 il müddətinə yol vergisindən azaddır.
Digər dəyişikliyə əsasən, xarici dövlətlərin yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələri ilə yüklər digər dövlətin ərazisindən Azərbaycan ərazisindəki müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ilk dəmir yolu stansiyasına ən yaxın gömrük sərhəd buraxılış məntəqəsindən keçirilməklə daşındıqda da 2016-cı il iyun ayının 1-dən etibarən 3 il müddətinə yol vergisindən azaddır.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı direktoru Vüsal Qasımlının sözlərinə görə, bu dəyişikliklərdən sonra yaxın 3 il ərzində dəmir yolu ilə nəql edilən yüklər Azərbaycan ərazisindəki son dəmiryolu stansiyasından ən yaxın gömrük sərhəd buraxılış məntəqəsindən keçirilməklə digər dövlətə və əksinə daşındıqda, yol vergisi və dövlət rüsumundan azad ediləcək: "Məsələn, İrandan keçməklə Astara dəmiryolu stansiyasına çatana qədər sahibkar yükə görə əvvəllər ödədiyi yol vergisi və dövlət rüsumundan azaddır. Müqayisə üçün deyək ki, əvvəllər yol vergisi və dövlət rüsumu ödənildiyinə görə, Astara gömrük məntəqəsindən Astara dəmiryolu stansiyasına qədər olan məsafədə yükün daşınma xərci artırdı. Çünki Vergi Məcəlləsinə görə, yol vergisi ölkədə qalma müddəti, yükün həcmi və oxların sayı əsasında müəyyənləşdirilir.
Nəticədə İran Astarası ilə Azərbaycan Astarası arasında 8 kilometrlik məsafədə daşıma xərcləri təxminən Astaradan Yalamaya qədər 500 kilometrlik dəmiryolu ilə daşıma xərcləri ilə müqayisə oluna biləcək bir həddə yaxınlaşmışdı. Dəyişiklikdən sonra daşıma xərclərinin azalması İran-Azərbaycan-Rusiya marşrutunun iqtisadi cəlbediciliyini daha da artıracaq. Bu isə Azərbaycan dəmiryolu təsərrüfatı üçün əlavə maliyyə imkanları və yük dövriyyəsinin genişlənməsi deməkdir. Digər tərəfdən, daşımaçılıqla məşğul olan şirkətlər də həm maliyyə, həm də vaxt resurslarına qənaət etməklə məmnun qalacaqlar”.
Vüsal Qasımlı bildirdi ki, yol vergisi və dövlət rüsumundan azad olunma üçün 3 il müddətin nəzərdə tutulması optimal sayılmalıdır: "Çünkü "Astara (Azərbaycan) - Astara (İran)” dəmiryolunun tikintisi bu müddətdə yekunlaşa bilər. İran ərazisində Rəşt-Astara dəmiryolunun tikintisinin başa çatması ilə Şimal-Cənub dəhlizi üzrə dəmiryolu əlaqəsi də tam təmin ediləcək. Lakin indidən tranzit yüklərin bu marşrut üzrə cəlb edilməsi üçün Azərbaycan dövləti İran və Rusiya ilə birlikdə fəal nəqliyyat siyasəti yürüdür. Azərbaycanda qeyd edilən daşımalar üçün yol vergisinin və dövlət rüsumunun ləğv edilməsi Azərbaycanı tranzit daşıma şirkətləri üçün davamlı və etibarlı tərəfdaşa çevirir. Yeri gəlmişkən, dövlət rüsumu və yol vergisinin güzəşt edilməsi nəticəsində dövlət büdcəsinin gəlirlərinə statistik əhəmiyyəti olmayan məbləğdə təsir olacağı halda, yükdaşımaların artması daha böyük perspektivlər vəd edir”.
Onun fikrincə, dəyişikliklər Naxçıvan ərazisində də əhəmiyyət daşıya bilər: "Naxçıvanla Türkiyə arasında dəmiryolunun olmaması buna zəmin yaradır. Belə ki, Naxçıvanın Türkiyəyə ən yaxın dəmiryolu stansiyasından gömrük məntəqəsinə qədər olan ərazidə yüklərin daşınması dövlət rüsumu və yol vergisindən azad oluna bilər”.
Dəşişikliklərə əsasən, yeni qaydaları müvafiq icra hakimiyyəti orqanı hazırlayacaq və uyğun qaydada dəmiryolu stansiyaları və gömrük məntəqələrini müəyyənləşdirəcək təkliflərlə çıxış edəcək.
Millət vəkili Vahid Əhmədov qəzetimizə açıqlamasında bildirdi ki, hazırda İranla Azərbaycan arasında dəmir yolu olmadığı üçün yüklərin boşaldılıb, yenidən daşınması işi həyata keçirilirdi. Bu zaman isə təxminən bir vaqonun boşaldılmasına 1000 dollara yaxın vergi ödənilir: "Bu da dəmir yolunda avtomobillər üçün böyük məbləğdir. Ona görə də 3 il müddətinə vergidən azad etdik ki, elə bir ciddi problem yaranmasın. 3 ilə də yəqin ki Astara çayı üzərində dəmir yolu tikilib, istifadəyə verilər və Azərbaycanla İran arasında dəmir yolu problemi olmaz. Hazırda isə bizdən gedən və eyni zamanda buraya gələn avtomobillər vergi ödəyirlər. Çünki İranla Azərbaycan arasında dəmir yolu yoxdur”.
Millət vəkili deyir ki, hazırda dəmir yolunda ciddi işlər gedir. Əlavə vaqonlar alınır, yeni xəttlər çəkilir. Bunun üçün isə xeyli vəsait lazımdır. Vergiyə yönəldilməyən o vəsaiti Azərbaycan Dəmir Yolları QSC bu istiqamətə yönəldə bilər. V.Əhmədov bildirdi ki, bu dəyişikliklə həm də avtomobillərin gedib-gəlməsində elə ciddi bir problem olmayacaq. 3 ilə isə İranla Azərbaycan arasında dəmir yolu fəaliyyətə başladığı zaman vergi ləğvi də aradan qaldırılacaq.
Millət vəkili Tahir Mirkişili isə bildirdi ki, Azərbaycandan keçməklə xarici yük daşımalarının həcmi ölkəmizdə getdikcə artmaqdadır: "Şimal-Cənub, Şərq-Qərb kimi iri nəqliyyat dəhlizi layihələrinin reallaşması, Azərbaycan Prezidentinin təşəbbüsü ilə regionda uğurlu üçtərəfli əməkdaşlıq formatlarının yaradılması bu sahənin Azərbaycanın qeyri-neft sektorunda xüsusi payının sürətlə artmasını labüdləşdirir. Eyni zamanda Azərbaycan nəqliyyat dəhlizinin digər ölkələri ilə intensiv danışıqlar apararaq tariflərin azaldılmasına və vahid tarif sisteminin yaradılmasına çalışır. Vahid tarif və daşıma siyasəti bu nəqliyyat dəhlizlərini kifayət qədər cəlbedici və iqtisadi cəhətdən əlverişli edəcək”.
T.Mirkişili qeyd etdi ki, yüklərin daşınmasında Azərbaycan ərazisində həm avtomobil, həm də dəmir yollarından geniş istifadə olunması bu sahədə də vahid cəlbedicilik siyasətinə ehtiyac yaradırdı. Dövlət başçısının son fərmanı ilə yüklərin qarışıq daşınması zamanı (avtomobil və dəmir yollarından istifadə) onların dövlət rüsumundan azad olunması xarici yüklərin Azərbaycan ərazisindən daşınmasını təşviq edəcək çox mühüm addımdır: "Bu həm də yükdaşıma texnologiyalarının tam həcmdə və effektiv olaraq istifadəsinə ciddi bir dəstəkdir. Bu addımlarla Azərbaycan Avropa və Asiya arasında yükdaşımalar bazarında çox cəlbedici və rəqabətqabiliyyətli bir ölkəyə çevrilməkdədir”.
Aygün
banner

Oxşar Xəbərlər