• şənbə, 11 May, 06:46
  • Baku Bakı 12°C

Yoxuşla addımlayan şair

05.02.14 08:39 1518
Yoxuşla addımlayan şair
Şair Dayandur Sevgin ipək kimi insandır. Həlim xasiyyətli, yumşaq və nəzakətli danışığı ilə ətrafdakıların hörmətıni qazanmış adamdır. Heç bir təm-təraq iddasında olmayan, sakit həyat arzusuyla ömrünün 55-ci baharına doğru addımlayan incə ruhlu şairdir.
Çox təəssüf edirəm ki, onun kitabını gec oxumuş, şeirlərindəki sətiraltı mənaları, şirinliyi gec duymuşam. Dayandur Sevginin məndə yalnız bir kitabı var: “50-dən o yana yollar yoxuşdu”. Elə bircə bu sətri oxumaq kifayətdir ki, onun ömür yolunu anlayasan. Həmişə eşitmişik ki, yaradıcı insan ömrünün 50-ə qədər olan yaş dövrünü mübarizələrlə, döyüşlərlə, özünə sənətdə və həyatda yaxşı yol açmaqla keçirir. Yarım əsr yaşayandan sonar bir balaca toxtayır, dünyanın gəlimli-gedimli olduğunun şahidi olur və ya özünə müəyyən qədər gün-güzaran düzəldir, ədəbi aləmdə az-çox öz yerini tapmış olur. Dayandur Sevgin isə deyir ki, 50-dən oyana yollar yoxuşdur. Yəni gedəcəyi, sürəcəyi ömür yolları yenə də daş-kəsəklidir, hamar yollardan əsər-əlamət görünmür.
Yerdəkilərdən əlini üzüb üzünü Allaha tutur, onu sorğu-suala çəkir. Allahın yaratdığı bəndədən qorxduğunu deyir. Bu qorxu ətrafa o qədər dəhşətli qol-budaq atıb ki, Allahdan qorxmaq yadından çıxıb. Hələ o da yadından çıxıb ki, Allandan qorxmaq yox, onu sevmək lazımdır. Allahın yaratdığı bəndənin qorxunc kabusu onun ömür yollarını çox izləyib.
Nə var ki, salmağa, mərdi kəməndə,
Ədalətin gözü yuxuludursa.
Allahın kölgəsi sayılan bəndə,
Allahın özündən qorxuludursa,
Mən insandan qorxum, ya səndən, Allah?
Və ya
Qəlbimdə qalıbsa quruca adın,
Bəndənin qorxusu mənə dağdısa.
Edam otağından çıxan cəlladın,
Əlləri qırmızı, üzü ağdısa,
Mən insandan qorxum, ya səndən, Allah?
Dayandur Sevgin sadədən-sadə, hər cür bər-bəzəkdən, zər-zibadan uzaq bir ömür yaşayıb. Alnı açıq-üzü ağ. Heç kimin qabğında əyilməyib, əyilməyi nakişilik sayıb. Təəssüf hissiylə deyir ki, gərək insanın ilk əcdadları Həvva qız qalaydı, Adəm də subay. Onda adamlar da, bu qədər dərd-qəm, ələm də yaranmazdı. İndi insanlar bir-birini sözlə asıb-kəsirlər, şər atırlar, isdədiklərini deyir, isdədiklərini yazırlar.
Olmayıb heç zaman ehtiyacları,
Harınlar anlamaz qarnı acları,
İndi muzeylikdir dar ağacları,
İndi sözdən asır adam, adamı.
Nə günüm bir gündür, nə gecəm gecə,
Verdiyin dərdlərə dözüm mən necə,
Gərək qız qalaydı “Həvva” eləcə,
Gərək əkməyəydi “Adəm” adamı.
Şair bütün ələmlərə, kədərə baxmayaraq, dərdlərinin içində həmişə sevinc axtarır və onu tapanda çox sevinir. Bəzən ehtiyac içində yaşasa da Allahına, taleyinə inanır. Sidq ürəkdən gələn bir səslə aləmə car çəkib deyir:
Qara yaxma gəl mənə, özün şərə düşərsən,
Allahdan qismətdirsə mənim payım gələcək.
Mənbəyi ürəyimidi, mənsəbi yer üzüdü,
Dönüb Kürə, Araza axar çayım gələcək.
İnsan həmişə ümidlə yaşayır. İnsan üçün ən etibarlı söykənəcək ideyalar beşıyi olan sözdür. Şair ürəyini sözlər vasitəsiylə insanlara çatdırır. Üsyan etmədən sakitcə öz bədxahına başa salır ki, qismətim varsa Allahım göndərəcək. Şair ürəyinin böyüklüyünə baxın: Qismətinə düşən payın ünvanı sinəsində çırpınan ürəyidir, qismətinə düşən payın mənsəbi isə bütün yer üzüdür, bu paydan hamıya pay verə biləcək bir ürəyin sahibidir.
Şair başqa bir arzusunu dilə gətirib deyir:
Dayandur, səhv eləyən istəməz səhv eyləsin,
Sonrada kimsə onun səhvini əfv eyləsin,
Yüz təpə yığışdı ki, bir dağı məhv eyləsin,
Özləri bada getdi, yenə də dağ sağ qaldı.
Bu həqiqətən də belə olur. İsdedadsızlar, qəlbi paxıllıq hissiylə döyünənlər (təpələr), ha istəyirlər ki, öz zəhməti ilə ucalanlara (dağlara) badalaq gəlsinlər, (yarıyolda qalıb dağılıb daşa-torpağa dönsünlər) yeni fitnələr axtarışına çıxırlar.
Dayandur Sevginin bəzi şeirlərində sarkazm çox güclüdür. “Sıfır” şeirini buna misal göstərə bilərik.
Rəqəmlə qoşa yazılanda
Sıfır olur adı,
Rəqəmsiz boş dairə.
Rəqəmin solunda beli bükülmüş
kasıba bənzəyir.
Onda birdən onda doqquza
Gedən yolda nələr çəkir sıfır.
Vergül qarmağıyla can atır sağa,
Elə ki, keçdi sağa,
Düzəldir belinin sıfır qağa,
Qohumlarını yığır başına,
On olur, yüz olur, min olur.
Doymur gözləri.
Təpik atır solundakı rəqəmə,
Düşünmür ki, rəqəm olmasa,
adına sıfır deyilməz,
HALQA deyilər.
Biz sıfırı adamla əvəz etsək hər şey göz önündə canlı kimi hərəkət edər. İstedadsız, xəbis bir adam özünün çörək verəninə necə nankorluq edirsə, sıfır da rəqəmlərə qarşı o cür nankorluq edir. Nəyinsə hesabına şans qazanır, gözü ayağının altını görmür, harınlayır, ətrafındakılar, bir vaxt dost dediyi, süfrəsinin qırıntıları ilə ac qarnını doydurduğu insanları bəyənmir. Yeri gəldikcə onları sancır, dedi-qodular yayır. Qırqovul quşu kimi başını kola salıb, ayaqlarından xəbəri olmur.
Mən də sıfır haqqında düşündüklərimi bayatıya çevirmişəm:
Əziziyəm, bir keçdi,
Bir sıfırdı, bir keçdi.
Mənasız say yanında
Duran sıfır bir heçdi.
Erməni saqqallılarının Azərbaycan torpaqları hesabına «Böyük Ermənistan» yaratmaq xülyası Dayandur Sevginin də yaralı yeridir. 2001-ci ildə sərhəd qoşunlarının keçirdiyi «Hərbi vətənpərvərlik» şeir müsabiqəsində fəxri fərmana layiq görülmüş «Silahdır nicatımız» şeiri vətən övladlarına müraciət formasındadır. O, xitabən əsgərlərə üzünü tutur, xalqı qəflət yuxusundan yatan vicdanlarının aylmasını tələb edir. Onları silaha sarılmağa çağırır:
Əsrlər adladıqca, cılızlaşıb nəslimiz,
Qışqırmaq istəsək də, çıxmayıbdır səsimiz,
Nə qədər kölə olaq, nə qədər alçalaq biz,
Yurdumuz odlar yurdu, od oğludu adımız.
Silaha sarıl əsgər, silahdır vicdanımız.
***
Dünya az qala məhvərindən qopmaq üzrədir. Zər yeri müharibələr, nümay iş və tətil dalğaları bürüyüb. «Heç kim heç kimin kitabını oxumur». Yalanlar, şər və böhtanlar baş alıb gedir. İşləmək istəyənlərı öz bədxah əməl və sözləri ilə imkan vermirlər işləsinlər, ruhdan salmağa, sındırmağa çalışırlar. Ancaq, atalar da deyib ki, yalan ayaq tutar, yeriməz. Və ya «Quyunu dərin qazma, özün düşərsən». Bu silsiləni uzatmaq da olar. Şair dünyaya nəzər salır, ondakı xaosu, hərc-mərcliyi görür və onu «Dünyadan qan iyi gəlir» şeirində «vəsf» etməyə məcbur olur:
Ərzə haray salır silah sərgisi,
Dünyamız oxuyur ölüm şərqisi,
Açmır bənövşəsi, bitmir nərgizi,
Vallah, bu dünyadan qan iyi gəlir.
Dağ bizə tərəfdi, biz daşa tərəf,
Yol gedə bilmirik yaddaşa tərəf,
Qardaş qılınc çəkir qardaşa tərəf,
Vallah bu dünyadan qan iyi gəlir.
Dağları biz həmişə vüqar, kişilik rəmzi hesab etmişik. Gör dünyanın hansı zamanı yetişib ki, öz əzmini, vüqarını insanlara qurban edən dağ bizə tərəf gəlir. Biz neynirik? – Gözümüzü daşa zilləyir. Gözləyirik ki, dağ bizə yaxınlaşsın, bir göz qırpımında daşı götürüb onun başına çırpaq. Bəziləri «yaxşılıq edə bilmiriksə pisliyimizdən də qalmayaq» Prinsipi ilə yaşayırlar. Ancaq bilmirlər ki, bir balaca daş əzəmətli, uca dağa nə edə bilər?
«Yol gedə bilmirik yaddaşa tərəf». Bir bu cümlədə nə qədər fikirlər özünə yer alıb. Yaddaşımızı zaman-zaman silməyə çalışıblar. Heç bir xalqın yaddaşına bizimki qədər çalın-çarpaz dağ çəkə bilməyiblər. Heç bir xalqın əlifbasını bir əsrdə üç dəfə dəyişməyiblər. Hər əlifba dəyişikliyində maddi –mədəni dəyərlərimiz olan kitablarımız lazımsız əşya kimi yandırılıb, məhv edilib. Xalqın ziyalılarını «xalq düşməni» adı ilə gedər –gəlməzə yollayıblar. Qərinədən-qərinəyə yaddaşımızı siliblər.
«Qardaş qılınc çəkir qardaşa tərəf» misrasındakı fikir də müasir dövrümüzün aynasıdır desək yanılmarıq. Buna misal kimi, ərəb dünyasında süni yolla yaradılan müharibələr, qardaş qırğınlarını göstərə bilərik.
Əlacsız qalan şair yenə də yeganə pənahımız, qibləgahımız olan Allaha, ulu Hörmüzə üzünü tutub rica edir.
Qandan qızarıbdı didələrimiz,
Bu şərin əlindən gəlmişik cana.
… Gəl yetir özünü, ay ulu Hörmüz,
Əhriman dünyanı çalxadı qana.
Gəl öz gəlişinlə qızıl gül bitir,
Xeyir çiçək açsın ayaq izində.
Bizə çiçək ətri, gül ətri gətir.
Boğulduq, ay Allah, Qan dənizində.
***
Dayandur Sevgin çox sadə, uşaq kimi saf və təmiz qəlbli adamdır. Dostu-düşməndən, yaltağı səmimi adamdan ayırmağa bacarandır.
Buqələmunları da tanıyır. Onlarla mübarizəni qələmlə edir. Yaltaqları qışda gün işığına isinən adamların üstünə kölgə salanlar, istisinə şərik çıxanlar adlandırır:
Hörməti yox, süfrəsinin ləzzəti yox, dadı yox,
Hörmət adlı bir kitabda ünvanı yox, adı yox.
Ürəyində alışmağa bircə cəngə odu yox,
Yanır bizim tüstümüzə yaltaq adamlar,
Kölgə salır üstümüzə yaltaq adamlar.
Bütün qəbahətlərdən ən iyrəncisi yaltaqlıq və paxıllıqdır. Onun bayrağı altında nifrət, xəyanət və böhtan addımlayır. Yaxşı insanlar isə əvəz gözləmədən yaxşılıq edir, çünki yaxşılıqdan yaxşılıq doğur.
Nə yaxşı ki, yaltaq adamlar yaltaqlanır, onu tanıyırsan, başa düşürsən ki, hansı məssəbə qulluq edir. Vay o gündən ki, üzünə gülüb, özünü dost adlandıran adam üzünü o yana çevirən kimi kölgəni qılınclasın. Üzdə görünən yaltaqlar minüzlü dostlardan bəlkə də yaxşıdırlar.
Dayandur Sevgin hərdən həyatdan küsür, pessimizmə qapılır, özünün öləcyindən, uşaqlarının da özü kimi yetim qalacağından qorxur:
Gəzər uzaqlarda fikir –xəyalı,
Dilər bir də ölüm –itim olmasın.
Özüm yetim qaldım erkən dünyada,
Barı balalarım yetim qalmasın.
Ancaq şair bilmir ki, hisslərlə, duyğularla ürəyi dolu olan şair heç vaxt ölməz.
Dayandur Sevginin şeirləri içində rəvayətlə bağlı bir şeiri də var. O dünyanı, kainatı, yeri bir gəmiyə bənzədir. Dünyanın əşrəfi sayılan insan öz xoşuyla bu gəmiyə minib yol gedir. Öz xoşuyla gəmiyə minən insan, öz xoşuyla gəmidən düşmək istəmir. Hey getmək, getmək istəyir. Həyatdan doymayan insan məcburən düşəndə ağlayır. Yeni sərnişinlər isə qabaqda onları nə gözlədiyini bilməyərək gəmidən ağlaya-ağlaya düşən insanlara gülür:
… Hamı öz xoşuna minir gəmiyə
Heç kəs öz xoşuna düşmək istəmir.
Beləcə yol gedir bu yert kürəsi,
Hardasa-hardansa bir səda gəlir.
Mindiyimiz gəmi həyat səhnəsi,
Düşənlər ağlayır, minənlər gülür.
Şairin fəlsəfi bir şeiri isə «Dünya» adlanır. Onun nəzərincə, cavanın gözündə uşağa, qocanın gözündə əsl kişiyə, qorxağın gözündə qəddar cəllada, mərdlərin gözündə naşıya bənzəyən elə dünyanın özüdür. Hərə dünyaya öz püzmasından baxaraq qiymət verir.
Məğrur sərkərdə tək atından düşməz,
Qılıncı əlində, fəqət döyüşməz,
Zamanı dəyişər, özü dəyişməz,
Tərpənməz bir məhək daşdı dünya.
Dayandur Sevginin şeirlərini oxuduqca hiss edirsən ki, o Azərbaycan fokloruna da yaxından bələddir. Atğalar sözlərini öz şeirlərində yerli-yerində işlədir:
Qalsan qayğısına bar tutar zəmi
On sünbül yetirər bir buğda dəni,
Öldürsən torpağı, dirildər səni,
Ölməyən taopaqdan çörək gözləmə.
Möhkəmlik körpünün tağına baxır,
Şamın gur yanmağı yağına baxır,
Allah qar yağdırar, dağına baxır…
Namərddən qəm gözlə, fərəh gözləmə.
***
Dayandur Sevginin şeir dili axıcıdır, poetikdir. Şeir dili ilə sanki təbiət mənzərəsi çəkir. Bu onun xalq ədəbiyyatından, folklordan bəhrələndiyini bir daha təsdiq edir.
«Bəxt gülsə yetimin qəlbi açılar,
O da balıq kimi əldən sürüşüb».
«Ölünün qiyməti diridən baha».
«Sevincim onsuz da ölübdür çoxdan,
İndii də içimdə dərd ölüb gedir».
«Ömrümü illərə toxuyur fələk,
Çalır ilməsini ərişdən qabaq».
«Mən elə tələsdim hər işə qardaş,
Qaçmağı öyrəndim yerişdən qabaq?!»
«Çiçək yağışından bir çiçək düşməz.
Göydən bir daş gəlsə başıma gəlir».
«Xarabalıq sevən bayquşlar təki
Həsrət yuva qurub Xudafərində».
«Təpidi dil- dodağı içində sevincimin,
Ərköyün kədərimsə özün çim yağa saldı».
Şairin bu cür yeni söz çalarlarının sayını çox artırmaq olar.
Fevral ayının beşındə Dayandur Sevginin iki 5-i (55) yaşı tamam olur. Onun bu iki 5-ni təbrik edirəm. Yeni –yeni yaradıcılıq və can sağlığı arzulayıram.
Salatın Əhmədli
filologiya üzrə fəlsəfə doktoru, dosent
banner

Oxşar Xəbərlər