• cümə, 26 Aprel, 14:07
  • Baku Bakı 23°C

Yevlaxda 53 sahibkara 8,6 milyon manat güzəştli kredit verilib

15.05.14 14:10 1198
Yevlaxda 53 sahibkara 8,6 milyon manat güzəştli kredit verilib
İqtisadiyyat və Sənaye Nazirliyinin (İSN) Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Yevlax rayonunun Salamabad kəndində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib. İSN mətbuat xidmətindən “Kaspi”yə bildirilib ki, işgüzar forumun keçirilməsində əsas məqsəd sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumatların verilməsi, Yevlaxda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələrin təqdim olunması, sahibkar-müvəkkil kredit təşkilatı münasibətlərinin möhkəmləndirilməsi, sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsidir. 80-ə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Yevlax rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan “yaşıl market”in, 50 başlıq südlük istiqamətli müasir ailə fermer, kiçik və ya orta həcmli istixana, iri taxılçılıq və intensiv bağçılıq təsərrüfatlarının, çörək, pendir istehsalı və meyvəqurutma müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100 faizədək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi vurğulanıb, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.
SKMF-nin icraçı direktoru Şirzad Abdullayev bildirib ki, 2014-cü ilin ötən dövrü ərzində 1668 sahibkara 83,6 milyon manat güzəştli kredit verilib. Onun sözlərinə görə, bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 3900-dan çox yeni iş yerlərinin yaradılmasına imkan verir. Qeyd edilib ki, ümumilikdə indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 7851 investisiya layihəsinin maliyyələşdirilməsinə 348,3 milyon manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan kənd təsərrüfatı üzrə logistik mərkəzlərin, quşçuluq fabriklərinin, heyvandarlıq komplekslərinin, üzümçülük, taxılçılıq və toxumçuluq təsərrüfatlarının, tikinti materiallarının istehsalı müəssisəsinin yaradılması və sair sahələr üzrə investisiya layihələri maliyyələşdirilib, 29700-dən çox yeni iş yerinin açılması imkanı yaradılıb. Yevlax rayonu üzrə isə indiyədək 540 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 17.8 milyon manat kredit verilib ki, bu kreditlər hesabına rayonda 2600-dan çox yeni iş yerinin açılması mümkün olacaqdır.
İşgüzar forum çərçivəsində Yevlax və ətraf rayonlardan olan 53 sahibkara 8,6 milyon manat güzəştli kredit verilib. Verilmiş kreditlər əsasən heyvandarlıq və iri taxılçılıq təsərrüfatlarının yaradılmasına yönəldiləcək. Bu layihələrin reallaşdırılması nəticəsində 200-ə yaxın yeni iş yeri açılması imkanı yaranacaqdır.
Yevlax rayonunun Salamabad kəndində keçirilmiş işgüzar forumda sahibkarlarla müvəkkil kredit təşkilatlarının nümayəndələri arasında investisiya layihələri barədə işgüzar müzakirələr aparılıb.
Forum çərçivəsində Mingəçevir şəhərində güzəştli kredit ayrılmış çörək zavodunun fəaliyyətinə baxış keçirilib.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər