Yerli istehsala uyğun bazarlar müəyyən edilməlidir
Azərbaycanda məhsul istehsal edən müəssisələr üçün ölkənin daxilində
də alıcı bazarı formalaşdırmaq lazımdır. Bu fikirləri bir müddət öncə Trend-ə
açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev səsləndirib. Azərbaycanda
daxili bazarı qorumaqdan ötrü yeni alıcı bazarının yaradılmasını olduqca vacib
sayan T.Rzayev deyib ki, bunun üçün ilk növbədə yerli xammal hesabına əlavə
istehsal müəssisələri yaratmaq olar: "Pambıqçılıq inkişaf edərsə, bu məhsulu
xarici ölkələrə satmaqla bərabər, xammalından istifadə etməklə yerlərdə
toxuculuq sənayesi yaratmaq da olar. Biz xammal satmamalıyıq. Xammal yerlərdə
yeni fabriklərin açılması, yeni emal müəssisələrinin yaradılması üçün zəmin olmalıdır”.
Azərbaycanın ixracdan asılılığının azaldılmasının olduqca əhəmiyyətli
olduğunu söyləyən deputat qeyd edib ki, qeyri-neft sektorunu inkişaf etdirmək üçün
taxılçılığı, baramaçılığı, üzümçülüyü diqqət mərkəzində saxlamaq lazımdır.
Deputat hesab edir ki, bu, gənclərin regionlardan paytaxta axının qarşısını
da alar: "Kənd təsərrüfatının inkişafı işsizliyin aradan qaldırılmasına da zəmin
yaratmalıdır. Bu gün dövlət başçısının seçdiyi istiqamət ən doğru yoldur. Bütün
Azərbaycan xalqı bunu alqışlayır. Çünki taxılçılığın, baramaçılığın,
üzümçülüyün və digər sahələrin inkişafı əhalinin gəlirlərinin artırılması, yerlərdə
100 minlərlə iş yerinin açılması deməkdir. Digər tərəfdən, bu, gənclərin xarici
ölkələrə, respublikanın mərkəzi şəhərlərinə axınının qarşısını alacaq”.
Bəs görəsən istehsal müəssisələri
üçün bazarı necə formalaşdırmaq olar? Ümumiyyətlə ölkədə hansı məhsulların
bazar problemi var?
İqtisadçı-ekspert Rəşad Həsənov deyir ki, ərzaq sektorunda yerli
istehsal ölkə istehlakının təxminən 60-65 faizini ödəyir: "Əgər yerli istehsal
keyfiyyət və qiymət baxımından rəqabət apara bilərsə, həmçinin, standartlara
uyğun məhsul istehsal edilsə, istehsal çeşidləri genişləndirilərsə, daxili
istehlakın idxala aid olan müəyyən bir hissəsini öz bazarına daxil edə bilər.
Fikrimcə, ilk olaraq atılması vacib olan addım məhz budur. İkinci bir məsələ
ixrac potensialının düzgün qiymətləndirilməsi
və bazarların tapılması məsələsidir. Burada isə ilk növbədə görüləcək iş yerli
istehsala uyğun bazarların müəyyənləşdirilməsi və bu bazarlara çıxışı təmin etməkdir.
Həmçinin yerli istehsalın bu bazarlarda
digər ölkələrin məhsulları ilə rəqabət apara bilməsi də mütləq həll olunmalıdır. O baxımdan da keyfiyyət
amili mühüm rol oynayır”.
İqtisadçı bildirdi ki, bu istiqamətlərdə müxtəlif addımlar atıla bilər:
"Nazirlər Kabinetinin də bu məsələ ilə bağlı qərarı açıqlandı. Hələ mart ayında
prezident ixracla bağlı subsidiyaların verilməsi ilə bağlı fərman imzalayıb. Bu
istiqamətlərdə müxtəlif addımlar atıla bilər. Məsələn, Azərbaycan brendinin
yaradılması və inkişaf etdirilməsi ilə bağlı daha bir sərəncam imzalandı və
bunun üçün 3 milyon vəsait ayrıldı. Çünki tanıdılma burada böyük rol oynayır. Sənədləşmə
və sertifikatlaşdırma özlüyündə mürəkkəb bir prosesdir. Avropa bazarlarında bu
baxımdan dövlətin iştirakçılığına ciddi ehtiyac var”.
İqtisadçı-ekspert Pərviz Heydərov deyir ki, bunun üçün marketinq sahəsini
inkişaf etdirmək lazımdır: "Dünya təcrübəsində
istehsal müəssisələrini
yaradıb, sonra bazar haqda düşünmürlər. Bazarı nəzərə alıb, istehsal sahələrini
yaradırlar. Bunun üçün isə marketinq deyilən bir sahə var. Hesab edirəm ki, Azərbaycanda
qeyri-neft sektorunu inkişaf etdirmək istəyiriksə, marketinq sahəsinə də diqqət
yetirmək lazımdır. Belə ki, müxtəlif istiqamətlər, o cümlədən də marketinq
ixtisası üzrə mütəxəssislər yetişdirmək lazımdır. Ümumiyyətlə, bazar amili
mühüm şərtdir. Mən, dəfələrlə ilk növbədə daxili bazarın qayğısına qalmağın
vacib olduğunu vurğulamışam. Biz, yerli bazarı idxal məhsullarının asılılığından
qurtarmasaq, ixracımızı da genişləndirə bilməyəcəyik. Elə məhsullarımız var ki,
dünya bazarlarında onlara böyük ehtiyac var. Ancaq, bunların hamısı xammal məhsullarıdır.
Belə ki, inkişaf etmiş ölkələr hansı növ emal müəssisələri vardırsa, bunu özləri
istehsal edə bilirlər. Odur ki, emal məhsulları ilə bizim dünya bazarlarına
çıxmağımız nəinki yaxın, hətta orta perspektivdə də real deyil”.
Ekspertin fikrincə, istehsal müəssisələri üçün bazar formalaşdırmaq
üçün yüksək rəqabətqabiliyyətli məhsullar istehsal edilməlidir: "Bu isə asan
deyil. Əvvəla bunun üçün yüksək texnologiya tələb olunur. İkinci bir tərəfdən
kadr potensialı olmalıdır. Tutaq ki, texnologiyanı pulla alıb gətirdik, yəni
ki, müvafiq investisiya yolu ilə bunları təmin etdik. Bəs, yüksək ixtisaslı
kadrları yetişdirmək və mütəxəssislər əldə etmək məgər, bir günün, ayın və
yaxud ilin işidirmi? Şübhəsiz ki, istənilən sahədə yüksək səviyyəli kadr
yetişdirmək azı 5-10 ilin məsələsidir. Ona görə də, hesab edirəm ki, ixracımızı hələ ki sırf
xammal məhsulları üzərində qursaq məsləhətdir. Lakin daxili bazarı bacardıqca,
öz məhsullarımızla təmin etməliyik. Bunun üçün idxal məhdudlaşdırılmalıdır. Əvvəlcə
buna inzibati yolla nail olmaq lazımdır. Yerli istehsal himayə olunmalıdır. Bu
o demək deyil ki, tələbatımızı məsələn, 40-45 faiz ödəyə bildiyimiz məhsulların
da xaricdən gətirilməsinə qadağan qoyaq. Amma hansı məhsul növü üzrə daxili tələbatı
75-80 %-dən çox ödəməyə imkanımız varsa, həmin növ məhsulların kənardan gətirilməsi
məhdudlaşdırılmalıdır. Ümumiyyətlə, istənilən məhsul növü üzrə alıcı kütləsi hər
yerdə var. Lakin hər şey tədiyyə qabiliyyətinə baxır. Ölkəmizin vətəndaşları
maddi cəhətdən imkan əldə etdikcə, təbii ki, daha çox keyfiyyətli və geniş
çeşiddə mallara tələbat nümayiş etdirəcəkdir. Bu isə istehsalı həm kəmiyyətcə,
həm də keyfiyyətcə daima yüksəltmək lazım gəldiyi deməkdir. Bu elə bir
prosesdir ki, sonda istər-istəməz rəqabətqabiliyyətli məhsul istehsalı ilə nəticələnməlidir.
Artıq, bu mərhələdə ixrac da reallığa çevriləcəkdir”.
Şəbnəm Mehdizadə