AZE | RUS | ENG |

Yenə də yüksəlir, kəskin enmə riski necə, varmı?

Yenə də yüksəlir, kəskin enmə riski necə, varmı?
Ekspertlər cari ildə neftin qiymətində 65-70 dollar dəhlizini məqbul hesab edirlər

Son günlərdə dünya birjalarında neftin qiyməti yenə də artır. Birjalarda keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,16 dollar və ya 0,27% artaraq 58,42 dollar təşkil edib. "Brent” markalı neftin qiyməti isə 0,29 dollar və ya 0,43% artaraq 67,84 dollar təşkil edib. Azərbaycanın dünya bazarına çıxardığı "Azeri LT CIF” markalı xam neftin 1 barelinin qiyməti 0,23 dollar və yaxud 0,34% artıb. Belə ki,  "Azeri Light” markalı neftin bir barelinin qiyməti 68,82 dollar təşkil edib. 
 
Son günlər qiymətlərdə artımın müşahidə olunması, ilin axırına qədər neftin dəyərində kəskin azalmanın olmayacağını proqnozlaşdırmaq üçün əsas ola bilərmi? Ümumiyyətlə, qiymətlərin artım səbəbləri və bu tendensiyanın nə qədər davam edəcəyinə dair suallarımızı ekspertlərə ünvanladıq.
"Neft Araşdırmaları Mərkəzi”nin rəhbəri İlham Şaban qeyd etdi ki, hal-hazırda neftin qiyməti 67 dollardan bir qədər bahadır: "Qiymət artımlarının bir sıra səbəbləri var. Qiymətləri artıran məqamlardan biri ABŞ-ın enerji administrasiyasının həftəlik neft hasilatına dair açıqladığı hesabatlarda ehtiyatların azalması ilə bağlı məlumatların dərc olunmasıdır. Bu məlumatlar bazara dərhal öz təsirini göstərdi. Digər tərəfdən OPEC ölkələrinin fevral ayı ilə bağlı hesabatı açıqlandı. Nəticələr bazara ciddi təsir göstərdi və martın 14-dən etibarən qiymətlər artmağa başladı. Hesab edirəm ki, hazırkı qiymət kifayət qədər yüksək bir rəqəmdir. Dekabr ayında OPEC ölkələri yarım il üçün 800 min barrel neft hasilatının aşağı salınmasına dair öhdəlik götürmüşdü. Artıq iki ayın nəticələrinə görə, 857 min barrel izafi neft həcmləri bazardan yığışdırılıb. Burada Səudiyyə Ərəbistanının böyük rolu oldu. Nəticələr bazar iştirakçıları üçün qaneedicidir. Yanvar ayında neftin orta qiyməti 61,5, fevral ayında isə 63 dollar idi. Mart ayında isə bu rəqəm 65 dollar ətrafında ola bilər. Yəni biz qiymətlərdəki dinamikanın, ilin əvvəlindən artırma doğru getdiyini müşahidə edirik. Bu məqam isə ötən ilin sonlarında qiymətlərlə bağlı verilən pessimist proqnozları təkzib etdi. Proqnozlarda qeyd olunurdu ki, 2019-cu ildə qiymətlər 40 dollara qədər düşə bilər. Birinci rübün nəticələrinə əsasən deyə bilərik ki, cari ildə neftin orta qiyməti 60 dollardan yüksək olacaq. Bu qiymət isə hasilatçı ölkələr üçün kifayət qədər ədalətli bir rəqəmdir. Yəni ümumilikdə deyə bilərəm ki, 6 ay üçün nəzərdə tutulan öhdəliklər ilin 1-ci rübündə yerinə yetirildi. Hal-hazırda qiymətlərin kəskin enmə riski demək olar ki, yoxdur. Amma ilin ikinci yarısında qiymətlərin 50 dollara qədər ucuzlaşma ehtimalı hələ də qalmaqdadır. Amma istənilən halda, qiymətlərin orta göstəricisinin il ərzində 60 dolardan yüksək olma ehtimalı daha çoxdur”.
Enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev söylədi ki, qiymətləri sabit saxlamaq üçün tələb-təklif dinamikasına nəzarət edilməlidir: "Son günlər ərzində neftin qiymətində müşahidə olunan artımın bəlli səbəbləri var. Əsas səbəblərdən biri Vyana sazişinin öhdəliklərinin uğurla yerinə yetirilməsidir. Fevral ayında OPEC ölkələrinin sutkalıq neft hasilatı 30,5 milyon barrel təşkil edib. Bu da onu göstərir ki, sazişin şərtlərinə əməl edilir. Həmçinin OPEC-dən kənar neft hasil edən ölkələr də öz öhdəliklərini yerinə yetirirlər. Digər bir səbəb isə İran və Venesuelanın ixrac imkanlarının məhdudlaşdırılmasıdır. Hər iki ölkədə gündəlik hasilat həcmləri kifayət qədər azalıb. Qlobal neft bazarlarında neftə olan tələbat dinamikası artmaqdadır. Həmçinin ABŞ-da qazma aktivliyinin aşağı düşməsi qiymətləri yenidən bahalaşdırır. Bir neçə həftədir ki, ABŞ-ın aktiv qazma qurğularının sayında azalma müşahidə edilir. Həftəlik statistik göstəricilərdən sonra qazma aktivliyinin hansı səviyyədə olduğu məlum olacaq. Başqa bir səbəb isə ABŞ-la Çin arasında ticarət müqaviləsinin əldə olunması ilə bağlı müsbət xəbərlərin qlobal neft bazarlarına təsiri ilə bağlıdır. Bütün bu məqamlar öz növbəsində qiymətləri bahalaşdırır. Bundan sonra OPEC və OPEC-dən kənar hasilatçı ölkələr gündəlik hasilat həcmlərinin azaldılması ilə bağlı götürdükləri öhdəliklərə əməl etməli və ixrac həcmlərini düzgün nizamlamalıdırlar. Bakıda keçiriləcək OPEC-in monitorinq komitəsinin iclasında, qlobal neft bazarlarında bundan sonrakı durum müzakirə ediləcək. Ötən il neftə olan tələbat 98 milyon 740 min barrel müəyyən edilmişdi. Ötən illə müqayisədə bu il rəqəmin 1,2 milyon barrel artıq olacağı gözlənilir. Ona görə də neft hasil edən ölkələr qlobal neft bazarlarının tələb və təklif dinamikasına ciddi nəzarət etməlidir. Bundan sonra hasilat həcmləri sabit saxlanılmalı və qiymət dalğalanmasının qarşısı alınmalıdır. May ayında İrana tətbiq olunan sanksiyaların müddəti başa çatır. Bu mənada proseslərin hansı məcrada davam etməsi bazarlara ciddi təsir edəcək. Əslində yaxın aylar ərzində qiymətlərdə kəskin azalmalar gözlənilmir. Amma kəskin qiymət enmələri istənilən halda baş verə bilər. Bunun üçün müxtəlif əsaslar var. Bu, ABŞ-ın İran, Çin və Venesuela ilə münasibətlərindən asılı olacaq. Bu faktlar neftin qiymətini təsir altına alan əsas məsələlərdir. Əgər qiymətlərdə kəskin sıçrayışlar müşahidə olunmazsa, ABŞ bazara müxtəlif təsir mexanizmlərini işə salacaq. Ona görə də OPEC ölkələri qarşıdakı aylar ərzində bazarın vəziyyətini düzgün qiymətləndirməyi bacarmalıdır. Gündəlik hasilat və ixrac həcmləri düzgün tənzimlənməlidir. Əgər bu sahədə tənzimlənmə mexanizmi əldə olunarsa, qiymətlərdə müəyyən sabitlik yaranacaq. İl ərzində qiymətlərin bu səviyyədə qalması hasilatçı ölkələr və neft istehlakçıları üçün qaneedicidir. Əslində neftin qiymətinin birdən-birə yüksək həddə qalxması zərərli tendensiyadır. Əsas məsələ qiymətlərin sabit saxlanılmasına çalışmaqdır. OPEK üzvlərinin əsas vəzifəsi bazarda tələb-təklif prinsipini tənzimləmək və qiymət dalğalanmasının qarşısını almaqdır”.  
Şəbnəm Mehdizadə
 

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8962
GEL 1 1 Gürcüstan larisi 0.6199
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1648
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1763
CHF 1 1 İsveçrə frankı 1.6798
KWD 1 1 Küveyt dinarı 5.5875
TRY 1 1 Türkiyə lirəsi 0.2805