• çərşənbə, 08 May, 06:32
  • Baku Bakı 13°C

Yaxın Şərqdə yeni gərginlik ocağı yarana bilərmi?

09.06.17 10:30 1577
Yaxın Şərqdə yeni gərginlik ocağı yarana bilərmi?
Bir neçə gün bundan öncə Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ, həmçinin Misir Qətəri terror təşkilatlarına və onların bu ərəb ölkələrində daxili vəziyyəti gərginləşdirmək üzrə fəaliyyətlərinə dəstək verməkdə ittiham edərək rəsmi Doha ilə diplomatik əlaqələri kəsdiklərini bəyan ediblər. Sonra bu ölkələrin sırasına Yəmən, Liviya, Maldiv və Afrika ölkəsi Mavrikiy də qoşulub. Hətta bəzi ölkələr bu bəyanatın ardınca Qətərlə sərhədlərini də bağlayıblar. Srağagün isə İran parlamentinə və İmam Xomeyni Türbəsinə terror hücumları olub. Nəticədə 13 nəfər həyatını itirib, 43 nəfər yaralanıb. Hadisədən bir neçə saat sonra terrora görə məsuliyyəti İŞİD üzərinə götürüb. İranın Ali Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Rza Seyfullahi də mətbuata açıqlamasında bu faktı təsdiq edərək bildirib ki, hücumu törədənlər əslən İranın müxtəlif bölgələrindən olan və İŞİD terror qruplaşmasına qoşulan şəxslərdir. Onun ardınca İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) nümayəndəsi Tehranda törədilən terror hücumlarında Səudiyyə Ərəbistanını günahlandırıb. SEPAH-ın general-mayoru Hüseyn Selami terrorçulardan və onların dəstəkçilərindən intiqam alınacağını bəyan edib.

Bütün bu baş verənləri təhlil edən analitiklərdən bəzisi Yaxın Şərqdə yeni gərginlik ocağının yaranması, hətta qonşu İrandakı terror aktlarını nəzərə alaraq, olayların Azərbaycana da təsirsiz keçməyəcəyi barədə mülahizələr irəli sürməkdədirlər. Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov qeyd edilən hadisələrlə bağlı "Kaspi”yə açıqlamasında bildirib ki, Yaxın Şərqdə təhlükə olduqca realdır. O, İran, Türkiyə, ABŞ və Rusiya tərəfdən bu təhlükənin qarşısının alınması üçün səylər göstərildiyini, liderlər arasında telefon danışıqlarının olduğunu, proseslərlə bağlı müzakirələr aparıldığını diqqətə çatdırıb. Qeyd edib ki, İran, Türkiyə, ABŞ və Rusiya bu gərginliyin müharibəyə çevrilməsinin qarşısını almağa çalışırlar. Millət vəkili deyib ki, bütün bu cəhdlərə rəğmən, bəzi ərəb dövlətləri arasında ziddiyyətlər hələ də qalmaqdadır və müşahidə olunan hadisələrlə bu ziddiyyətlər özünü büruzə verib. İŞİD terrorçularının Azərbaycanla qonşu olan İranda ard-arda partlayışlar törətməsinə gəlincə, politoloq vurğulayıb ki, Azərbaycan üçün bilavasitə belə bir təhlükə gözlənilən deyil. R.Musabəyov bundan öncə də İranda miqyasına görə daha dəhşətli partlayışların olduğunu xatırladıb.

Politoloq Mübariz Əhmədoğlumövzuya dair açıqlamasında Yaxın Şərqdə ard-arda baş verən "ərəb inqilabı” adlı bir atəşin hələ də sönmədiyinə diqqət çəkib. Deyib ki, kimlərsə bu "atəşi” süni yolla "söndürmək”, qırağa atmaq istəsə də bu, baş tutmur: "Yaxın Şərqdəki müsəlman əhalinin öz dövlətindən narazılıqları var. Bunun nəticəsidir ki, onlar öz ölkələrində yaşamaq istəmir, miqrasiya edirlər. Bu narazılıqların səbəbi yalnız sosial-iqtisadi problemlər deyil. Misal üçün, Qətər də ərəb dövlətidir. Adambaşına düşən ÜDM-ə görə Qətər nəinki ərəb dövlətlərindən öndədir, hətta dünyanın aparıcı ölkələri sırasındadır. Bununla yanaşı, İslam dini Qətərdə digər ərəb dövlətlərindən fərqli şəkildə təbliğ olunur, mülayimliyinə görə bir növ Türkiyə ilə oxşarlıq təşkil edirdi. Bütün İslam dünyasında Qətər yeganə dövlətdir ki, həm də media ölkəsidir. "Əl-Cəzirə” telekanalı dünyanın məşhur media qurumlarından biridir və ictimai rəyə kifayət qədər təsir etmək imkanına malikdir. Hətta Qətər "Əl-Cəzirə” vasitəsilə dünyada baş verən proseslərə müəyyən qədər müdaxilə edə bilirdi. Təbii ki, bütün bunlar digər ərəb dövlətlərində heç də xoş qarşılanmırdı. Bir çox ərəb dövlətləri bu qənaətdədirlər ki, onların daxilindəki prosesləri Qətər qızışdırır, İrana, "HƏMAS”a kömək edir və sair. ABŞ prezidenti Donald Trampın Səudiyyə Ərəbistanına səfəri zamanı gizli danışıqların aparıldığı barədə məlumatlar da dolaşmaqdadır. Görünür digər ərəb dövlətləri ortaya qoyduqları arqumentlərlə ABŞ prezidentində Qətər əleyhinə rəy formalaşdıra biliblər. Onların qənaətincə, İran terror dövlətidir, Qətər də bu dövləti, eləcə də terroru dəstəkləyir, digər ərəb dövlətləri ilə birlikdə Tehrana qarşı hərəkət etmir və sair. Bu kontekstdə Yaxın Şərqdə yeni gərginlik özünü büruzə verməkdədir. Ona görə də İranın daxilində baş verən terror hadisələrini də təsadüfi saymıram. Ümumiləşdirsək, bütün hadisələrin kökü Səudiyyə Ərəbistanında keçirilən toplantıdadır”.

Azərbaycana qarşı hər hansı təhlükənin olub-olmamasına gəlincə, M.Əhmədoğlu deyib ki, ölkəmiz bir çox sınaqlardan keçən təhlükəsizlik sisteminə malikdir. Onun sözlərinə görə, Azərbaycanın mobil, çevik siyasəti var və həm xaricdən gələn, həm də daxildə baş verə biləcək təhlükələrə adekvat reaksiya verə bilir: "Prezident İlham Əliyev bəyan etdi ki, Azərbaycan daxilində risk mənbəyi, təhlükə yoxdur. Təhlükə mənbəyi yalnız xaricdən gələ bilər. Azərbaycan dövlətinin apardığı siyasət belə vəziyyətlər üçün uyğunlaşır. Ərəb inqilabları dövründə daxilimizdəki bəzi adamlar, eləcə də xaricdə bizi istəməyən qüvvələr, bəzi xarici ekspertlər bu inqilabları Azərbaycana da gətirmək istədilər. Lakin ölkəmizdə bütün bu kimi risklərin qarşısı alındı. Düşünürəm ki, bundan sonra da Azərbaycan dövləti xaricdən gələ biləcək hər hansı təhlükənin qarşısını almağa tam qadirdir. Burada ölkə başçısı İlham Əliyevin yürütdüyü siyasətlə yanaşı, əhalimizin aktiv hissəsinin rolunu da qeyd etmək yerinə düşər. Azərbaycanda xalq-iqtidar həmrəyliyi var. Bu həmrəylikdən irəli gələrək, Azərbaycan xalqı Prezident İlham Əliyevin siyasətini birmənalı olaraq dəstəkləyir”.

Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər