Yaponiya və Azərbaycan arasında ticarət dövriyyəsinin artırılması perspektivləri müzakirə olunub
"Ərzaq məhsullarının
tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin (ASC) mərkəzi ofisində İdarə
Heyətinin sədr müavini Elşən Əsədovla Yaponiyanın Azərbaycandakı səfirliyinin
iqtisadi məsələlər üzrə attaşesi Toşihiro Kataqiri arasında işgüzar görüş
keçirilib. Görüşün məqsədi iki ölkə arasında ticarət dövriyyəsinin artırılması
perspektivlərinin müzakirəsi olub.
ASC mətbuat xidmətindən "Kaspi”yə bildirilib
ki, E.Əsədov qonağa Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar haqda
geniş məlumat verib. Qeyd edib ki, dövlət başçısı tərəfindən Səhmdar Cəmiyyətin
yaradılması ölkədə aparılan aqrar islahatlara dəstək xarakteri daşıyır. Qurum fəaliyyətə
başladığı beş ay ərzində ölkə üzrə tədarük-təchizat sistemini quraraq başa
çatdırıb və istehsalçılara avans verməyə başlayıb. Qurum bu sahədə yapon təcrübəsinin
öyrənilməsində, fermer təsərrüfatlarında elmi-texniki yeniliklərin tətbiq
olunmasında maraqlıdır və bu sahədə Yaponiyanın müvafiq qurumları ilə əməkdaşlıq
etmək niyyətindədir.
Attaşe Toşihiro Kataqiri ölkəsində tədarük-təchizat
sistemi sahəsində oxşar dövlət qurumunun mövcudluğundan söz açaraq bu sahədə
"Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC ilə əməkdaşlıqda maraqlı
olduqlarını bildirib. Diplomat bildirib ki, təcrübə mübadiləsi sahəsində
başlayacaq əməkdaşlıq gələcəkdə iqtisadi münasibətlərin genişlənməsinə səbəb
ola bilər:” Yapon şirkətləri Azərbaycanın enerji sektorunda aktiv olsada
qeyri-neft sektorunda azlıq təşkil edir. Çalışmalıyıq ki, bu şirkətlər kənd təsərrüfatına
maraq göstərsinlər. Diqqətinizə çatdırmaq istərdim ki, Yaponiyada
Azərbaycanın bir sıra məhsullarına-nar, xurma, feyxua,gilas, əncir, ərik və digər
məhsullarına böyük maraq var. Markalanma, qablaşdırma kimi tələblər yerinə
yetirilərsə Azərbaycan məhsulları asanlıqla uzaq Yaponiya bazarlarına yol tapa
bilər. Bu sahədə bir sıra məşhur yapon şirkətləri "Ərzaq məhsullarının tədarükü
və təchizatı” ASC ilə əməkdaşlıq edə bilər. Təsərrüfatlarda müasir
texnologiyaların tətbiqi, fermerlərin uçot sisteminin qurulması, məhsulların
marketinqi sahəsində uğurlu əməkdaşlıq perspektivləri var”.
Müzakirədə
yaxın vaxtlarda yapon şirkətləri ilə işgüzar görüşün keçirilməsi, "Ərzaq məhsullarının tədarükü və təchizatı”
ASC-nin nümayəndələrinin təcrübə mübadiləsi məqsədi ilə Yaponiyaya səfərlərinin
təşkil edilməsi qərara alınıb.