• çərşənbə, 24 Aprel, 19:08
  • Baku Bakı 23°C

Yanvar ayından icbari tibbi sığorta sistemi ölkə üzrə tətbiq olunacaq

20.09.19 13:00 556
Yanvar ayından icbari tibbi sığorta sistemi ölkə üzrə tətbiq olunacaq
Ölkə üzrə icbari tibbi sığortaya keçidin ilk dövrlərində xəstəxanaların informasiya sistemlərinin bütün modullarının işləməsi bir o qədər asan olmaya bilər.
Trend-in məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) sədri Zaur Əliyev "Tibb biznesi forumu: mövcud vəziyyət və perspektivlər" mövzusunda keçirilən tədbirdə çıxış edərkən deyib.
Onun sözlərinə görə, bu gün özəl klinikalar öz risklərini qiymətləndirə bildiyi kimi, icbari tibbi sığorta sisteminin tətbiq olunduğu pilot xəstəxanalar da tam 100 faiz olmasa belə, özlərini müstəqil idarə edə bilirlər: "Pilot rayonlardakı xəstəxanalara müraciət edənlərin sayı artıb. Bu gün fəxrlə deyə bilərik ki, Mingəçevir Şəhər Xəstəxanası gün ərzində 2000-ə yaxın xəstə qəbul edir. Bu, o deməkdir ki, onlar artıq maliyyə baryeri olmadığı üçün xəstəxanaya müraciət edə bilirlər. Digər tərəfdən, bunun mənfi tərəfi odur ki, pasiyentlər uzun növbədə gözləməli olurlar. Bu praktika bütün dünya ölkələrində var".
Z.Əliyev əlavə edib ki, 2020-ci ilin yanvar ayından icbari tibbi sığorta sistemi ölkə üzrə tətbiq olunacaq. Bununla əlaqədar olaraq, 2019-cu ildə kifayət qədər hazırlıq işləri aparılıb: "Əsas informasiya texnologiyalarının qurulması istiqamətində işlər aparılıb. İnanırıq ki, artıq bu ilin sonuna qədər bütün xəstəxanalarda idarəçilik sistemi qurulacaq, məlumatlar elektron şəkildə mübadilə edilərək bizim sistemə inteqrasiya olunacaq. Yəqin ki, ilk dövrlərdə xəstəxana informasiya sistemlərinin bütün modullarının işləməsi bir o qədər asan olmayacaq. Ancaq qeydiyyat və digər əsas modullar işlək vəziyyətdə olacaq. Bu gün artıq sistem qurulur və sınaq vəziyyətindədirlər".
banner

Oxşar Xəbərlər