AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Yalçın Rzazadə “Əlvida ”dedi

Yalçın Rzazadə “Əlvida ”dedi

Mədəniyyət
27 Fevral 2021, 10:30 701
Amma onun musiqi tariximizə bəxş etdiyi əvəzsiz ifa, təkrarsız səs və biri-birindən gözəl mahnılar hələ uzun müddət yaşayacaq
 
 
 
Üç il əvvəl yaradıcılığının 50 illiyinə həsr olunan gecə Heydər Əliyev Sarayında keçiriləndə bütün sənət dostları, musiqi ictimaiyyəti, sənətini sevən insanlar salona toplaşmışdı. Böyük qələbəlik vardı. Dinləyicilər Yalçın Rzazadənin hər ifasını gurultu ilə alqışlayır, sanki gecənin sona çatmasını istəmirdilər. O gecə insanlar böyük sənətin gözəlliyi ilə üz-üzə idilər. Xalq artisti Yalçın Rzazadə sənətə gəlişindən, musiqi karvanının yolçusu olmasından, həyatından gəlib-keçən böyük bəstəkarlardan, unuda bilmədiyi xatirələrindən danışırdı. Cahangir Cahangirov, Tofiq Quliyev, Emin Sabitoğlu, Nəriman Məmmədov, Elza İbrahimova, Ramiz Mirişli, Telman Hacıyev kimi görkəmli bəstəkarların ölməz mahnılarını oxuyurdu. Salondakı insanlar sanki sehrlənmiş kimi dinləyirdi... Müğənni "Bakı, sabahın xeyir”, "Durnalar”, "Əlvida”, "Sevgi mahnısı”, "Gəncliyimi gəzirəm”, "Taleyim mənim”... deyə retro mahnıları yenidən yada salırdı.
74 yaşında dünyasını dəyişən böyük müğənninin ölümü ilə bağlı xəbərlər mediada yer alanda sənəti haqqında səslənən fikirlər bir daha əmin etdi ki, böyük sənətkarlar həyatdan köçsə də, sənətləri həmişə yaşayır, gələcək nəsillərə yadigar qalır.
 
Lənkərandan başlayan yol

Yalçın Rzazadə Lənkəranda doğulub. Şəhərin 4 saylı rusdilli məktəbində təhsil alıb. Sənətə uşaqlıqdan həvəsi olub: "3-cü sinifdən başlayaraq məktəb bayramlarında, çağırışlar olanda mahnı oxuyardım. Mən yaxşı rəsmlər çəkdiyimə görə məktəbdə redaktor idim. Karikatura, şəkillər çəkirdim. Oxuduğum ali məktəbdə də redaktor idim” - deyə xatırlayırdı. Yalçın Rzazadə1963-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutuna daxil olub və həmin institutun aktyorluq fakültəsini bitirib. Musiqiyə həvəsi onu 1968-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının tələbəsi olmaq arzusuna qovuşdurur. Hələ Konservatoriyanın tələbəsi olarkən, Azərbaycan Dövlət Teleradio Komitəsində işə daxil olur və rejissor assistenti kimi fəaliyyətə başlayır. Teleradio Komitəsində çalışdığı illərdə Gülarə Əliyevanın "Dan ulduzu” ansamblına dəvət olunur. "1968-ci ildə "Dan ulduzu”nun ilk qədəmi qoyulanda Gülarə Əliyeva ilə tanış idik, telekanalda rejissor köməkçisi işləyirdim. Sonra assistent oldum. Fikrim belə idi ki, institutu bitirim, musiqili redaksiyada rejissor işləyim. Gülarə xanım Əhsən Dadaşovla birgə Xalq Çalğı Alətləri Orkestrində pianoçu idi. "Dan ulduzu” yarananda ilk oxuduğum mahnı Cahangir Cahangirovun "Durnalar” mahnısı oldu. Bu mahnı Azərbaycana yayıldı”.
 
Yalçın Rzazadəni dinləyicilər məhz bu mahnı ilə tanıyır. Bundan sonra -1970-ci illərin əvvəlində Oqtay Kazımi ilə işbirliyi onun daha da məşhurlaşmasına və sevilməsinə səbəb olur. Bəstəkarın "Taleyim mənim”, "Əlvida”, "Bakının qızları”, "Heyf” və s. yüzlərlə mahnılarını böyük şövqlə ifa edir.
Emin Sabitoğlu ilə tanışlığı isə yaradıcılığında ayrıca bir səhifə açır: "Emin Sabitoğlunun bir-birindən gözəl mahnılarını oxudum. Sonra yaradıcılığımda Cahangir Cahangirov, Tofiq Quliyev, Telman Hacıyev, Elza İbrahimova və digər bəstəkarların mahnıları yer tutdu. Artıq 1975-ci ildə Ali Sovetin fəxri fərmanına layiq görüldüm. 1978-ci ildə Ali Sovetin ikinci fəxri fərmanı verildi. 1979-cu ilə ulu öndərimiz mənə Əməkdar artist adını verdi”.
 
Yalçın Rzazadə Bədii Şuranın sərt qərarları ilə nəzarət olunan televiziyada, səhnədə təkcə ifa tərzi ilə deyil, həmçinin geyim tərzi ilə fərqlənirdi. Bu baxımdan ona Avropa sənəti, ritmi ilə Azərbaycan milli musiqisini birləşdirən sənətçi də deyirdilər, Azərbaycanla Avropa arasında körpü də... "İlk oxuduğum mahnıdan mənim geyimim nəinki Azərbaycan, sovet məkanı üçün də qeyri-adi idi. Azərbaycanda kişilərə heç üzük taxmağa icazə vermirdilər, mən isə saçaqlı kovboy pencəyi, şlyapası ilə səhnəyə çıxırdım, zəngin geyimlər geyirdim. Bu geyimlərlə sərhədi aşmırdım. İnsanlar axşam işdən evə gəlirdilər. Qəzetlərdə də yazırdılar ki, filan vaxt Yalçın Rzazadənin konserti olacaq. Hamı oturub Yalçının nə oxuyacağı ilə bərabər, nə geyinəcəyini də gözləyirdi. Mən o stereotipi sındırmışdım. Geyimdən başqa mənim oxuyacağım mahnılar, stil yeni idi” - deyə mətbuata müsahibəsində xatırlamışdı.
 
Ölkəmizdə və xarici ölkələrdəki konsertlər zamanı onu Böyük Simfonik və Estrada- Simfonik Orkestrləri, Xalq Çalğı Alətləri Orkestri, "Dan ulduzu” İnstrumental Ansamblı, Vaqif Mustafazadənin rəhbərliyi ilə "Sevil” vokal ansamblı, Əhsən Dadaşov adına "Xatirə” ansamblı, SSRİ-nin Yuri Silantyev və Aleksandr Mixaylovun rəhbərliyi ilə Estrada- Simfonik orkestrləri, Leninqradda Leybmanın rəhbərliyi ilə Caz Ansamblı kimi nüfuzlu kollektivlər müşayiət etmişdi. "Xoşbəxtəm ki, Cahangir Cahangirov, Tofiq Quliyev, Emin Sabitoğlu, Oktay Kazımi, Elza İbrahimov, Telman Hacıyev və başqa bəstəkarlar haqqında veriliş çəkiləndə birinci məni yada salırlar. Bilirlər ki, mənim bu bəstəkarlarla möhkəm dostluğum, ünsiyyətim olub” - deyə müğənni həmişə öyünürdü. .
Y.Rzazadənin "Dədə Qorqud”, "Gün keçdi”, "Baladadaşın ilk məhəbbəti”, "Od içində vahə”, "Qaynana” və s. kinofilmlərdə ifa etdiyi mahnılar da müğənninin əvəzolunmaz ifalarından sayılır.
 
Bir gecədə yaranan mahnı
 
Müğənninin musiqi bioqrafiyasında mühüm yer tutan, hamının əzbər bildiyi "Bakı, sabahın xeyir” mahnısının isə maraqlı tarixi var. Mahnı bir gecədə bəstələnib. "1970-ci illərdə İslam Səfərli gecə saat 01:00-də mənə zəng edib dedi ki, Bakı üçün şeir yazıb. "Yalçın, Bakıya çox adam şeir yazıb. Amma heç kim Bakıya "Sabahın xeyir” deməyib. "Bakı, sabahın xeyir” adlı bir şeir yazmışam” dedi. Həmin gecə şeiri diktə etdi, mən də yazdım. Bunun ardınca Emin Sabitoğlu ilə danışıb, bu şeirə mahnı bəstələməsini xahiş etdi. Mən şeiri oxudun, Emin Sabitoğlu misraları yazdı. Bununla bağlı ayrıca görüşməli idik. Ancaq mahnı gözlənildiyindən də tez bəstələndi. Səhərə yaxın Emin mənə zəng edib dedi ki, Yalçın, mahnı hazırdır. Mən isə yuxulu idim, ona görə də konkret nədən söhbət getdiyini bilmədim. Sən demə, Emin Sabitoğlu "Bakı, sabahın xeyir” mahnısını bir gecəyə bəstələmişdi. Bu mahnı belə yarandı” - deyə Y.Rzazadə xatırlayırdı.
 
Müğənni onu xalqa tanıdan və sevdirən sənətinin böyüklüyündən ilham alırdı: "Mən böyük dünya səhnələrində, Müslümlə, digər müğənnilərlə yer almışam, heç vaxt özümü reklam etməmişəm. Telekanallara gedirəm, mənə böyük sənətkar, təkrarsız sənətkar, dahi sənətkarımız, son vaxtlar isə "sonuncu mogikan” deyirlər. Fondumda 500-ə yaxın gözəl lent yazım var. Mən özümü bu dahilərin yadigarı sayıram. Mən 70-ci illərin nəslindənəm. O axın artıq 80-ci illərin əvvəlində bitdi və mədəniyyətimizdə, incəsənətimizdə cılızlaşma başladı. Mən indi bu gün oxuduğum mahnılara baxıram. Təəccüb edirəm ki, haçan bu qədər mahnılar oxumuşam, vaxt necə çatıb. 46 xarici ölkədə olmuşam, SSRİ məkanını qarış-qarış gəzmişəm. Toylarda, pambıq tarlalarında oxumuşam. Bu gün baxıram, görürəm ki, mənim yaratdığım, ifa etdiyim mahnılar böyük nəslin də, orta nəslin də, gənc nəslin də repertuarında var”- deyə fəxr edirdi. Müğənni repertuarından ifa olunan mahnılar yaşadıldığı üçün sevinirdi: "Bu mahnıları bəstəkarlar mənim üçün, mənim səsim üçün yazıblar” deyirdi.
 
Y.Rzazadə bir neçə il idi xəstəlikdən əziyyət çəkirdi. Heydər Əliyev Fondunun dəstəyi ilə Türkiyədə müalicə olunurdu. Vətən müharibəsi xəbəri onu kövrəltmiş, torpaqlarımızın işğaldan azad olunması isə qürurlandırmışdı. Qarabağda yenidən konsert vermək, oxumaq arzusu vardı: "Mən xeyli müddət Türkiyədə qaldım, vətən üçün o qədər darıxmışdım, deyirdim, ölkəmə gedəndə diz üstə çöküb, torpağı öpəcəyəm. Vətənpərvərlik mövzuda çoxlu mahnılar oxumuşam və yazmışam. "Hanı Qarabağ, hanı...” mahnısını oxumuşam. Səhhətim tam sağlam deyil, amma çox sevinirəm. Mənim Cıdır düzündə çəkilişlərim, konsertim olub. Arzum odur ki, Allah mənə can sağlığı versin, yenidən Cıdır düzündə konsertlə çıxış edim, mahnılarımı xalqım üçün səsləndirim. Biz qələbə çaldıq. Şəhidlərimizin məkanı cənnətlik olsun. Onların qanı yerdə qalmadı. Şəhidlərimizin ailələrinə baş sağlığı verirəm”.
 
Sənətkar diqqətsiz qalanda
 
Yalçın Rzazadə xəstəliyinə qədər səhnəyə, onun sevən dinləyiciləri qarşısına tez-tez çıxır, televiziya ekranlarında ğörünürdü. Xalq Artisti Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin vokal və pop musiqi kafedrasının müdiri idi. Sənətindən, yaradıcılığından yorulmamışdı. Onu yoran özünə qarşı gördüyü diqqətsizlik idi: "Bu gün sənətimin zirvəsidir, ən zirvə dövrünü yaşayıram. İstəyərdim ki, bu zirvədə yenə də çoxlu sənət nümunələri yaradım. Buna isə sağlamlığım imkan verir. Həm də bu yaşda insan istəyir ki, nəsə diqqət, reaksiya olsun. Diqqət olmayanda, sənətkar həssas olur. Bu sənətin böyük nümayəndəsi çox həssas, zərif, dəymə-düşər olur, nə isə gözləyir. Böyük sənətkar nə qədər qüvvətli olsa da, diqqətsiz qalanda gül kimi solur, sınır”- deyə mətbuata narazılığını ifadə etmişdi.
Yalçın Rzazadə hansısa məmurların laqeydliyindən qəlbində incisə də, xalqın ona sevgisindən doyaraq getdi. Xalqın sonsuz məhəbbət və hörməti ilə də son mənzilə müşayiət olundu. Yalçın Rzazadə bəstəkar Oqtay Kazıminin məşhur mahnısının dili ilə həyata həmişəlik "Əlvida” dedi. Amma musiqi tariximizə əvəzsiz ifa, təkrarsız səs və biri-birindən gözəl mahnılar bağışladı... 
 
Təranə Məhərrəmova