XX əsrin son onilliyinin ən möhtəşəm layihələrindən biri də məhz “Əsrin müqaviləsi” oldu

XX əsrin son onilliyinin ən möhtəşəm layihələrindən biri də məhz “Əsrin müqaviləsi” oldu

Cəmiyyət
18 Sentyabr 2019, 13:23 110
1994-cü il sentyabr ayının 20-də təkcə Azərbaycanın iqtisadiyyatı və enerji sahəsi üçün deyil, bütövlükdə qlobal enerji siyasətinin həyata keçirilməsi baxımından böyük əhəmiyyət kəsb edən "Əsrin müqaviləsi” imzalandı.
Trend-in məlumatına görə, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədov "Əsrin müqaviləsi”nin 25 illiyinə həsr olunmuş dəyirmi masada deyib.
Ə.Əhmədov bildirib ki, etiraf etmək lazımdır ki, XX əsrin son onilliyinin ən möhtəşəm layihələrindən biri də məhz "Əsrin müqaviləsi” oldu:
"Bu müqavilənin imzalanması birmənalı şəkildə Heydər Əliyevin böyük dühasının və iradəsinin sayəsində mümkün olub. Azərbaycan dövlət müstəqilliyini yenicə əldə etmişdi. Ölkəmizin daxilində və ətrafında gedən siyasi proseslər müəyyən səbəblərdən başa çatmamışdı. Heydər Əliyevin həyata keçirdiyi əzəmətli siyasətə Azərbaycanın neft strategiyasının işlənib hazırlanması və həyata keçirilməsi də daxil idi. O zaman Azərbaycanda vəziyyət tam sabitləşməmişdi, ölkə müharibə vəziyyətində idi və digər risk amilləri də mövcud idi. Bütün bunlara baxmayaraq, Heydər Əliyev Azərbaycan və bütövlükdə dünya enerji bazarı üçün əhəmiyyət kəsb edən bu layihəni işləyib, hazırlayıb həyata keçirə bildi”.
Baş nazirin müavini vurğulayıb ki, artıq 25 ildir ki, "Əsrin müqaviləsi” Azərbaycanın iqtisadiyyatına və xalqın rifahına xidmət etməkdədir: "Bu layihənin ən böyük əhəmiyyəti Azərbaycana böyük maliyyə ehtiyatlarının gəlməsi, bu ehtiyatlar hesabına iqtisadiyatının inkişaf etdirilməsi, insanların rifah halının yaxılaşması, ölkədə infrastrukturun yeniləşməsidir”.
Ə.Əhmədov əlavə edib ki, "Əsrin müqaviləsi”nin geosiyasi cəhətdən də böyük əhəmiyyəti var: "Azərbaycanın həm regionda, həm də dünya birliyində siyasi mövqeyi, nüfuzunun möhkəmlənməsində bu layihənin uğurla həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir”.