• çərşənbə axşamı, 19 mart, 09:43
  • Baku Bakı 8°C

Şirməmməd Hüseynov: Xoşbəxtliyim onda olub ki...

25.06.19 11:07 17270
Şirməmməd Hüseynov: Xoşbəxtliyim onda olub ki...
2014-cü ildə Təhsil Nazirliyinin təşkilatçılığı ilə görkəmli tədqiqatçı Şirməmməd Hüseynovun doğulduğu Şəkidə, o cümlədən təhsil aldığı orta məktəbdə media nümayəndələri ilə görüşü keçirilmişdi. Həmin görüşdə qocaman jurnalist medianın tarixi və çağdaş prinsipləri, özünün jurnalist fəaliyyəti haqqında maraqlı söhbətləri ilə bərabər, Cümhuriyyət tariximizdən danışmışdı. Həmin reportajı yenidən oxuculara təqdim edirik.
Jurnalistikamızın ağsaqqalı ilə Şəki şəhərinin ən qədim məktəbi sayılan 5 nömrəli tam orta məktəbdə görüşdük. Bakı Dövlət Universitetinin professoru Şirməmməd Hüseynov dünyəvi məktəb adlanan bu təhsil ocağının məzunudur. 180 illik tarixi olan məktəbin dəhlizindəki divarda yer alan görkəmli məzunların – Mirzə Fətəli Axundzadə, Rəşid bəy Əfəndiyev, Salman Mümtaz, Heydər Əfəndiyev, Cəlil Hüseynov, Sabit Rəhman, Əbdüləzəl Dəmirçizadə, Əlövsət Sadıqovun fotoları arasında Şirməmməd Hüseynovun da şəkli var.

Şirməmməd müəllim jurnalistlərlə görüşə həyat yoldaşı Ülkər xanımla gəldi. Təhsil Nazirliyinin dəvəti ilə Bakıdan məxsusi həmkarları ilə görüşə gəldiyini də gizlətmədi. Canlı tarix Cümhuriyyət dövründən, medianın bugünkü vəziyyətindən, özünün jurnalist fəaliyyətindən danışdı. Keçmişlə bu günü müqayisə etdi. "Jurnalist sözün düzünü yazmağı, haqq-ədalət öz yerini tapana qədər qələmini yerə qoymamalıdır” - dedi.
Əsas vətəndaş mövqeyidir
Şirməmməd müəllim söhbətə müasir dövrün jurnalistikasından başladı: "Bu gün elə bir dövrdə yaşayırıq ki, informasiya texnologiyalarının köməyindən istifadə edərək xəbər yaymaq daha da asanlaşıb. 21-ci əsrdə KİV-in adı bütün dünyada Kütləvi Kommunikasiya Vasitələri adlanır. Kommunikasiya ikitərəfli yola deyilir. Biz informasiyanı toplayıb verənik. Ancaq 19-cu əsrin ikinci yarısında Avropada deyirdilər ki, xalq təkcə informasiyanı qəbul edən deyil, həm də informasiya verəndir. Biz də hərdən elə anlayış yaratmaq istəyirik ki, kommunikasiya vasitəsiyik. Ancaq bu, bizdə hələlik görüntüdür. Xarici ölkələrdə jurnalistə informasiyanı vətəndaşlar da verirlər. Çox arzulayıram ki, bizim ölkədə də cəmiyyət özü jurnalistin informasiya mənbəyinə çevrilsin. Məsələn, tutaq ki, Amerikada 3 ağ dərili polis bir qara dərilini döydü. Yoldan keçən bir nəfər bu hadisəni kameranın yaddaşına köçürür. Telekanallarda o kadrları bütün dünya televiziyaları göstərdi. 100 min insan o adamın döyülməsinə etiraz əlaməti olaraq nümayişə çıxdı. Demək, kütlə həm informasiyanı verən, həm ictimai rəy yaradandır. Bizdə isə çox təəssüf ki, bu cür vətəndaş mövqeyi olan insanlar azdır. Bizim insanlar bir vətəndaş kimi tam yetişməyib”. Mətbuatın 4-cü hakimiyyət olduğunu qeyd edən qocaman jurnalist KİV-in funksiyasının qanunverici, icraedici və məhkəmə orqanlarının qanuna necə əməl etdiyini, bu sahələrdə çalışan insanların millətə necə xidmət göstərdiyini xalqa çatdırmaq olduğunu bildirib: "Mən prezident İlham Əliyevlə görüşdə də, jurnalistlərin qurultayında da bunu dedim. Jurnalistlər nədən yazmalıdır? Qəzetin səhifələri kimə açıqdır? Üzeyir bəy "Vətən abadlığı, millət salamatlığı, milli müstəqillik» - deyə yazırdı. «Kim bu mövzuda yazmaq istəyirsə, bizim qəzetin səhifəsi bir ananın övladına açdığı qucaq kimi açıqdır». İndi Azərbaycan mətbuatında millətə fərq qoymadan, insanlara qucağını açan mətbu orqanlar nə qədərdir? O kişilərdən bizim öyrənə biləcəyimiz şeylər çoxdur”.
Şirməmməd müəllim Mətbuat Şurasının insanların informasiyanı hansı mənbədən əldə etməsi ilə bağlı araşdırmasının nəticəsini də diqqətə çatdırıb: Belə ki, Azərbaycanda 1 milyon 350 min ailə var. MŞ belə qənaətə gəlib ki, əhalinin təxminən 40 faizi əsas informasiyanı internet vasitəsilə, 27 faizi televiziya, 17 faizi qəzetlər, 3 faizi radio vasitəsi ilə əldə edir: "Ginnessin Rekordlar Kitabında «Beynəlxalq KİV» adlı bir şöbə var. Bu şöbədə Yaponiyada çıxan bir qəzet dünyada ən çox tirajı olan mətbu orqan kimi yer alıb. Onun gündəlik tirajı 15 milyondur. Qəzetin 5 milyon tirajı səhər, 5 milyonu günorta, 5 milyonu da axşam çıxır. O cümlədən, dünyada hər min adama düşən televiziyaların sayına görə yaponlar birinci yerdədir. Bu baxımdan informasiya texnologiyası sahəsində Yaponiya ilə rəqabət aparacaq ikinci bir ölkə yoxdur: "Millət var ki, keçmişin kölgəsinə girir və oradan çıxa bilmir. Demək, o millətin gələcəyi yoxdur. Yaponiyanın isə keçmişi - kölgəsinə girəcəyi bir şey yoxdur. Yaponiyanın bu günü və gələcəyi var”.
Riyaziyyata maraq artırılmalıdır
Mətbuat tədqiqatçısı pedaqoji təcrübəsindən danışıb. Belə ki, 72 illik müəllimlik təcrübəsi olan Ş.Hüseynov 1942-ci ilin martında iki illik Müəllimlər İnstitutunun fizika-riyaziyyat fakültəsini bitirib Zaqatalada işləməyə gedib. Bir neçə kənddə müəllim kimi çalışdıqdan sonra Şəkidə 10 nömrəli məktəbdə fizika-riyaziyyat muellimi işləyib. 1944-cü ildə isə onu «Şəki» qəzetində işləməyə dəvət ediblər: "Bizim köhnə müəllimlərdən Rəşid bəy Əfəndiyevin oğlu, fizika-riyaziyyat üzrə ilk elmlər doktoru, professor Məmməd bəy Əfəndiyev idi. O zaman universitetdə oxuyan riyaziyyatçıların 20-23 faizi şəkililər idi. Şəkidə güclü fizika-riyaziyyat müəllimləri var idi. Mən bilmirəm, həmin ənənənə fizika-riyaziyyat Şəki məktəblərində yaşayır, ya yox? Mən universitetdə kadrlar şöbəsinə yaxınlaşıb "hazırda universitetdə fizika-riyaziyyat üzrə nə qədər şəkili müəllim çalışır?” – deyə maraqlandım. Cavab verdilər ki, nə əvvəlki şövqlə işləyənlər var, nə də o faizlər. Amerika Konqresi bütün məktəblərdə riyaziyyatın məcburi tədris olunması ilə bağlı qərar qəbul edib. Hansı ixtisas üzrə oxuyursan oxu, amma riyaziyyat məcburi təhsilə daxildir. Bu fənnə maraq artırılmalıdır. Bütün məktəblərdə oxuyan şagirdlər 11 il ərzində kompyuterlə təmin olunmalıdır”.
Ş.Hüseynov ora məktəb illərində şövqlə dərs deyən müəllimlərdən dərs aldığını bildirib: "Mən 30-cu ildə məktəbə daxil olmuşam. Xoşbəxtliyim onda olub ki, belə müəllimlərdən dərs almışam. Bizə dərs deyən müəllimlərin çoxu Cümhuriyyət dövrü məktəbini keçən kişilər idi. Onlar həmin şövqlə bizə dərs verirdilər”.
Tədqiqatçı alim Firudin bəy Köçərlinin təhsillə bağlı yazdığı müdrik fikirləri də cibində gəzdirdiyi saralmış kağızdan oxudu: "Bir milləti zəlil etmək istəyirsənsə müəllimini savadsız, həkimini də bisavad et. Biri millətin başını xarab eləsin, biri də canını. 1906-cı ildə «İrşad» qəzetində yazdığı bir məqalə «Heç bir tayfa və millət içində bir o qədər yarımçıq yoxdur, nə qədər ki, bizim müsəlmanlar içində var. Yarımçıqlıq bilirsiniz də nədir? Diplomu da var, adı da var, amma yarımçıqdır. Şövq ilə qulluq edən müəllimlərimiz, mühərrirlərimiz azdır. Mədrəsə və müəllimlərimizin, əyan və əşrəflərimizin yarısı, xanlarımızın, bəylərimizin çoxu yarımçıq adamlardandır. Tənəzzülümüzün əsas səbəblərindən biri də bu yarımçıqlıqdır”.
Şövqlə, vicdanla, səliqə ilə
Mətbuat tədqiqatçısı Azərbaycanın mətbuat tarixinə də diqqət çəkib: "Azərbaycan Xalq Cümhuriyyəti yaranandan sonra bizim müstəqil dövlətimiz oldu. Bu dövlətin mətbuatının mahiyyətini aydınlaşdırmaq lazım idi. Bunu Məmməd Əmin Rəsulzadə ilə Üzeyir bəy həyata keçirdi. Onların hər ikisi «Azərbaycan» qəzetində işləyirdi. Üzeyir bəy «Azərbaycan» qəzetinin redaktoru, Məmməd Əmin isə əməkdaşı idi. Onlar məfkurə, ideya, namus, qeyrət sahibi idilər. Cümhuriyyət yarananda onlar «Gərək hər bir kəs bilə ki, bu millət də, bu torpaq da, bu dövlət də bizimdir» deyirdilər. İndi bizdə bu vətəndaşlıq hissi nə qədərdir? Üzeyir bəy yazırdı ki, bu millətin, dövlətin, torpağın taleyi hər birimizin taleyi ilə əlaqədardır. Məmməd Əmin isə yazırdı ki, bir günün içində – mayın 28-də Azərbaycan xalqı qərinələrin sevincini yaşadı. Ona görə prezident dedi ki, bizim 28 maydan böyük İstiqlal bayramımız yoxdur. Bu tarixi öyrənmək lazımdır. Ancaq bizim tarixçilərin 98 faizi ərəb əlifbasını bilmədiklərinə görə onların yazdığı tarix sözün həqiqi mənasında hələ həqiqi tarix deyil. Onlar ərəb əlifbasını oxuya bilmədiyindən o zamankı tarixi də oxuya bilmirdilər. Tarixçi illərin tarixini yazır, publisist isə günün”.
Məmməd Əmin Rəsulzadənin fəaliyyəti ilə bağlı beşcildliyi nəşrə hazırlayan tədqiqatçı qeyd edib ki, bir millət üçün müstəqil dövlət yaratmaqdan böyük vüsət və iftixar ola bilməz: "Məmməd Əmin yazırdı ki, «Dirilərini yaşadan ölülərdir». Bunları öyrəndikcə insanın yaşı da, xəstəliyi də yadından çıxır. Mən 88 yaşında Məmməd Əminin üçüncü, 89 yaşımda dördüncü cildini çap etmişəm. Bu il – 90 yaşında 5-ci cildini buraxıram. Cümhuriyyət dövründə 129 adda mətbuat orqanı çıxıb. 18 min qəzet səhifəsini vərəqləmişəm. Gündə 12 saat çalışmışam. Rəfael Hüseynov həmişə deyir ki, bizim tarixçilər içində Şirməmməd Hüseynov kimi şövqlə, vicdanla, səliqə ilə işləyən ikinci bir adam tanımıram”.
"Nəvələrim də mənə oxşayır”
Əsil vətəndaşın ailədə yetişdiyini bildirən ağsaqqal tədqiqatçının sözlərinə görə, hər şey ailədən başlayır. Belə ki, əgər ailə başçısı namuslu, qeyrətlidirsə, uşaq ailədə gözünü açanda düzlüyü, zəhmətkeşliyi görürsə, ona oxşayacaq: "Mən heç vaxt siqaret çəkməmişəm. Nəvələrim də mənə oxşayır. 4 il Moskva Dövlət Universitetində oxumuşam, müdafiə etmişəm, bir qram da içki içməmişəm. Nəvələrimin də heç biri içki içmir. Gördülər ki, mən namuslu işləyirəm, onlar da mənə baxıb çalışırlar. Dörd nəvəm var. Biri Madriddədir. Biri Yaponiya universitetində, bir nəvəm də Türkiyə universitetində doktorantdır. Böyük qızım Fərəh xanım elmlər doktoru, professordur. Mədəniyyət və İncəsənət Universitetinin rektorudur. Kişik qızım Lalə xanım Bəstəkarlar İttifaqının katibidir. Həmçinin Musiqi Akademiyasında çalışır. Gərək ailədə vətəndaş yetişdirəsən”.
Ş.Hüseynov bu gün məktəb və müəllim həyatının mətbuatın daimi mövzusu olmadığına təəssüfünü bildirib: "Böyüməkdə olan nəslin gələcəyi məktəbdə müəyyənləşir. Ona görə də mətbuat səhifəsində məktəb məsələsi əsas mövzu olmalıdır. Çünki millətin varlığı təhsili ilə müəyyənləşir”.
Təranə Məhərrəmova
Bakı-Şəki-Bakı

banner

Oxşar Xəbərlər