• cümə, 26 Aprel, 16:42
  • Baku Bakı 23°C

Xəzər konsorsiumu yaradıla bilər

16.05.15 06:58 1471
Xəzər konsorsiumu yaradıla bilər
Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov Avropa turu çərçivəsində Avstriya və Sloveniyada səfərdə olub. Lyublyanda türkmən prezidenti bəyan edib ki, ölkəsinin istehsal etdiyi qazın Avropaya nəqli üçün çoxvariantlı transmilli qaz kəmərləri infrastrukturunun yaradılması planlaşdırılır. ATƏT-nin baş katibi Lamberto Zanyer Vyanada Türkmənistan prezidenti ilə danışıqlarda bildirib ki, bir sıra Avropa ölkələri Türkmənistanı təbii qazın Avropaya nəqli məsələsində başlıca ölkə hesab edirlər və bu istiqamətdə gələcək əməkdaşlığın aktual aspektlərini müzakirə etməyə hazır görünürlər. Aşqabad da dialoqa hazır olduğunu bəyan edib. Q.Berdıməhəmmədov bildirib ki, bu gün Türkmənistanın gündəmində Avropa vektoru başlıca məsələdir. O bildirib ki, bu günlərdə Aşqabadda Türkmənistan, Azərbaycan, Türkiyə və Avropa İttifaqının yanacaq-energetika sahələrinin rəhbərlərinin iştirakı ilə dördtərəfli görüş keçirilib. Danışıqlarda türkmən qazının Avropaya nəqli başlıca məsələ kimi nəzərdən keçirilib. İlk növbədə transmilli qaz xətlərinin çoxvariantlı infrastrukturunun yaradılması məsələsi, o cümlədən Xəzər dənizinin dibi ilə çəkiləcək Transxəzər boru xəttinin inşası məsələsi müzakirə mövzusu olub. Aşqabadda keçirilən danışıqların detalları barədə Azərbaycanın yanacaq və energetika naziri Natiq Əliyev jurnalistlərə açıqlama verib. Onun sözlərinə görə, Transxəzər boru xəttinin inşası və qazın Avropaya nəqli məsələsində Türkmənistan daha maraqlı tərəf olduğunu bəyan edib. Nazir əlavə edib ki, Xəzər konsorsiumunun yaradılması barədə razılıq əldə edilib. Bu konsorsium Avropanın nüfuzlu və tanınmış enerji şirkətlərindən ibarət olacaq. Onlar da elə qazın əsas alıcıları olacaq. Bundan əlavə, konsorsium çərçivəsində bir sıra məsələlər, o cümlədən Transxəzər boru xəttinin inşası məsələsi də müzakirə olunacaq: “Lakin hələ ki, bu məsələlərdə tam aydınlıq yoxdur, bundan əlavə, bu məsələlərin reallaşması vaxt tələb edir. Əsas odur ki, danışıqlar davam edir. 2015-ci ildə Transxəzər boru xətti layihəsinin yenidən dirçəlməsi məsələsi gündəmə gəldi. Bu layihə faktiki olaraq iki tərəfin təşəbbüsüdür - əsas istehsalçı ölkə Türkmənistan və başlıca istehlakçı tərəf kimi çıxış edən, ən əsası, türkmən qazının Avropaya nəqlinə çalışan Avropa İttifaqı”.
Türkmənistanın Xəzər dənizinin dibi ilə boru xəttinin inşa edilməsində maraqları bəllidir- Xəzər dənizində iri qaz yataqlarına malik olan Türkmənistan hələ də Qərb bazarlarına çıxış üçün effektiv çıxış yolları arayır. “Lakin Avropanın analoji maraqları olmadan bu layihələr çətin ki, reallaşsın” - deyə M.V. Lomnonosov adına Moskva Dövlət Universitetinin informasiya-analitik mərkəzinin direktor müavini Andrey Petrov bildirib. Avropa İttifaqı türkmən layihəsini enerji danışıyıcılarının diversifikasiyası yolunda başlıca məsələ kimi nəzərdən keçirir. Burada siyasi səbəblər də böyük rol oynayır. Bəlli olduğu kimi, Qərb nəyin bahasına olursa-olsun Rusiya qazından asılılıqdan qurtulmaq istəyir. Transxəzər boru xəttinin məhz indi bu qədər aktuallıq kəsb etməsinə toxunan rusiyalı ekspertin sözlərinə görə, məsələ ondadır ki, “Cənub” Qaz Dəhlizi layihəsi praktiki olaraq reallaşma ərəfəsindədir. Bu layihə Azərbaycandan çıxarılan qazın Türkiyə vasitəsilə Avropaya, daha dəqiq desək, Yunanıstan və İtaliyaya nəqlini nəzərdə tutur. Layihənin Türkiyədən keçən hissəsi - Transanadolu boru xətti reallığa çevrilən kimi, “Cənub” Qaz Dəhlizi layihəsinin bütün tərəfləri ilə danışıqlar aparılması imkanları yarandı. Yəni yeni qaz mənbələri hesabına onun genişləndirilməsi gündəmə gəldi. Bu məsələnin həllində türkmən variantı daha aktual məsələyə çevrilir. Lakin problem ondadır ki, Rusiya və İran bu məsələdə maraqlı deyillər. Rusiyanın və İranın razılığı olmadan isə Transxəzər boru xəttinin inşası real görünmür. Məsələn, Rusiya daha çox layihənin ekoloji cəhətdən təhlükəsizliyi məsələsini bəhanə göstərir. İran isə Türkmənistandan çıxarılan qazın onun ərazisi ilə Türkiyəyə nəqlində maraqlı olduğunu bəyan edir. “Heç bir şübhə yoxdur ki, Aşqabad və Brüssel öz aralarında razılığa gələ biləcəklər. Bunu Bakı ilə Ankara barəsində də söyləmək olar. Tərəflər arasında texniki məsələlərin həllində hər hansı bir problem olmayacaq. Ən əsası, sonra Moskva və Tehranla aparılacaq danışıqlardır. Bu prosesin isə çox ağır gedəcəyi heç kimdə şübhə doğurmur” - deyə rusiyalı ekspert vurğulayıb. Sonda ekspert əlavə edib ki, istənilən halda bütün mübahisələrə və fikir ayrılıqlarına yalnız Xəzərin hüquqi statusu məsələsi həllini tapdıqdan sonra nöqtə qoyulacaq. Məhz Transxəzər boru xəttinin gələcək taleyi də bundan asılıdır. Bunun ardınca türkmən qazının Avropaya nəqlinin şərtləri müəyyən oluna bilər. Bu səbəbdən də inidən hansısısa bir nəticəyə gəlinməsi tezdir. “Bizlərə Xəzəryanı dövlət başçılarının 2016-cı ildə Qazaxıstanda keçiriləcək 5-ci sammitini gözləmək qalır. Bir çox ekspert və siyasətçilər məhz həmin sammitdə Xəzərin illər boyu həllini tapmayan statusunun müəyyən olunacağına ümid bəsləyirlər” - deyə ekspert fikrini tamamlayıb.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər