Xəstəsinə qan köçürülməsini istəyənlər donor axtarmalıdır?

Xəstəsinə qan köçürülməsini istəyənlər donor axtarmalıdır?

Cəmiyyət
17 Sentyabr 2019, 09:07 115
Bəzən sosial şəbəkələrdə xəstə üçün təcili olaraq donorun axtarılması kimi məlumatlarla rastlaşırıq. Ehtiyac duyulan qanın qrupunun, hətta rezus-amilinin də xüsusi qeyd edildiyi bu məlumatlarda xəstələrin həyatlarının sanki tapılacaq donordan asılı olduğu nəzərə çatdırılır.
Azərbaycanda dövlət tərəfindən qan ehtiyatının toplanıldığı nəzərə alınarsa, onda suallar yaranır. Görəsən, dövlət və ya özəl müəssisədə yerləşdirilməsindən asılı olmayaraq, xəstə üçün donor tapılmadığı halda ona qan köçürülmür? Xəstəyə qan köçürülməsi üçün əvvəlcə donor tapılmalı, daha sonra ona qan köçürülməlidir?
Bu məsələlərə aydınlıq gətirən Səhiyyə Nazirliyi B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva Trend-ə deyib ki, Qan Bankından qanın alınması üçün mütləq şəkildə xəstənin müalicə aldığı xəstəxananın baş həkiminin imzası ilə onlara tələbnamə daxil olmalıdır:
"Xəstənin qana tələbatının olduğunu onun həkimi təyin edir. Daha sonra xəstə üçün qanın alınması məqsədilə xəstəxananın baş həkiminin imzası, möhürü ilə tələbnamə hazırlanmalıdır. Tibb işçisi tələbnamə ilə Qan Bankına gələrək müraciət edir və onun əsasında da xəstə üçün qan verilir. Heç kim Qan Bankından özbaşına qan götürüb xəstəsinə vurdura bilməz. Bu, mütləq xəstəxana şəraitində həyata keçirilməlidir".
Z.Əlimirzəyeva qeyd edib ki, tələbnamə olmadığı halda Qan Bankından qan buraxılmır: "Lap donor da gəlib xəstə üçün qan versə belə, rəsmi sənəd olmadan - tələbnaməsiz Qan Bankından qan buraxıla bilməz. Çünki bu, strateji bir məsələdir və qanın buraxılması üçün tibbi göstəriş olmalıdır".
İnstitut direktoru əlavə edib ki, donor olmasa belə, tələbnamə ilə Qan Bankına müraciət edildikdə xəstə üçün qan verilir:

"Bəzən xəstə üçün donor tapılmaya da bilər. Bu zaman sözsüz ki, xəstəyə kömək edilir. Bizə o qədər qan köçürülməsi həyati göstəriş hesab edilən, amma kimsəsi olmayan şəxslər müraciətlər edir ki! Təbiidr ki, biz bu halda ehtiyatımızdan istifadə edirik. Amma nəzərə almaq lazımdır ki, qan ehtiyatı da tükənir. Toplanılan qan ehtiyatından hər ay istifadə edilir. Digər tərəfdən, qanın da saxlanma müddəti var. Tərkibindəki saxlayıcı, qoruyucu maddələrdən asılı olaraq, qan 1 ay - 42 gün saxlanılır. Qan ehtiyatı tükənir, ancaq ona hər gün tələbat var, ona görə də qan ehtiyatı daim yenilənməlidir. Bundan əlavə, bizim daim toxunulmayan ehtiyat qanımız olmalıdır ki, hər hansı fövqəladə hadisə, çoxlu insanların xəsarət alınması ilə nəticələnən qəza baş verə bilər. Bütün buna görə də donorluq könüllü və daimi proses olmalıdır. Bəzən xəstənin qohumlarına deyəndə ki, qan verin, onlar əsəbiləşirlər ki, mən niyə qan verirəm? Dövlət bizi qanla təmin etməlidir. Amma başa salırıq ki, kimsə sizin xəstənizə qan verirsə, siz də qan verməlisiniz ki, qan ehtiyatı yenilənsin. Digər tərəfdən, axı, qan canlı dərmandır və o, yalnız insanlardan tədarük edilir. Buna görə də insanlar tərəfindən donorun axtarılması ilə bağlı çağırışlar olmalıdır".
İnstitut direktoru bildirib ki, əgər donor xəstə üçün tələb olunmayan qan qrupu üzrə qan versə də, xəstəyə lazımi qan verilir.
Donorluğun insan orqanizmi üçün olduqca xeyirli olduğunu deyən Z.Əlimirzəyeva qeyd edib ki, insan donor olmaqla həm kiməsə yaxşılıq edir, həm də qanını yoxlatmış olur.
Direktorun sözlərinə görə, toplanmış qan ehtiyatından hər ay qan xəstəliklərindən əziyyət çəkən xəstələr, cərrahiyyə əməliyyatları, doğuşlar üçün istifadə edilir.