• cümə, 26 Aprel, 15:41
  • Baku Bakı 23°C

Xammaldan emaledici məhsul istehsalına keçid

19.07.18 18:55 819
Xammaldan emaledici məhsul istehsalına keçid
Bu günlərdə Sumqayıt Kimya Sənaye Parkının ərazisində "SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən polipropilen zavodunun açılışı olub. Apa-nın məlumatına görə, prezidentiİlham Əliyevvə ölkəmizdə rəsmi səfərdə olan İtaliya prezidenti Sercio Mattarella açılış mərasimində iştirak ediblər. Tədbirdə Azərbaycan və İtaliya prezidentlərinə zavod haqqında məlumat verilib. Bildirilib ki, "SOCAR Polymer” layihəsi son 40 ildə öz növünə və miqyasına görə Azərbaycanın neft-kimya sənayesində həyata keçirilən ilk belə layihədir. Hazırda ölkəmiz aşağısıxlıqlı polietileni ixrac, yüksəksıxlıqlı polietileni isə idxal edir. Layihənin əsas məqsədi idxalın əvəz olunması və ölkənin ixrac potensialının artırılmasıdır.
"SOCAR Polymer” zavodları ildə 19 növ olmaqla 184 min ton polipropilen və 12 növ olmaqla 120 min ton yüksəksıxlıqlı polietilen istehsal edəcək. Polipropilen qablaşdırma materialları, tekstil, dəftərxana ləvazimatı, avtomobil hissələri, elektron və elektrik cihazları və başqa bu kimi sektorlarda geniş çeşidli istehlak mallarının və dəstləşdirmə hissələrinin istehsalında istifadə olunan əsas ilkin materialdır. Polipropilen ticarət həcminə görə də ən vacib plastik məhsullardan sayılır. "Ekoloji cəhətdən təmiz” plastik adlandırılan polipropilen qida məhsullarının qablaşdırılması və tibb sənayesinə aid bütün sahələrdə istifadə oluna bilər. Qeyd edək ki, zavodların istismar dövründə 6,3 milyard dollar məbləğində gəlir proqnozlaşdırılır ki, bunun 30 faizi şirkətin xalis mənfəəti olacaq. Bu, həmçinin ölkənin ümumi daxili məhsulunun artmasına da kömək edəcək. İlkin qiymətləndirmələrə görə, "SOCAR Polymer” zavodlarının fəaliyyəti Azərbaycanın qeyri-neft sektorunun ixrac gəlirlərini 19 faiz, Abşeron iqtisadi regionunun ümumi daxili məhsulunun həcmini isə 15 faiz artıracaq. İstismar müddətində zavodda 500 nəfər daimi iş yeri ilə təmin olunacaq.
İqtisadçı-alim Vüqar Bayramov deyir ki, zavodun tikilməsində əsas məqsəd daxili tələbatın ödənilməsi və idxalın həcmini azaltmaqdı: "Digər tərəfdən bu zavod ölkənin ixrac imkanlarının genişləndirilməsində mühüm rol oynayacaq. Zavodda istehsal edilən məhsullara daxili bazarlarda tələb yüksək olduğuna görə, bu addım atıldı. SOCAR- istehsal etdiyi məhsullar eyni zamanda ixrac imkanlarına malik olacaq. Zavoda istehsal olunan məhsulların qonşu ölkələrə ixracı həyata keçiriləcək. Bu məhsulların hətta Avropa bazarlarına çıxarılması da nəzərdə tutulur. Bu mənada zavoda istehsal olunan məhsullar ölkəyə valyuta axını cəlb etmiş olacaq. Məhsul ixracı ilə ölkəyə daxil olmaların həcmində artım olacaq. Bütövlükdə götürsək, bu tip zavodların ölkədə fəaliyyət göstərməsi yerli istehsalın formalaşmasına və inkişaf etdirilməsinə zəmin yaradır. Bu həm də qeyri-neft sektorunun diversifikasiyası baxımından vacibdir. Çünki zavodun fəaliyyəti sayəsində ölkəyə qoyulan investisiyanın diversifikasiyası mümkün olacaq. Hesab edirəm ki, idxalın əvəzlənməsi və istehsalın genişlənməsi və eyni zamanda, ixrac potensialını nəzərə almaqla, ölkədə belə zavodların inşası vacib məsələdir. Bu, strateji yol xəritəsində də öz əksini tapıb. Belə müəssisələrin sayının artırılması orada da qeyd olunub. Zavoda xammal deyil, hazır məhsul polietilen məhsullarının istehsalı nəzərdə tutulub. Ümumiyyətlə, SOCAR-ın emal məhsulları istehsalı planlaşdırılır. Zavodun inşa edilməsi xammaldan emaledici məhsul istehsalına keçid kimi də qiymətləndirilə bilər”.
Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov bildirdi ki, son illərdə ölkədə qeyri-neft sektorunun inkişafına böyük diqqət ayrılıb. Bu zavodun inşası da məhz bu qayğının göstəricisi kimi qəbul edilə bilər: "Dövlət başçısı bu məsələ ilə bağlı xüsusi proqram hazırlayıb və təsdiq edib. Bu proqrama uyğun olaraq regionlarda qeyri-neft sektorunun inkişafı prioritet hədəflər arasındadır. Onlardan biri də Sumqayıt şəhəridir ki, orada daha əvvəl yeddi zavoddan ibarət Sumqayıt Texnologiyalar Parkı istifadəyə verilib. Sözügedən zavodun istifadəyə verilməsi ölkə üçün çox əhəmiyyətli hadisədir. Bu, təkcə Azərbaycan üçün deyil, region üçün də vacibdir. Burada ixrac yönümlü məhsulların istehsalı nəzərdə tutulub ki, bu da ölkədə yerli istehsalın inkişafına təkan vermiş olacaq. Belə zavodların tikintisi gələcəkdə də davam etdiriləcək. Qeyd edim ki, İtaliya Azərbaycan üçün önəmli tərəfdaşlardan biridir. Azərbaycanın ümumi ixracının böyük hissəsi İtaliyaya gedir. Bu mənada belə bir zavodun fəaliyyətə başlaması hər iki tərəf üçün əməkdaşlığın inkişafı baxımından əhəmiyyətli sayıla bilər”.

Şəbnəm Mehdizadə


banner

Oxşar Xəbərlər