Xaçmazda bağçılığa dair sərgi - konfrans keçirilib
İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Xaçmazda Quba-Xaçmaz
Regional İnkişaf Mərkəzində bağçılıq sahəsində qabaqcıl təcrübənin və bu
sahənin inkişafına göstərilən dövlət dəstəyi mexanizmlərinin sahibkarlara
çatdırılması, eləcə də istehsal, emal, saxlanma və logistika üzrə dəyər
zəncirinin yaradılması məsələlərinə həsr olunmuş regional sərgi-konfrans
keçirilib.
Konfransı giriş sözü ilə
açan İqtisadiyyat nazirinin müavini Sahib
Məmmədov ölkədə biznes və investisiya mühitinin davamlı olaraq
yaxşılaşdırılmasının, sahibkarlığın inkişafının Azərbaycan Respublikasının
Prezidentinin müəyyən etdiyi sosial-iqtisadi inkişaf strategiyasının prioritet
istiqamətlərindən olduğunu vurğulayıb. Qeyd edilib ki, ölkəmizdə sahibkarlığın
inkişafı istiqamətində sistemli və ardıcıl tədbirlər həyata keçirilir,
qanunvericilik bazası təkmilləşdirilir, inzibati prosedurlar sadələşdirilir,
vergi yükü azaldılır. Reallaşdırılmış sistemli dövlət dəstəyi tədbirləri
nəticəsində qeydiyyatdan keçmiş sahibkarlıq subyektlərinin sayı 900 mini ötüb,
ÜDM-də özəl sektorun payı 80%-i, məşğulluqda isə 75%-i keçib. Sahib Məmmədov
dövlət başçısının müvafiq Fərmanı ilə sahibkarların kredit resurslarına çıxış
imkanlarının daha da genişləndirilməsi məqsədilə yaradılmış Sahibkarlığın
İnkişafı Fondunun fəaliyyəti barədə danışaraq, Fondla əməkdaşlıq edən müvəkkil
kredit təşkilatları və Fondun vəsaitlərindən istifadə etmək istəyən sahibkarlar
arasında əməkdaşlığın səmərəliliyinin daha da artırılması istiqamətində konkret
tədbirlərin görüldüyünü, bu istiqamətdə operativlik, sahibkar məmnunluğunun
təmin olunması və eləcə də sahibkarların maarifləndirilməsi istiqamətində
tədbirlərin davam etdiriləcəyini diqqətə çatdırıb.
Xaçmaz Rayon İcra Hakimiyyətinin
başçısının müavini Bəxtiyar Osmanov regionların
inkişafına dair dövlət proqramlarının uğurlu icrası nəticəsində bütün
bölgələrdə olduğu kimi, Xaçmazda da infrastruktur təminatının yaxşılaşdığını,
yeni istehsal və xidmət müəssisələrinin yaradıldığını, əhalinin məşğulluq
səviyyəsinin yüksəldiyini vurğulayıb. Bildirilib ki, Xaçmaz rayonunun
təbii-iqlim şəraiti meyvə-tərəvəz istehsalının artırılmasına, əhalinin müxtəlif
çeşidli, yüksək keyfiyyətli meyvə-tərəvəzə, emal müəssisələrinin isə xammala
olan tələbatının yerli istehsal hesabına ödənilməsinə imkan verir.
İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun icraçı
direktoru vəzifəsinin icraçısı Arif Vəliməmmədov məlumat verib ki, indiyədək
investisiya layihələrinin ümumi dəyəri 5 milyard manatdan çox olan 36 minədək
sahibkara 2,2 milyard manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə
etməklə investisiya layihələrinin reallaşdırılması nəticəsində 164 minədək yeni
iş yerinin açılması imkanı yaradılıb. Bu ilin ötən dövründə sahibkarlıq
subyektlərinə 145 milyon manat güzəştli kredit verilib.
Bağçılığın inkişafına dövlət dəstəyi tədbirləri çərçivəsində
İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən 6584 ha
sahədə 25 bağçılıq və tingçilik təsərrüfatına 45,5 milyon manat güzəştli kredit
verilib. Bundan əlavə, İqtisadiyyat Nazirliyi tərəfindən intensiv bağçılığın
inkişafı ilə bağlı ümumi dəyəri 160,5 milyon manat olan 26 layihəyə investisiya
təşviqi sənədi təqdim olunub.
Son illər İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu
tərəfindən müasir texnologiyalara əsaslanan, illik emal gücü 120,8 min ton olan
14 meyvə-tərəvəz emalı müəssisəsinin yaradılması məqsədilə 57,7 milyon manat və
illik istehsal gücü 2,6 min ton quru meyvə olan 6 quru meyvə istehsalı
müəssisəsinə 6,6 milyon manat güzəştli kredit verilib.
Bağçılığın inkişafında mühüm əhəmiyyət
kəsb edən sahələrdən biri də logistik mərkəzlərdir. Dövlət başçısının
tapşırığına uyğun olaraq, 2009-cu ildən etibarən kənd təsərrüfatı məhsullarının
tədarükü, saxlanması və satışı üzrə müasir logistik mərkəzlərin inşasına
başlanılıb. İndiyədək Sahibkarlığın İnkişafı Fondu tərəfindən tutumu 347,1 min
ton olan 53 logistik mərkəzin yaradılmasına 170,5 milyon manat, o cümlədən
Quba-Xaçmaz iqtisadi rayonu üzrə tutumu 70,5 min ton olan 14 logistik mərkəzin
yaradılmasına 41,6 milyon manat güzəştli kredit verilib.
İqtisadiyyat Nazirliyinin
tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin
müavini Faiq Abbasov ölkəmizdə sahibkarlığın, xüsusilə də kiçik və orta
biznesin inkişafı məqsədilə yaradılmış Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin
fəaliyyəti barədə məlumat verib, Agentliyin hazırda ölkə regionlarında, o
cümlədən Xaçmaz və Siyəzəndə fəaliyyət göstərən "KOB dostları” vasitəsilə
sahibkarlara məsləhət, informasiya və digər xidmətlər göstərdiyini diqqətə
çatdırıb. Qeyd olunub ki, Agentliyin müxtəlif dəstək mexanizmlərinin, eləcə də
"KOB evi”nin yaradılması, ölkə regionları üzrə "KOB Dostu” şəbəkəsinin
genişləndirilməsi istiqamətində tədbirlər davam etdirilir. Yaxın vaxtlarda Quba
və Qusarda da "KOB dostları” fəaliyyətə başlayacaq. Faiq Abbasov Quba-Xaçmaz
regionunda fəaliyyət göstərən sahibkarları Agentliklə, xüsusilə də "KOB
dostları” ilə sıx əməkdaşlığa dəvət edib.
Fındıq İstehsalçıları və İxracatçıları
Assosiasiyasının sədri İsmayıl Orucov, Azərbaycan Nar İstehsalçıları və İxracatçıları
Assosiasiyasının icraçı direktoru Yusif Axundov və Azərbaycan
Sahibkar Qadınlar Assosiasiyasının sədri Səkinə Babayeva ətrafında yüzlərlə sahibkarı
birləşdirən assosiasiyaların fəaliyyəti, rəqabətqabiliyyətli Azərbaycan
məhsullarının istehsalının artırılması və ixracının genişləndirilməsi
istiqamətində assosiasiyaların gördüyü işlər barədə danışıblar.
Tədbirdə ənənəvi bazarlarda Azərbaycan məhsullarının mövqeyinin daha
da gücləndiyi, potensial bazarlarda məhsullarımıza olan tələbatın artdığı
vurğulanıb, mövcud bağların bərpa edilməsi və yeni bağların salınması istiqamətində
müzakirələr aparılıb.
Konfrans iştirakçıları bağçılıq sahəsində tətbiq olunan qabaqcıl
texnologiyalar və avadanlıqların, regionda fəaliyyət göstərən sahibkarların
istehsal etdikləri məhsulların sərgisi ilə də tanış olublar.