• çərşənbə axşamı, 19 mart, 07:59
  • Baku Bakı 8°C

Virusla mübarizədə ictimai qınağın əhəmiyyəti

01.07.20 16:57 2564
Virusla mübarizədə ictimai qınağın əhəmiyyəti
"Qarşımızdakı insanı məsuliyyətə səsləməyə məcburuq”

Covid 19 virusuna yoluxanlar içərisində qayda-qanunlara ciddi şəkildə riayət edənlər də az deyil. Bu onu göstərir ki, virusla tək mübarizə aparmaq mümkün deyil, qarşındakı eyni davranışı sərgiləmirsə, sənin qorunmanın effekti olmur. Bu səbəbdən, maska taxan, məsafə gözləyənlər ətrafdakı şəxslərdən bunu görməyəndə, təbii ki, pis təsir edir. Ekspertlər də son vaxtlar dilə gətirirlər ki, bu istiqamətdə ictimai qınaq olmasa, virusla mübarizə aparmaq çətin olacaq. Qısası, qarşındakı maska taxmırsa, məsafə gözləmirsə, ondan bunu tələb etməlisən.
Ancaq ictimai qınağı bu məsələdə görə bilmirik. Görməməyimizin səbəbi nədir, yaxud ictimai qınaqdan niyə çəkinirik? İctimai qınağın olması bu məsələyə hansı təsiri göstərə bilər?

Qınağa tuş gəlmək istəməyənlər var

"525-ci qəzet”in baş redaktoru Rəşad Məcid deyir ki, ictimai qınaq olmadığı üçün virusla mübarizədə inzibati metodlara və bu metodların sərtləşdirilməsinə gedilir. O, problemin həlli istiqamətində maarifləndirmə aparılmasını və ictimai qınaq olmasını effektiv hesab edir: "İctimaiyyətdə tanınan, nüfuzlu şəxslərin təbliğat aparması, insanları inandırması vacibdir. Bir qrup media işçisinin "Özünü qoru, çevrəni xilas et” media hərəkatı yaratmasını da müsbət qarşıladım, özüm də dəstək oldum. Hesab edirəm ki jurnalistlər özləri də təbliğat məsələlərində, ictimai qınaqda həssaslıq göstərməlidirlər. Bəzən jurnalistlər özləri üsyankarlıq edirlər, pandemiya ilə bağlı şübhələr yaradırlar. Əksinə olmalıdır. Jurnalistlər cəmiyyətin məlumatlı zümrəsidir və cəmiyyəti inandırmaq yolunda təcrübələri də böyükdür.
Digər tərəf isə ictimai qınaqdır. Bu, hazırda həssas məsələdir. Pandemiya ilə əlaqəli, insanların əsəbləri tarıma çəkilib, gələcəkdən nigarandırlar, narahatlıq keçirirlər. Bəzilərinin müxtəlif problemləri var. Ona görə, kimsə kimisə qınaq edəndə, hansı reaksiyanı alacağını bilmir. Ümumilikdə, ictimai qınaqla bağlı fikirlər müxtəlifdir. Bir qisim bunu vecinə almır, bir qisim isə əksinə, vacib hesab edir. Parlament üzvlərinin dilindən inzibati metodların, cərimələrin artırılması ilə bağlı fikirlər səsləndirilməsinin səbəbi də ictimai qınağın işin gedişatına təsir etməməsidir. İnzibati metodlardansa, ictimai qınaq məsələsi qabardılmalıdır. Ancaq deyim ki, sosial şəbəkədə insanların qınaqdan çəkinməyə başladıqlarını hiss edirəm. İnsanlar qınağa tuş gəlmək istəmirlər. Bunun özü yaxşıdır. Sadəcə olaraq, burda eyni hədəfə vurmaq yoxdur. Təbliğat və vahid ümumi fikir olmalıdır ki, o fikirdən kənara çıxan adamlar ictimai qınağa tuş gəlsinlər”.

İctimai qınaqda saxtakarlıq

Sosioloq Sahib Altay bildirdi ki, Azərbaycanda ictimai qınaq bəzi məsələlərdə var, ancaq onun effekti yoxdur: "İctimai qınağın nə dərəcədə işlək olub-olmadığını analiz etmək üçün ilk növbədə bu fikrin hansı anlam daşıdığına baxaq. İctimai qınaq cəmiyyətin, qınaq obyektinə çevrilən məsələdə gördüyü əskikliyi aradan qaldırmaq üçün yönəlmiş düşüncə tərzi, fikir fenomeni və ya cəmiyyətin toplu şəkildə həmin məsələyə fikir bildirməkdə özünü borclu bilməsidir. Azərbaycanda ictimai qınaq var, ancaq həmin ictimai qınaq insanlarımızın toplumsal düşüncəsi istiqamətinə yönəlib. Bizdə əxlaq, mentalitet məsələlərində ictimai qınaq olur. Məsələn, xalqın illərlə sevdiyi, toylarına dəvət etdiyi müğənni, efirdə xalqın mental əxlaqına uyğun olmayan tərzdə danışır, yaxud hansısa paltar geyinir. Bir də görürsən ki, insanlar toplu şəkildə həmin ifaçını tənqid atəşinə tutmağa başlayırlar. Amma bu, effektiv olmur. Çünki sabah yenə xalq həmin müğənnini toyuna dəvət edir. İstər fərdi, istər ictimai düşüncə baxımından bizdə saxtakarlıq var”.
S.Altayın sözlərinə görə, ictimai şüur formalaşmadıqca, ictimai qınağı da görmək çətindir: "İctimai qınağın diqqət mərkəzində olması üçün ilk olaraq cəmiyyət strukturu qüvvədə olmalıdır. Cəmiyyət beş amildən təşkil olunmuş böyük strukturdur. Ancaq cəmiyyətin heç bir şərti ödənilmir. Toplum olaraq cəmiyyət deyilik. Bizdə fərdi düşüncə yoxdur ki, o ictimai şüuru əks elətdirən bir ictimai qınaq olsun. Heç bizdə ictimai şüur da yoxdur. İctimai şüuru nə formalaşdırır? Milli mənafe, bir də vətəndaş cəmiyyəti, vətəndaş həmrəyliyi. O da bizdə yoxdur. Xalq, millət sevgisi mili şüurun, milli mənafenin fonunda bir düşüncə tərzi olub ictimai şüuru formalaşdırmalıdır. Ya da vətəndaş şüuru olmalıdır ki, biz eyni ölkənin vətəndaşıyıq, milli və ya etnik kimliyimizdən asılı olmayaraq ətrafımızda olan qanun pozuntusuna özümüzə qarşı olan hüquq pozuntusu səviyyəsində rəy bildirək”.
Sosioloq deyir ki, cəmiyyətdə ictimai məsələlərə "şəxsi” yanaşma var: "Bakı şəhərində insanların 70-80 faizi əlindəki zibili küçəyə atır. Küçəyə zibil atan şəxsin hər hansı birinə yaxınlaşıb zibili yerə yox, zibil qabına atmalı olduğunu desək, bizi döyənlər, söyənlər ola bilər. Bunu dediyimdə, dəfələrlə aqressiv reaksiya görmüşəm. Çünki onlar hər şeyi şəxsiləşdiriblər. Evdə, həyətimizdə zibili hara gəldi atırıqsa, küçədə də elə davranırıq. "Bakı mənim şəhərimdir” kimi yanaşılır. Ancaq "Bakı hamımızın şəhəridir” kimi düşüncədə olmalıyıq. Bizdə ictimaiyyət, vətəndaş həmrəyliyi, ictimai şüur anlayışı yoxdur”.
"Vətəndaş hüququ, qanun pozuntusu, ictimai əxlaq, ictimai şüur, mədəniyyət məsələlərində bu qədər laqeyd olan toplum, virusla mübarizədə də təbii ki, laqeyd olacaq. Siz hansısa bir adama anlada bilməzsiniz ki, sənin maska taxmamağın mənim, yaxud başqa bir adamın zərərinədir. Bizdə "başqa insan” anlayışı yoxdur. Hər kəs "mən” anlayışı var. Biz cəmiyyət olmağı bacarmırıq” – deyə S.Altay qeyd etdi.

İctimai qınağı forması

Psixoloq Vəfa Rəşidova deyir ki, susmağı üstün tutan cəmiyyətdə ictimai qınaqdan söhbət gedə bilməz. Ancaq danışanda da, düzgün formanı seçmək lazımdır: "Susmaq prinsipi ilə yaşayan bir cəmiyyət aqressiv olacaq və ictimai qınaqdan söhbət gedə bilməz. Susmağı deyil, danışmağı üstün tutan vətəndaş isə danışmağı bacarmalıdır. Aqressiv, əsəbi şəkildə ictimai qınaq tələb etmək olmaz. İlk növbədə davranmağı və ünsiyyət formamızı hələ bir az formalaşdırmalıyıq”.
V.Rəşidova bildirir ki, ictimai qınaq edənlər bəzən qarşıdakı adamı təhqir edirlər, bu zaman da aqressiv reaksiya alırlar: "İctimai qınaq gözəldir, amma düzgün formada deyiləndə. Bəzən ictimai qınaq deyirlər, amma baxırsan ki, təhqirə keçib. Yaxud qarşıdakı adama çox aqressiv tərzdə fikir deyirlər. Keçən dəfə bir xanım yazmışdı ki, liftə maskasız minən adamı az qala öldürmək istədim. Öldürməyə çalışmaq kimi fikrə düşüb daxili aqressiya yaşamaqdansa, o insanı nəcib formada başa salmaq çox gözəl olardı. Nə qədər ki ictimai qınağı yanlış formada edirik, o zaman dava-dalaşla nəticələnəcək. İctimai qınağı sivil, nəcib formada bir-birimizə çatdırsaq, insanlar da bunu normal qəbul etməyə başlayacaqlar. Bunu kobud, aqressiv, qarşımızdakı insanı aşağılayaraq etsək, heç vaxt cəmiyyətimizdə ictimai qınaq normal sayılmayacaq. Cinayətkar kimi qarşılayaraq hansısa irad bildirilirsə, orda dava da düşər, qırğın da”.
V.Rəşidova hesab edir ki, utandığı üçün ictimai qınağı bildirməmək vətəndaşın məsuliyyətsizliyindən xəbər verir: "Əgər biz bu dövlətin vətəndaşıyıqsa, ölkəmizə, şəhərimizə məsuliyyətli yanaşmalıyıq. İctimai qınağı utanıb bildirməmək, bir növ, məsuliyyətsizlikdən xəbər verir. Mən tibbi maska taxıramsa, məsuliyyətliyəmsə, hər bir insan bunu etmək gücündədir. Əgər liftdə biri maskalıdırsa, digəri yox, bu, maskasız adamın özünə, vətəninə, yaşadığımız problemlərə laqeydliyidir. Qarşı tərəf bunu nəcib formada bildirmirsə, burda onun da payı olur. Cəmiyyət ən məsuliyyətsiz insanı belə məsuliyyətə cəlb edir. İctimai qınağı sivil şəkildə izah edib qarşımızdakı insanı məsuliyyətə səsləməyə məcburuq”.
Psixoloq qeyd etdi ki, valideynlər övladlarına ictimai məsuliyyət aşılamalıdırlar: "Təəssüf ki ailələrdə uşaqlara "sənin nə borcuna qalıb, fikir vermə, get” prinsipi aşılanır. Bu cümlə uşaqları cəmiyyətə yararlı olmaqdan çəkindirir. Elə məqamlar var ki, gördüyün yanlışa fikir bildirməmək səni məsuliyyətsiz edir. Valideynlər övladlarına cəmiyyətin problemlərinə laqeydliyi aşılamasınlar”.

Aygün Asimqızı
banner

Oxşar Xəbərlər